Məhkəmə qərarları › İş №1(075)-27/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-27/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-27/2021 01.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Müşfiq oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi, Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri X6 və X5 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1999-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nın) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə günorta radələrində tanışı Zərərçəkmiş şəxs1 onun etibarnamə əsasında idarə etdiyi Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadığı halda idarə edərək, sonuncu da olmaqla dostları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Müşfiq oğlu ilə birlikdə istirahət etmək məqsədilə Şəki şəhərində yerləşən, X2 yaxınlığına getmiş, istirahət etdikdən sonra həmin gün saat 14 radələrində Marxal istirahət mərkəzindən Şəki şəhərinə geri qayıdan zaman Kiş kənd yolunda “X11” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etmədiyinə görə, yəni sürücülük vəsiqəsi olmadan Tofaş Şahin markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürəti, qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olması, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağında kifayət qədər məsafədə boş olması və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağı kimi halları nəzərə aldıqdan sonra, əks istiqamətdə yaxınlaşan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə edib qarşı əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edən zaman Nissan Tida markalı avtomobilin hərəkəti üçün təhlükə yaradıb həmin hərəkət zolağında Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə toqquşduqdan sonra idarə etdiyi avtomobil Şəki şəhər istiqamətində, yolun sol tərəfindəki ağaca dəyərək dayanmış, hadisə nəticəsində Abdulla Əhmədov qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, komatoz vəziyyət kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs3 sağ baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı, sağ said nahiyəsinin başın ənsə nahiyəsinin yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 sol diz oynağının hematoması, yumşaq toxumaların əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, Vüsal Adbulxalıqlı isə sağ qulaq seyvanının, başın arxa səthinin və sağ əlin İV barmağının yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nın 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəki şəhərinin Füzuli adına parkında bərbər işləmişdir. Hadisənin baş verdiyi xx xxxxxx 2020-cu ildən bir neçə gün əvvəl Şəki şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs1 bərbərxanada olarkən özünə məxsus avtomobili müəyyən məsafədə idarə etmək üçün icarəyə verdiyini bildirmişdir. xx xxxxxx 2020-ci ildə, saat 1230 radələrində qohumları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Müşfiq oğlu ilə Şəki şəhərində yerləşən X2 aşağı hissəsindəki çayxanada əyləşib çay içmək istəmiş, lakin avtomobili olmadığına görə Vüsalın avtomobilini icarəyə verdiyini xatırlayaraq Vüsala zəng etmiş, pul qarşılığında avtomobilini idarə etmək istədiyini bildirmiş, Vüsal da etiraz etməmişdir. Avtomobili idarə edərkən Vüsal da yanında əyləşməklə Şəki şəhəri, “Yenilik” Ticarət Mərkəzindən “Marxal” istirahət mərkəzinə gedib, orada çay içdikdən sonra Şəki şəhərində bir dəfə gəzməklə 9 mərtəbə tərəf adlanan yerə kimi idarə etməyin müqabilində avtomobilin benzini də daxil olmaqla 6 manat pul verəcəyi barədə Vüsalla danışıb razılaşmışdır. Vüsalla “Yenilik” Ticarət Mərkəzinin yanında İpək Kombinatı istiqamətində görüşmüş, Vüsal idarə etdiyi Tofaş markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanından düşüb sağ tərəfə keçmiş, o sükanın arxasında, Mikayıl sol arxa, Abdulla isə sağ arxa oturacaqda əyləşmiş, o avtomobili işə salıb idarə edərək “Marxal” istirahət mərkəzinin yaxınlığına getmiş, adını xatırlamadığı kafedə oturub birlikdə çay içmiş, bir qədər əyləşib yenidən Şəki şəhərinin mərkəzinə qayıtmaq üçün avtomobilə əyləşmişlər. Mikayıl sağ arxa, Abdulla sol arxa oturacaqda, o sükan arxasında, Vüsal isə yanında əyləmiş, hərəkət edərək təxminən saat 14 radələrində “Soyuq-Bulaq” adlanan ərazini keçdikdən sonra qarşısında hərəkət edən Vaz-2107 markalı avtomobil öz qarşısında hərərəkət edən Vaz-2106 markalı avtomobili ötmə əməliyyatı ilə keçib getmiş, o da idarə etdiyi avtomobillə Vaz-2106 markalı avtomobili ötüb keçmək istəyərkən qarşıdan Nissan Tida markalı avtomobilin gəlməsini görüb qəza baş verməməsi üçün öz hərəkət zolağına qayıtmağa tələsən zaman ehtiyatsızlıq etdiyi üçün avtomobilin sağ arxa təkəri yolun ehtiyat hissəsinə çıxmış və avtomobilin idarə etməsini itirmişdir. İdarə etdiyi avtomobilin ön sol hissəsi qarşıdan gələn Nissan Tida markalı avtomobilin sol hissəsinə dəyib fırlanmağa başlamış, qəzanın təsirindən huşunu itirib idarə etdiyi avtomobilin yolun sol tərəfində olan ağaca dəyməsi nəticəsində özünə gəlmişdir. Avtomobilin qapısı açılmadığına görə ön sağ qapıdan düşüb Abdullanın olduğu qapını açaraq yerə düşürmüş, ayağı sıxılıb ilişdiyi üçün çətinlik yaranmasına baxmayaraq Mikayılı da avtomobildən çıxarmışdır. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları və X12 avtomobili gələrək onları xəstəxanaya aparmışlar. Hadisə nəticəsində o da xəsarət almış, bununla bağlı Şəki RMX-na müraciət etmişdir. Hadisə baş verən vaxt avtomobili təxminən 80 km/saat sürətlə idarə etmiş və həmin avtomobili idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmamışdır. Əməlindən çox peşman olmuş, zərər çəkmişlərlə barışmışdır. Zərər çəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, Şəki şəhər sakini Əhəd adlı şəxsdən günü 12 manata Tofaş markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti göstərmişdir. xx xxxxxx 2020-ci ildə, saat 1230 radələrində o, avtomobili ilə Şəki şəhərində “Ekonom” marketin yaxınlığında dayanıb sərnişin gözləyərkən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək xalası uşaqları ilə “Marxal” istirahət mərkəzinə gedib qayıtmaq istədiyini bildirib, bunun üçün idarə etdiyi avtomobili 6 manat pul qarşılığında müvəqqəti idarəetməyə icarəyə verməsini xahiş etmiş, o da Təqsirləndirilən şəxsla razılaşmışdır. O, Şəki şəhərində olan “Yenilik” ticarət mərkəzinin yaxınlığına, İpək Kombinatı yoluna getmiş, Elvinin sürücülük hüququnun olub-olmadığını bilməsə də, şəhər ərazisində bir neçə dəfə avtomobil sürdüyün gördüyü üçün sürücülük hüququnun olduğunu düşünüb, özü sürmək istəyinə etiraz etmədən avtomobili idarə etmək məqsədi ilə Elvinə vermiş, özü isə ön sağ oturacaqda əyləmiş, Elvinin qohumları Mikayıl və Abdullahı götürüb getmişlər. Birlikdə “Marxal” istirahət mərkəzinin yaxınlığındakı kafeyə gedib orada çay içib geri qayıdarkən də yenə avtomobili Elvin idarə etmiş, o, ön sağ oturacaqda, Mikayıl və Abdullah isə arxa oturacaqlarda əyləşmişlər. “Marxal” istirahət mərkəzindən şəhərin mərkəzi istiqamətinə hərəkət edən zaman təxminən “Soyuq bulaq” adlanan ərazidən bir qədər aşağıda qarşıda hərəkət edən Vaz-2107 markalı avtomobil qarşısında hərəkətdə olan Vaz-2106 markalı avtomobili ötərək keçmiş, ardınca Elvin də əks hərəkət zolağına çıxaraq Vaz-2106 markalı avtomobili ötüb keçmək istəmişdir. Bu zaman qarşısında Nissan Tida markalı avtomobili görüb öz yoluna qayıtmaq istəyərkən idarə etməni itirib avtomobili Nissan Tida markalı avtomobilin sol tərəfinə vurmuş, bir qədər getdikdən sonra avtomobil yolun sol tərəfində olan ağaca dəymişdir. Hadisə yerinə polis əməkdaşları və X12 avtomobili gələrək onları xəstəxanaya aparmışlar. Avtomobil ağaca dəyməmişdən bir neçə saniyə əvvəl özünü avtomobildən yolun kənarına atdığına görə çox xəsarət almamışdır. Elvin sürücülük hüququnun olmamasını hadisədən sonra özünün deməsindən bilmiş, hadisəyə kimi bu barədə məlumat olmamışdır. Aldığı xəsarət yüngül dərəcəli bədən xəsarəti olmuş və sağalmış, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, o, “xxxx” ASC-də memar işləmiş, Şəki şəhərində Şahid3 və Şahid1 adlı rəfiqələri olduğuna görə bir neçə dəfə Şəki şəhərinə qonaq gəlib, istirahət yerlərində istirahət etmişdir. xx xxxxxx 2020-ci ildə saat 22 radələrində qardaşı X1 məxsus və etibarnamə əsasında idarə etdiyi Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şəki şəhərinə gəlmiş, Şəki şəhərinə saat 3 radələrində çatıb gecəni “Canal” hosteldə qalmışdır. Səhərisi günü, yəni xx.xx.2020-ci ildə dostları Firuzə, Səbinə və Şahid2 Mafər oğlu ilə görüşüb səhər yeməyi yedikdən sonra “Marxal” istirahət mərkəzinin ətrafında piknik eləmək qərarına gəlmişlər. Təxminən nahar vaxtına yaxın ərzaq məhsulları alaraq idarə etdiyi Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Marxal” istirahət mərkəzinə tərəf hərəkətə başlamışlar. Atomobili o idarə etmiş, Elgün arxasında olan oturacaqda, sağ ön oturacaqda Firuzə, sağ arxa oturacaqda isə Səbinə əyləşmişdir. Hərəkətdə olan zaman qarşıdan bir-birinin ardınca gələn bir neçə avtomobildən dövlət qeydiyyat nişanını bilmədiyi Tofaş markalı avtomobilin yüksək sürətlə hərəkət edərək qarşısındakı avtomobili ötmək istədiyini görmüşdür. Tofaş markalı avtomobil əvvəlcə onun hərəkət zolağına çıxıb sonra öz hərəkət zolağına keçsə də yenidən ötmə əməliyyatı etmək üçün fürsət gözləyən kimi avtomobili sağa və sola hərəkət etdirmiş, Tofaşın bu hərəkətlərini və yüksək sürətini görüb qəza olmaması üçün avtomobili yolun sağ hissəsinə tərəf istiqamətləndirmiş və sürəti demək olar ki, dayanma həddinə çatdırmışdır. Bu vaxt Tofaş markalı avtomobil sürətlə gəldiyi üçün öz hərəkət zolağında olan avtomobilləri ötərək onun olduğu hərəkət zolağına qəflətən çıxmış, idarəetməni itirib onun idarə etdiyi avtomobilin sol tərəfinə dəyərək sürtünüb keçmiş, zərbənin təsirindən avtomobili sağa tərəf getmiş, yolun kənarında olan ağaca dəyməmək üçün avtomobili bir qədər irəli hərəkət etdirib dayandırmışdır. Avtomobildən düşən zaman Tofaş markalı avtomobilin yolun sol tərəfində olan ağaca dəydiyini görmüşdür. Hadisə yerinə polis əməkdaşları və FHN-nin əməkdaşları gəlmişdir. İdarə etdiyi avtomobilə dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Aldığı xəsarət yüngül dərəcəli bədən xəsarəti olmuş və sağalmış, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 1230 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs4 və atasının xalası oğlu Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Şəki şəhərində yerləşən “Marxal” istirahət mərkəzinin aşağı hissəsindəki çayxanada əyləşib çay içmək qərarına gəlmişlər. Avtomobilləri olmadığına görə Elvin Şəki şəhər sakini kimi tanıdığı taksi sürücüsü Zərərçəkmiş şəxs1 adlı şəxsin pul müqabilində avtomobilini idarə etmək üçün icarəyə verdiyini, onunla danışıb razılaşa biləcəyini bildirmiş və Vüsala zəng edib avtomobil lazım olduğunu söyləyib, avtomobillə Şəki şəhəri, “Yenilik” Ticarət Mərkəzindən “Marxal” istirahət mərkəzinə gedib orada çay içdikdən sonra Şəki şəhərində bir dəfə gəzməklə 9 mərtəbə adlanan yerə kimi özünün idarə etməsi barədə danışmış, bunun müqabilində benzində daxil olmaqla 6 manat pul ödəyəcəyinə dair Vüsalla razılaşmışdır. Vüsal idarə etdiyi Tofaş markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yenilik” Ticarət Mərkəzinin yanında İpək Kombinatı istiqamətində onlarla görüşmüş, avtomobilin sükanından düşüb sağ ön sərnişin oturacağında, Elvin sükan arxasında, o, sol arxa, Abdullah isə sağ arxa oturacaqda əyləşmişlər. Elvin avtomobili idarə edib Şəki ərazisində olan “Marxal” istirahət mərkəzinin yaxınlığına getmiş, dördü birlikdə kafedə bir qədər əyləşib çay içdikdən sonra yenidən Şəki şəhərinə qayıtmaq üçün avtomobilə əyləşmişlər. O, sağ arxa, Abdullah sol arxa oturacaqda, Elvin sükan arxasında, Vüsal isə ön sağ oturacaqda əyləşmiş, saat 14 radələrində “Soyuq-Bulaq” adlanan ərazini keçdikdən sonra avtomobilin qarşısında gedən Vaz-2107 markalı avtomobil qarşısındakı Vaz-2106 markalı avtomobili ötmə əməliyyatı ilə keçmiş, Elvin də idarə etdiyi avtomobillə Vaz-2106 markalı avtomobili ötüb keçmək istəmiş, bilmədiyi səbəbdən Elvin idarə etməni itirmiş, idarə etdiyi avtomobil qarşıdan gələn “Nissan” markalı avtomobilin sol hissəsinə dəymiş, qəza nəticəsində avtomobil Şəki istiqamətində olan yolun sol tərəfindəki ağaca dəyərək dayanmışdır. O ayağının ağrıdığını hiss etmiş, hadisə yerinə polis əməkdaşları və X12 gəlmiş, onu avtomobildən çıxarıb Şəki RMX-na aparmışlar. Aldığı xəsarət az ağır dərəcəli bədən xəsarəti olmuş və sağalmış, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 1230 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs3 Müşfiq oğlu və anasının xalası oğlu Təqsirləndirilən şəxs söhbət edən zaman sonuncu Şəki şəhərində yerləşən “Marxal” istirahət mərkəzinin aşağı hissəsindəki çayxanada əyləşib çay içməklərini təklif etmiş, o və Mikayıl işləri olmadığı, darıxdıqları üçün Elvinlə razılaşmış, birlikdə getmək qərarına gəlmişlər. Avtomobilləri olmadığına görə Elvin, pul müqabilində avtomobilini idarə etmək üçün icarəyə verən Şəki şəhər sakini kimi tanıdığı taksi sürücüsü Zərərçəkmiş şəxs1 ilə danışıb razılaşa biləcəyini bildirmiş və Vüsala zəng edib avtomobil lazım olduğunu söyləyib, avtomobillə Şəki şəhəri, “Yenilik” Ticarət Mərkəzindən “Marxal” istirahət mərkəzinə gedib, orada çay içdikdən sonra Şəki şəhərində bir dəfə gəzməklə 9 mərtəbə adlanan yerə kimi özünün idarə etməsi barədə danışmış, bunun müqabilində benzində daxil olmaqla 6 manat pul ödəyəcəyinə dair Vüsalla razılaşmışdır. Vüsal idarə etdiyi Tofaş markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib “Yenilik” Ticarət Mərkəzinin yanında İpək Kombinatı istiqamətində onlarla görüşmüş, avtomobilin sükanından düşüb sağ ön sərnişin oturacağında, Elvin sükan arxasında, o, sağ arxa, Mikayıl isə sol arxa oturacaqda əyləşmişlər. Elvin avtomobili idarə edib onları “Marxal” istirahət mərkəzinin yaxınlığına aparmış, dördü birlikdə kafedə əyləşib çay içmiş, geri qayıtmaq üçün yenidən avtomobilə əyləşmişlər. O, sol arxa, Mikayıl sağ arxa oturacaqda, Elvin sükan arxasında, Vüsal ön sağ oturacaqda əyləşmişdir. Qəza nəcitəsində komaya düşdüyü üçün hadisənin necə baş verməsini xatırlamamış, özünə gəldikdə Şəki RMX-da olmasını, qəza baş verməsinə görə xəsarət aldığını bilmişdir. Qəza ilə bağlı hadisəni xatırlamamış, sonradan mobil telefonuna baxış keçirən zaman video çəkdiyini bilmişdir. Aldığı xəsarət ağır dərəcəli bədən xəsarəti olmuş və sağalmış, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə, günorta radələrində arvadının xalası oğlu Təqsirləndirilən şəxs zəng edib Şəki şəhərində olan “Soyuq Bulaq” adlanan ərazinin yaxınlığında avtomobil qəzası törətdiyini, hadisə vaxtı avtomobildə oğlu Abdullah ilə qaynının oğlu Zərərçəkmiş şəxs3 Müşfiq oğlunun da olduğunu, Abdullahın özündə olmadığını demiş, o, dəhal hadisə baş verən əraziyə getmiş, çatdıqda Tofaş markalı avtomobilin yolun kənarında olan ağaca dəyərək dayandığını, Abdullahın bir qədər əvvəl X12 ilə Şəki RMX-na aparıldığını, Mikayılın isə yolun kənarında olmasını görmüşdür. Bir neçə dəqiqə sonra digər X12 avtomobili gəlib Mikayılı Şəki RMXna aparmış, arxasınca o da Şəki RMX-na getmişdir. Xəstəxanada Abdullanın hadisə nəticəsində özündə olmadığını, komaya düşdüyünü, Mikayılın ayağının sındığını, tibbi yardım göstərildiyini bilmişdir. Hadisə ilə bağlı xx.xx.2020-ci ildə, günorta radələrində Elvinin 6 manat pul müqabilində Zərərçəkmiş şəxs1 Tofaş markalı avtomobili icarəyə götürüb idarə etdiyini, “Soyuq Bulaq” adlanan ərazidən Şəki şəhər istiqamətinə gələn zaman ötmə əməliyyatı edərkən idarə etməni itirib qəza törətdiyini eşitmiş, hadisəni özü görməmişdir. Elvin və ailəsi ilə yaxın və isti qohumluq münasibətləri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamış, oğlu Abdullah ağır dərəcəli bədən xəsarəti almış və sağalmış, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Mafər oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə Şahid3, Şahid1 və X3 ilə Şəki şəhərində görüşüb səhər yeməyi yedikdən sonra “Marxal” istirahət mərkəzinin ətrafında piknik etmək qərarına gəlmiş, təxminən nahar vaxtına yaxın ərzaq alaraq Zərərçəkmiş şəxs2 idarə etdiyi Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərində yerləşən “Marxal” istirahət mərkəzinə tərəf hərəkətə başlamışlar. Avtomobili Nərgiz idarə etmiş, o Nərgizin arxasında olan oturacaqda, sağ ön oturacaqda Firuzə, sağ arxa oturacaqda isə Səbinə əyləşmişdir. Hərəkətdə olan zaman qarşıdan bir-birinin arxasınca gələn avtomobillərdən, dövlət qeydiyyat nişanını bilmədiyi Tofaş markalı avtomobilin yüksək sürətlə hərəkət edərək ötmə əməliyyatı etmək istədiyini görmüşdür. Tofaş markalı avtomobil əvvəlcə onların hərəkət zolağına çıxıb sonradan öz hərəkət zolağına keçsə də, ötmə əməliyyatını etmək üçün avtomobili sağa və sola hərəkət etdirmişdir. Tofaşın hərəkətlərini və yüksək sürətini görüb qəza olmaması üçün Nərgiz avtomobili yolun sağ hissəsinə tərəf çəkərək sürəti demək olar ki, dayanma həddinə çatdırmağa çalışsa da, Tofaş sürətlə gəlib öz hərəkət zolağında olan avtomobilləri qəflətən ötərək onların hərəkət zolağına keçib sürətlə Nərgizin idarə etdiyi avtomobilin sol tərəfindən ötüşmək istədikdə idarəetməni itirib onların avtomobilin sol tərəfinə dəyərək sürtünüb keçmiş, zərbənin təsirindən avtomobil sağ tərəfə getmişdir. Nərgiz yolun kənarında olan ağaca dəyməmək üçün avtomobili bir qədər irəli hərəkət etdirib dayandırmışdır. Avtomobildən düşən zaman Tofaş markalı avtomobilin yolun sol tərəfində olan ağaca dəydiyini görmüşlər. Hadisə yerinə polis əməkdaşları və FHN-nin əməkdaşları gəlmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid3 ifadəsində, eləcə də, Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsində eyni məzmunlu ifadələr verərək Şahid2 Mafər oğlunun göstərdiyi xüsusatları təsdiq etmişlər Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillər və sxemdən görünür ki, hadisə Şəki rayonu, Kiş yolunda baş vermiş, Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tofaş markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil düz asfalt yolda toqquşmuşdur. Toqquşma yolun sağ hərəkət hissəsində baş vermişdir. Avtomaşınların toqquşduğu yerdə asfalt yolun eni 7 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin sayı isə 1 dir. Hər bir hərəkət zolağının eni isə 3,50 metrdir. Nissan Tida markalı avtomobil yolun sağ tərəfində, arxa sağ və qabaq sağ təkəri asfaltın sağ hissəsindən müvafiq olaraq 1 metr və 0.75 metr məsafədə, qabaq sol və arxa sol təkəri asfalt yolun orta hissəsində olan nişanlama xəttinə olan məsafəsi müvafiq olaraq 1.20 metr və 0.5 metr məsafədədir. Tofaş markalı avtomobil hadisədən sonra Şəki şəhərindən Marxal istirahət mərkəzi istiqamətində yolun sağ hissəsində olan ağaca dəyib dayanmışdır. Tofaş markalı avtomobilin arxa sağ və arxa sol təkərləri asfalt yoldan müvafiq olaraq 3.90 metr və 4.80 metr məsafədə, qabaq sağ və qabaq sol təkərləri isə yolun sağ kənarında olan hasardan müvafiq olaraq 1.60 metr və 0.60 metr məsafədədir. Toqquşma nöqtəsindən Nissan markalı avtomobilə 25 metr, Tofaş markalı avtomobilə 41 metr, asfalt yolun sağ tərəfinə 1.7 metr, orta hissədə olan nisanlanma xəttinə isə 1.85 metrdir. Nissan markalı avtomobilin qabaq sol qanadı, sol ön və arxa qapıları, arxa sol qanadı hadisə nəticəsində deformasiyaya uğramış, Tofaş markalı avtomobilin isə bütün hissələri deformasiyaya uğramış, ön və arxa hissəsinin örtükləri açıq vəziyyətdə, şüşələri qırılmış vəziyyətdədir. (İ cild, İş.v 7-19) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli, 428 saylı aktdan görünür ki, müayinə edilən Təqsirləndirilən şəxs ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. (İ cild iş.v 26) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2020-ci il tarixli, 8/1638 nömrəli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tofaş markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin təlblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. (İ cild iş. v-69-73) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 432 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Müşfiq oğlunun məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər: sağ baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı, sağ said nahiyəsinin başın ənsə nahiyəsinin yaraları, bərk küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2020-ci il tarixində əmələ gəlməsi mümkündür, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. (İ cild iş.v- 76-77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 431 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər: sağ qulaq seyvanının, başın arxa səthinin və sağ əlin İV barmağının yaraları bərk küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixində əmələ gəlməsi mümkündür, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. (İ cild iş.v- 78-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 430 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər: qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, komatoz vəziyyət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssəsisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixində əmələ gəlməsi mümkündür, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. (İ cild iş.v- 82-84) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 429 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər: sol diz oynağının hematoması, yumşaq toxumaların əzilməsi bərk küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssəsisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixində əmələ gəlməsi mümkündür, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. (İ cild iş.v- 85-86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 346 saylı rəyindən görünür ki, Şahid1 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. (İ cild iş.v 54-55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 347 saylı rəyindən görünür ki, Şahid3 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. (İ cild iş.v 56-57) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 345 saylı rəyindən görünür ki, Şahid2 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. (İ cild iş.v 58-59) xx.xx.2020-ci il tarixli 34 nömrəli Şəki Mənzil İstismar İdarəsindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (İ cild iş.v 158-160) “Şəki RMX” publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 32 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İ cild iş.v 164) Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 666 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. (İ cild iş.v 171) BDYP-nin Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2020-ci il tarixli 016-300-140- 1220 nömrəli məktubundan görünür ki, mərkəzləşdirilmiş komputer bazasına əsasən ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. (İ cild iş.v 198) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v- 201). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİ cild iş.v- 25-26) Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi Nissan Tida markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. (İİ cild iş.v 45) Şəki ŞRPŞ-nın xx xxxx 2021-ci il tarixli, 189-8039-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatlar DİN BDYPİ-nin mərkəzi informasiya sistemində əməkdaşlarımız tərəfindən yoxlanılmış, hər hansı bir inzibati məsuyyətə cəlb edilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə günorta radələrində tanışı Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadığı halda pul müqabilində idarə edərək, sonuncu da olmaqla qohumları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Müşfiq oğlu ilə birlikdə istirahət etmək məqsədilə Şəki şəhərində yerləşən, X2 yaxınlığına getmiş, istirahət edib saat 14 radələrində Marxal istirahət mərkəzindən Şəki şəhərinə geri qayıdan zaman Kiş kənd yolunda “X11” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyib, yəni sürücülük vəsiqəsi olmadan Tofaş Şahin markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə hərəkət etdirməli, qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olması, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağında kifayət qədər məsafədə boş olması və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağı kimi halları nəzərə aldıqdan sonra əks istiqamətdə yaxınlaşan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək, qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə edib qarşı əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edən zaman Nissan Tida markalı avtomobilin hərəkəti üçün təhlükə yaradıb əks hərəkət zolağında Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə toqquşduqdan sonra idarə etdiyi avtomobil Şəki şəhər istiqamətində, yolun sol tərəfindəki ağaca dəyərək dayanmış, hadisə nəticəsində Zərərçəkmiş şəxs4 qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, komatoz vəziyyət kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs3 sağ baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı, sağ said nahiyəsinin başın ənsə nahiyəsinin yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 sol diz oynağının hematoması, yumşaq toxumaların əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, Vüsal Adbulxalıqlı sağ qulaq seyvanının, başın arxa səthinin və sağ əlin İV barmağının yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alması ilə nəticələnən yolnəqliyyat hadisəsi torətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, zərərçəkmi şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşmançılıq çəkməsini, ehtiyatsızlıqdan ilk dəfə cinayət əməli törətməsini, hadisədən dərhal sonra avtomobilindən düşüb kömək məqsədilə yaxınlaşaraq zərər çəkmiş şəxslərə kömək etməyə çalışmasını və xəstəxanaya göndərilməsinə yardım etməsini, törətdiyi əmələ görə zərər çəkmiş şəxslərlə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın isə olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərar). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. CM-nin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında, dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası ilə onun islah olunmasının və cəzanın məqsədinə nail olmanın mümkünlüyü üçün kifayət edən hədd daxilində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-nın duracağında saxlanılan Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 qaytarılmalı, Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, hadisənin baş verməsini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına keçirilməlidır. İş üzrə mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-nın duracağında saxlanılan Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 qaytarılsın, Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, hadisənin baş verməsini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar