Məhkəmə qərarları › İş №1(075)-23/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-23/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-23/2021 11.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1964-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs, qəsdən, gəlir əldə etmək məqsədilə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək saxlamışdır. Belə ki, o, qəsdən, gəlir əldə etmək məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Şəki rayonu, Qoxmuq kənd sakini Şahid2 Şahid1 ilə cinsi əlaqədə olaraq fahişəliklə məşğul olması məqsədilə sonuncu ilə bu barədə danışıb razılaşaraq yaşadığı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin otaqlarından birini 10 manat pul müqabilində verməklə Şahid2 fahişəliklə məşğul olması üçün yaşadığı evdə əxlaqsızlıq yuvası təşkil edərək saxlamış, həmin tarixdə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına özünün könüllü razılığı ilə baxış keçirilən zaman sonuncudan əxlaqsızlıq yuvası təşkil edərək saxlaması müqabilində əldə etdiyi 02 ədəd 05 manatlıq olmaqla ümumilikdə 10 manat pul əskinazı aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 244.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, şəkər xəstəsi olmuş, rəsmi olaraq heç bir yerdə işləməmiş, çətinliklə dolanmışdır. Şəkər xəstəsi olduğuna görə tanışı Rəsmiyyə adlı qadın evini təmizləməkdə ona köməklik etmişdir. xx xxxxxxxx 2020-ci ildə Rəsmiyyə onun ünvan 4 ünvanda yerləşən evini təmizləyən vaxt bir nəfər tanışı ilə görüşüb söhbət etmək üçün küçəyə çıxmış, bir müddət sonra yanında əvvəllər tanımadığı, boyun nahiyyəsində döymələr olan bir nəfər cavan oğlanla qayıtmışdır. O, mətbəxdə olduğuna görə Rəsmiyyədən oğlanın kim olmasını soruşa bilməmişdir. Bir neçə dəqiqədən sonra evin zalına keçdikdə Rəsmiyyə ilə sonradan adını bildiyi Murad adlı oğlanın aralarında olan söhbəti eşitmiş, Murad cinsi əlaqədə olmaq üçün Rəsmiyyədən ona qız təşkil etməsini, Rəsmiyyənin isə cinsi əlaqədə olması üçün çağırdığı qız üçün 30 manat, qızı təşkil etməsinə görə isə özünə 10 manat pul verməsini istəmişdir. Oğlan harada cinsi əlaqədə olacaqlarını soruşmuş, Rəsmiyyə yalnız qızı təşkil edə biləcəyini, qız gəldikdən sonra pulunu verib hara istəyirsə ora gedib cinsi əlaqədə olmasını söyləmişdir. O, borcunun və maddi ehtiyacının olmasına görə Murada qızla evində cinsi əlaqədə olmağı təklif etmiş, Murad nə qədər pul istədiyin soruşduqda 10 manat verərsə evin otaqlarından birini cinsi əlaqədə olması üçün müvəqqəti verə biləcəyini bildirmiş və Muradla razılaşmışdır. Rəsmiyyə mobil telefonunu götürüb Muradın cinsi əlaqədə olması üçün qardaşı qızı Dəyanətə zəng etmək istəmiş, lakin telefonunda kontur olmadığına görə zəng edə bilməmiş, Dəyanətə zəng etməyi ondan xahiş edib nömrəsini vermişdir. O, Dəyanətə bir neçə dəfə zəng etsə də zəng çatmamışdır. Murad üzərində olan pulun bütöv olduğunu deyib mağazaya getmiş, Dəyanət gələndə xəbər etməsini Rəsmiyyəyə demişdir. Murad onlardan çıxdıqdan sonra bir neçə dəfə zəng edib Dəyanətlə əlaqə saxlaya bilmiş, oğlanla cinsi əlaqədə olması üçün Rəsmiyyənin çağırdığını bildirmiş, Rəsmiyyə isə Murad ilə əlaqə saxlayıb qızın gələcəyini deyib qayıtmasını söyləmişdir. Bir qədər keçmiş Murad, ardınca Dəyanət onun evinə gəlmişlər. Hər ikisi gəldikdən sonra Rəsmiyyə Muraddan pulu verməsini istəmiş, Murad cibindən 50 manat çıxarıb vermiş, Rəsmiyyə də pulu bölmək üçün ona vermişdir. O puldan 10 manat Rəsmiyyəyə, 30 manat Dəyanətə vermiş, 10 manat da özünə götürmüşdür. Rəsmiyyə həyətdəki hamam və ayaqyolunu təmizləməyə getmiş, Muradla Dəyanət isə cinsi əlaqədə olmaq üçün digər otağa keçmişdir. Bir müddət sonra evinə polis əməkdaşları gəlmiş, evində əxlaqsız yuva təşkil etdiyini deyib evə baxış keçirmək istədiklərini bildirmiş, etirazının olubolmadığını soruşmuşlar. Artıq etdiyi əməlin, yəni Dəyanət ilə Muradın cinsi əlaqədə olmasının aşkar olunduğunu bilib baxış keçirilməsinə etiraz etməmiş, bu barədə ərizə də yazmışdır. Tanımadığı hal şahidlərinin iştirakı ilə evinə baxış keçirilmiş, Muradın ona verdiyi 10 manat, Dəyanətə verdiyi 30 manat olmaqla ümumilikdə 40 manat pul polis əməkdaşları tərəfindən götürülmüş, fotoşəkillər çəkilmiş, sənədləşmə işləri aparılmış, izahat vermək üçün polis şöbəsinə getmişlər. O, etdiyi hərəkətdən peşman olmasını bildirmiş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş, islah yolunda oduğunu nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. Cinsi ehtiyacını təmin etmək istədiyi üçün xx xxxxxxxx 2020-ci ildə, saat 18 radələrində Şəki rayon sakini Rəsmiyyə adlı qadına zəng edib ona qız təşkil edə biləcəyini soruşmuş, Rəsmiyyə ünvan 2 ünvanında olduğunu, ora gəlməsini demişdir. Evi tapıb yaxınlığında olan zaman Rəsmiyyəyə zəng etmiş, Rəsmiyyə söhbət etmək üçün onu işlədiyi evə dəvət etmişdir. Bu səbəbdən Rəsmiyyə ilə birlikdə sonradan adının Lətafət olduğunu bildiyi xanımın evinə getmişdir. Söhbət zamanı özünü başqa adla Murad Muradov kimi təqdim etmiş və Rəsmiyyə qız ilə görüşməyi üçün 30 manat qıza, qızı çağırdığına görə isə 10 manat özünə verməli olduğunu demişdir. Qız ilə harada görüşəcəyi barədə soruşduqda Rəsmiyyə yalnız qızı təşkil edə biləcəyini, qız gəldikdən sonra hara istəsə ora aparıb cinsi əlaqədə ola biləcəyini bildirmişdir. Bu vaxt yaxınlıqda olan ev sahibəsi Lətafət pula ehtiyacı olduğunu, pul verərsə qızla görüşmək üçün evində şərait yarada biləcəyini söyləmişdir. Qızla görüşməyə başqa yerinin olmadığını düşünüb ev sahibəsi Lətafətlə razılaşmış və nə qədər pul verməli olduğunu soruşmuşdur. Lətafət bunun üçün 10 manat pul alacağını bildirmiş və razılaşmışlar. Rəsmiyyə telefonunda konturu olmadığına görə Lətafətə Dəyanət adlı xanımın nömrəsini deyib zəng etməsini, Dəyanəti onun adından çağırmasını xahiş etdiyindən Lətafət özünə məxsus mobil telefonla Dəyanətə bir neçə dəfə zəng etsə də, Dəyanətin nömrəsinə zəng çatmamışdır. O, üzərindəki pul bütöv olduğundan xırdalamaq üçün mağazaya getdiyini, Dəyanət gələndə xəbər etməsini Rəsmiyyəyə deyib evdən çıxmışdır. Evdən çıxdıqdan sonra yaxınlıqdakı mağazada xırda olmadığı üçün bir qədər uzaqda olan mağazaya getmiş, pulu xırdaladıb mağazadan çıxanda Rəsmiyyənin bir neçə dəqiqə əvvəl qısa zəng etməsini görmüşdür. Rəsmiyyənin nömrəsini yığmış, Rəsmiyyə Dəyanətin gəlməsini, ona da qayıtmasını demişdir. Evə getdikdən sonra Rəsmiyyə pulu istəmiş, cibindən 50 manat çıxarıb Rəsmiyyəyə vermiş, Rəsmiyyə də pulu alıb Lətafətə uzatmışdır. Lətafət puldan 10 manat özü üçün götürüb, 30 manatını Dəyanətə, 10 manatını isə Rəsmiyyəyə vermişdir. O Dəyanətlə cinsi əlaqədə olmaq üçün evdə olan digər otağa keçmişdir. Həmin vaxta kimi Dəyanəti, Lətafəti tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Bir qədər sonra Lətafətin evinə polis əməkdaşlarının gəldiyini görüb paltarını geyinmişdir. Polis əməkdaşları həmin evdə nə etdiyi soruşduqda cinsi əlaqədə olmaq üçün həmin evə gəldiyini və baş verənləri polis əməkdaşlarına izah etmişdir. Polis əməkdaşları evə baxış keçirmiş, Dəyanət və Lətafətə verdiyi pullar götürülüb qablaşdırılmış, o özünü X8 adı ilə təqdim etmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilmiş, hər biri protokolu imzalamış və izahat vermək üçün polis şöbəsinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. Təxminən 1 il əvvəl İmran Abdullayev adlı şəxslə ailə qurmuş, həmin evlilikdən 1 övladı doğulmuşdur. X12 19 pandemiyası ilə əlaqədar karantin rejimi dövründə fəhlə işləyə bilməmiş, onun da işləməsinə imkan verməmişdir. Buna görə də pandemiya müddəti ərzində 30 manat pul qarşılığında bir neçə kişi ilə müxtəlif yerlərdə cinsi əlaqədə olmuşdur. xx xxxxxxxx 2020-ci ildə saat 18 radələrində Lətafət mobil telefonla zəng edib bibisi Rəsmiyyənin bir nəfər oğlanın onunla pul qarşılığında cinsi əlaqədə olmaq istədiyini bildirib, görüşmək istəyib istəmədiyini soruşduğunu demişdir. Onun mağazalara borcu olduğuna görə razılaşmış, əri İmrana ev yığışdırmağa getdiyini deyib *0066 taksi xidməti ilə Lətafətin yaşadığı Şəki şəhəri, A.Cuma küçəsində yerləşən evinə getmişdir. Orada Rəsmiyyə, Lətafət və onunla cinsi əlaqədə olmaq istəyən sonradan adını bildiyi Murad adlı şəxs də olmuşdur. Murad cibindən 50 manat pul çıxarıb Lətafətə vermiş, Lətafət pulu götürüb 10 manatını bibisi Rəsmiyyəyə, 30 manatını ona vermiş, 10 manatını isə özünə götürmüşdür. Murad ilə yataq otağına keçərək cinsi əlaqədə olmaq üçün soyunmuş, yatağa uzanıb cinsi əlaqədə olmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları evə gəlib onların cinsi əlaqədə olduğunu görmüşlər. Polis əməkdaşları tərəfindən evin fotoşəkilləri çəkilmiş, müvafiq sənədləşmə işləri görülmüş, sonra onlar izahat vermək üçün polis şöbəsinə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. xx xxxxxxxx 2020-ci ildə xidməti ərazisində olan zaman ona Şəki şəhəri, A.Cuma küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə pul müqabilində əxlaqsız yuva saxlaması barədə məlumat daxil olmuşdur. Məlumatı qəbul etdikdən dərhal sonra Şəki ŞRPŞ-nə gedib əldə etdiyi məlumatın yoxlanılmasına göstəriş verilməsi məqsədilə şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Məlumatın yoxlanılması Təhqiqat Bölməsinin təhqiqatçısına həvalə edilmişdir. Şöbə rəhbərliyinin göstərişinə əsasən məlumatın yoxlanılması məqsədilə evə baxış keçirilməsi üçün təhqiqatçı ilə birlikdə Şəki şəhəri A.Cuma küçəsində yaşayan Təqsirləndirilən şəxs evinə getmişlər. Təhqiqatçı ev sahibi Təqsirləndirilən şəxs çağırıb daxil olmuş məlumatı izah etməklə evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Evə baxış keçirilməsi üçün iki nəfər hal şahidi dəvət edilmişdir. Təhqiqatçı baxış keçirilməsi üçün hal şahidlərini və digər iştirakçıları təqdim edib hər birinin hüquq və vəzifələrini izah etmiş, baxış keçirilməsinə etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs bir daha etirazının olmadığını bildirmişdir. Baxış zamanı giriş qapısından başlanılmaqla evin otaqlarına bir-bir baxış keçirilmiş, otaqların birində X3 və Şahid2 olması müəyyən edilmişdir. Təhqiqatçı həmin şəxslərdən otaqda nə etdiklərini soruşduqda Murad Muradov yanında olan Şahid2 ilə 30 manat pul müqabilində cinsi əlaqədə olduğunu, evində cinsi əlaqədə olması üçün ev sahibəsi Təqsirləndirilən şəxs 10 manat pul verdiyini bildirmiş, Şahid2 və Təqsirləndirilən şəxs Murad Muradovun doğru dediyini təsdiqləmişdir. Təhqiqatçı Şahid2 cinsi əlaqədə olması üçün 30 manat, Təqsirləndirilən şəxs isə hər iki qeyd olunan şəxsin cinsi əlaqədə olması üçün aldığı 10 manat pulun harada olmasını soruşduqda həmin şəxslər 30 və 10 manat pulu təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı pulların iş üçün əhəmiyyət kəsb etdiyini bildirib pulları ayrı ayrılıqda ağ rəngli zərfin içərisinə qoymaqla qablaşdırmış, digər iştirakçılar kimi zərflərin üzərinə o da, imza etmişdir. Təhqiqatçı baxışın keçirilməsinə tərəflərin etirazının olub-olmadığını soruşduqdan sonra baxış protokolu tərtib etmiş və digər iştirakçılar kimi protokolu o da imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. xx xxxxxxxx 2020-ci ildə, saat 18 radələrində Şəki şəhəri, A.Cuma küçəsi yaxınlığında olan zaman bir polis əməkdaşı yaxınlaşaraq özünü təqdim edib bir şəxsin yaşadığı evə baxış keçirmək istədiklərini bildirmiş, onun da hal şahidi qismində orada iştirak etməsini xahiş etmiş, o razılaşıb polis əməkdaşı ilə birlikdə A.Cümə küçəsində yerləşən 18 saylı evin qarşısına getmişdir. Evin qarşısında daha bir neçə şəxs olmuşdur. Orada özünü təhqiqatçı kimi təqdim edən şəxs ona və digər hal şahidinə qarşısında dayandıqları evi göstərib həmin evə baxış keçiriləcəyini bildirmişdir. Təhqiqatçı onların anket məlumatlarını soruşaraq əvvəllər polis və prokurorluq orqanlarında hal şahidi qismində iştirak edibetmədiklərini öyrənmişdir. Təhqiqatçı qarşısında dayandıqları evin həyət qapısını bir neçə dəfə döymüş, təxminən 5-6 dəqiqədən sonra küçəyə sonradan adını bildiyi Təqsirləndirilən şəxs çıxmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etmiş, polis əməkdaşı olduğunu və evində əxlaqsız yuva saxlaması barədə daxil olmuş məlumatı yoxlamağa gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə razı olması barədə könullü razılıq ərizəsi vermişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs ona, digər hal şahidinə, polis əməkdaşına etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs iştirakçılara etirazının olmadığını demişdir. Baxışdan əvvəl təhqiqatçı ona və digər hal şahidinə, eyni zamanda digər iştirakçılara hüquq və vəzifələrini izah etmiş və baxışın keçirilməsinə başlanılmışdır. Baxış zamanı evin giriş qapısından başlanılmaqla evin otaqlarına bir-bir baxış keçirilmiş, otaqlardan birində sonradan adlarını bildiyi X3 və Şahid2 olması müəyyən edilmişdir. Təhqiqatçı həmin şəxslərdən otaqda nə etdiklərini soruşduqda Murad Muradov yanında olan Şahid2 ilə 30 manat pul müqabilində cinsi əlaqədə olduğunu, evində cinsi əlaqədə olması üçün ev sahibi Təqsirləndirilən şəxs 10 manat pul verdiyini bildirmişdir. Şahid2 və Təqsirləndirilən şəxs da Murad Muradovun doğru dediyini təsdiqləmişdir. Təhqiqatçı Şahid2 cinsi əlaqədə olması üçün 30 manat, Təqsirləndirilən şəxs isə hər iki qeyd olunan şəxsin cinsi əlaqədə olması üçün aldığı 10 manat pulun harada olmasını soruşduqda həmin şəxslər 30 və 10 manat pulu təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı pulların iş üçün əhəmiyyət kəsb etdiyini bildirib ayrı ayrılıqda ağ rəngli zərfin içərisinə qoymaqla qablaşdırmış, digər iştirakçılar kimi o da zərflərin üzərinə imza etmişdir. Təhqiqatçı baxışın keçirilməsinə tərəflərin etirazının olub-olmadığını soruşduqdan sonra baxış protokolu tərtib etmiş, digər iştirakçılar kimi o da protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X8 ilə Şahid2 Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri, Aşıq Cümə küçəsində yerləşən 18 saylı evin otaqlarından birində cinsi əlaqədə olmaları, X5 Muradovla 30 manat pul müqabilində cinsi əlaqədə olması, eləcə də Murad Muradovun həmin otağı kirayələmək üçün Təqsirləndirilən şəxs 10 manat pul verməsi aşkar edilmişdir. (İ cild iş.v 8-18) Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 2440 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya şöbəsinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İ cild iş.v 48) Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 556 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur (İ cild iş.v 49) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İ cild iş.v 54) Şəki şəhər İHB-nın «Qurdlar» məhəllə nümayəndəliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild iş.v 95-96) xx xxxxxx 2020-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında qərardan görünür ki, CM-nin 244.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən CM-nin 243.1-ci maddəsi ilə X1 dair hissə üzrə ayrıca icraatda cinayət işi ayrılmışdır. (İ cild iş.v 117-118) xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, saat 1715-da Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild iş.v 143-144) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə X10 Regional laboratoriyası tərəfindən verilmiş İİV-ə müayinə haqqında Q/№159 saylı arayışdan görünür ki, Şəki rayonu Qoxmuq kəndində yaşayan, 1998-ci il təvəllüdlü Şahid2 ümmunçatışmazlığı virusu aşkar edilməmişdir. (İ cild iş.v 81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə X10 Regional laboratoriyası tərəfindən verilmiş İİV-ə müayinə haqqında Q/№160 saylı arayışdan görünür ki, ünvan 6 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Şahid1 ümmunçatışmazlığı virusu aşkar edilməmişdir. (İ cild iş.v 83) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Təqsirləndirilən şəxsin gəlir əldə etmək məqsədilə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etməsi və saxlaması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, qəsdən, gəlir əldə etmək məqsədilə x xxxxxxxx 2020-ci ildə saat 18 radələrində Şəki rayonu, Qoxmuq kənd sakini Şahid2 Şahid1 ilə cinsi əlaqədə olaraq fahişəliklə məşğul olması məqsədilə sonuncu ilə bu barədə danışıb razılaşaraq, yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin otaqlarından birini 10 manat pul müqabilində verməklə Şahid2 fahişəliklə məşğul olması üçün yaşadığı evdə əxlaqsızlıq yuvası təşkil edərək saxlamış, daxil olmuş məlumat əsasında həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına özünün könüllü razılığı ilə baxış keçirilən zaman sonuncudan əxlaqsızlıq yuvası təşkil edərək saxlaması müqabilində əldə etdiyi 2 ədəd 5 manatlıq olmaqla ümumilikdə 10 manat pul əskinazı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 244.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 244.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən “əxlaqsızlıq yuvaları” ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu qərarda qeyd olunan əlamətlər movcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CMnin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə, ictimai işlər, islah işləri cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində islah işləri cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan islah işləri cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini təmin edəcəkdir. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-nin Maliyyə Hissəsində saxlanılan 40 manat pul dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə mülki iddianın, maddi ziyanın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından hər ay 10 % dövlət nəfinə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-nin Maliyyə Hissəsində saxlanılan 40 manat pul dövlət nəfinə müsadirə olunsun. İş üzrə mülki iddianın, maddi ziyanın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar