Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-32/2024 02.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X3 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X6, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Şəki rayonu, Orcanikidze qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Turan qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 qəsdən 2023-cü ilin avqust ayının 24-də saat 16:00 radələrində "xxxx" QSC-nin İnfrastruktur Deparlamentinin 15 saylı Şəki yol sahəsinin balansında olan, Şəki rayonu, Çayqaraqoyunlu kəndində yerləşən Xanabad-Şəki mənzilinin 38 və 39-cu kilometrliyindən vahid niyyətlə 09 ədəd yarım-yararlı KB-65 tipli rels altlığını, 28 avqust 2023-cü ildə saat 17:00 radələrində 10 ədəd yarım-yararlı KB-65 tipli rels altlığını və 06 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində 02 ədəd yarım-yararlı KB-65 tipli rels altlığını, ümumilikdə 170,83 manat dəyərində olan 21 ədəd yarım-yararlı KB-65 tipli rels altlığını gizli talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə vahid niyyətlə 170,83 manat dəyərində ziyan vurmaqla qəsdən dəmir yol xətlərinə münasibətdə oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus 4 baş heyvanı otarmaq üçün tez-tez Şəki rayonu, Çayqaraqoyunlu kəndi yaxınlığında olan Yevlax-Balakən dəmir yol xətt istiqamətində aparır. Həmin vaxt orada rels altlıqlarının olduğunu görmüş, maddi vəziyyəti yaxşı olmadığı üçün oradan oğurluq etmək qərarına gəlmişdir. 24 avqust 2023-cü il tarixdə saat təxminən 16 radələrində həmin əraziyə getmiş, daşla 9 ədəd rels altlığını vurub çıxardaraq götürərək özü ilə gətirdiyi arabaya qoyub yaşadığı evə aparmış, həmin ərazidən oğurluq etməyə davam etmək istəmiş, ancaq bir neçə gün gözləmək qərarına gəlmişdir. 28 avqust 2023-cü il tarixdə saat təxminən 17 radələrində yenə həmin əraziyə getmiş və daşla 10 ədəd rels altlığını çıxardıb arabaya qoyaraq evə aparmış, həmin 19 ədəd rels altlığını bir neçə gün sonra adının sonradan Azər olduğunu öyrəndiyi şəxsə 35 manata satmış, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş, həmin ərazidən oğurluq etməyə davam etmək istəmiş, ancaq yenə bir neçə gün problem olmaması üçün gözləmişdir. 06 sentyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində həmin ərazidən 2 ədəd rels altlığını götürərək yaşadığı evə aparmış, həmin cinayət əməlini təkbaşına törətmiş, heç kimlə əlbir olmamış, cinayət əməlini törətməyinin səbəbi maddi vəziyyətinin pis olması olmuş, Azər adlı şəxs ondan 19 ədəd rels altlığını 35 manata alan zaman onların oğurluq olduğunu bilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi rels altlıqlarını təhvil almadıqlarını, bu barədə məlumat əldə edib növbəti məhkəmə iclaslarında məlumat verəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qardaşı Zöhrab Yevlax şəhərində yerləşən Şakir adlı şəxsin metal qəbulu məntəqəsində işləyir, öz Ford markalı maşını ilə ətraf rayonlara yük aparır. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində saat 13 radələrində qardaşı Zöhrab xəstə olduğu üçün onun Ford markalı maşını ilə Şəki rayonu, Turan qəsəbəsində dəmir hissələri yığmağa getmiş, orada adının sonradan Əbazər olduğunu öyrəndiyi şəxs ona rels altlıqları olduğunu demiş, həmin gün Əbazərdən 35 manata 19 ədəd rels altlığı almış, həmin altlıqları Ford markalı maşınla yaşadığı evə aparmış, həmin 19 ədəd rels altlığını alan zaman onların oğurluq olduğunu bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi, başlanmış cinayət işinə ********* saylı statistik nömrə verilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli HK-1/64 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30-da "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 15 nömrəli X13 Yevlax st.XPŞ-nə daxil olmuş HK-2/44 saylı telefon məlumatında Yevlax-Şəki dəmir yol mənzlinin 38-ci kilometrində rels altlıqları və boltlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması bildirilmişdir. - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Xanabad-Şəki dəmiryol mənzilinin 38-ci və 39-cu kilometrliklərində rels altlıqlarının sökülüb oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30-da "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 15 nömrəli X13 Yevlax st.XPŞ-nə daxil olmuş HK-2/44 saylı telefon məlumatında Yevlax-Şəki dəmiryol mənzilinin 38-ci kilometrində rels altlıqları və boltlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması bildirilmişdir. Faktla bağlı Yevlax st.XPŞ-nin İstintaq və Təhqiqat Qrupunda HK-1/64 saylı material üzrə araşdırma aparılır. Araşdırma zərurəti ilə əlaqədar olaraq həmin hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək təhqiqata təqdim edilməsi barədə təhqiqatçı, polis mayoru Anar Rəhimov tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunmuş və həmin raportun icrası ona həvalə edilmişdir. Tərəflərindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin törədilməsində Şəki rayonunun Turan qəsəbəsində yaşayan X8 və X1 şübhəli olmaları müəyyən edilmişdir. - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü tarixli protokoldan görünür ki, X6 Şəki rayonu, Çayqaraqoyunlu kəndində yerləşən Xanabad-Şəki mənzilinin 38 və 39-cu kilometrliyindən vahid niyyətlə oğurluq etdiyi müəyyən edilmiş, videoçəkilişi özündə əks etdirən 1 ədəd disk cinayət işinə əlavə edilmişdir. - “Könüllü təqdim etmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü tarixli protokoldan görünür ki, Əbazər Ağacan oğlunun Xanabad-Şəki dəmiryol mənzilinin 38-ci kilometri piket 4-dən 39-cu kilometri piket 1-dək olan ərazidə söküb oğurladığı rels altlıqlarından 2 ədəd rels altlığına baxış keçirildi və Ə.A.Zeynali həmin rels altlıqlarını təqdim etdi. X6 təqdim etdiyi 2 ədəd rels altlığı maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq götürüldü və protokola əlavə edilməsi üçün fotoşəkili çəkildi. - “Könüllü təqdim etmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid Şəki rayonunun Turan qəsəbəsi sakini X5 almış olduğu 19 ədəd rels altlığına baxış keçirilmiş və Şahid həmin rels altlıqları təqdim edilmişdir. Şahid təqdim etdiyi 19 ədəd rels altlığı maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüş və protokola əlavə edilməsi üçün fotoşəkilləri çəkilmişdir. - "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsi Yevlax xətt polis şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-15-1-5(1-1511)2023 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində, dəmir yolunun Xanabad-Şəki mənzilinin 38-ci km pk 4-dən 39-cu km pk 1-dək hissəsindən 21 ədəd yarım yararlı KB-65 tipli rels altlıqlarının oğurlanması nəticəsində "xxxx" QSC-yə 170,83 AZN (bir yüz yetmiş manat səksən üç qəpik) dəyərində maddi ziyan dəymişdir. - xx.xx.2023-cü il tarixli HK-1/64 raportdan görünür ki, HK-1/64 saylı material üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində, Xanabad-Şəki mənzilinin 38-ci km-də 21 ədəd rels altlığını oğurlayan şəxs olan X6 həmin cinayət əməlini təkbaşına törətdiyi, başqa şəxs və ya şəxslərlə əlbir olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8887 saylı ekspert rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 13-1-24/2-544/2023 nömrəli arayışa əsasən 21 ədəd yarım-yararlı KB-65 tipli rels altlığının 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 170,83 manat müəyyən edilir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, X8 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. - “Başqa yerə getməmək haqqında” xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan və yaşayan X8 iltizamı imzalayaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyini, ondan gizlənməyəcəyini, cinayətkar fəaliyyətlə məşğul olmayacağını, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyini və yaşayış yerini dəyişməyi haqqında ona məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş və cəzasını çəkmişdir. - Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2023-cü ilin avqust-sentyabr aylarında Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində, dəmir yolunun Xanabad-Şəki mənzilinin 38-ci km pk 4-dən 39-cu km pk 1-dək hissəsindən oğurlanmış "xxxx" QSC-nin (ADY) balansında olan 170,83 AZN (bir yüz yetmiş manat səksən üç qəpik) dəyərində ümumi 21 ədəd yarım-yararlı KB-65 tipli rels altlığı aidiyyəti polis orqanları tərəfindən ADY-nin İnfrastruktur departamentinin Yol xidmətinin 15 nömrəli Şəki yol sahəsinə təhvil verilmişdir. Sözügedən əmlaklara baxış keçirimiş və oğurluqdan əvvəlki vəziyyətlərində olduqları müəyyən edilmişdir. ADY-nin qeyd edilən cinayət işi üzrə şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadəsi və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X6 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. X6 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı X6 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, X7 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs X6 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs X8 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 21 ədəd rels altlığının zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ X5 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X6 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və "xxxx" QSC-yə məxsus 21 ədəd rels altlığının zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul X5 tutulub dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-32/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-32/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver