Məhkəmə qərarları › İş №1(075)-29/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-29/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-29/2021 03.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1964-cü ildə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu Çeşməli kəndində yerləşən Meyvə və Tikinçilik Müəssisəsində aqronom vəzifəsində işləyən, Şəki rayonu Aşağı Daşağıl kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, epidemiya əleyhinə və karantin rejimlərini pozaraq xəstəliyinin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, səhhətində yaranmış narahatlıqlara görə yeni növ koronavirus (COVİD19) infeksiyasına yoluxmasını düşünərək xx xxxxxx 2020-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7 götürülən test nümunəsinin pozitiv(+) olması müəyyən edildikdən sonra o, xx.xx.2020-ci il tarixdən başlamaqla 14 gün müddətində yaşadığı ünvan 1 ünvanında karantin nəzarətinə götürülməklə ev şəraitində müalicəsi üçün dərman çantası ilə təmin edilərək karantin nəzarətində olmasına, karantin rejimi qaydalarına pozmayaraq həmin qaydalara əməl etməsi barədə xəbərdarlıq edilməsinə, həmçinin bununla bağlı xx.xx.2020ci il tarixdə İTS.GOV.AZ ünvanından istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Hormetli DAVUD HUSEYİNOV. Sizin xx.xx.2020-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahish olunur, siz və ailə uzvleriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikası İnzibati Xetalar və Cinayet Mecellelerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz.tel152” məzmunlu mesaj göndərilməsinə baxmayaraq o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, yoluxmuş olduğu yeni növ koronavirus (COVİD 19) infeksiyasının hava-damcı yolu ilə yayılması, digər şəxslərlə sosial məsafənin qorunması, infeksiya yoluxmuş şəxslərin digər şəxslərlə birbaşa təmasda olmaması kimi xüsusatları bildiyi halda o, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı, ünvan 1 ünvanından özünə məxsus VAZ-2121 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə çıxaraq Şəki şəhərində yerləşən, deməsinə görə istintaqa məlum olmayan, aptekə gedərək dərman vasitələri alıb nağd formada pulu ödəyərək Şəki şəhər ərazisində 20 dəqiqə müddətində olub epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla yoluxmuş olduğu yeni növ korovavirus (COVİD19) xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla cinayət əməlini törətmiş, həmin tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD19) infeksiyası ilə yoluxma faktı təsdiq olunmuş şəxslər və onlarla təmasda olmuş şəxslərlə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən görüləcək tədbirlərə dair Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş tövsiyələrə əsasən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri, M.F.Axundov prospektində olması müəyyən edilmiş və onun yaşadığı ünvana qaytarılması təmin edilmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə səhhəti ilə əlaqədar Şəki RMX-də analiz vermiş və koronavirus infeksiyasına yoluxmasına dair test nəticəsi pozitiv olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Şəki RMX-dən adını xatırlamadığı bir nəfər həkim zəng edib test nəticəsinin pozitiv olmasını, 14 gün müddətinə onun və ailə üzvlərinin karantin qaydasına əməl edərək yaşadığı evi tərk etməməsini bildirmişdir. Bundan başqa bu barədə mobil telefonuna sms də gəlmişdir. O, ailə üzvlərini yoluxdurmamaq üçün Şəki şəhərində müvəqqəti olaraq evdə tək yaşamışdır. Bir-iki gün sonra adını “Qniyaz” kimi xatırladığı həkim evə gəlmiş və ona sənədlərə imza etdirmişdir. Bir müddət o, karantin qaydalarına riayət edərək tək yaşadığı evi tərk etməmiş, təchiz olunduğu dərmanlarla ev şəraitində müalicə olunmuşdur. Lakin xx xxxxxx 2020-ci il tarixdə səhhəti yaxşılaşdığından şəxsi avtomobili ilə Şəki şəhər ərazisində yerləşən aptekə gedərək spirt və qızdırma salan dərman almışdır. Aptekdə maskada olmuş, əlcək taxmamışdır. Dərmanların pulunu nağd ödəmişdir. Aptektdə satıcıdan başqa bir-iki nəfər alıcı da olmuşdur. Aptekdən yaşadığı evə qayıdarkən mobil telefonuna zəng olunmuş, zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edib harada olduğunu soruşmuş və olduğu yerdə dayanmağını bildirib gözləməyini xahiş etmişdir. Bir qədər sonra olduğu yerə polis əməkdaşları gəlmiş, tanımadığı hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və protokol tərtib olunmuşdur. Bundan sonra isə polis əməkdaşlarının müşayiəti ilə özünə məxsus avtomobili idarə edib yaşadığı evə getmiş və xx.xx.2020-ci il tarixədək bir daha evi tərk etməmişdir. O, etdiyi hərəkətdən peşmandır, əməlinin ictimai təhlükəliyini dərk etməmişdir. Özünün ictimai fəal şəxs olduğunu, bütün ömrü boyu qanunlara riayət etdiyini, yaşını nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində çalışır. Şöbə rəhbərliyinin Şəki rayon sakinlərinin karantin qaydalarına riayət edilməsinə nəzarət edilməsi barədə göstərişinə əsasən test nəticəsi pozitiv çıxan şəxslərin mobil nömrələrinə zəng edib karantin qaydalarına əməl edib-etməməsi, bir sıra hallarda isə yaşadıqları evə getməklə müvafiq yoxlamalar keçirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib harada olduğu soruşulduqda o, aptekdən dərman almaqdan ötrü yaşadığı evi tərk etdiyini, hazırda özünə məxsus Vaz-2121 markalı avtomobil ilə Şəki şəhər, M.F.Axundov küçəsində hərəkətdə olduğunu bildirmişdir. Bu vaxt ona olduğu yerdə avtomobili saxlayıb gözləməsini bildirdikdən sonra bu barədə şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerə baxış keçirilməsindən ötrü şöbə rəhbərliyi, Şəki ŞRPŞnin İB-nin müstəntiqi, Abdulla Xəlilova göstəriş vermişdir. Bundan sonra isə Abdulla Xəlilov ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə getmişlər. Daha sonra müstəntiq baxışda iştirak etməkdən ötrü iki nəfər hal şahidi dəvət edilməsini xahiş etmişdir. Həmin vaxt ətrafda olan əvvəllər tanımadığı, sonradan Şahid2 və Şahid4 olduqlarını bildiyi şəxslərə ayrı-ayrılıqda yaxınlaşıb “COVİD19” test nəticəsinin pozitiv olan şəxsin karantin qaydasını pozaraq yaşadığı evi tərk etməsini, buna görə də hazırda olduğu yerə baxış keçiriləcəyini, baxışda hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da razılaşmışlar. Daha sonra baxışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilmiş, əvvəllər bir-birlərini tanıyıb tanımamaları, aralarında ədavət və düşmənçiliyinin olub-olmadığı aydınlaşdırılmışdır. Daha sonra müstəntiq tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə polis işçisi ona yaxınlaşıb keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. O da razılaşmış və baxış keçiriləcəyi yerə gəlmişdir. Baxışda ondan başqa tanımadığı bir nəfər də hal şahidi iştirak etmişdir. Bundan sonra bir nəfər polis əməkdaşı özünü təqdim edərək Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş-leytenantı Abdulla Xəlilov olduğunu bildirmiş, baxışda iştirak etmələrinin səbəbini, hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs əvvəllər tanıyıb-tanımadığı, onunla arasında ədavət və düşmənçiliyinin olub-olmadığını aydınlaşdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra aşkar olunduğu yeri, yəni Şəki şəhəri, M.F.Axundov prospektini bildirib, onun nə vaxt “COVİD19” testi verdiyini, nəticəsinin nə olduğunu, yaşadığı evi tərk etməsinin səbəbini, yaşadığı evin ünvanını, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib-edilmədiyini, mobil telefonuna bu barədə sms gəlibgəlmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “COVİD 19” pandemiyası ilə əlaqədar Şəki RMX-də test verdiyini, həmin testinin nəticəsinin pozitiv olmasını, bundan sonra isə mobil telefonuna 14 günlük karantin ilə əlaqədar yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq sms-nin gəlməsini, Şəki rayonu Daşağıl kəndində qeydiyyatda olsa da, hazırda ünvan 3 ünvanında yaşadığını, yaşayış evini isə dərman almaq üçün tərk etdiyini bildirmiş və mobil telefonuna gəlmiş sms-i göstərmişdir. Müstəntiq tərəfindən protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı hər hansı bir məlumatı yoxdur, təqsirləndirilən şəxsin karantin qaydalarının pozmasının şahidi olmamışdır. Şəki RMX Publik hüquqi şəxsin direktor müavini, baş həkim vəzifəsində işləyir. Test nəticələri pozitiv çıxan vətəndaşlar barədə ümumi sistem formalaşdırılmışdır və gündəlik olaraq rayon icra hakimiyyətinə və polis şöbəsinə həmin vətəndaşlar barədə məlumat verilir. Testin nəticəsi pozitiv çıxmış vətəndaşlarla sahə həkimi və yaxud infeksionist tərəfindən əlaqə saxlanılır, məlumat verilir. Daha sonra xəstənin vəziyyəti qiymətləndirilir bundan asılı olaraq şəxsin ambulator və yaxud stasionar müalicəyə ehtiyacı olması müəyyən olunur. Ambulator müalicə olunması müəyyən olunarsa, təcili tibbi yardım həkimi tərəfindən xəstə və onun ailə üzvləri 14 gün təcrid olunma ilə bağlı xəbərdarlıq edilir və bu barədə iltizam tərtib olunur. Bundan sonra protokola əsasən xəstə ilə telefonla əlaqə saxlanılır, gündəlik vəziyyəti nəzarət altında saxlanılır və səhhəti ağırlaşarsa modul tipli xəstəxanaya köçürülür. Həkimin evdə xəstəyə baş çəkməsi nəzərdə tutulmamışdır. Çünki bu hal özü xəstəliyin yayılma riskini artırır. Təqsirləndirilən şəxsə iltizam təqdim olunmuş, ailə üzvləri onun yanında olmadıqlarından imzalatmamışdır. Koronavirus infeksiyasına yoluxmuş şəxs maskada belə olsa digər şəxsləri yoluxdurma ehtimalı var. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Şəki Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 2869 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “COVİD 19” infeksiyasına görə müayinə olunmuş, testin nümunəsi (+) pozitiv təsdiq edilmiş və təlimat qaydalarına görə xx xxxxxx 2020-ci il tarixdə 14 gün müddətinə evdə təcrid tədbirinə cəlb edilmişdir. Xəstə evdə müalicə üçün dərman çantası ilə təmin edilmişdir. Azərbaycan Respublikası Baş Nazirin xx.xx.2020-ci il tarixli “Koronavirus (COVİD19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsi, izlənilməsi və müşahidəsi üzrə tədbirlərin keçirilməsi, monitorinqi və dövlət qurumları arasında əlaqələrdirməsina dair Protokol” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən təcrid olunma müddəti yaşayış yerində və ya olduğu yerdə təcridolunma başlandığı gündən 14 (on dörd) gün keçdikdən sonra başa çatır. xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə İTS.GOV.AZ ünvanından Hörmətli Davud Hüseynov. Sizin xx.xx.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. Tel:152” mətnli mesaj gəlməsinə baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs karantin qaydalarını pozaraq yaşadığı evi tərk etmiş, Şəki şəhəri, M.F.Axundov prospektində saxlanılmışdır. xx xxxxxx 2020-ci il tаrixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs saxlandığı yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatı bir daha təsdiq etmişdir. xx xxxxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 139-1.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Mərkəzi X4 Şəxsin xx xxxxxx 2020-ci il tаrixli, 2924 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəki RMX-nin Narkoloji kabinetində qeydiyyatda deyil. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx xxxxxx 2020-cu il tаrixli, 739 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində deyil. DİN-in BƏSİİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki şəhər İHB-nin Aydınbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli 46 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Aşağı Daşağıl kəndində yaşayır. Şəki şəhər İHB-nin Aydınbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, o, yeni növ koronovirus (COVİD19) infeksiyasına yoluxduğu və bu barədə məlumatlandığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, təcrid olunduğu yaşayış evindən çıxaraq Şəki şəhər ərazisində insanların arasında olub yoluxmuş olduğu yeni növ korovavirus (COVİD19) xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs COVİD19virusu aşkar olunduğu tarixdən etibarən 14 gün müddətində olduğu yer üzrə təcrid olunmalı olduğu barədə məlumat ona həm şifahi formada, həm də mobil telefonuna sms göndərməklə verilmişdir. Ümumiyyətlə korovavirus (COVİD19) xəstəliyin yayılması ilə bağlı məlumatlar hər gün mediada işıqlandırıldığından və gündəmdə olduğundan təqsirləndirilən şəxsin təcrid olunmalı olduğunu və insanların arasında olduğu zaman maskadan istifadə etsə belə başqa şəxsləri yoluxdurması təhlükəsinin real olduğunu bilməməsi ağlabatan hesab edilmir. Bir sözlə, məhkəmə Təqsirləndirilən şəxs xəstə olduğunu bildiyi və təcrid olunma ilə bağlı xəbərdarlıq edildiyi halda insanların arasına çıxması yoluxdurma üçün real təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 139-1.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs virusa yoluxduğunu bilə-bilə təcrid olunduğu evdən çıxmaqla xəstəliyin yayılmasına real təhlükə yaratsa da, o, insanların sıx toplaşdığı yerə yox, məhz məcburiyyətdən aptekə dərman almağa getmişdir. Bundan başqa X2 şəxsi avtomobili ilə gedib-gəlmiş, aptekdə olduğu zaman isə tibbi maskadan istifadə etməsi və nəticə etibarilə heç kimi yoluxdurmaması da cəza təyin olunarkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlarla yanaşı, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə və azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar