Məhkəmə qərarları › İş №1(075)-34/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-34/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-34/2025 23.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Hacı-X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 2003-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 06 dekabr 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 30 avqust 2024-cü il tarixdə, saat 03 radələrində Şəki şəhəri, A.İldırım küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığına gəlmiş, özü gələn olarsa xəbər verməsi üçün küçədə dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 isə daş hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab edilən həyətə, oradan da həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz olaraq daxil olmaqla həmin tövlədən hər birinin dəyəri 400 (dörd yüz) manat olmaqla, cəmi dəyəri 1200 (bir min iki yüz) manat olan, hər birinin diri çəkisi 45 kq olan, 6 aylıq və erkək cinsli olmaqla 03 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb oğurladıqdan sonra həmin heyvanları hər ikisi birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi sonuncuya məxsus “VAZ 21011” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs ümumlilikdə 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 30 avqust 2024-cü il tarixdə, saat 03 radələrində Şəki şəhəri, A.İldırım küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi üçün küçədə dayanaraq gözləmiş, özü isə daş hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab edilən həyətə, oradan da həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz olaraq daxil olmaqla həmin tövlədən hər birinin dəyəri 400 (dörd yüz) manat olmaqla, cəmi dəyəri 1200 (bir min iki yüz) manat olan, hər birinin diri çəkisi 45 kq olan, 6 aylıq və erkək cinsli olmaqla 03 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb oğurladıqdan sonra həmin heyvanları hər ikisi birlikdə özünün idarə etdiyi ona məxsus “VAZ 21011” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs ümumlilikdə 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 2018-ci ildən tanımaqla onunla dost münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 ona yaşadığı evdən kirayə evə çıxmaq istədiyini, onunla birlikdə kirayə ev axtarmağını xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs2 ilə razılaşmış və birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 21011 markalı avtomobili ilə Şəki şəhəri, 118-ci kvartalda yerləşən bir evə baxmağa getmişlər. Həmin evə çatdıqda qapısının bağlı olduğunu, ev sahibinin evdə olmadığını görüb geri qayıtmışlar. Geri qayıdan zaman Təqsirləndirilən şəxs2 yolda otlayan qoyunları ona göstərmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs2 ona zəng etmiş və avtomobili ilə gəlib onu götürmüşdür. Onlar birlikdə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Fontan” kafesində çay içib söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ondan yenə xahiş etmişdir ki, dünən getdikləri evə bir də gedib baxsınlar. O, yenə də Təqsirləndirilən şəxs2 ilə razılaşmış və birlikdə təxminən 21 radələrində Şəki şəhəri, 118-ci kvartalda yerləşən evə baxmağa getmişlər. Ev sahibi yenə evdə olmamışdır. Bundan sonra yenidən geri qayıtmışlar. Təxminən saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 onun mobil nömrəsinə zəng edib bir daha avtomobili ilə gəlib onu götürmüşdür. Avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs2 ona qoyunlardan bir neçəsini götürüb satmağı təklif etmiş o, da razılaşmışdır. Təxminən saat 01:30 radələrinədə evin həyətyanı sahəsinin divarına yaxınlaşmışlar. O, küçədə gözləmək istəsə də Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, birlikdə həyətə girək. Onlar əvvəlcə qonşuluqda yerləşən, yaşayış olmayan həyətin divarını aşıb həmin həyətə düşmüşlər. Daha sonra Təqsirləndirilən şəxs2 divarı aşaraq oğurluq etdikləri evin həyətinə düşmüş, o, divarı aşa bilmədiyi üçün küçəyə geri qayıtmış və avtomobilin yanında gözləmişdir. Həmçinin gələn olarsa Təqsirləndirilən şəxs2 xəbər vermək üçün ətrafı nəzarətə götürmüşdür. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs2 tövlənin qapısını açaraq bir baş qoyunu avtomobilin yanına gətirmişdir. O, da qoyunun ayaqlarını bağlayıb avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 daha iki qoyun gətirmiş və birlikdə qoyunların ayaqlarını bağlayaraq avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra qoyunları satmaq üçün Bərdə şəhəri istiqamətində yola düşmüşlər. Qoyunları Bərdə şəhərində yerləşən heyvan bazarında tanımadıqları bir nəfərə 960 (doqquz yüz altmış) manata satmışlar və hərəsinə 480 (dörd yüz səksən) manat olmaqla pulu bölmüşlər. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi evli olmasa da, iki il olar ki, Zahidə adlı qadınla Şəki şəhərində kirayədə yaşayır. Kirayədə yaşadığı evin gediş gəlişi çətin olduğu üçün o, yeni kirayə ev axtarmaq qərarına gəlmişdir. Bu məqsədlə görə 28 avqust 2024-cü tarixdə dostu Təqsirləndirilən şəxs1lə birlikdə Şəki şəhərində yeni kirayə ev axtarmağa getmişlər. O, maraqlananda Asan xidmətin arxasında kirayə ev verilməsini eşitmişdir. O, özünə məxsus Vaz-21011 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1lə birlikdə həmin kirayə verilən evi axtarmaq üçün Asan xidmətin arxa hissəsinə getmişlər. Onlar kirayə evi axtaran zaman qarşılarına qoyun heyvanları çıxmışdır. Həmin qoyunları görəndə Təqsirləndirilən şəxs1 ona demişdir ki, imkan olsaydı bu qoyunlardan bir-ikisi oğurlayıb satardıq. O, da Təqsirləndirilən şəxs1 demişdir ki, mənimdə pula ehtiyacım var lakin bura qarışıq yerdir tutularıq. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə kirayə verilən evi tapmışlar. Evin sahibi evdə olmamışdır. O, evin suyu olmadığını görmüş və həmin evlə maraqlanmayıb Təqsirləndirilən şəxs1lə geri qayıdanda qərara gəlmişlər ki, gördükləri qoyunlardan bir neçəsini oğurlasınlar. Ona görə qoyun oğurlamaq istədikləri tövlənin olduğu və gedəcəkləri küçədə müşahidə kameralarının olub olmamasına baxmışlar. Həmin küçənin çıxışında bir evin divarında müşahidə kamerası olduğunu görmüşlər. Bundan sonra çıxıb evlərinə getmişlər. Səhəri günü Təqsirləndirilən şəxs1lə görüşüb ona məxsus “Vaz-21011” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Asan xidmətin yaxınlığına getmişlər. O, maşını qoyun oğurlayacaqıarı tövlədən təxminən 10-15 metr aralıda saxlamışdır. Təqsirləndirilən şəxs1lə birlikdə maşından düşmüşlər, qoyun oğurlayacaqları tövləyə keçməyə yer tapmadıqları üçün Təqsirləndirilən şəxs1lə əvvəlcə yaşayış olmayan qonşunun hasarından aşıb həyətə keçmiş, oradan isə qoyun oğurlayacaqları həyətin hasarına qalxmışlar. Həyətə düşdükdən sonra tövlənin çardağının altında qoyunlar olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs1 kök olduğunu həyətə düşsə gələn olsa hasardan qalxa bilməyəcəyini, buna görə onun həyətə düşüb qapıları açıb qoyunları tutusun sonra ona versin. Bundan sonra o, da qapının barmaqlığını çıxarıb qoyunlardan birini tutub Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 qoyunu aparıb maşına qoymuşdur. Eyni qaydada o, tövlədən daha iki qoyun tutub Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 qoyunları aparıb onun avtomobilinə qoymuşdur. Oğurladıqları üç baş qoyunun ayaqlarını Təqsirləndirilən şəxs1lə birlikdə özlərilə götürdükləri kəndirlə bağlayıb iki baş qoyunu avtomobilin yük yerinə, bir baş qoyunu avtomobilin salonuna qoymuşlar. Hər ikisi oğurladıqları qoyunları satmaq üçün Bərdə rayon mal bazarına yola düşmüşlər. Təxminən gecə saat 04-05 radələrində Bərdə bazarına çatmışlar. Bazarda Təqsirləndirilən şəxs1lə birlikdə üç baş qoyunu bir yerdə 960 manata 40 yaşlarında tanımadıqları bir şəxsə satmışlar. Pulu Təqsirləndirilən şəxs1lə öz aralarında bölmüşlər, hər birinə 480 manat pul çatmışdır. Qoyunları satandan sonra geri Şəki şəhərinə qayıtmış, və oğurladığıqları qoyunların pulunu öz ehtiyaclarıba xərcləmişdir. Törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, şəxsi təsərrüfatında 12 baş keçi 61 baş qoyun olmaqla 73 baş xırdabuynuzlu, 4 baş da iribuynuzlu heyvanları həyətində tikdiyi tövlədə saxlayır. O, hər səhər təxminən saat 05 radələrində heyvanları otarmaq üçün yaşadığı evin aşağı hissəsində yerləşən otlaq sahəsinə aparır, axşam saat 21 radələrində heyvanları gətirib tövləyə salaraq qapısını bağlayır. xx.xx.2024-cü il tarixdə də həmişə olduğu kimi təxminən 05 radələrində heyvanları örüş sahəsinə aparıb otardıqdan sonra təxminən saat 21 radələrində qaytarıb tövləyə salmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrində heyvanları otlaq sahəsinə aparmaq istəmişdir. O, həmişə heyvanları tövlədən çıxaran zaman onları saydığı üçün həmin gün heyvanları sayan zaman üç baş erkək qoynunun əskik olduğunu görmüşdür. Səhv edəcəyindən şübhələnərək heyvanları yenidən saysa da yenə də üç baş qoyunun əskik olduğunu bilmişdir. Bundan əlavə olaraq ifadəsində oğurlanmış qoyunların Qarabağ sortu olduğunu, 5-6 aylıq erkək cinsindən olduqlarını, hər birinin diri çəkisi təxminən 40-45 kq, hər birinin qiymətinin təxminən 400 manat olduğunu, heyvanların oğurlanması nəticəsində ona 1200 manat maddi ziyan dəydiyini, Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş ziyanı ödəmişlər, onlardan şikatyət və tələbləri yoxdur. Yüngül cəza təyin edilməsini Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsindəkiləri təsdiq etməklə zərərçəkmiş şəxslə eyni məzmulu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış haqqında” 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, baxış Şəki şəhəri, A.İldırım küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətində tövlənin olması, həmin tövlədə iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanılması, tövlənin və evin həyətyanı qapısında hər hansı sındırılma və qırılma izlərinin olmaması müəyyən edilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyətli hər hansı bir əşya və ya predmet götürülməmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki şəhəri Almas İldırım küçəsində yerləşən oğurluq etdikləri evi göstərərək 30 sentyabr 2024-cü il tarixində həmin evdən Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etdiklərini deyib, oğurluq etdikləri yeri göstərmişdir. İstintaq hərəkətinin icrası gündüz vaxtı, təbii işıqlandırma hava şəraitində keçirilmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 20:50-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 06 sentyabr 2024cü il tarixdə saat 15:20-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 06 sentyabr 2024cü il tarixdə saat 16:20-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, - “Mexsusluq tarixchesi_OTHER_552739653” adlı fayl açıldıqda 01 səhifədə ***-***-**-** saylı mobil nömrənin Şəki şəhəri, X17 küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X4 məxsus olması, həmin mobil nömrənin xx.xx.2023-cü il tarixdən aktiv olması müəyyən edilmişdir. “Mexsusluq tarixchesi_OTHER_556711834” adlı fayl açıldıqda 01 səhifədə ***-***-**- ** saylı mobil nömrənin Şəki şəhəri, M.Quliyev küçəsi, ev 34 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 məxsus olması, həmin mobil nömrənin xx.xx.2024-cü il tarixdən aktiv olması müəyyən edilmişdir. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_552739653” adlı fayl açıldıqda 33 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə gedən və gələn zənglərin detallaşması barədə, həmçinin anten dairəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 05:02:31 saniyədə “LSVN6174O2/LSVN6174 Alpoud/Bərdə rayonu, Alpoud kəndi/Barda/ (40.33xx/xx.1835)”, xx.xx.2024-cü il tarixdə saat 05:24:49 saniyədə “LGNJ0737O1/LGNJ0737 Haciali/Bərdə rayonu, Hacıalı kəndi/Barda/ (40.479xx/xx.06176)”, xx.xx.2024-cü il tarixdə saat 08:16:53 saniyədə “UGNJ6102A/UGNJ6102 Qaragaci kochkun qesebesi/Bərdə rayonu, Qarağacı kəndi/Barda/ (40.449xx/xx.11422)”, xx.xx.2024-cü il tarixdə 08:24:49 saniyədə “GNJ0515O4/LGNJ0515 Hesengaya//Barda/ (40.444xx/xx.07967)” anten dairələrini əhatə etdiyi, müəyyən olunmuşdur. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_556711834” adlı fayl açıldıqda 62 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə gedən və gələn zənglərin detallaşması barədə, həmçinin anten dairəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 06:00:02 saniyədə “LSVN6174O3/LSVN6174 Alpoud/Bərdə rayonu, Alpoud kəndi/Barda/ (40.33xx/xx.1835)”, xx.xx.2024-cü il tarixdə saat 06:00:06 saniyədə “USVN3342E/USVN3342 Mirzekhan/Bərdə rayonu, Mirzəxan kəndi/Barda/ (40.38xx/xx.1802)”, xx.xx.2024-cü il tarixdə saat 06:05:41 saniyədə “USVN1432B/USVN1432 Qarademirchi/Bərdə rayonu, Qaradəmirçi kəndi/Barda/ (40.35xx/xx.1499)”, xx.xx.2024-cü il tarixdə 06:08:02 saniyədə “GSVN6174C/GSVN6174 Alpoud/Bərdə rayonu, Alpoud kəndi/Barda/ (40.33xx/xx.1835)”, xx.xx.2024-cü il tarixdə saat 06:59:58 saniyədə “USVN3342B/USVN3342 Mirzekhan/Bərdə rayonu, Mirzəxan kəndi/Barda/ (40.38xx/xx.1802)”, xx.xx.2024-cü il tarixdə saat 08:26:13 saniyədə “UGNJ6102E/UGNJ6102 Qaragaci kochkun qesebesi/Bərdə rayonu, Qarağacı kəndi/Barda/ (40.449xx/xx.11422)”, anten dairələrini əhatə etdiyi, müəyyən olunmuşdur. “SMS detallashmasi_MSİSDN_552739653” faylı açıldıqda həmin faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ailə məişət mövzusunda mesajların göndərilməsi müəyyən edilmişdir. “SMS detallashmasi_MSİSDN_556711834” faylı açıldıqda həmin faylda Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** mobil nömrəsindən iş üçün əhəmiyyət kəsb edən məzmunda hər hansı bir mesaj göndərilmədiyi və ya qəbul edilmədiyi müəyyən edilmişdir. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_552739653” adlı fayl açıldıqda 01 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən zəngin qeydə alındığı mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatların olduğu müəyyən edilmişdir. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_556711834” adlı fayl açıldıqda 031 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən zəngin qeydə alındığı mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatların olduğu müəyyən edilmişdir. “Şəki-Bazar” Səhmdar Cəmiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bir baş diri çəkisi 45 kq olan, “Qarabağ Sortu” 06 aylıq qoyunun 2024-cü ilin avqust ayının üçüncü ongünlüyünə orta satış bazar qiyməti 380 (üç yüz səksən) manat (3 X 380=1140 manat) təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2024-cü il tarixli 3-16-16/2- 9//8486 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Bakı şəhəri, heyvan satışı bazarlarında (Maştağa qəsəbəsi) mövcud olan qiymətlərə əsasən 01 baş çəkisi 45 kq olan, 6 aylıq erkək qoyunun orta bazar qiyməti 380.00 manat, 03 baş çəkisi 45 kq olan, 6 aylıq erkək qoyunun orta bazar qiyməti 1140 manat müəyyən olunur: Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 841 saylı məktubdan görünür ki, Şəki şəhəri, S.Ə.Şirvani küçəsi, ev 20 ünvanında yaşayan 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. “X12” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli, 1400 saylı məktubdan görünür ki, Şəki şəhəri, S.Ə.Şirvani küçəsi, ev 20 ünvanında yaşayan 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 “X12” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 841 saylı məktubdan görünür ki, Şəki şəhəri, M.Quliyev küçəsi, ev 34 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. “X12” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli, 1400 saylı məktubdan görünür ki, Şəki şəhəri, M.Quliyev küçəsi, ev 34 ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “X12” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 476 nömrəli məktubundan görünür ki, X1 Şəhər-Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus olan üç baş xırda buynuzlu heyvanın oğurlanması nəticəsində dəymiş 1200 (bir min iki yüz) manat pulu Şəki Şəhər Rayon X13 binasında şöbənin istintaq bölməsinin müstəntiqi, polis mayoru Pərviz Əhmədovdan təhvil aldı. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş 1200 (bir min iki yüz) manat zərəri tam olaraq ödəmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbləri yoxdur. Şəki şəhər Topqarağac məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki şəhəri, S.Ə.Şirvani küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Şəki şəhər Nöyülbulaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-in 59.2-ci maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadıqları Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər 04 sentyabr 2024-cü il tarixdən 06 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxslərə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar