Məhkəmə qərarları › İş №1(075)-27/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-27/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-27/2025 19.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əhmədiyyə oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşağı olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 18 iyul 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı Şəki rayonu, Böyük Dəhnə kəndindəki fərdi yaşayış evinin qarşısındakı küçədə özünün azyaşlı oğlu Şahid5 və onunla qonşuluqda yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs Əhmədiyyə oğlunun azyaşlı oğlu Şahid2 mübahisə etmələrinə görə Zərərçəkmiş şəxs Əhmədiyyə oğluna irad bildirdiyindən və nalayiq ifadələr işlətdiyindən, aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən əlindəki bel ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr və ayağı ilə sinə nahiyəsinə zərbə vurmaqla sonuncuya sol çiyin oynağının hemotaması fonunda sıyrıq, alın nahiyəsində hemotoma və sağ əlin arxa səthində qançır kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir. İİ qrup əlildir, ailəlidir, 3 azyaşlı övladı vardır. Fərdi əməklə məşğul olmaqla özünü və ailəsini dolandırır. Əvvəllər məhkum olunmamışdır. X17 da İİ qrup əlildir və onunla birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur. Qurban onunla qonşuluqda yaşayır. 2010-cu ildə Qurban ailə qurduqdan sonra aralarında soyuq münasibətlər yaranmışdır. Belə ki, Qurban ailə qurduqdan bir ay sonra arvadı heç kimə bir söz demədən çıxıb harasa getmiş və 4 gündən sonra qayıdıb evlərinə gəlmişdir. Mərhum atası da Qurbanın arvadının evlərindən heç kimə xəbər vermədən getməsini qəbul etmədiyi üçün Qurban və onun arvadı atasından incimiş və onun ailə üzvülərini danışdırmamışlar. Lakin Qurbanın anası ilə münasibəti olmuşdur. Qurbanın anası onlara qonaq gəlib-getmişdir. O da Qurbanı və onun arvadını həmin vaxtdan sonra danışdırmamışdır. Atası vəfat edəndə də Qurban və arvadı atasının yas mərasiminə gəlməmişlər. Lakin Qurbanın anası və bacıları onun atasının yas mərasiminə gəlmişlər. Bildirmişdir ki, 18 iyul 2024-cü il tarixdə, təxminən saat 18 radələrində arteziandan həyətinə gələn su borusunun yoldan keçən hissəsi partladığı üçün o, həmin su borusunu təmir etməyə getmək qərarına gəlmiş, su borusunu təmir etmək üçün özü ilə birlikdə torpağı qazmaqdan ötrü bel də götürmüşdür. Evlərindən küçəyə çıxanda azyaşlı oğlu Elçinin ağladığını görmüş, Elçindən niyə ağladığını soruşduqda o, Qurbanın oğlu Eminin onu vurduğunu bildirmişdir. Həmin vaxtı Emin və onun qardaşı Əhmədiyyə də orada olmuşlar. Emindən oğlunu nə üçün döydüyünü soruşanda, Emin ona zarafat etdiklərini bildirmişdir. O, oğluna Emin və Əhmədiyyə ilə oynamamasını bildirib evə doğru getməyə başlamışdır. Həmçinin Eminə və Əhmədiyəyə də oğlunu çağırmamalarını demişdir. Oğlunu evlərinə aparmışdır. Həyətdən çıxdıqda Qurbanın əlində daşla onun ünvanına söyüş söyə-söyə ona tərəf gəldiyini görmüşdür. Həmin vaxtı Qurbanın yanında kiçik oğlu Emin də olmuşdur. O, Qurbana söyüş söyməməsini, onun oğluna heç nə etmədiyini bildirmiş, Qurban isə onun dediklərinə məhəl qoymayıb yenə onun ünvanına söyüş söymüş, belə olduqda o, əsəbləşib əlindəki bellə Qurbanın baş nahiyəsindən bir dəfə vurmuşdur. Qurban da qaçıb evlərinə getmişdir. O da etməyə ordan su borusunu təmirə getmişdir. O, getdikdən sonra Qurbanın arvadı Elnaz onun övladının üstünə gəlib onu vurmaq istəmiş, lakin oğlu Elçin evə qaçmışdır. Təxminən yarım saatdan sonra su borusunu təmir edib qurtarıb evlərinə gəlmişdir. Bundan sonra əmisi oğlu Qurban onun barəsində şikayət etdiyi üçün o, özü Sarıca PB-nə getmişdir. Onunla Zərərçəkmiş şəxs arasında olan dava-dalaş 18 iyul 2024-cü il tarixdə, təxminən saat 18 radələrində Şəki rayonu, Böyük Dəhnə kəndində Zərərçəkmiş şəxs və onların yaşadıqları evin arasında küçədə baş vermişdir. Qurbanı bellə vuran zaman həmin yerdə Qurbanın oğlu Emindən başqa heç kimin olmamışdır. Hadisə zamanı bir dəfə bellə Qurbanın başının sol hissəsindən vurmuşdur. Qurban da qaçıb evlərinə getmişdir. Bununla da dava-dalaş başa çatmışdır. Zərərçəkmiş şəxs onu vurmamışdır. Zərəçəkmiş şəxs ona söyüş söysə də, o özü Qurbana söyüş söyməmişdir. Dava-dalaş zamanı ətrafdan heç kim hadisə yerinə gəlməmişdir. Zərərçəkmiş şəxsla aralarındakı dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı heç kim onları ayırmamışdır. Əməlindən peşmandır. Ailəlidir, himayəsində 3 azyaşlı övladı, yaşlı anası vardır. İkinci qrup əlildir, eyni zamanda onun anası da ikinci qrup əlildir. Etdiyi əmələ görə Qurbandan üzr istəyir. Yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əhmədiyyə oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Böyük Dəhnə kəndində onunla qonşuluqda yaşayır. 2010-cu ildən Sədullah və onun ailə üzvüləri ilə özünün və ailə üzvülərinin arasında soyuq münasibətlər olduğuna görə özü və ailə üzvləri Sədullahı və onun ailə üzvülərini danışdırmırlar. Hətta Sədullahın atası Neymətullah üç il bundan əvvəl vəfat edərkən də onun yasına getməmişdir. Bildirmişdir ki, 18 iyul 2024-cü il tarixdə, təxminən saat 18 radələrində o, yaşadığı evdə olarkən, oğlu Əhmədiyyə küçədən evə gələrək, Sədullahın onu vurmaq istədiyini, lakin arvadı qoymadığını demişdir. O da oğlu Əhmədiyyədən Sədullahın onu niyə vurmaq istədiyini soruşduqda, oğlu X1 oynayan zaman dalaşdıqlarını, Sədullahın bunu gördüyünü, ona görə onu vurmaq istədiyini demişdir. O da oğluna eybi yoxdur demişdir. Az sonra Sədullahın küçədən söyüş söyərək onu küçəyə çağırdığını eşitmişdir. O, həyət darvazasından küçəyə çıxanda Sədullahın evləri istiqamətində əlində bellə ona tərəf gəldiyini görmüşdür. Oğlu Əhmədiyyə də onunla birlikdə küçəyə çıxmışdır. Sədullah ona yaxınlaşdıqda o, Sədullaha bir az mərifətli danışmasını, yəni söyüş söyməməsini, yanında uşaq olduğunu demiş və nə olduğunu soruşmuşdur. Sədullah da ona oğlu Əhmədiyyənin onun oğlu Elçini döydüyünü bildirmiş, daha sonra əlindəki beli havaya qaldırıb oğlunu vurmaq istədikdə o, oğunu qucaqlayıb özünə tərəf çəkmiş, Sədullahın zərbəsi onun baş nahiyəsinin arxa hissəsinə dəymişdir. O, özünü itirmiş, sonra Sədullah əlindəki bellə onun sol çiyin nahiyəsinə vurmuşdur. Sədulah yenidən onu vurmaq istədikdə o, sol əlini qabağa vermiş, bellə vurduğu zərbə onun sol əlinin üstünə dəymişdir. Sədullahın əlindəki beli tutaraq Sədullahın əlindən çəkib almaq istəsə də, Sədullah təpiklə onun sinəsindən vurmuşdur. Bu zaman onun evində olan qonşusu Eldəniz onların yanına gəlmiş, lakin Eldəniz Sədullahın onu vuraraq döydüyünü görsə də, onları ayırmamışdır. Kənarda dayanıb onlara baxmışdır. Sonra o, Sədullaha evə gedib gələcəyini dedikdə Sədullah da onu buraxmışdır. O da oradan evlərinə getmiş və DİN-nin 102 zəng mərkəzinə zəng edib Sədullahın əlindəki bellə onu vuraraq döyməsi barədə məlumat vermiş, az sonra yaşadığı ünvana polis əməkdaşları gələrək onu Sarıca PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Sarıca PB-nə getmiş, Sədullah tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsla aralarındakı dava 18 iyul 2024-cü il tarixdə, təxminən saat 18 radələrində Şəki rayonu, Böyük Dəhnə kəndində yaşadığı evin qarşısında küçədə baş vermişdir. Sədullah onu bellə vuran zaman yanında yalnız oğlu Əhmədiyyə olmuşdur. Ətrafda isə təxminən 100 metr kənarda Sədulahın anası və arvadı dayanmışdır. Sonradan isə onların yanına onun evində olan qonşusu Eldəniz gəlmişdir. Təqsirləndirilən şəxs bir dəfə bellə başının arxa hissəsinə, bir dəfə sol çiyninə, bir dəfə sol əlinin üstünə, bir dəfə isə təpiklə sinə nahiyəsinə vurub ona xəsarət yetirmişdir. O, davadalaş zamanı Təqsirləndirilən şəxs vurmamışdır. Təqsirləndirilən şəxs söyüş söymüş, dava zamanı səs küy olsa da, qonşulardan səsə heç kim gəlməmişdir. Təqsirləndirilən şəxs ilə aralarındakı dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Dava zamanı onları heç kim ayırmamışdır. Belə ki, Sədullah təpiklə onun sinəsinə vurduqdan sonra evə getmişdir. Ağac və ya bel götürüb Sədullahı vurmaq istəmişdir. Həyətinə keçən zaman arvadı və qonşusu Eldəniz onu tutub saxlamışlar. Küçəyə çıxmağa qoymamışlar. Təqsirləndirilən şəxs onu vurmasını dava zamanı yanında olan oğlu Əhmədiyyə və sonradan həmin yerə gələn qonşusu Eldəniz görmüşdür. Təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur. Ona maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əri Qurbanın doğma əmisi oğludur. Sədullah onlarla qonşuluqda yaşayır. 2010-cu ildən Sədullah və onun ailə üzvüləri ilə Qurbanın ailə üzvüləri arasında soyuqluq vardır. Ailələr arasında hərdən mübahisələr olduğuna görə onların ailəsini danışdırmırlar. Hətta Sədullahın atası Neymətullah üç il bundan əvvəl vəfat edərkən onun yasına getməmişlər. 18 iyul 2024-cü il tarixdə, təxminən saat 18 radələrində əri Qurban, oğlu Emin və qonşusu Eldəniz ilə birlikdə həyətdə oturub söhbət edən zaman böyük oğlu Əhmədiyyə küçədən evə gəlmiş, ona və atasına yolda Sədullah əminin oğlu Elçinlə oynayan zaman Elçinin cığallıq etdiyini, buna görə də onu itələdiyini, Sədullah əminin də bunu görüb ona acıqlandığını, ona “ay çaqqal oğlumu niyə vurursan” sözlərini dediyini bildirmişdir. Daha sonra üstünə gəlib onu vurmaq istəyərkən arvadı qoymamışdır. Az sonra Sədullah əri Qurbanı səsləyib küçəyə çağırmış, Qurban küçəyə çıxarkən, o, Sədullah onu qızışdırsa da onu vurmamasını demişdir. Qurban küçəyə çıxmış, oğlu Əhmədiyə də atasının arxasınca getmişdir. Təxminən 3-5 dəqiqə sonra əri Qurban “ay başım” deyib həyətə daxil olmuş və həyətdə Sədullahı vurmaq üçün nəsə axtarmağa başlamış, o, Qurbana yaxınlaşıb onu sakitləşdirmişdir. Həmin vaxt qonşusu Eldəniz də ona kömək etmiş, birlikdə Qurbanı tutub saxlamışlar. Az sonra Qurban sakitləşmiş və DİNnin 102 zəng mərkəzinə zəng edib Sədullahın əlindəki bellə onu vuraraq döyməsi barədə məlumat vermişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxsla əri Zərərçəkmiş şəxs arasındakı dava zamanı öz evinin həyətində olmuşdur. Ona görə Sədullahın ərini bellə vuraraq döyməsini görməmişdir. Lakin ərinin deməsinə görə Sədullah bellə bir neçə dəfə onun başına və təpiklə bir dəfə sinəsindən vuraraq döymüşdür. Əri Qurban küçəyə çıxdıqdan sonra küçədə səs haray olmamışdır. Səs-küy olsaydı eşidərdi. Həmin vaxt Eldənizlə o səs eşitmədikləri üçün küçəyə çıxmamışlar. Qurban evə gəldikdən sonra Sədullahın onu döyməsi barədə məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Sabir oğlu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Böyük Dəhnə kəndində onunla qonşuluqda yaşayırlar. Hər ikisi ilə münasibəti normaldır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Qurbangilə qonaq getmişdir. Bir neçə dəqiqə sonra Qurbanın övladları Əhmədiyyə və Emil evə gəlib Sədullahın onları oğlu Elçinlə oynamağa qoymadığını demiş, həmin vaxt Sədullah küçədən Qurbanı çağırmışdır. Qurban küçəyə çıxmış, bir neçə dəqiqə sonra o da küçəyə çıxmaq istədikdə Qurban həyətə qayıdaraq Sədullahın onu bel ilə vurduğunu demişdir. Qurban yenidən küçəyə çıxmaq istədikdə, onlar onu saxlamağa çalışmış, lakin Qurban həyətdən küçəyə çıxmışdır. O da onun arxasınca küçəyə çıxmış, lakin Sədullah küçədə olmamışdır. Daha sonra isə yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasındakı dava-dalaşı, həmçinin sonuncunun Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Həmin vaxt Qurbangilin evində olmuşdur. Qurban küçəyə çıxdıqdan sonra o və evdə olan digər şəxslər küçədən hər hansı səs-küy eşitməmişlər. Hadisə bir neçə dəqiqə davam etmişdir. Çünki Qurban küçəyə çıxdıqdan 3-5 dəqiqə sonra evə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə ərinin əmisi oğludur. Onlarla qonşuluqda yaşayır. Ailələr arasında soyuq münasibət olduğu üçün Qurban və ailəsi ilə danışmırlar. Lakin övladları arasında normal münasibət olmuş və tez-tez oynayırdılar. Bildirmişdir ki, 18 iyul 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən əri Sədullah küçədə yerləşən su borularını təmir etmək üçün həyətdən bel götürüb küçəyə çıxmışdır. Həmin vaxt o, qayınanası Xuramanla birlikdə evdə olmuşlar. Əri küçəyə çıxdıqdan bir neçə dəqiqə sonra oğlu Elçin evə gələrək, Qurbanın oğlu Əhmədiyyə ilə aralarında mübahisə olduğunu, atası Sədullahın isə onlara irad bildirdiyini və onu evə göndərdiyini demişdir. O və qayınanası Xuraman nə baş verdiyini Sədullahdan soruşmaq üçün küçəyə çıxmaq üçün qapıya tərəf getmiş, qapıdan küçəyə çıxarkən Sədullah əlində bel ilə onlara tərəf gələrək uşaqlara görə Qurbanla aralarında dava olduğunu, Qurbanın onu vurduğunu deyərək evə getmişdir. Bir neçə saat sonra Qurbanın Sədullah barəsində şikayət etdiyi məlum olmuş, belə olduqda Sədullah özü X19 yaxınlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi X9 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 18 iyul 2024-cü il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evin qarşısında küçədə qohumu Sədullahın oğlu Elçinlə oyun oynamışlar. Oyun oynayan zaman Elçin oyunda cığallıq etdiyi üçün aralarında mübahisə yaranmış, o, Elçinin sol çiynindən əli ilə itələyərək, niyə cığallıq etdiyini demişdir. Bu zaman Sədullah evlərindən küçəyə çıxmış, onun Elçinin çiynindən əli ilə itələdiyini görüb niyə onun oğlunu vurduğunu soruşmuşdur. O isə Sədullaha Elçinlə oyun oynadıqlarını, cığallıq etdiyinə görə onu vurduğunu demişdir. Sədullah da ona “sən kimsən ay çaqqal, mənim oğlumu vurursan” deyib üstünə gəlmək istədikdə arvadı onu tutub saxlamışdır. Bundan sonra o, evlərinə getmiş, atası Qurbana və anası Elnaza Sədullah əminin ona acıqlanıb vurmaq istədiyini, lakin arvadının onun vurmağa qoymadığını danışmışdır. Atası da ona heç nə olmaz demişdir. Bu vaxt Sədullah əmi küçədən atasını çağırdığı üçün atası Qurban küçəyə çıxmış, həmin vaxt evdə anası, qonşuları Eldəniz də olmuşdur. Atası Qurban küçəyə çıxarkən o da atasının arxasınca küçəyə çıxmışdır. Bu zaman Sədullah əminin əlində bellə evləri istiqamətdən onların evə doğru gəldiyini görmüş, çatmağa təxminən 1-2 metr qalmış “bu çaqqaldı hamısını edən” deyib çiynində olan bellə onu vurmaq istəmişdir. Sədulah əlindəki beli havaya qaldırıb onu vuran zaman atası onun başını qucaqlayıb özünə tərəf çəkmiş, Sədullah birinci dəfə bellə atasının baş nahiyəsinin arxa hissəsindən vurmuşdur. Atası bir anlıq özünü itirmiş, sonra Sədullah əlindəki bellə atasının sol çiyin nahiyəsindən vurmuşdur. Sədullah yenə atası Qurbanı vurmaq istəyəndə atası sol əlini qabağa vermiş, Sədullahın vurduğu zərbə atasının sol əlinin üstünə dəymişdir. Atası sonra Sədullahın əlindəki beli tutub onun əlindən almaq istəyərkən dartışan zaman Sədullah təpiklə atasının sinəsindən vurmuşdur. Sonra atası Sədullaha bir dəqiqə gözləməsini demiş və evə getmişdir. O isə Sədullahla küçədə qalmışdır. Sonra Sədullahın anası və arvadı küçəyə çıxıb davaya baxmışlar, anası Sədullaha “qaç evə gəl Qurban gəlib səni öldürəcək” demişdir. Belə olduqda Sədullah həyət qapıları bağlı olduğu üçün hasardan aşıb həyətlərinə keçmişdir. Bundan sonra o da öz evlərinə getmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs bellə vuran zaman onların yanında başqa heç kim olmamışdır. Ətrafda isə, yəni Sədullahın evinin qarşısında anası və arvadı dayanmışdır. Həmin vaxt küçədə onlardan başqa heç kim olmamışdır. Həmin vaxt atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmamışdır. Dava zamanı qonşulardan heç kim həmin yerə gəlməmişdir. Təqsirləndirilən şəxsla atası arasındakı dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Onları heç kim ayırmamışdır. Təqsirləndirilən şəxs onun atasını döyməsini ondan başqa Sədullahın anası və arvadı görmüşdür. Qonşuları Eldəniz dava zamanı onların evinin həyətində olmuşdur. Eldəniz Sədullahın onun atasını vurmasını görməmişdir. Atası Qurban Təqsirləndirilən şəxs ayrılıb evə getdikdən sonra Eldəniz küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs onun atasını vuran zaman və ondan əvvəl, yəni o, Elçinlə küçədə oynayan zaman qardaşı Emin onların yanında olmamışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsi X9 iştirakı ilə dindirilmiş X14 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə atasının əmisi oğludur, onlarla qonşuluqda yaşayır. Valideynlər danışmasalar da, X4 tez-tez görüşüb oynayırlar. Bildirmişdir ki, 18 iyul 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evin qarşısında küçədə qardaşı Əhmədiyyə və qohumu Sədullahın oğlu Elçinlə oyun oynamışlar. Oyun oynayan zaman Elçin oyunda cığallıq etdiyi üçün Əhmədiyyə Elçinin sol çiynindən əli ilə itələmişdir. Bu zaman Sədullah evlərindən küçəyə çıxmış, onlara niyə dalaşdıqlarını demiş, onlar isə heç nə demədən evlərinə getmişlər. Daha sonra o, mağazaya getmiş, mağazadan qayıdarkən, Sədullahın əlində bel ilə su borusunu təmir etdiyini görmüşdür. Sədullah ona irad bildirib oğlu ilə oynamamasını demişdir. O, evə getmiş, evə çatdıqdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onun atasını çağırmış, atası Qurban küçəyə çıxarkən qardaşı Əhmədiyyə də onun arxasınca küçəyə getmişdir. O isə anası Elnaz və qonşusu Eldənizlə birlikdə evlərində olmuşdur. O, heç bir səs-küy eşitməmişdir. 3-4 dəqiqə sonra atası Qurban evə qayıtmış və Sədullahın onu vurduğunu demişdir. Göstərmişdir ki, həmin gün oyun oynayan zaman Təqsirləndirilən şəxs ona və qardaşına kobud sözlər desə də, onları vurmamışdır. Həmçinin Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. Həmin vaxt o, evdə olmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi Şahid4 iştirakı ilə dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə atasının əmisi oğludur, onlarla qonşuluqda yaşayır. Valideynlər danışmasalar da, Zərərçəkmiş şəxs övladları Əhmədiyyə və Eminlə tez-tez görüşüb oynayırlar. Bildirmişdir ki, 18 iyul 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evin qarşısında küçədə Əhmədiyyə onun qardaşı Eminlə oyun oynamışlar. Oyun oynayan zaman Əhmədiyyə ilə arasında mübahisə olmuş və Əhmədiyyə onun sol çiynindən əli ilə itələmişdir. Bu zaman atası Sədullah evdən küçəyə çıxmış, onlara niyə dalaşdıqlarını demiş, onlar isə heç nə deməmişlər. X12 və Eminə kobud söz deməmişdir. Atası əlində bel ilə su borusunu təmir etməyə gedirdi. O isə evlərinə getmişdir. Həmin vaxtdan sonra küçədə baş vermiş hadisə barədə məlumatı olmamışdır. Bir neçə dəqiqə sonra anası Gülay və nənəsi Xuraman həyətin giriş qapısına tərəf getmiş və təxminən 4-5 dəqiqə sonra anası, atası və nənəsi evə qayıtmışlar. Aralarındakı söhbət zamanı atası ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş olduğunu eşitmişdir. Həmin vaxt heç bir səs-küy eşitməmişdir. Atası Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı küçədə olmamışdır. Davadalaşı, həmçinin atasının Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. Həmin vaxt evdə olduğunu bildirmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; - Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əhmədiyyə oğluna sağlamlığın qıza müddətə pozulmasına səbəb olan sağlanlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi faktı ilə bağlı CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün istintaq aidiyyəti üzrə Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə onunla qonşuluqda yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs Əhmədiyyə oğlu arasındakı mübahisə və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi hadisəsi Şəki rayonu, Böyük Dəhnə kəndində yaşadıqları evin qarşısındakı küçədə baş vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tbbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 xx.xx.2024-cü il tarixli, 324 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Əhmədiyyə oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol çiyin oynağının hematoması fonunda sıyrıq, alın nahiyyəsində hematoma və sağ əlin arxa səthində qançır bərk-küt əşyanın təsirindən əmələ gələ bilərdilər, müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğundurlar, dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Cinayət işinin icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaq aparılması üçün Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Mübariz Əhmədovun icraatına götürülmüşdür. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Əhmədiyyə oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X22 xx.xx.2024-cü il tarixli, 18-1-71/2-1635/2024 saylı məktubunda qeyd edilmişdir ki, Şəki rayonunda anadan olmuş, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” X22 Poliknika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 838 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Böyük Dəhnə” kəndindəki Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Mahmudov X11 Rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi həyat yoldaşı X13, oğlu Şahid2 və oğlu X8 ibarətdir. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Böyük Dəhnə” kəndindəki Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şəki Rayonu Böyük Dəhnə kəndində yaşayan Zərərçəkmiş şəxs Əhmədiyyə oğlu müsbət xarakterizə edilmiş, barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Böyük Dəhnə” kəndindəki Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası X7, həyat yoldaşı Şahid4, oğlu X10, oğlu Şahid5 və qızı X2 ibarətdir. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Böyük Dəhnə” kəndindəki Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şəki Rayonu Böyük Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmiş, barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. - xx.xx.2000-ci il tarixli, 258301 nömrəli əlillik haqqında vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunmalı əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar