Məhkəmə qərarları › İş №1(075)-39/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-39/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-39/2023 07.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1989-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 1 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Şəki şəhəri, Şövkət Cəbrayılov (köhnə Çapayev) küçəsi, ev 10-də pasport qeydiyyatda olan və tutulduğu günə kimi həmin ünvanda yaşamış, hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 30,277 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edib daşıyaraq üzərində saxlamış, 01 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Şəki şəhəri, Çapayev küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Şəki şəhəri, X6 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 13:21 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli pencəyin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 30,277 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir(maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə CM-nin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq istifadə etdiyinə görə məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Narkotik vasitədən mütəmadi deyil, arada istifadə edir. İş axtarmaq məqsədilə Bakı şəhərinə getmiş, Bakı şəhərində özünə iş tapa bilməmişdir. Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istehlak məqsədilə heroin və tiryək almışdır. Həmin bükümləri özündə saxlamış bir gün də Bakı şəhərində qaldıqdan sonra səhəri gün Şəki rayonuna yaşadığı evə gəlmişdir. 01 yanvar 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında küçədə dayanan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər və üzərində narkotik vasitə olduğuna dair aldıqları məlumatla bağlı onu Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Vəkil dəvət olunmuş, vəkil gəldkdən sonra təhqiqatçı onun CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmasını deyib hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarışın keçiriləcəyini demişdir. Bundan sonra videoçəkiliş ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini təklif etmiş və o, 01 ədəd içərisində narkotik vasitə tiryək olan ağ rəngli kağız bükümü və sellofan üzlüyünün arasında narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, əməlindən peşman olmuş və qeyd olunanları nəzərə alıb, ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. 01 yanvar 2023-cü il tarixdə “Fərrux” adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması, «Fərrux» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəhbərliyinin icazəsindən sonra 01 yanvar 2023-cü il tarixdə «Fərrux» adlı şəxsin, xx.xx.1989-cu il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri, Çapayev küçəsində yaşadığı evin yaxınlığında olması müəyyən edildiyindən həmin əraziyə getmiş, saat 11:30 radələrində ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsləri barədə məlumat əldə etdikləri bildirib onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Onun üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Nicat Nərimanlıya həvalə edilmiş, təhqiqatçı Nicat Nərimanlı öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Bir qədər sonra vəkil Müdafiəçi gəlmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis dəvət edilərək ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin, onun, mütəxəssisin və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli pencəyin sol yan cibindən 01 ədəd kağız bükümü, əynindəki tünd rəngli gödəkcənin sol yan cibindən özünə aid şəxsiyyət vəsiqəsini, 01 ədəd salfetka bağlamasını və içərisində 13 ədəd siqaret olan “Rothmans” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etmək təklif olunduqda o, həmin əşyaların ona məxsus olduğunu deyib əşyaları təqdim etmişdir. Əşyaları təqdim edən zaman o, cibindən çıxarıb masanın üzərinə qoyduğu kağız bükümdə olan bükülünü göstərib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kağız bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu siqaret qutusunun üzərindəki sellofan üzlüyün arasındakı gümüşü rəngli büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs hər iki bükülünün içərisindəki narkotik vasitəyə oxşar kütləni nə vaxt, haradan yaxud kimdən, hansı məqsədlə əldə etməsi, üzərində saxlamaqda məqsədi, başqa yerdə narkotik vasitə saxlayıb saxlamadığı barədə sual verildikdə o, həmin narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli kütlənin narkotik vasitə olduğunu və narkotik vasitəni təxminən bir həftə əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən həmin içərisində tünd qəhvəyi rəngli kütlə olan bükülülər ayrıayrılıqda zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Sonra isə videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 analoji ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 01 yanvar 2023-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1242-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 27-29) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 01 yanvar 2023-cü il tarixli protokolundan və ona əlavə edilmiş video diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkcənin sol yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə və əynindəki qara rəngli pencəyin sol yan cibindən 01 ədəd ağ rəngli bükümdə narkotik vasitəyə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. (İş.v 41- 49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 yanvar 2023-cü il tarixli 17/1 №-li rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən digər narkotik vasitəyə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,067 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən narkotik vasitəyə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 30,277 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, -Heroinin təmiz çəkisi -0,067 qr., tədqiqata sərf edildi - 0,02 qr., qalıq - 0,047 qr. -Tiryəkin təmiz çəkisi – 30,277 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq -30,177 qr. Aparılmış tədqiqatın dəyəri 69,10 manat təskil edir. (İş.v 59-62) 03 yanvar 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 103-105) 03 yanvar 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmişdir. (İş.v 106-108) Şəki Rayon Məhkəməsinin 4(075)-1/2023 saylı 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay, yəni 01 yanvar 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İş.v 110-112) Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 05 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında yaşayan Cabbarov X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olmamış və ora müraciət etməmişdir. (İş.v 119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 033 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 120) DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4, 69,4,-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib 8 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 1 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. (İş.v 129-130) Şəki Rayon Məhkəməsinin 1(075)-56/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, doqquz ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq səkkiz ay, iyirmi səkkiz gün müddət azadlıqdan məhrum etmə cəzasının saxlanılması və cəzaçəkmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. (İş.v 144- 147) Şəki Rayon Məhkəməsinin 1(075)-72/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Şəki Rayon Məhkəməsinin 1(075)-56/2021 saylı, 21 may 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması və cəzaçəkmənin əvvəli 09 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. (İş.v 148-157) Şəki Rayon Məhkəməsinin 1(075)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 1 (bir) ay 18 (on səkkiz) gün vaxtından əvvəl azad edilmişdir. (İş.v 158-162) Şəki rayon İcra və Probasiya Şöbəsinin 07 mart 2023-cü il tarixli, 240/10 nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 1 (bir) ay 18 gün azad edilmiş, Təqsirləndirilən şəxs cəza müddəti 09 fevral 2022-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 23 yanvar 2023-cü il tarixli, 108 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 163) Şəki şəhəri İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "Ağvanlar" məhəllə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 26 nömrəli arayışından və xx.xx.2023-cü il tarixli 25 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1961-ci il təvəllüdlü atası X3 ilə birlikdə ünvan 6 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (İş.v 165-166) 26 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,067 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi faktı üzrə əməlində CM-nin 234.1-ci maddənin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti aydiyatı üzrə Şəki ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 30,277 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edib daşıyaraq üzərində saxlamış, 01 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Şəki şəhəri, Çapayev küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Şəki şəhəri, X6 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 13:21 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli pencəyin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 30,277 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edilərək eyni zamanda məhkumluğu qanunsuz narkotik vasitə istifadə etmə ilə bağlı olmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran əməlində cinayətin residivinin olmasını şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bundan əvvəl Şəki Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4, 69,4,cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib 8 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 1 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmasını diqqətdə saxlamaqla, bunlardan nəticə çıxarmaması qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü -ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 30,177 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 01 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 30,177 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar