Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-24/2025 06.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Niyazi oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Niyazi oğlu qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda, ümumi təmiz çəkisi 25,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq həmin narkotik vasitəni bir ədəd sellofan bükülüdə olmaqla üzərində daşımaqla saxlamış, 20 iyul 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən Şəki şəhəri, C.Hüseynov küçəsində saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq həmin gün, saat 15:38 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülüdə içərisində xeyli miqdarda, təmiz çəkisi 25,22 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2, 237.1-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssiəsinə keçirilib, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. 2012-ci ildə azadlığa çıxdıqdan sonra, rəsmi olaraq heç yerdə işləməmişdir. Azadlığa çıxdığı vaxtdan indiyədək narkotik vasitələrdən istifadə etməmişdir. xx.xx.2024cü il tarixdə, təxminən saat 15-16 radələrində yaşadığı Şəki şəhəri, C.Hüseynov küçəsində tək gəzdiyi zaman evindən təxminən 150 metr aralıda yolun kənarından sellofan bükülü tapmışdır. Həmin bükümü açdıqda əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün içərisində narkotik vasitə olduğunu bilmişdir. Həmin gün tapdığı narkotik maddədən bir siqaretlik götürüb istifadə etmiş, qalan narkotik vasitəni isə sonradan istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı Şəki şəhəri, C.Hüseynov küçəsində gəzən zaman mülki formada polis əməkdaşları ona yaxınlaşaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Həmin vaxt təhqiqaçı özünü təqdim edib üzərində narkotik vasitə olmasına görə şübhələr olduğunu deyib siyahı verərək vəkil seçməsini bildirmişdir. Həmin vaxt siyahıdan Müdafiəçi seçmişdir. Bir müddət sonra vəkil də gəlmişdir. Bundan sonra təhqiqatçı onun CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmağını deyib hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarışın keçiriləcəyini demişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman otaqda təhqiqatçı, müdafiəçi, iki nəfər polis əməkdaşı və mütəxəssis vardı. Həmin vaxt təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməyi demişdir. O, əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərinə “Ketel” sözü yazılmış mobil telefonu, şalvarının sağ yan cibindən iki ədəd yaşadığı evin açarını, şalvarının arxa sol cibindən 01 ədəd göy rəngli damalı mələfə, sağ yan cibindən isə sellofan bükülünü masanın üstünə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə hərtərəfli baxış keçirilmişdir. Baxış keçirilən zaman şalvarının sağ yan cibindən bir ədəd boz əski parçası aşkar olunmuşdur. Başqa hər hansısa bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etməyi xahiş edildikdə üzərindən aşkar edilmiş bükümü təqdim edərək bükülünün içərisində “marixuana” olduğunu, həmin narkotik vasitəni bir gün qabaq Şəki şəhəri, C.Hüseynov küçəsində gəzən zaman yolun kənarından tapdığını, əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün tapdığı bükümün içərisindəki narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi bükülü təhqiqatçı tərəfindən ekspertizaya göndəriləcəyi bildirildikdən sonra içərisi boş olan zərfə qoyularaq möhürlənmişdir. Həmçinin üzərindən aşkar olunmuş bir ədəd üzərinə “Ketel” yazılmış mobil telefonu da zərfə qoyularaq möhürlənmişdir. Bir ədəd mələfə, bir ədəd boz rəngli əski parçası və 2 ədəd açar özünə qaytarılmışdır. Bildirmişdir ki, o, həmin narkotikdən heç kimə satmamış, qazanc əldə etməmiş və pay verməmişdir. Ümumiyyətlə narkotik satışı ilə məşğul olmamışdır. Üzərindən və yarımtikilidən aşkar olunan narkotikdən başqa heç yerdə narkotik vasitə saxlamamışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilməmişdir. Əməlindən peşmandır. Bir daha bu cür əməllərə yol verməyəcəkdir. Yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Bildirmişdir ki, 20 iyul 2024-cü il tarixdə xidmətdə olan zaman “Nizami” adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, “Nizami” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəhbərliyinin icazəsi ilə 20 iyul 2024-cü il tarixdə “Nizami” adlı şəxsin, Şəki şəhəri, C.Hüseynov küçəsi, ev 33-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri C.Hüseynov küçəsində, evinin yaxınlığnda olması müəyyən edildiyindən həmin əraziyə gedib ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitə saxlaması barədə məlumat əldə etdikləri üçün onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Onun üstünə şəxsi axtarış keçirilməsi X5ə həvalə edilmiş. X5 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Bir qədər sonra vəkil Müdafiəçi gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nun baş inspektoru Kamal Məmmədzadə dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra vəkilin, onun, Şahid2 və Kamal Məmmədzadənin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərinə “Ketel” sözü yazılmış mobil telefon, boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd ev açarı, boz rəngli şalvarın sol arxa cibindən 01 ədəd göy rəngli damalı mələfə, sağ yan cibindən isə sellofan bükülünü masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etmək təklif olunduqda o, həmin əşyaların ona məxsus olduğunu deyib əşyaları təqdim etmişdir. Əşyaları təqdim edən zaman o, içərisində yaşıl rəngli kütlə olan sellofan bükümü göstərib içərisində “marixuana” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütləni nə vaxt, haradan, yaxud kimdən hansı məqsədlə əldə etməsi, üzərində saxlamaqda məqsədi, başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı barədə sual verilmiş o, narkotik vasitəni 2024-cü ilin iyul ayının 19-da yaşadığı Şəki şəhəri, C.Hüseynov küçəsində gəzən zaman yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını, satış məqsədi olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin içərisində yaşıl rəngli kütlə olan bükülü və 01 ədəd üzərinə “Ketel” yazılmış telefon ayrılıqda zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Bundan sonra isə videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi təsir göstərilməmiş, onun qoluna qandal vurulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində HK-1/1334 nömrəli material əsasında CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:29-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 25,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X7 xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-17/644 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut.” Yazısı, adlar və imzalar olan 1(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 25,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə, saat 16:10-da Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 701 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, C.Hüseynov küçəsi, ev 33 ünvanında qeydiyyatda olmaqla yaşayan 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-71/2-1149/2024 saylı məktubundan görünür ki, Şəki şəhəri, C.Hüseynov küçəsi, ev 33 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Mərkəzi X6 şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 237.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunub, məhkumluğu ödənilmişdir. - Şəki şəhəri İcra Hakimiyyəti İpəkçi və Nuxa Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Seyidov X10 şəhəri, C.Hüseynov küçəsi, ev 33 ünvanında qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi qardaşı X1 ibarətdir, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(075)-74/2011 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Niyazi oğlu CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə, CM-nin 237.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1624 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən, şahidin ifadələri və iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Niyazi oğlunun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Niyazi oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niyazi oğlunun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niyazi oğlunun məhkəməyədək icraat dövründə tutulduğu 3 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Niyazi oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Niyazi oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Niyazi oğlu yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınaraq Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, 25,12 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 34,55 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Niyazi oğlunun xx.xx.2024-cü il tarixdən, saat 14:29-dan xx.xx.2024-cü il tarixədək, saat 16:10-a kimi tutulduğu 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 6 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 25,12 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs Niyazi oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-24/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-24/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver