Məhkəmə qərarları › İş №1(075)-38/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-38/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-38/2023 20.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Mingeçevir şəhəri Ə.Vahid küçəsi ev 6, mənzil 50 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 28.261 qram narkotik vasitə olan tiryəki əldə edib bir ədəd şəffaf sellofan bükümdə daşıyaraq üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X7 Cinayət Axtarış üzrə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində "Alaqapı" adlanan yerin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nin X7 inzibati binasına gətirilib həmin tarixdə, saat 17:53 dəqiqədən etibarən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı həmin bir ədəd şəftaf sellofan bükümdə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 28,261 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən on il olar ki, narkotik vasitə istifadəçisidir. Belə ki, qeyd edilən müddət ərzində o, narkotik vasitənin əsasən tiryək, marixuana, heroin növündən Bakı şəhərində tanımadığı şəxslərdən alıb, istifadə etmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə kirayə ev tutub yaşamaq üçün Bakı şəhərinə getmiş və 1 gecə rəfiqəsi Sevinc adlı şəxsin evini tapmadığı üçün küçədə gecələmişdir. xx.xx.2022-ci il tarixdə fikrini dəyişmiş və Mingəçevir şəhərinə qayıtmaq üçün Bakı şəhərində yerləşən avtovağzala getmişdir. Avtovağzalda narkotik vasitə ala biləcəyi şəxs axtardığı vaxt bir nəfər narkotik vasitə istifadəçisinə bənzəyən şəxs görmüşdür. Həmin şəxs hərəkətlərindən və bədən quruluşundan uzun müddətdir ki, narkotik vasitə istifadə edən şəxsə oxşayırdı. O, həmin şəxsdən narkotik vasitə ala biləcəyini düşünmüş, ona yaxınlaşmış, narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, söhbət zamanı həmin şəxs də özünün narkotik vasitə istifadəçisi olduğunu demişdir. O, həmin şəxsdən narkotik vasitə təşkil edə bilib-bilməyəcəyini soruşduqda, həmin şəxs üzərində narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki ona 150 (yüz əlli) manata sata biləcəyini bildirmişdir. Sonuncu ilə razılaşıb, 150 manat ödəyərək bir ədəd sellofan bükümdə tiryək almış və bükümü əynindəki şalvarın cibinə qoymuşdur. Həmin vaxtdan sonra içərisində tiryək olan bükümü gündəlik geyindiyi şalvarın cibində saxlamışdır ki, heç kim xəbər tutmasın. Bundan sonra xx.xx.2022-ci il tarixdə Şəki şəhərində yaşayan tanışı ilə görüşmək məqsədilə Mingəçevir şəhərində tanımadığı VAZ 2106 markalı avtomobilə minib Şəki rayonu, “Alaqapı” adlanan yerdə düşmüşdür. Həmin ərazidə şəhərə getmək üçün maşın gözləyən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Sonra onu polis şöbəsinə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olan narkotik vasitə və sair əşyalar təqdim edilməsi təklif edilmişdir. O, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində tiryək olan həmin bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq içərisində 12 ədəd siqaret dənəsi olan “Rothmans” markalı siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Həmin vaxt onun üzərindən aşkar edilmiş, təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan tiryək olması məlum olunmuşdur. O, narkotik vasitə istifadə edir, digər formada kiməsə verməmiş və belə bir məqsədi də olmamış, həmin tiryəki özü qəbul etmək üçün əldə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Şəki ŞRPŞnin Sarıca PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq saxlaması, istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuş, onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə şöbənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şəki rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisindəki “Alaqapı” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etdikdən sonra ona narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, satmaqda və istifadə etməkə şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişdirlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələri izah edilərək müdafiə hüququ təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq içərisində 12 ədəd siqaret dənəsi olan “Rothmans” markalı siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin tiryək olmasını bildirərək həmin tiryəki özü istifadə etmək üçün iki gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin sellofan büküm açıldıqda, içərisindən narkotik vasitəyə bənzər qara rəngli kütlə çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müəvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X8 Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər qara rəngli kütlə olan 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin sellofan bükümü Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin sellofan bükülü qablaşdırılaraq götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İnvitro MMC-nin xx.xx.2022-ci il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki. Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Morfin” , "Amphetamin”, ‘‘Marixuana”, ‘‘Metadon" qəbulu faktı aşkar edilmişdir. “Məhkəmə-kimyəvi” ekspertizanın 02 dekabr 2022-ci il tarixli, 17/872 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəksi 28.261 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryəkin təmiz çəkisi-26,261 qr., tədqiqata sərf edildi-0,100 qr., qalıq-28,161 qram təşkil edir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısın” na daxildir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 467 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhəri, Şəfa massivində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asılılıq sindromu diaqnozu ilə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. İş üzrə verilmiş əməlliyyat tapşırığının xx.xx.2022-ci il tarixli, 189-2134-1222 nömrəli cavab məktubundan görünür ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-narkoloji ekspertizanın 13 dekabr 2022-ci il tarixli, 1903 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Mingəçevir Şəhər X2 xəstəxanasından daxil olmuş 19 dekabr 2022-ci il tarixli, 741 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhəri, Şəfa massivində yaşayan Təqsirləndirilən şəxs Mingəçevir Şəhər X1 dispanser müşahidəsində yoxdur. “Ambulator məhkəmə psixiatrik” ekspertizanın 23 dekabr 2022-ci il tarixli, 783-No-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazıkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. “Sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Tahr qızının üərijndən aşkar olunaraq götürülmüş narkotik vasitəni əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilib həmin mənbənin müəyyənləşdirilərək qanuna uyğun tədbirlər görülməsi məasədi ilə cinayət işi üzrə material ayrılıb Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı məlumat mövcuddur. Belə ki, o, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il, həmin cəza üzrə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay 23 gün vaxtından əvvəl şərti azad edilib və xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılıb, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(011)-661/2021 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, məhkumluğu ödənilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-126/2021 saylı, 30 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-661/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 13 dekabr 2022-ci il tarixli, 1903 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan narkotik vasitə olan təmiz qalıq çəkisi 28.161 qram olan tiryək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə də maddi sübut kimi tanındığından, həmin cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, qeyd olunan maddi sübut Şəki ŞRPŞ-də saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 dekabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 28.161 qram olan tiryək məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2022-ci il tarixli ekspertiza tədqiqatının dəyəri 69,10 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 28.161 qram olan tiryək məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat (altməş doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar