Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-36/2022 06.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Türkmənistan Respublikasının Mari rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin, həmçinin qəsdən, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəki rayon məhkəməsinin 30.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, 02.10.2021-ci il tarixdə cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,258 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib, daşıyaraq üzərində saxlamış, 29 noyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 20:05 radələrində Şəki şəhəri, Məcidbəy Əfəndiyev küçəsində yerləşən X8 yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 22:10 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan kiçik cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,258 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin, eləcədə üzərində cüzi miqdarda olduğundan təmiz çəkisi müəyyən edilməyən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hissəcikləri olan bir ədəd şüşə flakon və bir ədəd 2 ml-lik şpris aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan torbada təmiz çəkisi 273.61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq ünvan 5 ünvanında yerləşən binanın həyətindəki köhnə qazanxananın içərisində daşların altında gizlədərək saxladığı yerə 30 noyabr 2021-ci il tarixdə saat 01:23 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı onun qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq ünvan 5 ünvanında yerləşən binanın həyətindəki köhnə qazanxananın içərisində daşların altında gizlədərək saxladığı yerdən bir ədəd sellofan torbada təmiz çəkisi 273.61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzəridə saxladığına görə 2015-ci ildə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2016-cı ildə cəzadan 2 ay 17 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmçinin 2018-ci ildə oğurluq etdiyinə və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxladığına görə CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsi tərəfindən 3 il 2 ay 3 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, 02.10.2021-ci ildə cəzasını tam çəkib həbsdən azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra Şəki şəhərinin aşağı hissəsində yerləşən areportun yaxınlığındakı sahələrdə yabanı halda narkotik vasitə olan çətənə bitkiləri yetişdiyini eşitdiyi və narkotik vasitə heroin tapa bilmədiyi üçün, həmin yerə gedib yabanı çətənə bitkilərindən özü istifadə etməsi üçün bir qədər yığmağı qərarlaşdırmış, 2021-ci ilin oktyabr ayının sonlarında aeroportun yaxınlığındakı əkin sahələrinə gedib yabanı çətənə bitkilərinin yarpaqlarından bir qədər yığmış, orada da sərib qurutmuşdur. Təxminən 3 gündən sonra qurutduğu narkotik vasitə olan çətənə bitkilərinin yarpaqlarını özü ilə götürdüyü sellofan torbaya yığıb istifadə etmək üçün gecə aparıb ünvan 6 ünvanında yerləşən yaşayış binasının həyətindəki köhnə, işləməyən qazanxananın içərisində kərpicin altında gizlətmişdir. İstifadə etmək istəyəndə gizlətdiyi narkotik vasitə olan marixuananın üstündən bir qədər götürmüş, qalan hissəsini yenə həmin yerədə gizlətmişdir. Sonuncu dəfə tutulmamışdan təxminən 10 gün əvvəl həmin narkotik vasitədən götürüb istifadə etmişdir. 26 noyabr 2021-ci ildə, saat 11 radələrində yaşadığı evdən çıxıb Calğalıbulaq küçəsi ilə Şəki şəhərində yerləşən bazar istiqamətində getmiş, S.Rəhman küçəsinin kəsişməsinə çatmağa 100-120 metr qalmış yerdə sellofan büküm görmüş, narkotik vasitə olan heroin istifadə etdiyi üçün həmin bükümün içərində heroin ola biləcəyini düşünüb sellofan bükümü yerdən götürüb cibinə qoymuşdur. Bir qədər aralandan sonra bükümü açıb içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin gün heroindən bir qədər götürüb istifadə etmiş, qalanını isə sonra istifadə etmək üçün cibinə qoymuşdur. 29 noyabr 2021-ci ildə, saat 20 radələrində Şəki şəhərində yerləşən Tibb Kollecinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli polis işçisi yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitə saxlaması barədə onlara daxil olmuş məlumatın yoxlanmasına görə onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. O, tapdığı sellofan bükümdə narkotik vasitə olan heroin də üstündə olduğu vəziyyətdə polis əməkdaşları ilə birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Polis şöbəsində onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona, narkotik vasitə saxlaması barədə məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmiş, Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edərək istədiyi vəkili seçməsini təklif etmiş və iştirakını təmin edəcəklərini bildirmişdir. Seçdiyi vəkil təhqiqatçı tərəfindən dəvət edilərək ona təqdim olunmuşdur. Təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmiş, videoçəkilişlə, polis işçilərinin və vəkilinin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir. Təhqiqatçı üstündə olan əşyaları təqdim etməsini təklif etdiyindən əynindəki tünd göy rəngli gödəkçənin sağ cibindən bir qutu Prima siqaretini, bir ədəd kibrit qutusunu, bir ədəd Samsunq markalı telefonunu, şalvarının sol cibindən bir ədəd tibbi maskanı, şalvarının sağ cibindən 10 manat pulu, şalvarının sağ kiçik cibindən bir ədəd şprisi, bir ədəd şüşə qabı, bir ədəd sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçı ona stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, o bir qutu siqareti, bir ədəd kibriti, iki ədəd 5 manatlıq əskinazlarla 10 manat pulu, tibbi maskanı təqdim edib həmin əşyaların özünə məxsus olduğunu, sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olan heroin olduğunu, üç gün əvvəl bazar yolundan yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı içərisində narkotik vasitə heroin olan sellofan bükümü açıb içərisindəkini iştirakçılara göstərmiş, sonra olduğu kimi büküb zərfə qoyaraq qablaşdırmış, zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə o da zərfin üzərinə imza etmişdir. O bir ədəd şüşə qabı göstərib həmin qabda narkotik vasitə olan heroini istifadə etmək üçün hazırladığını, 2 qramlıq şprisi göstərib həmin şprislə narkotik vasitəni damarına vurduğunu bildirmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş şüşə qabı və şprisi ayrı zərfə, Samsunq markalı mobil telefonunu isə ayrı zərfə qoyaraq zərfləri möhürləmiş, digər iştirakçılarla birlikdə o da zərflərin üzərinə imza etmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı üstündən aşkar olunmuş tibbi maskanı, kibriti, 10 manat pulu, bir qutu siqareti özünə qaytarmış, ondan evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşdur. O, təhqiqatçıya 2021-ci ilin oktyabr ayının sonlarında Şəki aeroportunun yaxınlığında yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından bir qədər özü istifadə etmək məqsədilə yığıb ünvan 7 ünvanında yerləşən yaşayış binasının həyətindəki köhnə qazanxanada daşın altında gizlətdiyini və həmin narkotik vasitə nəşəni təqdim edə biləcəyini demişdir. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, heç kimin şikayəti olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə olnara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmamış, təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, o da digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. O vəkili və polis işçiləri ilə birlikdə Polis şöbəsindən çıxıb ünvan 6 ünvanında yaşayış binasının həyətində yerləşən qazanxananın olduğu yerə getmişdir. Orada tikiliyə daxil olub yabanı çətənə bitkisinin yarpağından yığıb sellofan torbanın içərisində saxladığı narkotik vasitə olan nəşəni gizlətdiyi yerdən götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı sellofan torbanı açıb içərisindəki narkotik vasitəni onlara göstərdikdən sonra zərfə qoyaraq qablaşdırıb zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. Təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, şikayətləri olmamış, videoçəkiliş dayandırılıb kompüterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmamış, bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq onlara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da protokolu imzalamışdır. O, etdiyi hərəkətdən peşman olmasını bildirmiş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş və himayəsində azyaşlı uşağı olmasını, islah olunmaq istəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. 29.11.2021-ci ildə ona "Sərdar" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması və "Sərdar" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 29 noyabr 2021-ci ildə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verilmiş, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində "Sərdar" adlı şəxsin ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci ildə saat 20 radələrində Şəki şəhəri, Məcidbəy Əfəndiyev küçəsində yerləşən X8 yaxınlığında saxlayaraq PŞ-nə dəvət etmişlər. PŞ-də Təqsirləndirilən şəxs Gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınaraq üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Şəxsi axtarışın keçirilməsi təhqiqatçıya həvalə edildiyi üçün Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs istədiyi vəkili seçmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs seçdiyi vəkili və videoçəkiliş aparmaq üçün bir polis əməkdaşını dəvət etmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onların iştirakları ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olanları təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin sağ cibindən bir qutu Prima siqaretini, bir ədəd kibrit qutusunu, bir ədəd Samsunq markalı telefonunu, şalvarının sol cibindən bir ədəd tibbi maskanı, şalvarının sağ cibindən 10 manat pulu, şalvarının sağ kiçik cibindən bir ədəd şprisi, bir ədəd şüşə qabı, bir ədəd sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üstünə özü də baxış keçirmiş, lakin təqdim etdiklərindən başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, Sərdar əvvəlcə bir qutu siqareti, bir ədəd kibriti, iki ədəd 5 manatlıq əskinazlarla 10 manat pulu, bir ədəd tibbi maskanı təqdim edib özünə məxsus olduğunu, bir ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni üç gün əvvəl bazar yolundan yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd sellofan bükümü açdıqda içərisində qəhvəyi rəngli maddə oluduğunu görmüşlər. Təhqiqatçı içərisində narkotik vasitə olan heroin olan sellofan bükümü zərfə qoyub qablaşdırmış, zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə o da zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs bir ədəd şüşə qabı göstərib həmin qabda istifadə etmək üçün narkotik vasitə olan heroin hazırladığını, 2 qramlıq şprisi göstərib həmin şprislədən narkotik vasitəni damarına vurmaqda istifadə etdiyini bildirmişdir. Təhqiqatçı şüşə qabı və şprisi zərfə qoyub ayrı zərfə, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş Samsunq markalı mobil telefonu da ayrı zərfə qoyaraq qablaşdırmış, zərfləri möhürləmiş, digər iştirakçılarla birlikdə o da zərflərin üzərinə imza etmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş tibbi maskanı, kibriti, 10 manat pulu, bir qutu siqareti özünə qaytarmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs evində və ya başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının sonlarında Şəki aeroportunun yaxınlığından yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından bir qədər özü istifadə etmək məqsədilə yığıb Şəki şəhəri, S.Rəhman küçəsi, ev 15 A ünvanında yerləşən yaşayış binasının həyətindəki köhnə qazanxanada kərpicin altında gizlətdiyini, həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təhiqatçı şikayət və vəsatətlərinin olubolmadığını soruşmuş, heç bir şikayətləri olmamışdır. Videoçəkiliş dayandırılmış, kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmamışdır. Təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, doğru yazıldığı üçün digər iştirakçılarla birlikdə o da protokolu imzalamışdır. Onlar birlikdə Polis şöbəsindən çıxıb ünvan 7 ünvanında yaşayış binasının həyətində yerləşən qazanxananın olduğu yerə getmişlər. Təqsirləndirilən şəxs tikiliyə daxil olub kərpiclərin altından yabanı çətənə bitkilərinin yarpaqlarından yığıb bir ədəd sellofan torbada gizlətdiyi narkotik vasitə olan marixuananı götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı sellofan torbanı açıb içərisindəkiləri onlara göstərmiş, içərisində yaşıl rəngli bitki kütləsi, narkotik vasitə marixuana müəyyən olunmuşdur. Təhqiqatçı sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuananı olduğu kimi sellofan torbada zərfə qoyub qablaşdırmış, zərfi möhürləmiş, o da digər iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Təhqiqatçı onlardan şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, onların şikayət və vəsatətləri olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmamış, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş, doğru tərtib olunduğu üçün baxış iştirakçıları protokolu imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 29 noyabr 2021-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 2125-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 21-22) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 29 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd şpris, bir ədəd şüşə qab və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. (İş.v 41-49) Baxış keçirilməsi və maddi subutun götürülməsi barədə 30 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, həmin tarixdə ünvan 5 ünvanında yerləşən binanın həyətindəki köhnə qazanxanaya baxış keçirilən zamanı Təqsirləndirilən şəxs qazanxananın içərisindəki daşların altında gizlədərək saxladığı bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (İş.v 51-52) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya xəstəxanasının 11.12.2021-ci il tarixli 1341 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 128) Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrinin idarəetmə birliyi "Şəki rayon Mərkəzi xəstəxanası" Publik Hüquqi şəxsin 27.12.2021-ci il tarixli, 1583/1 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04.07.2015-ci il tarixdən "Opoidlərin sui istifadəsi ilə əlaqəli narkomaniya" diaqnozu ilə "Şəki RMX" publik hüquqi şəxsin Narkoloji kabinetində qeydiyyatdadır. (İş.v 134) Şəki şəhəri İHB-nın “Calğalıbulaq” məhəllə nümayəndəliyinin 10.12.2021-ci il tarixli 119 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. (İş.v 120-121) DİN-nin BƏSİİ-nin 04.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 05.08.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 10.02.2016-cı il tarixli qərarı ilə təyin olunmuş cəzadan 2 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şəki Rayon Məhkəməsinin 30.07.2018-cı il tarixli hökmü ilə CM-nin 234.1, 177.2.1, 177.2.3, 66.2-ci maddələri ilə 3 il 2 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.10.2021-ci ildə cəzasını tam çəkib qurtarmışdır. (İş.v 126) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2021-ci il tarixli 17/830 №-li rəyində görünür ki, təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş….» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,258 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs saxladığı narkotik vasitəyə bənzər bitki ...» sözləri və imzalar yazılmış zərfin içərisindəki, bir ədəd sellofan torbada, təmiz çəkisi - 273.61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin və qurudulmuş marixuana ayrı-ayrı növ narkotik vasitələr olduğundan onların müqayisəli tədqiqatı aparılmadı. -Heroinin təmiz çəkisi -0,258 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 0,208 qr. -Marixuananın təmiz çəkisi – 273,61qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq 273,56 qr. Aparılmış tədqiqatın dəyəri 103,65 manat təskil edir. (İş.v 58-61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 08 fevral 2022-ci il tarixli, 164 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəlyindən əzab çəkir, narkomaniya xəstəlyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 174) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 17/27 №-li rəyində görünür ki, təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs Ovezberdiyeviçin üzərindən götürülmüş 1 ədəd şpris və bir ədəd şüşə qab ...» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 2 mllik şprisdə və bir ədəd şüşə flakonda olan maddə hissəcikləri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 69,10 manat təskil edir. (İş.v 175-178) Şəki Rayon Məhkəməsinin 4(075)-103/2021 saylı 01.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay, yəni 29.11.2021-ci il tarixdən 28.02.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İş.v 105-107) Şəki Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 4(107)-98/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli, 4(075)-103/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. (İş.v 129-133) Şəki Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 1(075)-16/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.1 və 177.2.3-cümaddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 fevral 2017-ci ildən 18 avqust 2017-ci ilədək həbsdə saxlanıldığı 5 ay 28 gün müddət ona qəti olaraq təyin edilmiş 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 3 il 2 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (İş.v 136-145) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın və heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin, həmçinin qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəki rayon məhkəməsinin 30.07.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, 02.10.2021-ci il tarixdə cəzasını tam çəkib qurtarmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımış, 29 noyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilib saat 20 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şöbənin inzibati binasına aparılıb, saat 22 radələrində üzərinə şəxsi axtarış keçirilib əynindəki qara rəngli şalvarın sağ yan kiçik cibindən 0,258 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini, eləcədə üzərində cüzi miqdarda olduğundan təmiz çəkisi müəyyən edilməyən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hissəcikləri olan bir ədəd şüşə flakonu və bir ədəd 2 ml-lik şprisi, 30 noyabr 2021-ci il tarixdə saat 0130 radələrində ünvan 5 ünvanında yerləşən binanın həyətindəki köhnə qazanxananın içərisində daşların altından 273.61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı aşkar edib götürülənə kimi saxlamışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edilərək eyni zamanda məhkumluğu qanunsuz narkotik vasitə istifadə etmə ilə bağlı olmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran əməlində cinayətin residivinin olmasını şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bundan əvvəl Şəki Rayon Məhkəməsinin 05.08.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Şəki Rayon Məhkəməsinin 10.02.2016-cı il tarixli qərarı ilə təyin olunmuş cəzadan 2 ay 17 gün vaxtından əvvəl şərti azad olunmasını, Şəki Rayon Məhkəməsinin 30.07.2018-cı il tarixli hökmü ilə CM-nin 234.1, 177.2.1, 177.2.3, 67.2-ci maddələri ilə 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 02.10.2021-ci ildə cəzasının sonu ilə azad olunmasını diqqətdə saxlamaqla, bunlardan nəticə çıxarmaması qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 29.11.2021-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Şəki rayon Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 172,75 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,208 qram qalmış narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 273,56 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd 2 ml-lik şpris və 1 ədəd şüşə flakon məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 29.11.2021-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Şəki rayon Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,208 qram qalmış narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 273,56 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd 2 ml-lik şpris və 1 ədəd şüşə flakon məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 172,75 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-36/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-36/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver