Məhkəmə qərarları › İş №1(075)-28/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-28/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-28/2024 31.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Şəki rayonu, Baş Küngüt kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Şəki şəhər X4 104 qəza xidmətində nəzarətçi köməkçisi işləyən, Şəki rayonu, Baş Küngüt kəndində pasport qeydiyyatında olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində ayıq vəziyyətdə və sürücülük hüququ əsasında idarə etdiyi Opel Astra markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Baş Küngüt kəndindən kəndarası yolla həmin kəndin ərazisindən keçən Qaraməryəm-İsmayıllı-Şəki yolunun kəsişməsi istiqamətində hərəkət edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daima dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli olduğu halda buna riayət etmədiyindən idarə etməni itirmiş, avtomobil yolun sol tərəfinə çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs alın təpə sümüyünün açıq xətti sınığı ilə müşayət olunan açıq kəllə-beyin travması, alnın təpə paylarının əzilməsi, kəllə daxili qanaxma ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci il tarixdən müqavilə əsasında Şəki X4 104 qəza xidmətində nəzarətçi köməkçisi vəzifəsində işləyir. 06 avqust 2023-cü il tarixdə saat 05 radələrində idarə etdiyi Opel Astra markalı, ** RN *** dövlət nömrə nişanlı avtomobillə evlərindən çıxmış, həmkəndlisi və iş yoldaşı Şahid və dostu Zərərçəkmiş şəxs axşamdan ona Şəki şəhərinə gedəcəklərini bildirdikləri üçün əvvəlcə Elşəni, sonra isə Aqili küçələrin başından götürüb Şəki şəhərinə yola düşmüşdür. Aqil avtomobilin arxa sağ, Elşən isə arxa sol oturacağında əyləşmişdir. Küngüt postundan başqa bir həmkəndlisini götürməli olduğu üçün ön oturacaq boş olmuşdur. İdarə etdiyi Opel Astra markalı, ** RT *** dövlət nömrə nişanlı avtomobillə Baş Küngüt kənd yolu ilə Qaraməryəm-İsmayıllı-Şəki yolu istiqamətində hərəkət edib həmin yolun kəsişməsinə çatmağa bir qədər qalmış qarşıdan əks istiqamətdən bir ağ rəngli avtomobilin işıqlarını yandırmış vəziyyətdə öz hərəkət yolu ilə ona doğru gəldiyini görmüşdür. Həmin avtomobili görəndə avtomobilini yolun ortasına yaxın sürdüyü üçün sükanı bir qədər sağa istiqamətləndirmişdir. Bu zaman idarə etməni itirmiş, avtomobili yolun hərəkət hissəsində sola sağa oynayıb bir qədər gedəndən sonra yolun sol hərəkət hissəsinə, oradan isə çıxıb ehtiyat hissəsinin kənarlarındakı ağaclara dəyib aşmış və kolluq sahədə təkərləri üstə düşüb dayanmışdır. Özünə gələndən sonra arxa oturacağa dönüb baxanda Elşənin başından qan axdığını görmüş və dərhal qapını açıb ona kömək etmək üçün yerə düşmüşdür. Həmin vaxt Aqildə yerə düşmüşdür. Bu zaman yoldan keçən avtomaşınlar yol nəqliyyat hadisəsi törətdiyini görüb dayanmışlar. Həmin maşından düşənlərə təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Xatırlamadığı şəxslərdən biri təcili tibbi yardıma zəng vurmuşdur. Az sonra hadisə yerinə təcili tibbi yardım maşını gəldiyinə görə Elşəni avtomaşından düşürüb təcili tibbi yardım avtomobilinə mindirmişlər. Həmin vaxt Aqilində çiynində ağrılar olduğu üçün o, da təcili yardım avtomobilinə minmiş və təcili tibbi yardım avtomobili onları xəstəxanaya aparmışdır. Hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, hadisə zamanı tam ayıq olduğunu, idarə etdiyi avtomaşının saz vəziyyətdə olduğunu, tormoz və sükanının normal işlədiyini, hadisə zamanı avtomobili özünün idarə etdiyini, avtomobildə Aqil və Elşəndən başqa sənişin olmadığını, həmçinin hadisə zamanı yaxınlıqda və ətrafda heç kim olmadığı üçün yol nəqliyyat hadisəsi törətməsini heç kimin görmədiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 06 avqust 2023-cü il tarixdə Şəki şəhərinə bazara getmək istədiyi üçün xx.xx.2023-cü il tarixdə həmkəndlisi Teymura zəng vurub onu idarə etdiyi avtomobillə Şəki şəhərinə aparmasını xahiş etmişdir. Teymurda razılaşdıqları kimi 06 avqust 2023-cü il tarixdə saat 05 radələrində idarə etdiyi Opel Astra markalı ** RN *** dövlət nömrə nişanlı avtomobillə küçələrinin başına gəldiyi üçün onun avtomaşının arxa sol oturacağında əyləşmişdir. Sonra Teymurla həmkəndliləri Aqili küçələrinin başından götürmüşdür. Aqil arxa oturacaqda onun sağ tərəfində əyləşmiş və Şəki şəhərinə yola düşmüşlər. Teymurun idarə etdiyi Opel Astra markalı ** RT *** dövlət nömrə nişanlı avtomobillə Baş Küngüt kənd yolu ilə Qaraməryəm-İsmayıllı-Şəki yolu istiqamətində hərəkət edəndə yuxusu gəldiyi üçün arxa oturacaqda yuxulamışdır. Sonradan ayılanda onu təcili tibbi yardım maşını ilə xəstəxanaya apardıqlarını görmüş və Teymurun yol nəqliyyat hadisəsi törətdiyinə görə xəsarət aldığını başa düşmüşdür. Hadisədən əvvəll yuxuladığı üçün Teymurun avtomobili hansı surətlə idarə etdiyini, qəzanın hansı şəraitdə baş verdiyini bilməmişdir. O, hadisə zamanı avtomobildə ondan, Teymur və Aqildən başqa sərnişin olmadığını, həmçinin qəza zamanı özündə olmadığıma görə həmin vaxt yaxınlıqda və ətrafda kimlərin olmasını bilmədiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş zərər ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin barəsində hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Şəki mal bazarına gedib mallarına ot almaq qərarına gəldiyi üçün axşamdan iş yoldaşı Teymura zəng vurub onu da, Şəki şəhərinə gedəndə götürməsini xahiş etmişdir. 06 avqust 2023-cü il tarixdə saat 05 radələrində X10 markalı, ** RN *** dövlət nömrə nişanlı avtomobillə onu götürmüşdür. Avtomobildə arxa oturacaqda Elşənin sağ tərəfində əyləşdikdən sonra Teymur avtomaşını sürmüşdür. Teymurun idarə etdiyi Opel Astra markalı ** RT *** dövlət nömrə nişanlı avtomobillə Baş Küngüt kənd yolu ilə Qaraməryəm-İsmayıllı-Şəki yolu istiqamətində hərəkət etmişlər. Yuxusu gəldiyi üçün avtomobildə yuxulamışdır. Yuxuda olan zaman avtomaşının nəyəsə dəydiyini hiss etmiş, yuxudan ayılanda içərisində olduğu avtomaşının yolun soluna çıxıb yolun kənarındakı ağaca dəyərək aşdığını görmüşdür. Özünə gələndə Elşənin və özünün üstünün qan olduğunu görüb qorxub qışqırmağa başlamışdır. Teymur da qışqırıb ondan nə olduğunu soruşan zaman ona özünün yaxşı olduğunu, lakin Elşənin başından qan axdığını və onu tez həkimə çatdırmaq lazım olduğunu demişdir. Hər ikisi tez avtomobildən yerə düşmüşlər. Bu zaman yoldan keçən maşınlar yol nəqliyyat hadisəsi törətdiklərini görüb dayanmışlar. Həmin vaxt Teymurla birlikdə maşından düşənlərə təcili tibbi yardım çağırmalarını bildirmişlər. Xatırlamadığı şəxslərdən biri təcili tibbi yardıma zəng vurmuş və az sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmişdir. Ona görə Elşəni maşından düşürüb təcili tibbi yardım avtomobilinə mindirmişlər. Qəza zamanı çiynində ağrılar olduğu üçün özüdə təcili yardım avtomobilinə minmiş və təcili tibbi yardım avtomobili onları xəstəxanaya aparmışdır. Teymur isə hadisə yerində qalmışdır. Xəstəxanaya gələndən sonra həkimlər ona ilk tibbi yardım göstərmişlər. Bir qədər sonra elə ciddi xəsarət almadığı üçün çıxıb evlərinə getmişdir. Hadisə zamanı avtomobildə ondan və Elşəndən başqa sərnişin olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı hava işıqlı, dumansız və yağıntısız olmaqla sürücülər üçün görmə məsafəsi məhdud olmamış, yolun hərəkət hissəsi asfalt örtüklü, düz, üfüqi, hamar və hadisə vaxtı quru vəziyyətdə olmuşdur. Yol örtüyünün eni 5,5 metrdir və 1 hərəkət zolağı vardır. Toqquşma nöqtəsi Şəki rayonu, Baş küngüt kəndindən X2 yolu istiqamətində yerləşir. Hadisə yerində yolun sağ hərəkət hissəsindən başlayaraq sol kənarına 3,4 metr məsafədə və yolun sol kənarında 13 metr uzunluğunda avtomobilin təkərlərindən qalma tormozlanma izləri aşkar edilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 06 avqust 2023-cü il tarixli, 43 A saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X5 İmtahan və X3 daxil olmuş 09 dekabr 2023-cü il tarixli, 3-13-16-6/2-618/2023 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Baş Küngüt kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan AE 716047 nömrəli «B, C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə tibbi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 463 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət alın təpə sümüyünün açıq xətti sınığı ilə müşayət olunan açıq kəllə-beyin travması, alın təpə paylarının əzilməsi, kəllə daxili qanaxma qərarda göstərilən 06 avqust 2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 8/3230 nömrəli rəyində göstərilmişdir ki, Opel Astra markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-inin 73.3-cü maddələrinin tələblərinə əsasən cinayət işinin başlanmasına xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Gələcəkdə də bununla bağlı heç bir tələbi olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Şəki şəhər-rayon X6 X7 göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 07 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-inin 73.3-cü maddələrinin tələblərinə əsasən cinayət işinin başlanmasına xitam verilsə də, yuxarıda göstərilən qərardan da aydın olduğu kimi hazırki iş üzrə cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346- 347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra, ərazi aidiyyəti üzrə Şəki Rayon X6 Yol Polis Bölməsinə göndərilsin. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri məhkəmə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar