Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-23/2025 13.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X4 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi X5 iştirakları ilə, xx xxxxxxx 1956-cı ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, X6 qəsəbəsi, Hacıbəyov küçəsi, məhəllə 17, ev 8/8, mənzil 30 ünvanında qeydiyyatda olmaqla, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 21 iyun 2024-cü il tarixdə, saat 14 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə prospektində yerləşən “Şəki store” mağazasının qarşısında yolun kənarında qarpız satışı ilə məşğul olan Zərərçəkmiş şəxs satdığı qarpızların öndə boş qalan yerlərinə arxadan qarpız gətirib yığan zaman onun diqqətinin yayınmasından istifadə edib sonuncunun həmin yerdə səkinin üzərində pul yığmaq üçün saxladığı qapaqlı kağız qutunun üzərinə qoyduğu bir ədəd, 1960 (bir min doqquz yüz altmış) manat dəyərində “Samsunq Galaxy S22” markalı mobil telefonunu və həmin telefonun üzərində olan Bakcell operatoruna məxsus hər birinin qiyməti 5 manat olan ***-***-**-** və ***-***-**-** nömrələri gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs cəmi 1970 (bir min doqquz yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, uşaq vaxtında ailəlikcə Bakı şəhərinə, 1976-cı ildə isə Bakı şəhərindən Sumqayıt şəhərinə köçüb orada yaşamışlar. 1990-cı ildən sonra Rusiya Federasiyasına getmişdir. Bir müddət orada işləyib yaşamışdır. 2020-ci ildə Rusiya Federasiyasından deportasiya edildiyi üçün Şəki rayonu, Kiçik Dəhnə kəndinə gəlib atası evində yaşamağa başlamışdır. Bildirmişdir ki, 21 iyun 2024-cü il tarixdə Şəki şəhərinə gəlmişdir. Pulu olmadığına və ac olduğuna görə “Şəki stor” mağazasının qarşısında yolun kənarında qarpız satan oğlana yaxınlaşıb dadına baxmaq üçün ondan qapız kəsməsini xahiş etmişdir. Bu zaman səkinin kənarında olan hasarın üstündəki qutunun üstündə telefon olduğunu görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Satcı qarpız kəsməyə gedəndə onun diqqətsizliyindən istifadə edib gizlicə telefonu götürüb paltarlarını yığdığı əl çantasına qoymuşdur. Satıcı qarpızı kəsib ona vermişdir. Qarpızı yeyib satıcıdan əlini yumaq üçün su istəmişdir. Satıcı da ona suyu olmadığını demişdir. Bundan sonra əl çantasını götürüb piyada Şəki şəhər bazarına getmişdir. Bazarın qarşısında gözləyən zaman tanımadığı iki mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və telefon oğurlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində izahatında qarpız satan oğlana məxsus bir ədəd Samsunq S22 markalı mobil telefonu oğurladığını etiraf etmişdir. Həmçinin özündə olan iki ədəd Samsunq markalı və bir ədəd Redmi markalı telefonları təqdim edib həmin Samsunq markalı telefonlardan birinin özünə məxsus olduğunu, birini Mingəçevir şəhərindən, birini isə Yevlax rayonu, Xanabad qəsəbəsindən yoldan tapdığını bildirmişdir. Göstərmişdir ki, telefonu oğurlayan zaman yanlarında və ətrafda heç kim olmamışdır. Həmçinin həmin telefonu gizlin götürdüyü üçün heç kim telefonu oğurladığını görməmişdir. Həmin telefonu oğurlamaqda məqsədi satıb pul əldə edib ehtiyaclarına xərcləmək olmuşdur. Təqdim etdiyi digər telefonları isə satmaq üçün Şəki şəhərinə gətirmişdir. Lakin telefonları sata bilməmişdir. Ağ rəngli Samsunq markalı mobil telefonu özü 2021-ci ildə Şəki şəhər bazarında səyyar satıcıdan almışdır. Redmi markalı telefonu 6 ay əvvəl 2024-cü ilin yanvar ayında Mingəçevir şəhərində Bəxtiyarın apteki adlanan aptekin yaxınlığında yerdən tapmışdır. Digər Samsunq markalı mobil telefonu isə 2024-cü ilin yanvar ayının sonlarında Yevlax rayonu, Xaldan qəsəbəsində dayanacağın yaxınlığında yerdən tapmışdır. Bildirmişdir ki, oğurladığı mobil telefonu sahibinə qaytararaq maddi ziyanı ödəmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, daimi yaşadığı Bakı şəhərindən müvəqqəti olaraq Şəki şəhərinə gəlmiş və Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən “Şəki store” mağazasının qarşısında üzbə-üz yolun əks tərəfində qarpız satışı ilə məşğul olur. 21 iyun 2024-cü il tarixdə, təxminən saat 14 radələrində bir nəfər təxminən 65 yaşında əynində qırmızı rəngli köynək və əlində əl çantası olan bir kişi ona yaxınlaşıb əvvəlcə qarpızın qiymətini soruşmuşdur. Sonra həmin şəxs qarpızın dadına baxmaq üçün ona qarpız verməsini xahiş etmişdir. Kəsilmiş qarpız olduğu üçün həmin kəsilmiş qarpızı tanımadığı şəxsə vermişdir. Həmin şəxs də bıçağı alıb qarpızı dilimləyib yemişdir. Həmin vaxt “Samsunq Galaxy S22” markalı mobil telefonunu səkidə pulları yığdığı qapaqlı kağız qutunu üstünə qoymuşdur. Həmin şəxs qarpızı yeyəndən sonra ondan əlini yumaq üçün yer olub-olmadığını soruşmuşdur. Ona qarpız satdığı yerdə əl yumağa yer olmadığını demişdir. Sonra həmin şəxs əl çantasından iki ədəd Samsunq, bir ədəd Redmi markalı mobil telefonları çıxarıb ona satmaq istədiyini bildirən zaman həmin şəxsə telefon istəmədiyini demişdir. Sonra qarpız yığdığı yerin qarşı hissəsinə getmişdir. Qarşı tərəfdə satdığı qarpızların yerinin boş olduğunu görmüş və arxa tərəfdən bir neçə qarpız gətirib boş yerlərə qoymuşdur. Həmin vaxtı tanımadığı qırmızı köynəkli şəxs onunla sağollaşıb əl çantasını götürüb piyada yuxarı yəni, şəhərin mərkəzinə doğru getməyə başlamışdır. Həmin şəxs gedəndən təxminən 10-15 dəqiqə sonra telefonunun yerində olmadığını görmüşdür. Həmin ərəfədə yanına başqa qarpız alan müştəri gəlmədiyi üçün telefonunu qırmızı köynəkli şəxsin sonradan adı ona məlum olan Məmməd adlı şəxsin oğurlamasından şübhələnmişdir. Ona görə dərhal DİN-nin 102 zəng xidmətinə zəng vurub “Samsunq Galaxy S22” markalı mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlib onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Sonradan polis əməkdaşlarının telefonunu oğurlayan Məmməd adlı şəxsin yerini müəyyən edib tutduqlarını eşitmişdir. “Samsunq Galaxy S22” markalı mobil telefonunu bir il əvvəl Bakı şəhərindən 1960 manata almışdır. Həmin telefonu tünd yaşıl rəngli telefon olmaqla, üzərində hər hansı bir zədə və sınıq hissələri olmamışdır. Məmməd yanına gəlib yeməyə qarpız istəyən zaman və qarpızı yeyib getdiyi müddət ərzində yanlarında və ətrafda heç kim olmamışdır. Məmmədin ona məxsus “Samsunq Galaxy S22” markalı mobil telefonunu oğurladığını görməmişdir. Məmməd onun qarpızları boş yerə yığmasından istifadə edib gizlində telefonunu oğurlamışdır. Həmin vaxt yanlarında və ətrafda heç kim olmadığı üçün Məmmədin onun telefonunu oğurlamasını heç kim görməmişdir. Təqsirləndirilən şəxs ona məxsus olan “Samsunq Galaxy S22” markalı mobil telefonu qaytarmışdır. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyun 2024-cü il tarixdə Şəki ŞRPŞ-nin X7 şəhəri, M.Rəsulzadə küçəsində qarpız satan şəxsin mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin oğurluq hadisəsi ilə bağlı telefonu oğurlanan Rəşid adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Rəşid ona telefonu oğurlanmamışdan əvvəl onun yanına təxminən 60-65 yaşlarında, əynində qırmızı rəngli qısa qol köynək və əlində çanta olan bir şəxsin gəlib qarpız kəsdirib yediyini, həmin şəxs getdikdən sonra Samsunq markalı mobil telefonun yerində olmadığını gördüyünü və həmin şəxsin bazar istiqamətinə doğru çıxıb getdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin yerinin müəyyən olunması üçün Şəki şəhər bazarına getmişdir. Bazarı və bazar ətrafı əraziləri gəzən zaman Sabit Rəhman küçəsində yerləşən “Loğman” aptekin qarşısında Rəşidin dediyi əlamətlərdə yəni əynində qısaqol qırmızı köynək və əlində çanta olan, təxminən 65 yaşlarında bir şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşıb özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmişdir. Sonra həmin şəxsdən kim olduğunu harada yaşadığını soruşmuşdur. Həmin şəxsdə özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edib Sumqayıt şəhərində qeydiyyatda olmaqla Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs telefon oğurlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişdir. Məmməd də razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası təhqiqatçı Əhməd Rəsulluya həvalə etdiyi üçün Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti, o cümlədən ədavət və düşmənçiliyi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1109 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı “Şəki Store” mağazası ilə üzbəüz yerləşən qarpız satışı məntəqəsinə baxış keçirilmişdir. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:15-də Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CMnin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət edilməyərək, məhkəməyə təqdimat verilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə, saat 17:40-da Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 6 ay 5 gün il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024cüi l tarixdə, saat 11:40 radələrində Şəki şəhəri ərazisində saxlanılmış, Şəki ŞRPŞ-nin MSYnə təhvil verilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə, saat 10:05-də Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 787 saylı məktubundan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Şəki rayon Psixiatriya xəstəxanasında şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu diaqnozu ilə dispanser müşahidəsindədir. - Şəki şəhəri İHB-nin Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində qeydiyyatda olmaqla, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 625 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs kəskin polimorf pozuntudan sonrakı davranış pozuntuları ilə XTB 10 (psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) 23.0 xəstəliyindən əziyyət çəkməsinə keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5701 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsunq Calaxy S22” markalı, mobil telefonun 21 iyun 2024-cü il tarixə qiyməti 750.00 manat, 01 ədəd “X9” markalı, **********48288 İMEİ kodlu mobil telefon istifadədə olub üzərində istismar xarakterli (cızıqlar, rəng qopuqları və s. olmaqla ) 2021-ci ilin may ayına qiyməti 40.00 manat, 01 ədəd “Samsunq 02 A” markalı, 32 GB yaddaşlı, **********94423 İMEİ kodlu mobil telefonun 2024-cü ilin yanvar ayına qiyməti 80.00 manat, 01 ədəd “Redmi” markalı, M1906G7G modelli mobil telefonun 2024-cü ilin yanvar ayına qiyməti 180.00 manat təşkil edir. 05 ədəd GSM nömrə 2021 və 2024-cü ildə 25.00 manat (5x4) müəyyən edilir. Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “bilayn” operatoruna məxsus nömrənin satışına və qiymətinə dair məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, xx.xx.2024cü il tarixdə oğurlanmış ona məxsus 1 ədəd “Samsunq Calaxy S22” markalı mobil telefonu təhvil almışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Şəki ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq X3 təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən, zərərçəkmiş şəxs, şahidin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qətimkan qismində həbsdə olduğu 03 (üç) ay 11 (on bir) gün müddət, eyni zamanda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəki ŞRPŞ-nin MSY-də saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus bir ədəd “Samsung Galaxy S22” markalı mobil telefon və həmin telefonun üzərində olan Bakcell operatoruna məxsus ***-***-**-**, ***-***-**-** mobil nömrələrin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qətimkan qismində həbsdə olduğu 03 (üç) ay 11 (on bir) gün müddət, eyni zamanda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəki ŞRPŞ-nin MSY-də saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 (yeddi) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs məxsus bir ədəd “Samsung Galaxy S22” markalı mobil telefon və həmin telefonun üzərində olan Bakcell operatoruna məxsus ***-***-**-**, ***-***-**-** mobil nömrələrin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE **********0002088501, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-23/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-23/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver