Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-35/2023 19.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi X3 iştirаkları ilə X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə X8 19 yanvar 2023-cü il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. X10 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 29 noyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində yolda mal-qarasını aparan zaman qonşusu X5 yolun xəzəlini onun üstünə süpürərək, onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan əvvəl də X5 yolun xəzəlini süpürərək çəpərdən onun bağına tökmüşdür. Həmçinin oğlunun ailəsinin dağılmasına da X1 olmuş, 2016-cı ildən bəri onun ailəsi barədə qonşular arasında həqiqətə uyğun olmayan, ailə şərəfini alçaldan şayiələr yaymışdır. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək məhkəmə işin məhkəmə baxış iclasına təyin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi X6 xüsusi ittiham qaydasında şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində barəsində şikayət verilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, həmin əməlin onun tərəfindən törədilməsini subut edən halların göstərilməsi qanunvericiliyin tələbidir və şikayət ərizəsinin qeyd olunan formada tərtib olunmaması məhkəmənin hazırlıq iclasında şikayətin icraata qəbul olunmaması üçün əsasdır. Lakin şikayət ərizəsi ilə tanış olduqda müəyyən olur ki, ərizədə barəsində şikayət verilən şəxs X7 işlətdiyi hansı ifadələrin konkret olaraq böhtan, hansıların isə təhqir olduğu göstərilməməklə onun cinayət qanunu ilə nəzərdə tutulan hansı əməlləri törətməsi aydın olmur. Yəni qeyd olunan şəxsin törətdiyi hansı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə nəzərdə tutulduğu müəyyən olunmur. Bundan başqa təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi və yayılması ilə bağlı sübutlarda şikayət ərizəsinə əlavə olunmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X8 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunu qanunvericinin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışı keçirilməsindən imtina edilsin. Qərardan onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-35/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-35/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver