Məhkəmə qərarları › İş №1(075)-30/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-30/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-30/2024 13.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1966-cı ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatda olan və tutulan günə kimi həmin ünvanda yaşayan, 31 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 3700 (üç min yeddi yüz) manat pul müqabilində sonuncunun atası X1 təqaüdünün bərpa olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 07 dekabr 2021-ci il tarixdə, saat 13 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Bazar store» ticarət mərkəzinin qarşısında 500 (beş yüz) manat, 08 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Bazar store» ticarət mərkəzinin qarşısında 3000 (üç min) manat və 10 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Bazar store» ticarət mərkəzinin qarşısında 200 (iki yüz) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 3700 (üç min yeddi yüz) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3700 (üç min yeddi yüz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə Zərərçəkmiş şəxs2 7.700 (yeddi min yeddi yüz) manat pul müqabilində ona İ qrup əlillik dərəcəsinin verilməsinə və işlədiyi "Çöl" qəbirstanlığına müdir təyin etdiricəyinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2022-ci ilin sentyabr ayının əvvəllərindən, istintaqla dəqiq müəyyən olunmamış gündən 2023-cü ilin yanvar ayında, istintaqla dəqiq müəyyən olunmamış günədək olan müddətdə ayrı-ayrı vaxtlarda Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən "Çöl" qəbirstanlığında cəmi 7.700 (yeddi min yeddi yüz) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 7.700 (yeddi min yeddi yüz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2019-cu il tarixdən "xxxx" MMC-də fəhlə kimi işə başlamış, 2023-cü ilin iyun ayının əvvələrində işdən azad olunmuşdur. "xxxx" MMC-də işlədiyi dövürdə Şəki şəhəri ərazisində müxtəlif fəhlə işləri görməyə göndərilmişdir. Bu məqsədlə bir müddət Şəki şəhərində yerləşən çöl qəbristanlığında fəhlə kimi işləmişdir. 2022-ci ilin təxminən mart-aprel aylarında qəbirstanlıqda molla kimi işləyən Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, həmin şəxsi əvvəllər də şəhərdən molla kimi tanımışdır. 2022-ci il sentyabr ayının əvvəlləri olarkən Zərərçəkmiş şəxs2la işlədiyi qəbirstanlıqda pensiyaların kəsilməsi ilə bağlı söhbət olarkən həmin şəxsə pensiyasının İİ qrupdan İ qrupa keçməsinə köməklik edə biləcəyi və ona bir qadın baxıcı da tutmağın mümkün olacağını bildirmişdir. Bir müddət Bakı şəhərində yaşamış və orda İsmayıl adlı şəxslə tanış olmuşdurş. İsmayıl ilə aralarında olan söhbət zamanı onun bacısı qızı Tükəzban pensiya işi ilə əlaqədar tanışları olduğunu və müxtəlif şəxslərə köməklik etdiyini bildirmişdir. Həmin şəxsin bu sözü yadında qalmış, onların arasında bu söhbət olarkən həyat yoldaşının pensiya işi ilə əlaqədar da Tükəzban Salahova ilə ünsiyyət saxlamış, lakin işi alınmamışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində yenidən Tükəzbanla əlaqə saxlamış, ona Şəkidə bir yaşlı kişi olduğunu və onun aldığı pensiyanın məbləğini yuxarı qaldırmaq lazım olduğunu bildirmişdir. Tükəzban Zərərçəkmiş şəxs2 onun adına etibarnamə göndərərsə bu məsələ ilə maraqlanaram demişdir. Söhbəti Ziyəddinə danışmış, həmin şəxs onunla razılaşmış və ona aldığı pensiyasının məbləğini artıracağını demişdir. Sonra birlikdə 2022-ci ilin sentyabr ayının 13-də Şəki Asan Xidmət mərkəzinə getmişlər, Zərərçəkmiş şəxs2 orada X2 adına bütün dövlət orqanlarında pensiya işi ilə bağlı sənədləşmə işlərini aparması üçün etibarnamə vermişdir. Bundan əvvəl və sonra Zərərçəkmiş şəxs2 xatırlamadığı vaxtlarda hissə-hissə pul almış, pulu ondan hər dəfə Şəki şəhərində yerləşən çöl qəbirstanlığında almış və yanlarında heç kim olmamışdır. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 7.700 manat almış, iş alınmadığını müxtəlif bəhanələr gətirərək Ziyəddini aldadıb tezliklə işin düzələcəyini demiş, artıq pensiya işi alınmadığını deyərək aldığı pulu hissə-hissə qaytaracağını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 2021-ci ildən tanıyır. Həmin şəxs özünə məxsus avtomobil ilə Bakı-Şəki-Bakı marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. Şəxsi işləri ilə əlaqdar Bakı şəhərinə gedib-gələrkən Zərərçəkmiş şəxs1 məxsus avtomobil ilə gedib-gəlmişdir. Belə olmuş Zərərçəkmiş şəxs1 ilə xoş münasibəti yaranmışdır. Bakı şəhərindən Nicata məxsus avtomobil ilə Şəki şəhərinə gələrkən yolda pensiyaların kəsilməsi ilə bağlı söhbət olmuş, həmin vaxt Nicat atası Məzahir Yusifovun da pensiyasının kəsildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Bakı şəhərində bir nəfər həmin işlərə baxan tanışı olduğunu, ona atasının əlilliyinin bərpa olunmasına köməklik edə bilcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məsələni necə həll edəcəyini soruşanda ona işin həllini 5.000 manata həll edə bilcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 5.000 manatı olmadığını, məsələni aşağı qiymətə həll etməsini xahiş etmişdir. Nicat ilə aralarında olan söhbətə əsasən məsələnin həllini 3000 manata həll etməyə razılaşmışlar. 2021-ci ilin dekabr ayında xatırlamadığı vaxtda Nicatın atası Məzahirin əlilliyini bərpa etməsi üçün 500 manat almışdır. Nicat pulun qalanını qısa vaxtda tapıb verəcəyini bildirmişdir. Bundan bir gün sonra Zərərçəkmiş şəxs1 ilə Şəki Bazarstorun qarşısında görüşüb 2.500 manat alıb, işi qısa vaxtda həll edəcəyini demişdir. Dayısı İsmayıl adlı şəxsin vasitəsi ilə tanış olduğu Tükəzbana zəng edib Zərərçəkmiş şəxs1 atası Məzahirinin pensiyasının kəsildiyini, həmin şəxsin pensiyasının bərpa etdirmək lazım olduğunu bildirmiş, məsələnin həlli ilə bağlı Tükəzban ilə danışarkən həmin şəxs tanış həkimlərdən xahiş edəcəyini, Zərərçəkmiş şəxs1 atasına köməklik göstərəcəyini bildirmiş, lakin Tükəzban Salahova onun Zərərçəkmiş şəxs1 pul almasından məlumatı olmamışdır. Həmin şəxsə Zərərçəkmiş şəxs1 işin həllinə dair pul almasını deməmiş, fikirləşmiş ki, Zərərçəkmiş şəxs1 atasının işi alınarsa ona nəsə şirinlik verər. Tükəzbandan kiminsə xahişini etdiyində ona Şəki halvası və şirniyyatlar alıb göndərmiş, həmin şəxs Zərərçəkmiş şəxs1 işindən əvvəl onun həyat yoldaşı Elnarə Əhmədovanın əlilliyini bərpa etdirməsinə söz versə də işin həllinə köməklik edə bilməmiş, T.Salahova Zərərçəkmiş şəxs1 atasını Bakı şəhərinə çağırıb müayinə etdirdikdən bir müddət sonra işi həll edə bilmədiyini demişdir. Bu işlərdən bir müddət sonra Zərərçəkmiş şəxs1 onun yanına gəlib işin həll olunmadığını və pulunu verməsini tələb etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 aldığı pulun bir hissəsini qaytarmış və bir hissəsini isə gələcəkdə qaytaracağına söz vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 aldığı pulu tam şəkildə ona qaytarmış, Zərərçəkmiş şəxs2 isə bu günə kimi 3100 (üç min bir yüz) manat qaytarmışdır.Əməlindən peşman olmasını və səmimi ifadəsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Uzun illərdir özünə məxsus Mersedes markalı, 99-BZ152 dövlət nömrə nişanlı avtomobili ilə Bakı-Şəki marşurutu üzrə taksi işləyib ailəsi üçün dolanışıq əldə edir. 2021-ci ilin dekabr ayının əvvələri olarkən Bakı şəhərindən Şəki şəhərinə bir neçə müştəri ilə birlikdə gələrkən, həmin müşətərilərdən biri Təqsirləndirilən şəxs olmuşdur. Yolda avtomobildə gələrkən pensiyaların kəsilməsi ilə bağlı söhbət olmuş, söhbət zamanı atası X5 pensiyasının kəsildiyini, atasının həkim komisiyasından keçməli olduğunu, lakin həkim komisiyasından keçə bilməməsindən ehtiyat etdiyini demiş, bu zaman avtomobildə müştəri qismində tanış olduğu Şəki şəhər sakini Təqsirləndirilən şəxs pensiyası kəsilmiş şəxslərə kömək etməklə məşğul olduğunu, bir neçə şəxsə bu işdə kömək etdiyini, atası Məzahir Yusifovun da pensiyasının bərpa edilməsinə köməklik edə bilcəyini demişdir. Həmin şəxsdən bu məsələni necə həll edəcəyini soruşduğunda 5000 manat verdiyi halda məsələni qısa vaxtda həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan atası Məzahir Yusifovun pensiyasını bərpa etdirməsi məsələsi üçün 5000 manat alacağını desə də, həmin şəxsə o, qədər pulu olmadığını, borc-xərc edib işin həllinə ona 3500 manat verə bilcəyini bildirmişdir. Belə olmuş Təqsirləndirilən şəxs ilə çətinliklə məsələnin həllini 3500 manata razılaşmışlar. Bu söhbətdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edib atasının pensiya məsələsinin həlli ilə bağlı nə fikirləşdin deyə soruşanda ona köməklik etsə şad olarıq demişdir. Sonra Təqsirləndirilən şəxs götürüb Şəki mərkəzi bazarında tutma satan anası Yeganə Yusifovanın yanına aparıb onu atasının pensiya məsələsini həll edən şəxs kimi tanış etmişdir. Təqsirləndirilən şəxs onlara atası Məzahirin pensiya məsələsini həll etməsi üçün atası Məzahirin ona etibarnamə verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Məzahir Yusifov ilə birlikdə Şəki ASAN xidmətə getsə də, hansısa problemlərə görə orada etibarnamə məsələsi həll olunamışdır. Sonradan Təqsirləndirilən şəxs Qəbələ Asan xidmətə gedib onun atasının adına etibarnamə almışdır. Təqsirləndirilən şəxs ilkin olaraq ondan atası Məzahirin tibbi sənədlərini toplayacağını, ona bu məqsədlə 500 manat lazım olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib tibbi sənədlər üçün ona 500 manat verməsini xahiş etmişdir. O, da qeyd olunan tarixdə saat 13 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən Sheki “Bazarstore”-nin qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb ona 500 manat vermiş, həmin şəxs pulu ondan götürüb tibbi sənədlərin alınacağına xərcləyəcəyini bildirib işi tez bir zamanda həll edəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs inanmış və ümid etmiş ki, atasının pensiyası bərpa olunacaqdır. Rizvan ondan 500 manatı alıb getdikdən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə zəng edib artıq atası Məzahir Yusifovun pensiyasının bərpası məsələsinin həll etdiyini, ona 3000 manat da verməsini tələb etmişdir. O, da işin artıq həll olunduğunu düşünüb qeyd olunan tarixdə saat 14 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən Sheki “Bazarstore”nin qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb ona 3000 manat vermişdir. Həmin şəxs pulu ondan alıb artıq işin həll olunma ərəfəsində olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs atası Məzahir Yusifovun tibbi səndələrində problem olduğunu, onun Bakı şəhərinə gedib-gəlməsi üçün əlavə 200 manat da verməli olduğunu demişdir. Xəstə atası Məzahir Yusifovun Bakı şəhərinə gedib-gəlməməsi üçün xx.xx.2021ci il tarixdə saat təxminən 12 radələrində yenə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazarstore”-nin qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb ona 200 manat vermişdir. Bütün bunlardan xeyli vaxt keçsə də Təqsirləndirilən şəxs işin həlli ilə bağlı hər hansı bir iş görmədiyini hiss etmiş, həmin şəxsə zəng edib məslənin nə yerdə olmasını soruşduğunda həmin şəxs narahat olma, səbirli ol düzəlcəkdir deyib onu get-gələ salmağa başlamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs zəng edib işi həll etmədəyi halda ondan ümumilikdə aldığı 3700 manatı geri verməsini tələb etsə də həmin şəxs müxtəlif bəhanələr edərək ondan aldığı pulu qaytarmadığından Şəki polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı pulu tam olaraq qaytarmışdır. Ondan heş bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zamanı zərər çəkmiş və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 27 ildir ki, Şəki şəhərində yerləşən çöl qəbiristanlığında molla kimi fəaliyyət göstərib dolanışıq əldə edir. 2022-ci il tarixdən etibarən Rizvan, Nizami və Emin adlı şəxslər həmin qəbiristanlıqda təmizlikçi kimi işə başlamışlar. Təqsirləndirilən şəxs bir müddət qəbirstanlıqda gəlib işlədikdən sonra onunla münasibət saxlamağa başlamışdır. 2022-ci ilin sentyabr ayında onunla bir yerdə əyləşib söhbət edərkən Təqsirləndirilən şəxs ona sən yaşlı adamsan, əlillik dərəcəni İİ qrupdan İ qrupa keçirə biləcəyini, İ qrup əlillik dərəcən olarsa sənə dövlət vəsaiti hesabına baxıçı ayrılıcağını demişdir. Yaşlı olduğu üçün elə şeylərdən elə də baş açmadığı üçün Təqsirləndirilən şəxs dediklərinə inanmış və həmin şəxslə razılaşmışdır. Rizvan bir qadın tanışı olduğunu, əgər İ qrup əlillik dərəcəsi ala bilərsə həmin qadın sənə baxacaqdır demişdir. Bir neçə ildir ki, həyat yoldaşı dünyasını dəyişdiyinə görə tək yaşayır. Bu səbəbdən ona baxsın deyə Rizvanla razılaşmışdır. Təqsirləndirilən şəxs ona bu işlərin həllinə çox məbləğdə pul lazım olduğunu bildirmişdir. Onun elə də çox pulu olmadığına görə Rizvana işin həlli zamanı ona lazım olan pulu hissə-hissə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da buna heç bir etiraz etməmiş, həmin şəxs hissə-hissə 5.500 manat verməlisən ki, həmin şəxs əlillik dərəcəni İ qrup etsin demiş, yaşlı olduğu üçün hal-hazırda pul verdiyi vaxtlar dəqiq yadında deyil. 2022-ci ilin sentyabr ayının 13-də Rizvan onu Şəki Asan xidmətinə aparmış, orada tanımadığı Tükəzban adlı qadına etibarnamə vermiş ki, guya həmin qadın onun əvəzindən bütün dövlət orqanlarında pensiya işi ilə bağlı sənədləşmə işi aparsın. Həmin Tükəzban adlı qadını görməsə də, Təqsirləndirilən şəxs həmin qadına etibarnamə verməsini tələb etmişdir. İşin əvvəlindən sonuna kimi Təqsirləndirilən şəxs hissə-hissə pul vermişdir. Ona pulu həmişə çöl qəbirstanlığında vermiş və həmin vaxt yanlarında heç kim olmamışdır. Bu barədə söhbət düşəndə Təqsirləndirilən şəxs iş yoldaşları Emin və Nizamiyə demiş ki, işin həlli ilə bağlı ona filan qədər pul vermişdir. Emin ilə Nizaminin yanında Rizvanla danışmışlar, həmin şəxsə nə məqsədlə pul verməsini bilmişlər. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayının ortalarınadək Rizvana hissə-hissə olmaqla ümumilikdə 5500 manat vermiş, həmin vaxtlarda həmçinin Rizvan adlı şəxs onu guya tanışları olduğunu və onu işlədiyi qəbiristanlığa müdir təyin etdirəcəyini demişdir. Rizvan Məmmədovun dediklərinə inanmış və bu iş üçün əlavə olaraq 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayının ortalarınadək Rizvana hissə-hissə olmaqla ümumilikdə 2.200 manat vermişdir. Sonuncu dəfə pensiya işinin həlli üçün Emin adlı şəxs onun yanına gəlmiş və Rizvanın Bakıda olduğunu, ona pensiya işinin həlli üçün əlavə olaraq 240 manat lazım olduğunu demişdir. Buna görə 240 manat Eminə vermiş ki, Rizvana göndərsin, lakin, Eminin pulu Rizvana göndərib-göndərməməsindən məlumatı yoxdur. Bu hadisələrdən sonra pensiya işini və qəbirstanlığa müdir keçmək işinin düzəlməsini gözləmişdir. Lakin, Rizvandan xəbər çıxmamış, 2022-ci ilin noyabr ayının 16-da Rizvan onu yenidən Şəki Asan xidmətinə aparmışdır. Orada birinci etibarnamənin müddəti bitdiyi üçün yenidən tanımadığı Tükəzban adlı qadına etibarnamə vermiş ki, onun əvəzindən bütün dövlət orqanlarında pensiya işi ilə bağlı sənədləşmə işi aparsın. Lakin, sonradan Təqsirləndirilən şəxs onu aldatmasını və işin həll ilə heç bir hərəkət etmədiyini, pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs hər dəfə pulunu verməsini tələb etdiyində müxtəlif vədlər versədə bu günə kimi həmin şəxs onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs İİ qrup əlillik dərəcəsini İ qrup etməsi üçün 5500 manat, işlədiyi qəbirstanlığa müdir təyin olunması üçün isə 2200 manat vermişdir. Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayının ortalarınadək 5500 manat, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayının ortalarınadək hissə-hissə olmaqla ümumilikdə 2200 manat Şəki şəhərində yerləşən çöl qəbirstanlığında vermişdir. Sonda zərərçəkmiş şəxs ona dəymiş ziyanın 3100 (üç min bir yüz) manatının Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və qalan 4600 manatın isə ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsə qarşı həmin məbləğin tutulmasına dair mülki iddia vermişdir. O, verilmiş mülki iddianı müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayından "xxxx" iş mərkəzində fəhlə işləməklə ailəsi üçün qazanc əldə edir. Onunla birlikdə "xxxx" iş mərkəzində Nizami və Rizvan adlı şəxslər də fəhlə işləyirlər. Onlar müxtəlif dövlət obyektlərində təmir və təmizlik işləri ilə məşğul olurlar. Bir çox hallarda şəhər ərazisində yerləşən qəbirstanlıqlara gedib təmizlik işləri görürlər. Əsasən Şəki şəhərinin "Qax astonofka"sı adlanan yerin yaxınlığında yerləşən qəbirstanlığa gedib orada təmizlik işləri görürlər. Həmin qəbirstanlıqda molla işləyən Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Həmin şəxs onları qəbirstanlıqda işlədikləri vaxt çay-çörək ilə təmin edib xoş münasibət saxlamışdır. Belə olmuş onun və digər iş yoldaşlarının Zərərçəkmiş şəxs2 ilə bir ağsaqqal və qəbirstanlığın mollası kimi münasibətləri yaranmışdır. 2022-ci ilin oktyabr ayının ortaları olarkən qəbirsanlıqda iş yoldaşları ilə birgə təmizlik işləri görərkən molla Zərərçəkmiş şəxs2 ilə aralarında olan söhbət zamanı həyat yoldaşı Zülfiyyə Əliyevanın xəstə olduğunu, dərman almağa pulu olmadığını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona pul verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 xahiş etmiş ki, ona borca pul versin, həmin şəxs ona 320 manat borc vermişdir. O, pulu Zərərçəkmiş şəxs2 alıb həyat yoldaşı Zülfiyyənin müailicəsi üçün xəcləmişdir. İmkanı olmadığı üçün Zərərçəkmiş şəxs2 aldığı pulu qaytara bilməmişdir. 2023-cü ilin may ayında atasının pensiya pulunu almış, xx.xx.2023-cü il tarixdə qəbirstanlığa gedib Zərərçəkmiş şəxs2 aldığı 320 manatı qaytarmışdır. Onun qeyd olunan məbləğdən başqa Zərərçəkmiş şəxs2 heç bir məbləğdə pul almamışdır. Onun Rizvan ilə heç bir əlaqəsi yoxdur. Rizvan ilə sadəcə iş yoldaşı olmuş, həmin şəxs də hazırdan işdən çıxarılmış, Rizvana vermək üçün Ziyəddindən heç bir məbləğdə pul almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayından "xxxx" iş mərkəzində fəhlə işləməklə ailəsi üçün qazanc əldə edir. Onunla birlikdə "xxxx" iş mərkəzində Emil və Rizvan adlı şəxslər də fəhlə işləyirlər. Onlar müxtəlif dövlət obyektlərinin təmizlik işlərini görürük. Bir çox hallarda şəhər ərazisində yerləşən qəbirstanlıqlara gedib təmizlik işləri aprmış, əsasən Şəki şəhərinin "Qax astonofka"sı adlanan yerin yaxınlığında yerləşən qəbirstanlığa gedib orada təmizlik işləri görürlər. Orada molla işləyən Şəki şəhər sakini yaşlı Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, Zərərçəkmiş şəxs2 qəbirstanlıqda işlədikləri vaxt çay-çörəklə təmin edib xoş münasibət saxlamışdır. Belə olmuş onunla bir ağsaqqal kimi münasibətləri yaranmışdır. 2022-ci ilin oktyabr ayının əvvələri olarkən qəbirsanlıqda Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən həmin şəxs tikinti işləri aparması üçün mişar daşları lazım olduğunu bildirmişdir. Həmin şəxsə onda mişar daşları olduğunu və satdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 mişar daşlarını ona verməsini xahiş etmişdir. Onun mişar daşlarının pulunu hesablamış və həmin şəxs 105 manat verməli olmuşdur. Zərərçəkmiş şəxs2 mişar daşlarının pulunu verib lazım olduğunda gəlib aparacağını bildirmişdir. O, da buna heç bir etiraz etməmiş, bundan bir müddət sonra Zərərçəkmiş şəxs2 onu yanına çağırıb fikirinin dəyişdiyini, tikinti işləri aparmayacağını, onun mişar daşları üçün verdiyi 105 manatı qaytarmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 pulu olmadığını, maaşını aldıqdan sonra borcunu verəcəyini demişdir. Əmək haqqısını aldıqdan sonra Zərərçəkmiş şəxs2 yanına gedib ondan aldığı 105 manat qaytarmışdır. Bundan bir müddət sonra iş yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadıb ondan xeyli miqdarda pul almışdır. İş yoldaşı Təqsirləndirilən şəxs bu kimi hərəkətlərinə görə işdən azad olunmuş, lakin onun Təqsirləndirilən şəxs nə vaxt Rizvan İsmailovun pensiya işi ilə bağlı pul almasından məlumatı olmamış, sonradan iş yoldaşlarından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsini eşitmiş, bütün bunlardan başqa məlumatı yoxdur. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; “Şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işinin tövsif edilməsi haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş üzrə verilmiş əməlliyyat tapşırığının 14 noyabr 2023-cü il tarixli, 3-13-108- 35745/11/23 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nətiçəsində Təqsirləndirilən şəxs həyat tərzi, maraq dairəsi, yaxın münasibətdə olduğu şəxslərin dairəsi, onun başqa cinayətlərdə iştirakının olub-olmamasını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə arasında ədavət və ya düşmənçilik olub-olmaması müəyyən edilməsi mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq cinayətində X3 ilə əlbir olmadığı, dələduzluq cinayətini özü tək törətməsi müəyyən edilmiş, bu istiqamətdə tədbirlərin davam etdirildiyi, gələcəkdə müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəyi göstərilmişdir. Şəki Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 4 (075)-71/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 31 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 09 yanvar 2024-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 4 (075)-71/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. CM-nın 69.4-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq cəzası yüngülləşdirilərək 2500 (iki min beş yüz) manat miqdarında yüngülləşdirilib, onun üzərində qəti olaraq üzərində 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Amnistiya aktının tətbiq edilməsi haqqında 29 avqust 2016-cı il tarixli qərardan görünür ki, “28 May Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə məhkuk Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə təyin olunş cəzasından azad edilsin. Zərərçəkmiş şəxs1 tərəfindən 30 yanvar 2024-cü il tarixli məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən 07 mart 2024-cü il tarixli məhkəmə iclasında yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 7600 (yeddi min altı yüz) manat zərərin 3000 (üç min) manatını ödəmişdir, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənmədiyi müddətdə ondan şikayətçidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının 09 avqust 2023-cü il tarixli 971 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 29 avqust 2023-cü il tarixli 594 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Əhmədov X6 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işində olan Şəki şəhər İHB-nın “Dəmirçi bulağı”məhəllə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanda pasport qeydiyyatında olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Əhmədov X9 Nicat Məzair oğlunu atasına pensiya düzəldəcəyi Zərərçəkmiş şəxs2 pensiya düzəldəcəyi və Qəbirstanlığa müdir təyin etdirəcəyi adı ilə aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə sonuncuların əmlakını ələ keçirmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam yerilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs tərəfindən 14 mart 2024-cü il tarixli məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərəçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə meüddəti ötdüyündən barəsində başlanmış cinayət işinə həmin hissədə bəraətverici əsas olmadan ittihamdan xaric edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs1 10 dekabr 2021-ci il tarixdə aldadıb 3700 manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etməsi epizodu üzrə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə əməl Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini (CMnin 59.2-ci maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi (CM-nin 59.1.14cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı olan iş üzrə hissəsini ittihamdan xaric etdiyindən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmaqla o, həmin madddə ilə ittiham olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-c i il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə tutulmuşdur. Odur ki, onun hazırki tarixədək həbsdə olduğu müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia irəli sürərək cinayət nəticəsində vurulmuş maddi ziyan kimi 7600 (yeddi min altı yüz) manat pul və ödənilmiş 96 manat dövlət rüsumunun mülki cavabdehdən alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməllər nəticəsində Zərərçəkmiş şəxs2 7600 manat məbləğində maddi zərər vurması öz təsdiqini tapmışdır. Lakin iş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyandan 3000 manatını ödədiyindən mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə də mülki iddiaçı tərəfindən ödənilmiş 96 manat məbləğində dövlət rüsumunun əvəzi də Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qətimkan qismində həbsdə olduğu 04 (dörd) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 03 (üç) ay, 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 4600 (dörd min altı yüz) manat pul və ödənilmiş 96 manat dövlət rüsumu Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar