Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-33/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Şəki rayonunun Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu, Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs mexaniki nəqliyyat vasitəsi olan traktoru idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 iyun 2023-cü il tarixdə, saat 21 radələrində ayıq vəziyyətdə olmaqla və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq mexaniki nəqliyyat vasitəsi olan traktoru idarə etmək hüququ olmadan idarə etdiyi “MTZ-50” markalı, 44-49 AŞ dövlət qeydiyyat nişanlı traktorla Şəki rayonu, Çapağan kəndi ərazisində asfalt örtüklü yol ilə Çapağan kəndi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yəni diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamaqla, əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq qarşı hərəkət zolağına çıxmamalı, idarə etdiyi traktoru öz zolağı ilə idarə etməklə hərəkət üçün təhlükə şəraiti yaratmamalı, traktorun idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında və traktorun yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunacaq şəkildə yerinə yetirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, cinayəlkarcasına özünə güvənib kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısını alınacağını güman edərək, idarə etdiyi “MTX-50” markalı, 44-49 AŞ dövlət qeydiyyat nişanlı traktoru qarşı hərəkət zolağına çıxardığından nəticədə əks istiqamətdə hərəkətdə olan Şahid idarə eldiyi “VAZ-21074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi ilə idarə etdiyi traktorun qoşqusunun arxa sol yan hissəsi toqquşmuş, toqquşmanın təsirindən Şahid idarə etdiyi “VAZ-21074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq yolun kənarında olan ağaca dəymiş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ mil sümüyünün qapalı yerdəyişən sınığı, sol bazu, sol sağrı nahiyələrinin hematoması, hər iki gözaltı, burun tağı, sol döşüstü, sağ diz qapağı, hər iki dizin arxa nahiyəsinin, hər iki topuğun qançırları, sol diz qapağının hematoması və əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, İİ qrup əlildir. Oğuz rayon sakini X5 adına olan “MT3-50” markalı traktoru bu ilin iyun ayının ortalarında sonuncu ilə aralarındakı şifahi razılığa əsasən, 1900 manata almış və hazırda hissə-hissə olmaqla həmin pulu ödəyir. Traktorun hazırda qeydiyyat şəhadətnaməsi yoxdur, texniki baxışdan keçirilməmişdir. xx.xx.2023-cü il tarixdə SV 021479 nömrəli sürücülük vəsiqəsi əldə etmişdir. Həmin traktorla kənd sakinlərinin otlaq sahədən otunu daşımaqla qazanc əldə edir və həmin qazancla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında idarə etdiyi “MT3-50” markalı traktorla Çapağan kəndinin əkin sahəsinə getmiş, orada traktorun qoşqusuna həmkəndlisi Şahların saman preslerərini yığmış, saat 21 radələrində idarə etdiyi traktorla əkin sahəsindən çıxıb asfalt yol ilə Çapağan kəndinin mərkəzinə tərəf 20 km/saatla sürətlə hərəkət etmişdir. Bildirmişdir ki, onlar 3 nəfər şəxs ot presi yığmağa getmişdilər. Otu yığıb yola çıxanda görmüşdür ki, maşın gəlir. O, öz yoluna çıxmışdır. Yol vermək üçün yol kənarına çıxmışdır. Maşının bir təkəri yol kənarında daşlıq zəmidə, digəri asfaltda olmuşdur. Daha sonra o, öz yolu ilə avtomobili sürüb getmişdir. Qabaqdan bir maşın gəlib, onu saxlatmış və onun adam vurduğunu bildirmişdir. Ancaq o, bildirmişdir ki, adam vurmamışdır. Hadisə yerinə qayıtdıqdan sonra avtomobilin sürücüsü istəmişdir ki, onu vursun ancaq yanındakı adamlar qoymamışdır. Daha sonra ondan bir az uzaqlaşıb kənarda telefonla kimləsə danışmışdır. Bir müddət sonra başqa bir avtomobil gəlmişdir. Həmin fordun arxasından 15 ədəd toyuq düşürmüşdülər. Daha sonra zənglə digər avtomobilin sürücüsü əraziyə polis əməkdaşılarını çağırmışdır. Polis əməkdaşları gəlib avtomobili polis idarəsinə aparmasını bildirmişlər. Hadisənin səhəri günü, hadisənin baş verdiyi əraziyə ekspert yollamışlar. Ekspert ərazidə şəkillər çəkmişdir. Ot tayları yolun kənarına düşmüşdür. Polis əməkdaşları da onun öz yolunda olduğunu gəlib görmüşlər. Avtomobil traktorun qoşqusunun arxa təkərinə vurmuş, daha sonra gedib ağaca vurmuşdur. Hadisə baş verən zaman onunla olan şəxslər orada olmuşdur. Hadisə zamanı spirtli içkinin təsiri altında olmamışdır. Hesab edir ki, onun baş vermiş qəzada hər hansı təqsiri yoxdur. Himayəsində xəstə övladı vardır. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birlikdə Zamiqin idarə etdiyi həmin avtomobillə Şəki şəhərinə istirahət etmək üçün gəlmişlər. Şəhəri gəzdikdən sonra Çapağan kəndinə qohumlarının evinə qonaq getmişlər. Təxminən 1 saat orada dayandıqdan sonra saat təxminən 21 radələrində avtomobilə əyləşib Yevlax şəhərinə getmək üçün yola düşmüşlər. Həmin vaxt o, avtomobildə sağ ön oturacaqda, Zamiqin arvadı Şəhanə və övladları isə arxa oturacaqda əyləşmişlər. Zamiq avtomobili idarə etmişdir. Onlar Çapağan kəndindən gəlirdilər. Axşam saat 20:30 - 21:00 radələri idi. Yolun orta hissəsi ilə traktor gəlməsini görmüşlər. Guman edir ki, traktorun təkəri çökəyə düşmüş və çıxan zaman onların avtomobilini vurmuşdur. Oğlu maşını sol tərəfə vermiş və bir ağaca vurmuşdur. O, qəza zamanı yaralanmışdır. Kömək çağırmış onu xəstəxanaya aparmışdılar. Onun başı dəymişdi və qolu çıxmışdı. Hadisədən altı ay keçdikdən sonra məlum olmuşdur ki, qabırğaları qırılıb. Fevral ayında müalicə olunmuşdur. O, ibtidai istintaqın gedişindən narazıdır. Hər iki tərəfin içki və ya narkotik qəbul etməsi, hadisənin nədən olması yoxlanılmamışdır. Təqsirləndirilən şəxs onların avtomobili vurub hadisə yerindən qaçmışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. “VAZ 21074” markalı, **-RA-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və etibarnamə əsasında özünə məxsus AE 232499 nömrəli sürücülük vəsiqəsi ilə avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birlikdə idarə etdiyi həmin avtomobillə Şəki şəhərinə istirahət etmək üçün gəlmişdir. Şəhəri gəzdikdən sonra Çapağan kəndinə xalası oğlu X7 evinə qonaq getmiş, təxminən 1 saat orada dayandıqdan sonra saat 21 radələrində avtomobilə əyləşib Yevlax şəhərinə getmək üçün yola düşmüşdür. Həmin vaxt anası Zərərçəkmiş şəxs sağ ön oturacaqda, həyat yoldaşı Şahanə, övladları Zərifə və Emin isə arxa oturacaqda əyləşmişlər. Asfalt yolda idarə etdiyi “VAZ 21074” markalı avtomobili ilə hərəkətdə olarkən təxminən 400 metr məsafədən tək işıqlı hansısa avtomobilin gəldiyini görmüşdür. O, sürəti azaltmışdır. Hesab etmişdir ki, qabaqdan gələn motosikletdi. Hava qaranlıq olduğu üçün o, həmin nəqliyyat vasitəsinə çatana qədər onun markasını görməmişdir. Yanından keçdikdə həmin nəqliyyat vasitəsinin traktor olduğunu görmüşdür. Trakrotun qoşqusunu keçdikdə onun arxa təkəri onun idarə etdiyi avtomobilin ön üst küncünə dəymişdir. Həmin vaxt zərbənin təsirindən o, idarəetməni itirmiş və avtomobil yolun solundakı ağaca dəyib dayanmışdır. Bu vaxt traktorun sürücüsü traktoru dayandırmadan hərəkəti davam etdirmişdir. O, qonaq olduqları qohumuna zəng etmişdir ki, traktoru saxlatdırsın. Onların qohumu traktoru saxlatdırıb geri qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən günü özünə məxsus traktorla ona məxsus ot preslərini daşımışdır. Onlar otları traktora yığıb, Təqsirləndirilən şəxs yola saldıqdan sonra, özünə məxsus avtomobillə onun arxasında gəlmişdir. Yolla getdiyi zaman hadisənin baş verdiyini, “VAZ 2107” markalı minik avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi traktora çırpıldığını görmüşdür. O, birbaşa qəza anını görməmişdir. O, həmin əraziyə çatdıqda polis əməkdaşlarının orada olduğunu görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində HK-1/1029 nömrəli material üzrə CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2023-cü il tarixli, 1029 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:51-də Şəki rayonu, Çapağan kəndində yaşayan Şahid DİN-102 xidmətinə ***-***-**-** saylı nömrədən zəng edərək, idarə etdiyi “VAZ 2107” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin traktorla toqquşması barədə məlumat vermişdir. - 27 iyun 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəki rayonu, Çapağan kəndi ərazisində asfalt örtüklü, düz, quru yolda baş vermiş, yolda hərəkətin nizamlanma üsulu, yol nişanı zonası yoxdur, toqquşmuş nəqliyyat vasitələrindən Vaz 21074 markalı avtomobil hadisədən əvvəl Şəki şəhəri istiqamətində, traktor isə Çapağan kəndi istiqamətində hərəkətdə olmuşdur, Vaz 21074 markalı avtomobilin 11,90 metr tormoz izi vardır. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 26 iyun 2023-cü il tarixli 286 nömrəli aktından görünür ki, Şahid hadisə baş verən vaxt ayıq olmuşdur, alkoqol qəbul etməmişdir. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 26 iyun 2023-cü il tarixli 287 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur, alkoqol qəbul etməmişdir. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in Şəki rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 292 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ mil sümüyünün qapalı yerdəyişən sınığı, sol bazu, sol sağrı nahiyələrinin hematoması, hər iki gözaltı, burun tağı, sol döşüstü, sağ diz qapağı, hər iki dizin arxa nahiyəsinin, hər iki topuğun qançırları, sol diz qapağının hematoması və əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2023 tarixinə uyğundur, xəsarətlərin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmava aiddir. - Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2 nömrəli Şəki Peşə Məktəbinin 03 iyul 2023-cü il tarixli, 34 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 134 nömrəli Texniki Peşə məktəbinin 01 sentyabr 1993-cü il tarixli, 42 k nömrəli əmrinə əsasən “Traktorçu-maşinist” ixtisas qrupuna daxil olmuş və 23 iyun 1994-cü il tarixli, 25k nömrəli əmrinə əsasən təhsilini başa vurmuşdur. - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərkəzləşdirilmiş kompüter bazasına əsasən xx.xx.1986-cı il təvəllüdlü Şahid etibarlılıq müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək olan AE 232499 nömrəli “BC” katiqoriyalı sürücülük vəsiqəsi almışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 6 (altı) ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. AE 232499 nömrəli sürücülük vəsiqəsi AR DİN BDYPİ-nin Yevlax Regional Qİ və TB şöbəsinə daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır, Yevlax şəhəri, Nizami pr. Ev 47 mənzil 1-də qeydiyyatda olan X12 məxsus “VAZ 21074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Şahid etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək (nəqliyyat vasitəsindən istifadə hüququ) etibarnamə ilə idarə edir. “MT3-50” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı traktorun kimə məxsus olması və Təqsirləndirilən şəxs mexaniki nəqliyyat vasitələri idarə edilməsi (traktor) üçün sürücülük vəsiqəsinin olub-olmaması ilə bağlı məlumatların alınmasından ötrü Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki X25 X14 Təşkili Sektoruna müraciət edilməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X25 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-22-3-55/2-168/2023 saylı məktubundan görünür ki, Şəki rayonu Aşağı Daşağıl kənd sakini Təqsirləndirilən şəxs adına AA 007768 nömrəli sürücülük vəsiqəsi olmuşdur. Yol nəqliyyat hadisəsi baş verdiyi 26 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş və yararsız vəziyyətdə olduğu üçün həmin sürücülük vəsiqəsi ilə hər hansı texniki nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. MTZ-50 markalı traktorun sahibi Oğuz rayonu Bucaq kənd sakini X8r. X5 adından Təqsirləndirilən şəxs adına etibarnamə olmadığı halda MTZ-50 markalı traktoru idarəetmə hüququ yoxdur. Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə Şəki DAİM-in Texniki nəzarətin təşkili sektoruna sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etmiş, etibarlılıq müddəti qurtarmış vəsiqə dəyişdirilərək, SV 021479 nömrəli yeni sürücülük vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli, 8/2497 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, “VAZ-21074” markalı, **-RA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. MTZ-50 markalı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-21074” markalı, **-RA-*** dövlət nömrə nişanlı avtomobilə məxsus 11,9 metr uzunluğunda tormoz izinə uyğun onun tormozlamadan əvvəlki sürəti mövcud şəraitdə 49 km/saatdır. Lakin rəyin tədqiqi hissəsinə əsasən, “VAZ- 21074” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəlki real hərəkət sürəti hesabatla tapılmış 49 km/saatdan artıq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 127.2.3, 70.1, 70.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təyin olunmuş cəza 01 il sınaq müddəti ilə şərli hesab edilmiş, xx.xx.2018-ci il tarixdə şərti cəzası başa çatmışdır. - Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş 23 oktyabr 2023-cü il tarixli, 715 nömrəli məktubdan görünür ki, Şəki rayonu Aşağı Daşağıl kəndində yaşayan 1977-ci il təvəllüdlü Hümmətov X3 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. - Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş 24 oktyabr 2023-cü il tarixli, 1409 nömrəli məktubdan görünür ki, Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Diaqnoz: Orta dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-71.1. - Şəki şəhər İHB-nin “Aydınbulaq” kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 380 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatdadır, hal-hazırda həmin ünvanda yaşayır, İİ qrup əlil pensiyaçıdır, ailə tərkibi həyat yoldaşı X6, qızı X13, qızı X10, oğlu X11 və qızı X2 ibarətdir. - Şəki rayon Aydınbulaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə psixiatrik ekspertizasının 21 noyabr 2023-cü il tarixli, 737 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs davranış pozğunluğu ilə müşayət olunan yüngül debillik dərəcəsindəki kəmağıllıq XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1977-ci il təvəllüdlü, Şəki rayonu Aydınbulaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət etməmişdir. O, müddətli həqiqi hərbi xidmətə çağırış zamanı səhhəti ilə əlaqədar xx.xx.1995-ci il tarixdə Şəki rayon hərbi komissarlığının Hərbi həkim komissiyası tərəfindən SSRİ Müdafiə Nazirliyinin xx.xx.1987-ci il tarixli, 260 saylı əmrinin xəstəliklər cədvəlinin İİ qrafasının 1 “b” maddəsi ilə dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı sayılaraq ehtiyata verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdən SHXÇDX-nin Şəki rayon şöbəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X25 Mərkəzindən daxil olmuş 23 dekabr 2023-cü il tarixli, 3-22-3-55/2-257/2023 nömrəli məktubdan görünür ki, yol nəqliyyat hadisəsi baş verən gün, yəni 26 iyun 2023-cü il tarixdə 44-49AŞ dövlət nömrə nişanlı MTZ-50 markalı traktor X4 mülkiyyətində olmuşdur. 2023-cü ilin 27 noyabr tarixində alqı-satqı yolu ilə **-RA-*** dövlət nömrə nişanı verilərək Təqsirləndirilən şəxs mülkiyyətinə alınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır. - Elektron texniki baxış talonundan görünür ki, “Traktor Belarus MTZ-50” markalı saz vəziyyətdə olan traktor Təqsirləndirilən şəxs məxsusdur. - Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, 26 iyun 2023-cü il tarixdə, saat 21 radələrində ayıq vəziyyətdə olmaqla və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq mexaniki nəqliyyat vasitəsi olan traktoru idarə etmək hüququ olmadan idarə etdiyi “MTZ-50” markalı, 44-49 AŞ dövlət qeydiyyat nişanlı traktorla Şəki rayonu, Çapağan kəndi ərazisində asfalt örtüklü yol ilə Çapağan kəndi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yəni diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamaqla, əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq qarşı hərəkət zolağına çıxmamalı, idarə etdiyi traktoru öz zolağı ilə idarə etməklə hərəkət üçün təhlükə şəraiti yaratmamalı, traktorun idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında və traktorun yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunacaq şəkildə yerinə yetirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, cinayəlkarcasına özünə güvənib kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağını güman edərək, idarə etdiyi “MTX-50” markalı, 44-49 AŞ dövlət qeydiyyat nişanlı traktoru qarşı hərəkət zolağına çıxardığından nəticədə əks istiqamətdə hərəkətdə olan X1 idarə eldiyi “VAZ- 21074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi ilə idarə etdiyi traktorun qoşqusunun arxa sol yan hissəsi toqquşmuş, toqquşmanın təsirindən Şahid idarə etdiyi “VAZ-21074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq yolun kənarında olan ağaca dəymiş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ mil sümüyünün qapalı yerdəyişən sınığı, sol bazu, sol sağrı nahiyələrinin hematoması, hər iki gözaltı, burun tağı, sol döşüstü, sağ diz qapağı, hər iki dizin arxa nahiyəsinin, hər iki topuğun qançırları, sol diz qapağının hematoması və əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. CM-nin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-33/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-33/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver