Məhkəmə qərarları › İş №1(075)-25/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-25/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-25/2025 12.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə xeyli miqdarda, təmiz çəkisi 0,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 05 avqust 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, Pişnamazzadə küçəsində “Dərə hamamı” adlanan yerin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:40 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir(maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ində cinayət işi açıldıqdan sonra həyat yoldaşı ilə münasibətləri pozulmuş və bu səbəbdən qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamağa başlamışdır. 5 avqust 2024-cü ildə saat 15 radələrində oğlunu Peşə litseyindən evlərinə apararkən, dayısı oğlu Şahid3 zəng vurub idarə etdiyi avtomobillə onları evlərinə aparmasını xahiş etmişdir. Şahid3 gəlib onları apararkən, idarə etdiyi avtomobili onlarin evinə gedən yaxın və rahat yoldan deyil, nisbətən kənar, adətən istifadə etmədikləri yoldan aparmış, Pişnamazzadə küçəsində “Dərə hamamı” adlanan yerdə onları avtomobildən düşürdüb qayıtmışdır. Bu vaxt kənarda dayanmış avtomobildə gözləyən iki polis əməkdaşı gəlib ona yaxınlaşmış, qolundan tutaraq məcburi avtomobilə əyləşdirmiş, oğlu isə orada qalmışdır. Onu Polis şöbəsində polis əməkdaşı Şahid1 xidməti otağına aparmışlar. Orada özünü pis hiss etdiyi üçün onu gətirən əməkdaş su gətirmək üçün otaqdan çıxan zaman Şahid1 ona narkotik vasitə verib çibinə qoymasını tapşırmış, üzərinə şəxsi müayinə keçirilərkən çıxardıb özünə məxsus olduğunu deyib təqdim etməsini tapşırmışdır. O, qorxduğu üçün deyiləni etməklə razılaşmışdır. Sonra onu Polis Şöbəsində təhqiqatçının otağına aparmışlar. Təhqiqaçı, üzərində narkotik vasitə olmasında şübhəli olduğunu demiş və siyahı verərək vəkil seçməsini təklif etmişdir. Həmin vaxt siyahıdan vəkil seçmiş, bir müddət sonra seçdiyi vəkil gəlmiş, təhqiqatçı onun CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarış keçiriləcəyini demiş, videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o, əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan kağız bükümü, üzərindəki özünə məxsus əl çantasının içərisindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının təklifi ilə stolun üzərinə qoyduğu ağ rəngli bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetamini təqdim etmiş, “Qaqarin” restoranının qarşısındakı küçədə yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Psixotrop maddə olan metamfetamin və bir ədəd “Samsung” markalı mobil telefon ayrı-ayrı zərflərdə qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Videoçəkiliş dayandırılmış, təhqiqatçı tərəfindən nümayiş etdirilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, tutulmamışdan təxminən altı ay əvvəldən başlayaraq hərdən psixotrop maddə olan metamfetamin istifadə etsə də, hazırki iş üzrə üstündən aşkar olunmuş narkotik vasitə ona aid olmamış, yuxarıda qeyd etdiyi kimi polis əməkdaşının verməsi və üzərində saxlayıb özünə məxsus olması barədə tapşırdığına görə üstündə olmuşdur. Dayısı oğlu Şahid3 mülki şəxs kimi polis əməkdaşlarına məlumat verib xidmət etməklə məşğul olduğu üçün onun da tutulmasını təşkil edib olduğu yeri polis əməkaşlarına məlumat vermiş, onları polis əməkdaşlarının yanında avtomobildən düşürtmüşdür. Ona görə də üstündən aşkar olunmuş narkotik vasitəyə ilə bağlı özünü təqsirli bilməmiş, narkitok vasitə qəbul etməsinə görə isə özünü günahkar bilmiş, əməlindən peşman olmuş, bir daha bu cür işlərlə məşğul olmayacağına, uşağının tərbiyə ilə məşğul olacağına söz verib nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməmiş, ailəli olmaqla 2009-cu il təvəllüdlü Şahin adlı bir övladı olmuşdur. Tutulmamışdan təxminən altı ay əvvəldən hərdən psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Həyat yoldaşı X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Şəki Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş və X3 cəza çəkmişdir. 4 avqust 2024-cü ildə saat 18 radələrində Şəki şəhəri, Pişnamazzadə küçəsində piyada yaşadığı evə gedərkən “Qaqarin” adlanan restoranın qarşısından keçərkən yerdə daşların arasında bir ədəd kağız bükülü görmüş, əvvəllər patı adlanan psixotrop maddə istifadə etdiyi üçün, həmin kağız bükümü patı bükümünə oxşadıb ətrafa baxaraq heç kimin görmədiyindən əmin olmuş və əyilib yerdən götürərək yoluna davam etmişdir. Yaşadığı evin qarşısına çatdıqda bükümü açıb içərisinə baxmış, şəffaf rəngli patı, yəni psixotrop maddə olan metamfetamin olduğunu görmüş, özü istifadə etmək məqsədi ilə bükülünü cibinə qoyub evə daxil olmuşdur. 5 avqust 2024-cü ildə saat 15 radələrində Şəki şəhərinin mərkəzindən yaşadığı evə tərəf gedərkən yoldan tapdığı içərisində metamfetamin olan kağız büküm də cibində olmuşdur. Pişnamazzadə küçəsində “Dərə hamamı” adlanan köhnə tikilinin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demiş və üzərində narkotik vasitə olmasına dair məlumat olduğuna görə Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində onu təhqiqatçının otağına aparmışlar. Təhqiqaçı, üzərində narkotik vasitə olmasında şübhəli olduğunu demiş və siyahı verərək vəkil seçməsini təklif etmişdir. Həmin vaxt siyahıdan vəkil seçmiş, bir müddət sonra seçdiyi vəkil gəlmiş, təhqiqatçı onun CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarış keçiriləcəyini demiş, videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o, əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan kağız bükümü, üzərindəki özünə məxsus əl çantasının içərisindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının təklifi ilə stolun üzərinə qoyduğu ağ rəngli bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetamini təqdim etmiş, “Qaqarin” restoranının qarşısındakı küçədə yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Psixotrop maddə olan metamfetamin və bir ədəd “Samsung” markalı mobil telefon ayrı-ayrı zərflərdə qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Videoçəkiliş dayandırılmış, təhqiqatçı tərəfindən nümayiş etdirilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. 5 avqust 2024-cü ildə xidmətdə olan zaman ona «Nəzakət» adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması, «Nəzakət» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmiş, şöbə rəhbərliyinin icazəsi ilə əməliyyat tədbiri keçirilmiş, 5 avqust 2024-cü ildə «Nəzakət» adlı şəxsin, xx.xx.1990-cı il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri, Pişnamazzadə küçəsində “Dərə hamamı” adlanan yerin yaxınlığında olması müəyyən edilmiş, saat 15 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib, narkotik vasitə əldə etməsi barədə məlumatın yoxlanması üçün Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla Polis şöbəsinə getmiş, üstünə şəxsi axtarış keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçıya həvalə edilmiş, təhqiqatçı xidməti otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs seçdiyi vəkil gəlmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KQT-nun baş inspektoru Kamal Məmmədzadə dəvət edilmiş, iştirakçılara hüquq və vəzifələri izah olunmuş, vəkilin, onun, Kamal Məmmədzadənin, Şahid2 və Şəki ŞRPŞ-nin QMQ-nin inspektoru polis baş leytenantı Nigar Məmmədovanın iştirakları ilə üstünə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs, əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü, yaşıl rəngli çantasının içərisindən “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Nigar Məmmədova tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu ağ rəngli kağız bükülünü təqdim edərək göstərib içərisində narkotik vasitə olan “şüşə, patı” olduğunu izah etmiş, özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən kağız bükülü açılıb iştirakçılara göstərilmiş, içərisində şəffaf rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq, 6 aydır ki, narkotik istifadə etdiyini, üstündən aşkar edilmiş kağız bükümün içərisində olan narkotik vasitəni xx.xx.2024-cü ildə, saat 18-19 radələrində Şəki şəhərində “Qaqarin” restoranının yaxınığından yerdən tapdığını, narkotik vasitə istifadə etdiyi üçün götürüb saxladığını, narkotik vasitədən heç kimə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitəyə bənzər şəffaf rəngli kütlə olan bükülü və “Samsung” markalı mobil telefon hər biri ayrı-ayrılıqda zərflərə qoyulmaqla müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və iştirakçılar üzərinə imza etmişlər. Videoçəkiliş dayandırılıb iştirakçılara nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, doğru tərtib edildiyini iştirakçılar imzaları ilə təsdiq etmişdir. O, təqsirləndirilən şəxsə narkotik vasitənin onun tərəfindən verilməsi halını təqsirləndirilən şəxsin özünü təmizə çıxartmaq, məsuliyyətdən yayınmağa çalışması olduğu kimi izah etmiş, təqsirləndirilən şəxsin narkotik vasitə qəbul etdiyini hər zaman səmimi etiraf etməsini, ətrafında da bu qəbildən insanlar olduğunu, ərinin narkotik vasitənin dövriyyəsində iştirakına görə dəfələrlə məhkum olması və hazırda da eyni əmələ görə cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, buna görə üzərində tədbir keçirildiyini qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərmişdir ki, bibisi qızı Təqsirləndirilən şəxs ilə heç biq ədavəti, düşmənçiliyi olmamış, əksinə daim köməyi, yardımı dəymiş, narkotik vasitənin dövriyyəsində iştirak etməməyə çağırmış, dolanışığında çətinlik olub pul istəyəndə imkanı olan həddə vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olması barədə məlumat verməmiş, 5 avqust 2024-cü ildə Təqsirləndirilən şəxs polis əməkdaşlarına təhvil verməmiş, tutdurmamışdır. Həmin gün Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurub Peşə litseyinin yanından götürüb avtomobili ilə onları evlərinə aparmasını xahiş etmişdir. O idarə etdiyi avtomobillə gəlib Təqsirləndirilən şəxs və oğlunu avtomolinə mindirmiş, evələrinə apararkən, iş yerinə çağırılıdığı üçün Pişnamazzadə küçəsində “Dərə hamamı” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs və oğlunu avtomobilindən düşürdüb, geri dönərək iş yerinə getmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Polis şöbəsinə aparılıb üstündən narkotik vasitə aşkar edilməsini sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 5 avqust 2024-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1631-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 25-27) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 5 avqust 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. (İş.v 45-51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 avqust 2024-cü il tarixli 3-16-16/2-17/680 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut." yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, metamfetaminin təmiz çəkisi – 0,475 qram olmuş, tədqiqata sərf edilmiş – 0,050 qram,. qalıq-0,425 qram qalmışdır. Aparılmış tədqiqatın dəyəri 69,10 manat təskil edir. (İş.v 56-58) 6 avqust 2024-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 94-96) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 6 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, verilməsindən imtina edilmiş və o dərhal həbsdən azad edilmişdir. (İş.v 98-100) 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, CM-nın 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini özü və müdafiəçisi saat 2030-da almışdır. (İş.v 101-103) Şəki şəhər İHB-nin “Gəncəli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olamışdır. (İş.v 120-121) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v 122) Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 741 nömrəli məktubundan görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 124) “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18- 1-71/-1194/2024 nömrəli məktubundan görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinka şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş.v 126) Gəncə şəhəri Narkoloji Dispanserin 20 avqust 2024-cü il tarixli 1443 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (İş.v 164) Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşağı var. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Psixotrop maddə olan metamfetaminin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 2ci bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona verilən ittihamda göstərilən psixotrop maddənin üzərində olmaması və Polis Şöbəsində ona verilib özünə aid olmasını boynuna götürməsi tapşırığını qorxudan icra edib etiraf etməsi ilə bağlı göstərdikləri məhkəmə istintaqında araşdırılmış, lakin göstərdiyi hal təsdiqini tapmamışdır. Həmin halla bağlı tələb etdiyi şahid də əlavə şahid qismində dindirilmiş, lakin təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin polis əməkdaşı tərəfindən verildiyi, özünə aid olmadığı sübuta yetməmiş və ittihamın şübhə altına alınmasına əsaslar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək üçün şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq, 5 avqust 2024-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, Pişnamazzadə küçəsində “Dərə hamamı” adlanan yerin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib saat 1740 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərək əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,475 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini aşkar olunaraq götürülənədək üzərində saxlamışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən hər bir psixotrop maddənin ictimai təhlükəliliyini diqqətdən kənara qoymamaqla yanaşı, cəzanın ədalətliliyi baxımından daha təhlükəli narkotik vasitə və yollarla törədilən cinayətlərin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı davranışını, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan ana olmasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Sadıqova X1 qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş bir ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan çəkisi 0,425 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub xx.xx.2024-cü ildən xx.xx.2024cü ilədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il, 5 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 1 il, 5 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 0700-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Sadıqova X1 qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş bir ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan çəkisi 0,425 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar