Məhkəmə qərarları › İş №1(075)-21/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-21/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-21/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X7 və X3, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1987-cı il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X29 X23 Sistemlərinin İstismarı İdarəsində Nasos qurğularının maşininsti işləyən, Xocalı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 2000 (iki min) manat pul müqabilində onun özünün Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan su-istifadə edərək aldadıb, 2020-ci ilin yanvar ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində 2000 (iki min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndində yaşayan X9 5000 (beş min) manat pul müqabilində onun oğlu X26 Penitensiar Müəssisəsində nəzarətçi kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 2023-cü ilin fevral ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə onun cinayətkar qəsdindən məlumatı olmayan X2 vasitəsilə Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində 5000 (beş min) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxs X9 5000 (beş min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndində yaşayan X6 3500 (üç min beş yüz) manat pul müqabilində onun oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan su-istifadə edərək aldadıb, 28 mart 2023-cü il tarixdə, saat 13 radələrində Şəki rayonu, Qoxmuq kəndində 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxs X6 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli məhkəmə istintaqı zamanı özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşayan əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək işə düzəlməsinə köməklik göstərməsini xahiş etmiş, bu barədə söhbət etməkdən ötrü evlərinə gəlməsini ona təklif etmişdir. Həmin gün saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evə getmiş, ərizə forması doldurub 5000 manat pul verəcəyi halda onun Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik edəcəyini demişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və dediklərini axşama hazır edəcəyini bildirmişdir. Həmin gün axşam saat 22 radələrində yenidən Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmiş, evdə Zərərçəkmiş şəxs1la birlikdə qardaşı Məhərrəm Məmmədov da olmuşdur. Onlar doldurulmuş ərizə formasını və 2000 manat pulu ona vermişlər. Pulun qalan hissəsini, yəni 3000 manatı işə qəbul olduqdan sonra alacağını bildirmişdir. Təxminən 3-4 gün sonra o, Zərərçəkmiş şəxs1 ərizəsini poçt vastəsilə Fövqəladə Hallar Nazirliyinə göndərmişdir. Bir neçə aydan sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Fövqəladə Hallar Nazirliyindən onun ünvanına Şəki-Balakən zonasında vakant yanğınsöndürən vəzifəsinin olmaması barədə məktub gəldiyini bildirmiş, o, Zərərçəkmiş şəxs1 narahat olmamasını, təkrar ərizə göndəcəklərini demişdir. O, sonradan Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs1 və qardaşı Məhərrəm Məmmədov ona zəng edib işlə bağlı maraqlandıqda hər dəfə səbirli olmalarını, narahat olmamalarını söyləmişdir. Sonuncu dəfə Məhərrəm Məmmədov ona zəng etdikdə pullarını geri qaytaracağını desə də maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs1 aldığı 2000 manat pulu geri qaytara bilməmişdir. 2023-cü ilin təxminən fevral ayının sonlarında əvvəlcədən tanımadığı Şəki rayonu, Qoxmuq kəndində yaşayan X12 onun mobil nömrəsinə zəng edərək mobil nömrəsini Qoxmuq kənd sakini Şahid2 aldığını, onunla görüşüb söhbət etmək istədiyini bildirmiş, o da Şəki rayonunda olmadığını, gələndə görüşüb söhbət edəcəyini demişdir. Təxminən bir həftə sonra Şəki rayonuna qayıtmış, həmin müddət ərzində Əlipaşa Cəlilov ona bir neçə dəfə zəng edərək gəlib-gəlməməsi ilə maraqlanmışdır. Şəki rayonuna gəldikdən sonra Əlipaşa Cəlilovla saat 20 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində görüşmüşlər. Əlipaşa Cəlilov görüş zamanı oğlu Nicatı işə düzəltməkdə köməklik etməsini ondan xahiş etmişdir. Əlipaşa Cəlilova oğlunu Şəki Penitensiar müəssisəsində nəzarətçi vəzifəsinə işə düzəldə biləcəyini, əvəzində ilkin olaraq 5000 manat pul alacağını bildirmiş, Əlipaşa Cəlilov razılaşmış və pulu hazırlayıb xəbər edəcəyini söyləmişdir. Bir gün sonra Əlipaşa Cəlilov ona zəng edərək pulu hazır etdiyini bildirmiş, o, Əlipaşa Cəlilova, Yeni Çələbixan qəsəbəsinə gedib, pulu Etibara verməsini və Etibarın pulu ona çatdıracağını demişdir. Əlipaşa Cəlilov pulu aparıb Etibara vermiş, Etibar pulu ona göndərmişdir. O, Əlipaşa Cəlilova, oğlunun ərizə forması doldurmalı olduğunu söyləmiş, Əlipaşanın oğlu İbrahim Yavərliyə məxsus mobil nömrəyə “Vhatsap” mesajlaşma xidməti vasitəsilə ərizə forması göndərmişdir. İbrahim Yavərli ərizə formasını dolduraraq ona qaytarmışdır. Lakin o, Nicat Yavərlinin işə düzəlməsi üçün heç bir hərəkət etməmişdir. Əlipaşa Cəlilov zəng edib işlə bağlı maraqlandıqda hər dəfə səbrli olmasını, narahat olmamasını demişdir. Maddi imkanım olmadığı üçün Əlipaşa Cəlilovdan aldığı 5000 manat pulu geri qaytara bilməmiş və Əlipaşa Cəlilovun telefonlarına cavab verməmişdir. 2023-cü ilin mart ayının sonlarında əvvəlcədən tanımadığı Şəki rayonu, Qoxmuq kəndində yaşayan Zərərçəkmiş şəxs3 mobil nömrəsinə zəng edərək nömrəsini Qoxmuq kənd sakini Əlipaşa Cəlilovdan aldığını, görüşüb söhbət etmək istədiyini demiş, Əlipaşa Cəlilovun işlədiyi qum karyerində olduğunu söyləyib, ora gəlməsini xahiş etmişdir. O, X13 idarə etdiyi avtomobil ilə Yeni Çələbixan qəsəbəsində, Şəki rayonu, Oxud kəndinə gedən yolun kənarında yerləşən qum karyerinə getmiş və orada Zərərçəkmiş şəxs3la görüşmüşdür. Orada Zərərçəkmiş şəxs3 oğlu Şahid1 və Əlipaşa Cəlilov da olmuşdur. Görüş zamanı Zərərçəkmiş şəxs3 ona oğlunu işə düzəltmək istədiyini bildirdikdə o, Zərərçəkmiş şəxs3 oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini, əvəzində ilkin olaraq 3500 manat pul alacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 razılaşmış, birlikdə yaşadığı evə gedib Şahid1 ərizə forması verərək hazırlamasını istəmiş, bir müddət sonra Şahid1 ilə Şəki şəhərində görüşmüş və sonuncunun yaşadığı ünvana getmişlər. Həyət qapısının qarşısında Zərərçəkmiş şəxs3 ona 3500 manat pul və ərizə vermişdir. O, Şahid1 işə düzəlməsi üçün heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs3 ona zəng edib işlə bağlı maraqlandıqda hər dəfə səbrli olmasını, narahat olmamasını bildirmişdir. Maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs3 aldığı 3500 manat pulu geri qaytara bilməmiş və zənglərinə cavab verməmişdir. O, törətdiyi əməllərindən peşman olduğunu, gələcəkdə bu kimi hərəkətlərə yol verməyəcəyini söləmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X12 və X6 dəymiş maddi ziyanın hər üçünə tamamlə ödənildiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizini dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. O, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Çuxurməhlə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidməti bitirərək Şəki rayonu, Yeni Çələbixan qəsəbəsinə qayıtdıqdan sonra işləmək üçün özünə iş axtarmağa başlamışdır. Yaşadığı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs əvvəlcədən tanımış və Namiqin qəsəbələrində bir neçə nəfərin işə düzəlməyinə köməklik etdiyini eşitmişdir. Ona görə də o, 2020-ci ilin yanvar ayının təxminən 11-də Təqsirləndirilən şəxs zəng edərək işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. Həmin gün təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmişdir. Onunla işə düzəlməsi barədə söhbət etmiş, Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini və əvəzində ondan 5000 manat pul alacağını söyləmiş, o Təqsirləndirilən şəxs pul verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs, pulla birlikdə hərbi biletin möhürlü səhifələrinin surətini, ikisi 4x4 ölçüdə, ikisi də 9x12 ölçüdə olmaqla dörd ədəd fotoşəklini, tərcümeyi-halını və hərbi xidmətdə olduğu zaman verilmiş xasiyyətnaməni hazırlamasını, axşam gəlib hamsını birlikdə götürüb Bakı şəhərinə çıxacağını bildirmişdir. O, həmin gün dediyi bütün sənədləri və 2000 manat pulu hazırlamış, Namiqə Əliyevə zəng edərək bu barədə məlumat vermiş, axşam saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs ondan sənədləri və 2000 manat pulu götürmüş və qalan 3000 manatı da işə qəbul olduqdan sonra alacağını, onunla mütəmadi əlaqədə olmasını demişdir. Təxminən altı ay sonra yaşadığı ünvana Fövəqladə Hallar Nazirliyindən məktub gəlmiş, məktubda Şəki-Balakən zonasında yanğınsöndürən vəzifəsi üzrə vakant yer olmaması öz əksini tapmışdır. O, ünvanına gələn məktub barədə telefon vasitəsilə Təqsirləndirilən şəxs zəng edərək məlumat vermiş, Namiq narahat olmamasını, məktuba fikir verməməsini söyləmiş və həll edəcəyini qeyd etmişdir. Həmin vaxtdan üç il keçməsinə baxmayaraq onu işlə bağlı heç bir yerə çağıran olmamışdır. Hər dəfə Təqsirləndirilən şəxs işin nəticəsi barədə soruşduqda narahat olmamasını, səbrli olmasını bildirmiş və işini düzüb qoşacağını demişdir. Nəhayət qardaşı Təqsirləndirilən şəxs zəng edib işə düzəlmək istəmədiklərini, verdikləri pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs pulu geri qaytarcağına söz versə də, qaytarmamış və telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs hərəkətləri barədə ərizə ilə Şəki ŞRPŞ-ya müraciət etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi, bağışlayıb, təqsirləndirilən şəxslə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs X12 ifadəsində göstərmişdir ki, oğlu Nicat Yavərli orta təhsilli və işsiz olmuşdur. 2023-cü ilin fevral ayının sonlarında oğlu Nicat Yavərlinin işsiz olması barədə həmkəndlisi Şahid2 ilə söhbət edən zaman Şahid2, Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşayan Namiq adlı şəxsin ayrı-ayrı şəxsləri işə düzəltdiyini ona bildirmiş, o, Şahid2 Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsini götürərək özünün istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng edib görüşmək istədiyini söyləmiş, Təqsirləndirilən şəxs ona, Yeni Çələbixan qəsəbəsində olduğunu, Qoxmuq kəndinə gələcəyini, orada görüşə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxslə həmin gün saat 20 radələrində yaşadığı Qoxmuq kəndində görüşmüş, o, Təqsirləndirilən şəxs oğlu Nicat Yavərlini işə düzəltmək istədiyini bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona oğlunu X8 nəzarətçi vəzifəsinə işə düzəldə biləcəyini, əvəzində ilkin olaraq 5000 manat pul alacağını, pulun qalan hissəsini oğlu işə qəbul olduqdan sonra verə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs 5000 manat pulu verməyə razılaşmış, Namiq pulu xalası oğlu Etibara verməsini, Etibarın pulu ona göndərəcəyini söyləmişdir. Həmin gündən bir gün sonra saat 21 radələrində telefon vasitəsilə Təqsirləndirilən şəxslə danışaraq pulu hazır etdiyini bildirmiş və pulu aparıb Etibara vermişdir. Etibar onun yanında Təqsirləndirilən şəxs zəng edərək pulu götürdüyünü demişdir. Pulu verməzdən əvvəl Təqsirləndirilən şəxs oğlunun ***-***-**- ** mobil nömrəsinə “Vhatsapp” mesajlaşma sistemi vasitəsilə ərizə nümunəsi göndərmiş, oğlu da həmin ərizə nümunəsini dolduraraq “Vhatsapp” mesajlaşma sistemi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxslə bir neçə ay müddətində telefon vasitəsilə əlaqə saxladıqda Namiq həmişə səbrli olmasını, tezliklə oğlunu işə düzəldəcəyini bildirmişdir. Sonra nə qədər zəng etsə də Namiq zənglərinə cavab verməmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi, bağışlayıb, təqsirləndirilən şəxslə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, oğlu Şahid1 orta təhsilli olmaqla, həqiqi hərbi xidməti bitirdikdən sonra 2019-cu ildən X24 Şöbəsində mülki mühafizəçi kimi işə qəbul olmuş, orada işləmişdir. xx.xx.2023-cü ildə həmkəndlisi Əlipaşa Cəlilovun öz oğlunu Namiq adlı şəxsin vasitəsilə Fövəqəladə Hallar Nazirliyində işə düzəldəcəyini eşidib bu barədə söhbət etmək üçün Əlipaşa ilə görüşmüşdür. Əlipaşa Cəlilov ona Namiq adlı şəxsə 5000 manat verdiyini, oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini bildirmiş, onu Namiqlə görüşdürə biləcəyini demişdir. O, X20 Əliyevə 5000 manat pul verməsinə arxayın olaraq Namiqlə görüşüb danışmaq istəmiş, həmin gün saat 12 radələrində oğlu Yavərlə birlikdə Əlipaşa Cəlilovun işlədiyi Şəki rayonu, Oxud kəndinə gedən yolun kənarında, Kiş çayının yaxınlığnda yerləşən qum karyerinə getmişlər. Təqsirləndirilən şəxs qum karyerinə gəlmiş, öz aralarında işə qəbulla əlaqədar söhbət etmişlər. Təqsirləndirilən şəxs ona gün ərzində pulun Bakıya çatacağı halda, üç gün müddətində oğlunun işə qəbul olunacağına köməklik edə biləcəyini demiş, o, Təqsirləndirilən şəxslə razılaşmış və yaşadığı Qoxmuq kəndinə qayıtmışlar. Kəndə çatdıqda Təqsirləndirilən şəxs onlara təcili olaraq ərizə blankı doldurulmalı olduğunu, ərizə blankı hazırlamaq üçün Şəki şəhərinə getməli olduqlarını bildirmişdir. Oğlu Şahid1 Təqsirləndirilən şəxslə birlikdə ərizə blankı hazırlamaq üçün Şəki şəhərinə getmiş, təxminən yarım saatdan sonra qayıtmışlar. Təqsirləndirilən şəxs ona ilkin olaraq 3500 manat pul verməli olduğunu bildirmiş, sonra lazım olan əlavə məbləği deyəcəyini qeyd etmiş, o, Təqsirləndirilən şəxslə razılaşmış, evdən 3500 manat pul gətirərək, yaşadığı evin həyət qapısının qarşısında, yəni küçədə pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alaraq saymış, məbləğin dəqiq olduğunu bildikdən sonra pulu cibinə qoyaraq getmişdir. Təqsirləndirilən şəxs gedərkən ona narahat olmamasını, üç gün müddətində oğlunun Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmasına köməklik edəcəyini demişdir. Sonra Namiqlə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxladıqda Təqsirləndirilən şəxs hər dəfə ona narahat olmamasını, tələsməməsini, oğlunun işə qəbul olunacağını bildirmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən zəng etdikdə Təqsirləndirilən şəxs bir də ona zəng edib onu narahat etməməsini bildirmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamamış və Təqsirləndirilən şəxs şikayət etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi, bağışlayıb, təqsirləndirilən şəxslə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Fizuli oğlu ifadəsində göstərmişdir ki, o, 2019-cü il tarixdən X24 Şöbəsində mülki mühafizəçi vəzifəsində işləmiş, işlədiyi yerdə aylıq əmək haqqı onu qane etmədiyi üçün əmək haqqı daha artıq olan işə keçmək istəmiş və bu barədə fikrini atası Zərərçəkmiş şəxs3 bildirmişdim. xx.xx.2023-cü ildə o atasına Namiq adlı şəxsin münasib qiymətə bəzi şəxsləri işə düzəltdiyini, həmçinin həmkəndlisi X7 da oğlunu işə düzəltmək üçün həmin şəxsə müraciət etdiyini söyləmişdir. Atası, Əlipaşa Cəlilovla telefon vasitəsilə onun işə düzəlməsi barədə söhbət etdikdə, Əlipaşa Cəlilov, oğlunu işə düzəltmək üçün Təqsirləndirilən şəxs 5000 manat verdiyini, istədiyi halda Təqsirləndirilən şəxslə onları da görüşdürə biləcəyini demişdir. Atası Təqsirləndirilən şəxslə görüşmək istədiyini bildirmiş, saat 12 radələrində atası Zərərçəkmiş şəxs3la birlikdə Təqsirləndirilən şəxslə görüşmək üçün Əlipaşa Cəlilovun işlədiyi Şəki rayonu, Oxud kəndinə gedən yolun kənarında yerləşən qum karyerinə getmişlər. Təqsirləndirilən şəxs az sonra həmin yerə gəlmişdir. Atası Təqsirləndirilən şəxslə onun işə qəbul olması ilə əlaqədar söhbət etmiş, Təqsirləndirilən şəxs atasına onun Fövqəladə Hallar Nazirliyində işə qəbul olunması üçün ilkin olaraq 3500 manat pul verməli olduğunu, pulun qalan hissəsini işə qəbul olandan sonra götürəcəyini demişdir. Atası onunla razılaşmış və birlikdə yaşadıqları ünvana getmişlər. Evə çatdıqda Təqsirləndirilən şəxs onlara ərizə forması yazılmalı olduğunu söyləmiş və ona “Vhatsapp” mesjlaşma xidməti vasitəsilə ərizə nümunəsi ataraq gedib göndərdiyi formada ərizə nümunəsi hazırlamasını istəmişdir. O, Şəki şəhərinə gedərək ərizə nümunəsini hazırlamış, zəng edərək Təqsirləndirilən şəxslə “9 mərtəbə” adlanan yerdə görüşmüş, ərizəni vermiş, sonra birlikdə yaşadıqları ünvana getmişlər. Həyət qapısının qarşısında atası Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 3500 manat pul vermiş, pulu götürdükdən sonra Təqsirləndirilən şəxs atasına narahat olmamasını, onun üç gün müddətində işə qəbul olunacağını bildirmişdir. Sonra atası bir neçə dəfə Təqsirləndirilən şəxs işlə bağlı zəng etdikdə Namiq, müxtəlif bəhanələr gətirərək narahat olmamalarını, səbirli olmalarını söyləmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində atası Namiqə yenidən zəng etdikdə Təqsirləndirilən şəxs bir də zəng edib onu narahat etməmələrini demişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və onun tanışı Etibar Əmrahovla əvvəlcədən münasibətləri olmuş, həmin şəxslərlə bir neçə dəfə birlikdə oturub söhbət etmişdir. 2023-cü ilin fevral ayının ortalarında həmkəndlisi Əlipaşa Cəlilov ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşmuş, o da Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. Əlipaşa Cəlilov ona, oğlu Şahid1 işə düzətmək üçün Təqsirləndirilən şəxslə danışıb razılaşdığını, Namiqə pul vermək üçün birlikdə Yeni Çələbixan qəsəbəsinə getməyi ondan xahiş etmiş, o da razılaşıb Əlipaşa Cəlilovla birlikdə Yeni Çələbixan qəsəbəsinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qəsəbədə olmamış, X27 Əliyevə zəng edərək Yeni Çələbixan qəsəbəsinə gəldiyini bildirmiş, Təqsirləndirilən şəxs qəsəbədə olmadığını, pulu eyni qəsəbədə yaşayan Etibar Əmrahova verməsini demiş, Əlipaşa da Etibar Əmrahova zəng edib Təqsirləndirilən şəxs çatası pul olduğunu söyləmiş, Əlipaşa Cəlilovla birlikdə gedib Etibar Əmrahovla görüşmüş, X27 Əliyevə çatası 5000 manat pulu Etibar Əmrahova vermişdir. Təqsirləndirilən şəxs bir müddət əvvəl Şəki rayonu Qoxmuq kəndində yerləşən ərzaq mağazasından onun adına 500 manat məbləğində nisyə mal götürmüşdür. Həmin gün axşam Təqsirləndirilən şəxs ona zəng edərək, mağazaya olan borcu ödəməsi üçün Etibar Əmrahovun ona 500 manat pul gətirəcəyini bildirmişdir. Etibar Əmrahov gətirib ona 500 manat pulu vermiş və o, da həmin pulla mağazaya olan borcu ödəmişdir. Sonradan, Əlipaşa Cəlilovun deməsindən Təqsirləndirilən şəxs pulu almasına baxmayaraq oğlunu işə düzəltmədiyini bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Rayon Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 516 №-li məktubundan görünür ki, ünvan 8 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X5 dispanser müşahidəsində yoxdur. (İ cild İş.v 81) “Şəki Rayon Mərkəzi Xəstəxanası” X29n 25 iyun 2024-cü il tarixli, 18-1-71/2- 925/2024 nömərli məktubundan görünür ki, ünvan 8 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” X29n Poliklinka şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İ cild İş.v 82) 29 iyul 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 29 iyul 2024-cü ildə saat 1224-də Təqsirləndirilən şəxs CM-nın 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş.v 94). 31 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İ cild İş.v 119-120) 31 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild İş.v 142-144) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1-ci maddəsinə əsasən xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X17 Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsi və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər- Rayon polis Şöbəsinin 09 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPMnin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin başlanması rədd olunmuşdur. (İ cild, iş.v 150). Şəki şəhər İcra Hakimiyyəti Başçısının Çələbixan qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, iş.v 167-168) Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X21 adlı 3 uşağı vardır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, bağışlayıb, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs X7 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, bağışlayıb, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, bağışlayıb, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi qalmamışdır. 14 fevral 2025-ci il tarixli, BPM**********03 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nın 178.2.2-ci maddəsi ilə olan cinayət işi üzrə ziyanın 25 faizi olaraq 2625 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndində göstərilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Hazırki iş üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin düzgün olaraq dələduzluq cinayəti kimi, eləcə də təkrar ziyan vurmaqla törədilməsi mübahisələndirilmir, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ittihamı tam qəbul etdiyini bildirib cinayət əməlini etiraf etmişdir və məhkəmə tərəfindən də əməlin düzgün tövsif edildiyi müəyyən edilmişdir. CM-nin 75.1 və 75.1.2-ci maddələrində müvafiq olaraq göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında göstərilir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə hissəsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Qeyd olunmalıdır ki, zərərçəkmiş şəxslər dəymiş zərərlərinin tam ödənilməsi, təqsirləndirilən şəxslə barışmaları, heç bir şikayət və tələblərinin olmadığı barədə məhkəmə baxışında bildirmiş və bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişlər. Eyni zamanda təqsirləndirilən şəxsin vurduğu ziyanın 25 faizini tam ödəməsi, könüllü səmiyyət göstərib peşimançılıq nümayişini şəxsiyyətini səciyyələnirən hal kimi sonrakı davranışı və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəyi barədə verdiyi sözün təsdiqi olaraq qəbul etməyi mümkün etmişdir. CM-nin 39.1.3-cü maddəsində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CM-nin 42.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə ona verilmiş ittihamla bağlı bütün epizodlar üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödədiyini, zərərçəkmiş şəxslərin onu bağışlayıb, onunla barışmasını, heç bir şikayət və tələblərinin qalmadığını, Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayətlə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsini, eləcə də iş üzrə ümumi ziyanın 25 faizi həcmində dövlətə ödəniş etdiyi əsası ilə barəsində olan cinayət təqibinə xitam verilməsini, cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olması, CM-nın 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsidir. Məhkəmə qeyd olunan qanun normalarına istinad edərək Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və bununla yanaşı həm də əməlində cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində həmin cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutların məcmusuna əsasən hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Zərərçəkmiş şəxs1 qarşı olan epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin Zərərçəkmiş şəxs1 qarşı olan epizod hissəsi üzrə icraatına cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Göründüyü kimi, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni zamanda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə törədilmiş əməl özündən əvvəlkinə təkrarlıq əlaməti yaratmadığından, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş epizod üzrə zərərçəkmiş şəxslərə vurulan ziyan beş min manatdan artıq olmadığından böyük ictimai təhlükə törətməyən cinayət olub törədildiyi gündən iki il keçdiyi üçün bəraətverici əsaslar olmadan, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi əsası ilə cinayət işinin Zərərçəkmiş şəxs1 qarşı olan epizod hissəsi üzrə icraata xitam verilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bununla yanaşı qeyd edilməlidir ki, CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində CM-in 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələrlə cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 2625 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə qeyd olunanları yekunlaşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda 2000 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurması epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi, digər epizodlar üzrə dəymiş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərlə barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və barəsində CM-nin 75.1.1 və 73-1.2-ci maddəsi tətbiq olunmaqla, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75, 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 40.3, 43.1.2, 43.3, 321, 344-347, 356, 384-cü maddələrini rəhbər tutub QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət işinin, Zərərçəkmiş şəxs1 aid epizod üzrə hissəsinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə, digər epizodlar üzrə hissəsinə dəymiş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərlə barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar