Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-33/2025 17.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Şəki Ağır Cinayət Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 8 ay, 6 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə və zor tətbiq olunması, habelə belə zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən hərəkətlər edib qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 3 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində alkoqol sərxoşluğu vəziyyətində Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən ictimai yer hesab olunan “Veteranlar” çayxanasının qarşısındakı həmin çayxanaya aid həyətə gələrək, həmin çayxananın içərisində, həyətində qoyulmuş stollarda oturaraq istirahət edən və həmin çayxanada işləyən şəxslərin, eləcə də həmin həyətin qarşısındakı küçədən keçən adamların çox olduğu yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, ətrafda istirahət edən şəxslərin, mağazaların və yoldan keçən adamların, hərəkətdə olan avtomobillərin çox olduğu yerdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub guya onunla mübahisə etmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsi axtardığını bəhanə edərək, əsaslı səbəb olmadan həmin şəxsi əlində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən turist bıçağı ilə vuracağını bildirmiş və ucadan ünvansız nalayiq söyüşlər söymüş, həmin vaxt çayxanada istirahət edən, onu intizama dəvət etmək istəyən vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs onu sakitləşdirməyə çalışdığından bunu cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə zor tətbiq olunması ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb qəsdən özü ilə əvvəlcədən gətirdiyi üzərində olan silah qismində istifadə etdiyi, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona epiqastral nahiyyədə yara xəsarəti kimi dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs qarşı zor tətbiq olunması ilə müşayət edilən qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəli olmaqla, iki azyaşlı övladı olmuş, 5 il Şəki Evlər İdarəsində fəhlə işləmişdir. 2003-cü ildə qəsdən adam öldürmə cinayətinə görə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. 3 oktyabr 2024-cü ildə axşam saatlarında yaşadığı evdə yemək yeyib bir qədər spirtli içki olan araq qəbul etmiş, sonra Şəki şəhəri doqquzmərtəbə adlanan əraziyə getmişdir. O, mütəmadi olaraq üzərində cib bıçağı gəzdirmiş, evdən çıxarkən də özünə məxsus qatlanıb açılan bıçağı cibinə qoyub çıxmışdır. Sərxoş olduğu üçün Doqquzmərtəbə istiqamətdə gedərkən yolda yıxılmış, sifəti yerə dəyib xəsarət almışdır. Doqquzmərtəbə adlanan ərazidə “Grand” şadlıq sarayının yaxınlığında yerləşən çayxanaya daxil olmuş, hazırda xatırlamadığı səbəbdən hansısa bir mübahisə yaranmışdır. Bundan sonra baş vermiş hadisəni xatırlamamışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onu Polis şöbəsinə aparmışlar. Bıçaq ona məxsus olmuş və çayxanaya daxil olarkən də əlində olmuşdur. Zərərçəkmiş şəxs tanımamış, Zərərçəkmiş şəxsla heç bir münasibəti, ədavəti, düşmənçiliyi olmamışdır. Həmçinin həmin vaxt sərxoş olduğu üçün bıçağı cibindən çıxarıb hansı məqsədlə çayxanaya tərəf getdiyini, çayxanada kimlərin olmasını, çayxanada baş vermiş dava-dalaşı, kimlərlə mübahisə etdiyini Yafətə xəsarət yetirməsini xatırlamamışdır. Sonradan hadisə barədə başqalarından eşidib bilmişdir ki, hadisə vaxtı bıçaqla zərərçəkmiş şəxsi vurub xəsarət yetirmişdir. Bütün bunlar sərxoş olduğu üçün baş vermiş, o, əvvəllər də sərxoş olduğu vaxtlarda etdiklərini xatırlamadığı hallar olmuşdur. Hərkətləri ilə bağlı zərərçəkmiş şəxsdən üzr istəmiş və zərərçəkmiş şəxs onu bağışlayıb onunla barışmışdır. Hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. O, etdiyi hərəkətləri, səmimi etirafını, himayəsində azyaşlı uşağının olmasını, hadisəni özü istəmədən sərxoçluğun təsirindən törənməsini və şəraitini, peşimançılığını, zərərçəkmiş şəxsin barışaraq ondan heç bir şikayət və tələbinin olmadığını, ailə şəraitini nəzərə almaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü ildə, saat 18 radələrində dostları Nazim, Rasim, Paşa və Ramiz ilə birlikdə 20 Yanvar küçəsində yerləşən ona məxsus çayxanaya getmiş, ümumi zalda oturub çay içmişlər. Təxminən bir saat sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs sərxoş halda çayxananın qapısını açıb içəri daxil olmuş və ucadan qışqırıb ünvansız söyüşlər söyməyə başlamışdır. Ramiz Əlini tanıdığı üçün ayağa durub yaxınlaşaraq Əli ilə və sakitləşdirməyə çalışmışdır. Bir neçə dəqiqə Əli ilə söhbət etmiş, Əli sakitləşib çölə çıxmış və onlar Əlinin getdiyini düşünmüşlər. Oturub çay içib söhbət etməyə davam etmişlər. Saat 2020 radələrində Əli yenidən çayxanaya daxil olaraq ucadan ünvansız söyüşlər söyüb kimisə axtardığını demiş, Ramiz ilə Rasim yaxınlaşıb Əlini tutaraq sakit dayanmasını xahiş etmişlər və çölə çıxartmışlar. Küçədə yolun digər tərəfində söhbət edərkən, Əli ucadan söyüş söymüşdür. O, hər hansı xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üçün Əli ilə söhbət etməkdən ötrü ayağa durub çayxananın qapısına tərəf getmişdir. Bir neçə dəqiqə sonra Əli Ramiz və Rasimin yanından aralanıb iti addımlarla çayxanaya tərəf getmiş, cibindən bıçağı çıxarıb açmış və sağ əlində tutub sağa sola fırladaraq onun dayandığı tərəfə gəlmişdir. O, Əlinin hər hansı xoşagəlməz hadisə törətməsinin qarşısını almaq üçün çayxananın qarşısına küçəyə çıxmış, Əli əlində bıçaqla çayxanaya tərəf gələrkən hamı ayağa durmuşdur. Əli bıçağı sağa sola fırladaraq ünvansız nalayiq söyüşlər söymüşdür. O, Əlinin qarşısında dayanıb sakitləşməsini, söyüş söyməməsini xahiş etmiş, ətrafdan avtomobillər, qadınlar və kişilər keçdiyini izah etmiş, Əli isə dayanmadan bıçağı sağa sola fırlatmışdır. Əli əlində bıçaq ona tərəf gəlib çayxananın qarşısında bıçağı onun qarnına soxmuşdur. Bu zaman o, Əlinin ona yenidən xəsarət yetirməsindən ehtiyat edib özünü müdafiə etmək üçün və bıçağı əlindən almaqdan ötrü Əlinin sifətinə yumruq vurmuşdur. Əli yerə yıxılmış, Ramiz dərhal yaxınlaşıb bıçağı əlindən alaraq yerə atmışdır. Onun qarın nahiyyəsindən qan axmış, ətrafda olan insanların köməyi ilə avtomobilə əyləşib xəstəxanaya getmiş, Şəki MRX-da ona cərrahi tibbi yardım göstərilmişdir. Hadisə zamanı ona maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmiş, o, Əlini bağışlamış və Əli ilə barışmışdır. O Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi olmadığını bildirib, məhkəməyə bu barədə ərizə təqdim etmiş, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qarabağ müharibəsi iştirakçısı, İİ qrup əlil, Qarabağ Əlillər və Şəhid Ailələri Cəmiyyətinin üzvü olmuş, X1 Sədri vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs uzun illər əvvəldən tanımış, yaxşı dostluq münasibətləri olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs isə tanımamış, münasibətləri, aralarında ədavəti, düşmənçilik olmamışdır. xx.xx.2024-cü ildə, saat 18 radələrində dostları Yafət, Nazim, Paşa və Rasimlə birlikdə 20 Yanvar küçəsində yerləşən Yafətə məxsus çayxanaya getmiş, ümumi zalda oturub çay içmişlər. Təxminən bir saat sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs çayxananın qapısını açıb içəri daxil olmuş və ucadan qışqırıb ünvansız söyüşlər söyməyə başlamışdır. Əli həmin vaxt sərxoş halda “hanı o mingəçevirli, o kimdi ki şəkiliyə söyüş söyür” sözlərini dedikdə o, Əlini tanıdığı üçün ayağa durub yaxınlaşaraq Əli ilə görüşmüş və sakitləşdirməyə çalışmışdır. Bir neçə dəqiqə Əli ilə söhbət etdikdən sonra Əli sakitləşib çölə çıxmış və onlar Əlinin getdiyini düşünmüşlər. Saat 20 radələrində Əli yenidən çayxanaya daxil olaraq ucadan ünvansız söyüşlər söyüb kimisə axtardığını demiş, o və Rasim yenidən Əliyə yaxınlaşıb qolundan tutaraq sakit dayanmasını xahiş etmiş və çölə çıxartmışlar. Bir neçə dəqiqə sonra Əli onların yanından aralanıb əlində bıçaqla çayxanaya tərəf getmişdir. Bu zaman Yafət Əlinin hər hansı xoşagəlməz hadisə törətməsinin qarşısını almaq üçün çayxananın qarşısına küçəyə çıxmış, Əli əlində bıçaqla çayxanaya tərəf gələrkən hamı ayağa durmuşdur. Əli bıçağı sağa sola fırladaraq ünvansız nalayiq söyüşlər söymüşdür. Yafət Əlinin qarşısında dayanıb sakitləşməsini, söyüş söyməməsini xahiş etmiş, Əli isə dayanmadan bıçağı sağa sola fırlatmış, daha sonra isə Yafətə tərəf gedib bıçağı Yafətin qarnına soxmuşdur. Bu zaman Yafət onu özündən uzaqlaşdırmaq üçün Əlinin sifətinə yumruq vurmuşdur. Əli yerə yıxılmış, o, dərhal yaxınlaşıb bıçağı əlindən alaraq yerə atmışdır. Sonra Yafəti avtomobilə əyləşdirmiş, Yafət ətrafda olan şəxslərin köməyi ilə xəstəxanaya getmişdir. Şəki MRX-da Yafətə cərrahi tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid3 və Şahid4 ifadələrində, eləcə də, şahidlər Şahid2 və Şahid5 məhkəmə iclasında elan olunmuş ifadələrində eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2012-ci ildən ƏMDX-nin Şəki Ərazi Şöbəsində məsləhətçi vəzifəsində xidmət aparmış, Zərərçəkmiş şəxs uzun illər əvvəllərdən tanımış, münasibəti normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs tanımamış, münasibətləri, aralarında ədavət, düşmənçilik olmamışdır. xx.xx.2024-cü ildə, saat 2020 radələrində piyada Şəki şəhəri 20 Yanvar küçəsində Doqquzmərtəbə istiqamətdə gedərkən, yolun solunda yerləşən çayxananın qarşısında çoxlu sayda insanların toplaşdığını, səs-küy olduğunu görmüşdür. Çayxanaya tərəf getdikdə Zərərçəkmiş şəxs ona tərəf gəldiyini, qarnından qan axdığını görmüşdür. Nə baş verdiyini dəqiq bilməmiş, lakin Yafətə tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng edib həkim çağırmişdir. Sonra isə dərhal DİN-in 102 xidmətinə zəng edib “Grand” şadlıq sarayında münaqişə olması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs hansısa avtomobilə əyləşdirərək xəstəxanaya göndərmişlər. Çayxananın qarşısında çoxlu sayda adamlar olduğu üçün çayxanaya tam yaxınlaşmamışdır. Bir neçə dəqiqə ərzində polis əməkdaşları həmin yerə gəlmiş, o, oradan uzaqlaşıb getmişdir. O, hadisə baş verən zaman orada olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmiş, lakin sonradan Zərərçəkmiş şəxs həmin yerdə Əli adlı şəxsin bıçaqla vurub xəsarət yetirdiyini eşitmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da, sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş; 3 oktyabr 2025-ci il tarixli, 305 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. (İş.v 11) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsi hadisəsi Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən çayxananın qarşısındakı səkidə baş vermişdir. (İş.v 21-26) 7 oktyabr 2024-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1810-da CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 60-62) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 440 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - epiqastral nahiyyədə yara kəsici deşici əşyanın ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir. (İş.v 106) Şəki Rayon Məhkəməsinin 4(075)-82/2024 saylı, 9 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 7 oktyabr 2024-cü il tarixdən hesablanmaqla, 7 yanvar 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İş.v 149-152) Şəki şəhəri İHB-nın "Dəmirçi bulağı" məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 44, 45 nömrəli arayışlarından və xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (İş.v 153-155) DİN-nin BƏSİİ-nin 13 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən CM-nin 120.2.5-ci maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 8 ay 6 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, Şəki ŞRPŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində CM-nin 127.1-ci maddəsi ilə aparılmış icrata CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. (İş.v 156-157) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya xəstəxanasının 22 oktyabr 2024-cü il tarixli, 946 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 162) Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmündən görünür ki, X6 CM-nin 120.2.5-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2003-cü ildən hesablanmışdır. (İş.v 165-170) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şəki rayon Mərkəzi Məstəxanası” publik hüquqi şəxsin 15 noyabr 2024-cü il tarixli, 18-1-71/2-1633/2024 №-li məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdən “Şəki rayon Mərkəzi Məstəxanası” publik hüquqi şəxsin Poliknilnika şöbəsinin Narkoloji kabinetində “Alkoqol qəbulu nəticəli xroniki alkoqolizm xəstəliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. (İş.v 171) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2024-cü il tarixli 3/1672,3/1701 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin paltarların üzərində olan zədə öz formasına, quruluşuna, və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət ona məxsus iki ədəd köynəyin üzərində olan zədə ilə uyğunluq təşkil edir və üst-üstə düşür. Aparılmış tədqiqatın dəyəri 130 manat təskil edir. (İş.v 174-176) Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı 2 övladı var. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə və zor tətbiq olunması, habelə belə zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən hərəkətlər edib qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. CM-nın 221.3-cü maddəsinin nəzərdə tutduğu mənada hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Cinayət prosesi tərəflərinin ifadələrindən və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə müqaviməti, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətlərinin qarşısını alınması zamanı baş vermişdir. Beləliklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq cinayət əməli özünün ifadəsi ilə yanaşı, şahidlərin və zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıqla tövsif edilmiş hərəkətlərini təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməli silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə və zor tətbiq olunması, habelə belə zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən hərəkətlərdə ifadə olunmuşdur. Məhkəmə istintaqında tədqiq edilənlərə və iş materiallarında olan sübutlara əsaslanan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq cinayətini nəzərdə tutan maddənin dispozisiyasında, əməldə üç əsas konponentin birlikdə mövcudluğunun zəruriliyi nəzərdə tutulmuşdur. Hazırki cinayət hadisəsi üzrə təqsirləndirilən şəxsin əməlləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zorun tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin törədilməsindən ibarətdir ki, bunlar da qeyd olunanlarla tam təsdiqini tapmışdır və həmin hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 №-li, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarının 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Həmin qərarının 9-cu bəndində göstərilmişdir ki, izah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, 3 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində alkoqol sərxoşluğu vəziyyətində Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən ictimai yer hesab olunan “Veteranlar” çayxanasının qarşısındakı həmin çayxanaya aid həyətə gələrək, çayxananın içərisində, həyətində qoyulmuş stollarda oturaraq istirahət edən və həmin çayxanada işləyən şəxslərin, eləcə də həmin həyətin qarşısındakı küçədən keçən adamların çox olduğu yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, ətrafda istirahət edən şəxslərin, mağazaların və yoldan keçən adamların, hərəkətdə olan avtomobillərin çox olduğu yerdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub guya onunla mübahisə etmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsi axtardığını bəhanə edərək, əsaslı səbəb olmadan həmin şəxsi əlində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən turist bıçağı ilə vuracağını bildirmiş və ucadan ünvansız nalayiq söyüşlər söymüş, həmin vaxt çayxanada istirahət edən, onu intizama dəvət etmək istəyən vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs onu sakitləşdirməyə çalışdığından bunu cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə zor tətbiq olunması ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb qəsdən özü ilə əvvəlcədən gətirdiyi üzərində olan silah qismində istifadə etdiyi, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, epiqastral nahiyyədə yara xəsarəti kimi dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs qarşı zor tətbiq olunması ilə müşayət edilən qəsdən qərəzli xuliqanlıq etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin tövsif olunduğu CM-nin 221.3-cü maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 221.3-cü maddəsinin sanksiyasında ancaq azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşimançılıq çəkməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin ibtidai istintaqın əvvəlindən məhkəmə baxışının sonuna qədər özünü tam təqsirli bilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, məhkəmə istintaqının gedişində göstərdiklərinin təsdiqini tapması onun islah yolunda olduğunu nümayiş etdirərək səmimiyyətini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yuxarıda sadalanan cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini səciyyələndirən halları nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bundan əvvəlki məhkum edildiyi cinayət cəzasını diqqətdə saxlamaqla, nəticə çıxarmaması qənaətinə gəlir. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Səki ŞRPŞ-də saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağı məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx.xx.2024-cü ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış, Səki ŞRPŞ-də saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-33/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-33/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver