Məhkəmə qərarları › İş №1(075)-39/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-39/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-39/2024 23.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs, 28 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 13 yanvar 2015ci il tarixdə anadan olmuş X3 və 14 may 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(008)-2545/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Rayon Məhkəməsinin 3(075)-210/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 30 avqust 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 11800,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2014-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamadan el adəti ilə toy etməklə ailə qurmuşdur. Nikahlarını isə 29 aprel 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından Elşad və Mədinə adlı iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Zərərçəkmiş şəxs özü və valideynləri ilə münasibətləri korlandığından ayrılmışlar. Faktiki olaraq ayrılıb bir müddət ayrı yaşadıqdan sonra Aytəkin aliment tələbi ilə məhkəməyə müraciət etmiş məhkəmə qətnaməsi ilə ondan Elşad və Mədinənin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutulması qərarı alınmışdır. Qətnamənin icrası Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin qətnaməni icra etmədiyinə görə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, tikinti işlərində usta işləyir. Aytəkin onun uşaqlarla görüşməyinə şərait yaratmadığına görə alimenti ödəməmişdir. Yaranmış aliment borcunu hazırda ödəyə bilmir, lakin çalışıb imkanı daxilində ödənişlər edəcəkdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Onların nikahından iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən azyaşlı övladlarının onun himayəsində qalmasına baxmayaraq Zaur uşaqlarla maraqlanmamış və onların saxlanılmasına köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin qərarına əsasən evladları Elşad və Mədinənin saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qərara alınmışdır. Lakin, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimenti iki ildən çox müddətin keçməsinə baxmayaraq müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Halbuki, Zaur Bakı şəhərində tikinti işlərində usta işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Zaur Kəriovun barəsində cinayət məsuliyyətinə cəlb edilməsinıə dair təqdimat verildikdən sonra çox cüzi məbləğdə, yəni ümumilikdə 800 manat aliment ödənişi etmiş, alimentin hesablanmış qalan məbləğini bugünədək ödəməmişdir. Sonda zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs aliment borcunun qalan hissəsinin ödənilməsini tələb etdiyini bildirdi və aliment borcunu ödəmədiyi təqdirdə onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-2545/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 13 yanvar 2015-ci il tarixdə anadan olmuş X3 və 14 may 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə 22 aprel 2021-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 30 avqust 2023-cü il tarixədək 11800,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs icra sənədinin icrasına etinasız yanaşmış, fərdi qaydada işlədiyi halda alimenti ödəməyə səy göstərməmiş, çağırışlara gəlməkdən yayınmışdır. Buna görə də borclu Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs anasıdır. Qızı Aytəkin 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, onların birgə yaşayışdan 2015-ci ildə Elşad, 2019-cu ildə isə Mədinə adında övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Zaurun təqsiri ucbatından aralarında tez-tez mübahisələr baş vermişdir. Belə ki, Zaur tikinti işlərində usta işləmiş və normal qazancı olmuşdur. Lakin qazancını spirtli içkilərə xərcləmiş, ailəsinə isə baxmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq qızı Aytəkin ailəsindən boşanmışdır. Bundan sonra da dəfələrlə Zaur və onun valideyinləri ilə əlaqə saxlayaraq övladlarının ailəsini bərpa etməyə cəhd göstərsə də, bu mümkün olmamışdır. Ayrıldıqdan sonra da Zaur uşaqları ilə maraqlanmayıb və onların saxlanılmasına maddi köməklik göstərməyib. Buna görə də Aytəkin aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün 170,00 manat aliment müəyyən edilmişdir. Lakin alimentin müəyyən edilməsindən iki ildən çox müddətin keçməsinə baxmayaraq Zaur barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və alimenti ödəməmişdir. Elşad adlı nəvəsi hazırda məktəblidir və uşaqların maddi təlabatı gündən-günə artmaqdadır. Uşaqlara baxmaqda qızına köməklik etsələr də, onların da maddi imkanları zəif olduğundan uşaqların zəruri xərclərini ödəmək mümkün olmur. Odur ki, uşaqlarla çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq müəyyən edilmiş aliment məbləğinin Təqsirləndirilən şəxs alınaraq qızı Aytəkinə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)- 2545/2021 saylı 12 mart 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 13 yanvar 2015-ci il tarixdə anadan olmuş X3 və 14 may 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-2545/2021 saylı 12 mart 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 22 aprel 2021-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-2545/2021 saylı 12 mart 2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında verilmiş təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixə kimi aliment ödənilməmiş, ödənilməmiş alimentin miqdarı 11800,00 manat təşkil edir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Milliön” ödəniş terminalı vasitəsi ilə ümumilikdə 300 manat aliment pulu Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulkluq Agentliyinin 12 saylı ərazi Məşğulluq mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs iş axtarmaq məqsədi ilə mərkəzə müraciət etməmiş və işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Gələcəkdə o, iş axtarmaq məqsədi ilə mərkəzə müraciət edərsə, onun işə düzəlməsinə qanun çərçivəsində müvafiq köməklik göstəriləcəkdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(075)-210/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-2545/2021 saylı 12 mart 2021-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 23 fevral 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti Başçısnın Aydınbulaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq beş ildən artıq müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Çünki, bu müddət ərzində hesablanmış 11800 manat aliment borcundan cəmi 800 manat ödənişin həyata keçirilməsi, məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində öz evladlarının saxlanılmasında zərərçəkmiş şəxsə yardım etməməklə aliment borcunun ödənilməməsi, eyni zamanda məhkəmə tərəfindən evladlarının maddi tələbatlarının ödənilməsi üçün müəyyən olunmuş aliment məbləğini uzun müddət ödəməməklə onların normal həyat şəraitinin təmin olunmasından yayınması Zaur Kəriovun əməlinin ictimai təhlükəliliyini artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar