Məhkəmə qərarları › İş №1(075)-41/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-41/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-41/2021 11.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, işsiz, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Rayon Məhkəməsinin 8 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəzərov X4 Ağır Cinayətlər Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 25.09.2019-cu il tarixli Şəki Rayon Məhkəməsinin qərarı ilə 09 ay 14 gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına, 09.07.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 21.29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 1.95 qram hissəsini 18 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında 01 ədəd kibrit qutusunun içərisində 60 manat pul müqabilində tanışı Şahid1 satmış, qalan 19.34 qram hissəsini isə bir ədəd sellofan torbada Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin giriş hissəsinin sol tərəfində gizlədərək saxlamış, 19 dekabr 2020-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin X11 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 saat 12:10 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində olan, “Şəhidlər Xiyabanı” adlanan ərazinin yaxınlığında saxlanılaraq X15 gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynindəki gödəkçənin sağ yan cibindən, 01 ədəd kibrit qutusunun içərisində, şəxsi istehlak miqdarında, təmiz çəkisi 1.95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə Təqsirləndirilən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin X11 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhər-rayon Polis Şöbəsinin X11 inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilən əşya yaxud predmet aşkar edilməmiş, həmin gün saat 22:50-də yaşadığı Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində olan tövlənin giriş hissəsinin sol tərəfində saxladığı, təmiz çəkisi 19.34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitədən mütəmadi deyil, arabir istifadə edir. Ailəsi Bakı şəhərində yaşadığından, o, evdə tək yaşayır və hadisə baş verən günü, o, evdə tək yatmışdır. Səhər saatlarında yuxudan oyananda evdə polislər olduğunu görmüş və polislər onu yerindən durğuzub qollarını buraraq X15 aparmışlar. Bölmədə onu zirzəmiyə salıb orada saxlayaraq döymüş və məcbur etmişlər ki, evdə narkotik maddə saxladığını və Yusifə narkotik maddə satdığını boynuna alsın. O da məcbur olub etiraf etmişdir. Etiraf etməsinə səbəb həm döyülməsi, həm də evdə aşkar olunan narkotik vasitənin miqdarının az olmasına dair razılaşmalarıdır. Belə ki, etiraf etməsə idi tövləsindən tapılan narkotik vasitə 21.29 qram yox, daha çox olacaqdı. Yusifə və yaxud digər hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Yusiflə əvvəllər qohumluq münasibətləri olmuşdur. Belə ki, Yusif onun bacısının əri olmuş, lakin sonradan ayrılmışlar. Ehtimal edir ki, qeyd olunan səbəbdən Yusif ona şər atır. İstintaq dövründə onu vəkillə təmin etməmişlər. Vəkili o, iki dəfə görüb. Birinci dəfə məhkəməyə həbs olunması üçün gətirildikdə, bir dəfə də istintaqın yekununda vəkil ilə təmin edilmişdir. Başqa vaxtı onun vəkili olmamış, barəsində məhkəmədə qətimkan tədbirinə baxılarkən, cinayəti etiraf etməsinə, özünü təqsirli bilməsinə səbəb müstəntiqin onun buraxılacağına dair vəd verməklə aldatması olmuşdur. Bir sözlə onun evində narkotik vasitə olmamış, o, heç kimə narkotik satmamışdır. Məhkəmədən qeyd olunanları nəzərə alıb ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2014-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tutulmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə isə 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki Rayon Məkməsinin 25.09.2019-cu il tarixli qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təxminən 18 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Həmin narkotik vasitədən mütəmadi deyil, arabir istifadə edir. Təxminən 10 dekabr 2020-ci il tarixdə, axşam saat 17 radələrində yaşadığı kəndin girişində, “Dəhnəbaşı” adlanan ərazidə dayanıb kəndə getmək üçün avtomobil gözləmiş, lakin avtomobil olmadığı üçün ətrafda gəzinməyə başladıqda yolun kənarında sellofan torbanın olması diqqətini cəlb etmiş, sellofan torbanın içərisinə baxdıqda içərisində 02 ədəd kibrit qutusunun olduğunu görüb qutuları açaraq içərilərinə baxmış, hər iki kibrit qutusunun içərisində, el arasında “nəşə” adlanan narkotik vasitə olduğunu görmüş və ətrafda heç kimin olmadığına baxdıqdan sonra özü istifadə etmək məqsədilə həmin kibrit qutularını sellofan torba ilə birlikdə götürüb cibinə qoymuşdur. Bir qədər həmin yerdə dayandıqdan sonra xatırlamadığı kənd sakini ilə yaşadığı evə getmişdir. Yaşadığı evə getdikdən sonra həmin narkotik vasitəni evin həyət hissəsində olan tövlənin giriş hissəsində gizlətmişdir. Evdə ondan başqa heç kim olmamışdır. Çünki ailəsi və övladı Rusiya Federasiyasında, anası isə Bakı şəhərində qardaşıgilin evində yaşayır. Buna görə də yaşadığı kənddə olan evində tək yaşayır. 18 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində evdə olan zaman Yusif onu evinin giriş qapısına gəlib çağırmağa başlamış, səsə çölə çıxdıqda çağıranın qonşusu Yusif olduğunu görmüşdür. Bundan sonra onunla salamlaşmış və elə çöl tərəfdə, giriş hissədə onunla söhbət etmişdir. Söhbət zamanı Yusif ondan çəkmək üçün nəşə olub-olmadığını soruşduqda ona bir müddət əvvəl yolun kənarından tapdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həyətə daxil olub tövlədə gizlətdiyi narkotik vasitənin içərisində bir qədər az olan bir kibrit qutusunu götürüb yenidən Yusifin yanına qayıtmış və ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra tövlədən götürdüyü içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusunu ona vermişdir. Yusif isə bunun müqabilində cibindən 60 manat məbləğində pulu çıxarıb ona vermiş, o isə işləmədiyi üçün və pula ehtiyacı olduğuna görə götürüb cibinə qoyaraq onunla sağollaşıb evinə keçmişdir. Ertəsi günü, yəni 19 dekabr 2020-ci il tarixdə axşam radələrində yaşadığı evin yaxınlığında olduğu vaxt Sarıca PB-nin əməkdaşları yaxınlaşıb Şahid1 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, etdiyi əməlin bilindiyini başa düşüb etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsinə getdikdən sonra müstəntiq Zəfər müəllimin olduğu otağa aparmışlar. Həmin otaqda Zəfər müəllim Şahid1 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib buna görə tutulacağını bildirmiş və vəkillərin siyahısını təqdim etmişdir. Həmin siyahıdan Müdafiəçi seçmiş, bir qədər keçdikdən sonra Cavid müəllim də Sarıca PB-nə gəlmişdir. Bundan sonra isə müstəntiq ona CM-nin 234.2-ci maddəsi ilə tutulduğunu bildirib hüquq və vəzifələrini izah etmiş, videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı da yenidən hüquq və vəzifələri izah edilməklə iştirak edən şəxslərlə münasibətləri, ədavət və düşmənçilikləri soruşulduqda heç bir iştirakçı ilə ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Bundan sonra müstəntiq ona üzərində olan əşyaları təqdim etməyi bildirdikdə o, ayağa qalxaraq üzərində olan evin açarlarını, cib dəsmalını, siqaret və mobil telefonu masanın üzərinə qoymuş, sonra müstəntiq onun üzərini yoxlamış və heç bir şey tapmamışdır. Daha sonra isə Şahid1 narkotik vasitə satıb-satmadığını soruşduqda o, 60 manata 1 kibrit qutusunu satdığını bildirib ifadəsində qeyd etdiyi xüsusatları söyləmişdir. Bundan sonra isə başqa yerdə narkotik vasitəsi olub-olmadığı soruşulduqda yaşadığı evin tövləsində narkotik vasitə olduğunu, satdıqdan sonra bir hissəsini orada qaldığını demişdir. Bundan sonra isə müstəntiq onun mobil telefonunu qablaşdırmış, digər əşyaları isə onun özünə qaytarmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və imzalamışdır. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş, vəkilin, müstəntiq və digərlərinin iştirakları ilə yaşadığı evin yaxınlığına getmişlər. Daha sonra isə evində baxış keçirilməsindən ötrü, həmkəndliləri olan, əvvəllər ədavət və düşmənçiliyi, qohumluq münasibətləri olmayan, hazırda adlarını xatırlamadığı iki nəfər şəxs dəvət edilmişdir. Bundan sonra isə müstəntiq onların, digər iştirakçıların hüquq və vəzifələrini izah etməklə, yenidən iştirakçılarla arasında münasibətləri, etirazının olub-olmadığını soruşduqda heç birinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra isə müstəntiq onun yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməyi xahiş etdikdə, evin həyət hissəsinə daxil olaraq tövlədəki narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitə müstəntiq tərəfindən bütün iştirakçılara göstərildikdən sonra qablaşdırmışdır. Müstəntiq yaşadığı evdə əlavə narkotik vasitə olub-olmadığını soruşduqda “xeyr” deyə cavab vermişdir. Daha sonra isə müstəntiq evinin digər hissələrinə baxış keçirmiş, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra isə bu barədə protokol tərtib edilmiş və digər iştirakçılar kimi o, da həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Bəxtiyarla münasibətləri yaxşıdır, əvvəllər qohum olmuşlar. Lakin hazırda qohumluqları, o, cümlədən aralarında düşmənçilik və ədavət yoxdur. Arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Bir neçə dəfə Bəxtiyardan kibrit qutusunda narkotik vasitə almışdır. Təxminən on beş gündən bir 1 qutu. Qutusunu 60 manata almışdır. Axırıncı dəfə aldığının bir hissəsini istifadə etmiş, keyfiyyəti xoşuna gəlməmişdir. 19 dekabr 2020-ci il tarixdə Bəxtiyardan aldığı narkotik vasitə üstündə olduğu zaman X11 əməkdaşları onu saxlamış və bölməyə aparmışlar. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş və üstündə olan narkotik vasitə aşkar olunmuşdur. O da həmin narkotik vasitəni Bəxtiyardan 60 manata aldığını etiraf etmişdir. Narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili işləyir. 19 dekabr 2020-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kənd sakini “Yusif” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, qəbulu və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 19 dekabr 2020-ci il tarixdə “Yusif” adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis mayoru Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Yusif adlı şəxsin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Şahid1 olduğu müəyyən edildikdən sonra Şahid1 Kiçik Dəhnə kəndində yerləşən “Şəhidlər Xiyabanı”nın yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Şahid1 vəkil Emil Əliyevin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, daha sonra vəkilin, onun, sahə rəisi Şahid6 iştirakı ilə videoçəkilişlə Şahid1 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən kibrit qutusunda narkotik vasitə aşkar olunmuş, müstəntiq Şahid1 narkotik vasitəni haradan əldə etməsi barədə suallar verdikdə o, narkotiki həmkəndlisi və qonşusu “Bəxtiyar” adlı şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Keçirilmiş tədbirlər zamanı “Bəxtiyar” adlı şəxsin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Təqsirləndirilən şəxs olması, hazırda yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir. Bundan sonra Şahid3 ilə birlikdə Şəki rayonu Kiçik Dəhnə kəndinə gedib Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq Sarıca PB-nə gətirmişlər. Vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, üzərinə videoçəkilişlə onun, vəkilin, polis sahə nəfəri Şahid3 iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Bundan sonra isə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ondan əvvəl Şəki rayonu Kiçik Dəhnə kənd sakini Şahid1 üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən kibrit qutusunun içərisində yaşıl rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülməsini, həmin şəxsin narkotik vasitəyə oxşar kütləni Şəki rayonu Kiçik Dəhnə kənd sakini “Bəxtiyar” adlı şəxsdən 60 manat pul müqabilində özü istifadə etmək üçün aldığını bildirib Şahid1 dediklərinin doğru olub-olmamasını, əgər doğrudursa nə vaxt, harada narkotik vasitəni satmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə Şahid1 60 manata narkotik vasitə satdığını, həmin narkotiki yaşadığı kəndin giriş hissəsindən tapdığını, 60 manat pulu xərclədiyini, satdığı narkotik vasitədən yaşadığı evdə qaldığını, onu təqdim edə biləcəyini, evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş mobil telefon müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılmış, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bundan sonra Şahid6 və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, evin darvaza qapısı önündə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələri izah olunmuş və bir daha yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, həmin şəxs hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edilmiş, onların iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərməsi təklif olunduqda, o evin həyətində yerləşən tövləni göstərib narkotik vasitəni tövlədə gizlətdiyini bildirmişdir. Tövlədə qapının sol tərəfində qaz balonunun üzərində olan sellofan torbanın içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütləni götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə kimi təqdim etdiyi kütlənin çəkisinin, tərkibinin və narkotik vasitə olubolmamasının müəyyən edilməsi, ekspetiza tədqiqatına təqdim edilməsi üçün 01 ədəd zərfə qoyulub müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yardımçı tikililərə və evin bütün otaqlarına baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra müstəntiq tərəfindən bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Şahidlər Şahid3 və Şahid6 məhkəmə iclasında Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, əvvəllər hal şahidi qismində iştirak etməmişdir. 19 dekabr 2020-ci il tarixdə axşam radələrində polis əməkdaşı Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyi ilə bağlı hal şahidi qismində iştirak etməyini ondan xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin evinə getmişlər. Başqa bir nəfər hal şahidi də dəvət edilmiş, hüquq və vəzifələri izah edilmiş, baxışda iştirak etmələrinə, iştirakçılara etirazın olub-olmadığını araşdırılmışdır. O, Təqsirləndirilən şəxsla arasında heç bir ədavət və düşmənçiliyin olmadığını, həmçinin etiraz və vəsatətlərinin olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin evin həyətində yerləşən tövlədə olduğunu bildirmiş, tövləyə daxil olan kimi qapının sol tərəfində qaz balonunun üzərində olan sellofan torbanın içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar olunan kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Şahid5 məhkəmə iclasında Şahid4 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, X11 rəisi vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Təqsirləndirilən şəxsla ədavət və düşmənçiliyi yoxdur. 19 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 2-3 radələrində saxlanılaraq bölməyə gətirilmiş, Təqsirləndirilən şəxs evinə isə bildiyi qədərilə saat 5-6 radələrində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs harda saxlanılmasından məlumatı yoxdur, ehtimal edir ki, kənddə saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasında, habelə yaşadığı evinə baxış keçirilməsində iştirak etməmiş, evinə daxil olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki təsir göstərməmişdir. Bildiyi qədərilə əməliyyat işi açılmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır, onun günahsız olduğuna inanır. Təqsirləndirilən şəxs polislər səhər sahatlarında aparmış, axşam 5-6 radələrində isə evə gətirmişlər. Aparanda görməmişdir, lakin axtarış zamanı orada olmuşdur. Onu yaxın getməyə qoymamışlar. Lakin polislərdən birinin tövlənin çardağına çıxaraq tövləyə nəsə atdığını görmüş, sonra isə tövlənin qapısını açıb Bəxtiyarı məcbur etmişlər ki, atdıqlarını götürsün. Qaranlıq olduğu üçün qeyd etdiyi halları telefon işığı vasitasi ilə görmüşdür. Qaranlıq olduğu üçün dəqiq kimin atdığını və nəyi atdığını görməmiş, atdıqlarını sonradan gətirib maşında zərfə qablaşdırmışlar. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır və onu ağıllı bir adam kimi tanıyır. Hadisə ilə bağlı bildirmişdir ki, polislər tövlənin çardağına çıxıb tövlənin içərisinə nəsə atmışlar. Bəxtiyarı da məcbur etmişlər ki, həmin atdıqlarını götürsün. Hadisə gecə olub, özü tövlədən çöldə olub və qapıdan görüb. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısıdır. Qardaşını polislər səhər aparmış, axşam isə gətirmişlər. Onu yaxına buraxmamışlar. Polislər nərdivanla tövlənin çardağına çıxıb, tövləyə nəsə atmaq istəyəndə əmisi buna imkan verməmiş, lakin onlar əmisini itələyib yıxmışlar. Sonra isə qapını açdırıb məcbur etmişlər ki, Bəxtiyar onların tövləyə atdığını götürsün. Polislərin tövləyə atdıqlarını tam görməyib, bilir ki, sellofan torbada olub. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 19 dekabr 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Şahid1 üzərinə 19.12.2020-ci il tarixdə X13 şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən, 01 ədəd kibrit qutusunun içərisində, şəxsi istehlak miqdarında, təmiz çəkisi 1.95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 20 dekabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı evə baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən evin həyətyanı sahəsindəki tövlənin giriş hissəsinin sol tərəfində, 01 ədəd sellofan torbanın içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2020-ci il tarixli, 17/635 saylı rəyindən görünür ki: “Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Şahid1 üzərindən aşkar olunmuş... 01 ədəd kibrit qutusu“ sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 1,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin tövləsindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 19.34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda, 01 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd : Marixuanaların təmiz çəkisi - 1,95 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 1,90 qr. Marixuanaların təmiz çəkisi - 19.34 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 19,29 qr. (Aparılan tədqiqatın dəyəri 34,55 manat təşkil edir). Şəki RMX Nаrkоlоji şöbəsinin 27 yanvar 2021-ci il tаrixli, 125 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2016-cı il tarixdən etibarən “Kannobinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 mart 2021-ci il tarixli, 215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müаlicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 04 fevral 2021-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Şəki şəhər-rayon Polis Şöbəsinin X13n daxil olmuş 05 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Şəki şəhər-rayon Polis Şöbəsinin X11 inzibati binasının ətrafında quraşdırılmış video kameraların yalnız müşahidə xarakterli olması və yaddaş bazasının olmaması ilə əlaqədar olaraq 19 dekabr 2020-ci il tarixdə saat 04:00-dan saat 12:00-dək olan video görüntülərin Şəki Rayon Məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Şahid1 şübhəli şəxs qismində saxlanılması, polis bölməsinə dəvət edilməsi, üzərinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi, eyni zamanda Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə baxış keçirilməsi, yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsi nəticəsində narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni həm satış məqsədi ilə, həm də şəxsi istifadə üçün əldə etməsi və daşıyaraq saxlaması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin məhz 234.1 və 234.2-ci maddələri ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət işinin materiallarında mövcud olan sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 21.29 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edərək özündə saxlayıb, daha sonra həmin narkotik vasitədən bir hissəsini tanışı Şahid1 satdığından, onun əməli CMnin yalnız bir maddəsi ilə, yəni CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmalı, CM-nin 234.1ci maddəsi ilə ona qarşı irəli sürülən ittiham isə ümumi ittihamdan xaric edilməlidir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham irəli sürərkən heç bir əsaslandırma gətirmədən, müvafiq sübutlar əldə edərək araşdırmadan, yalnız sonuncunun narkomaniya xəstəliyindən əzab çəkdiyini əsas götürməklə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni həm satış, həm də şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Məhkəmə isə məhkəmə istintaqının nəticəsində belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı bu halda yanlışlığa yol vermiş və düzgün olmayaraq təqsirləndirilən şəxsin əməlini əlavə olaraq CM-nin 234.1-ci maddəsi ilə də tövsif etmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi 21.29 qram narkotik vasitənin təqribən onda bir hissəsi olan 1.95 qramını 60 manata tanışı Şahid1 satması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əvvəlcədən niyyəti həmin narkotik vasitəni yüksək qiymətə satmaq olmuş və məhz bu məqsədlə həmin narkotik vasitənin bir hissəsini tanışına satmış, qalan hissəsini yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə gizlədərək saxlamışdır. Belə olan halda, haqlı olaraq məhkəmədə o qənaət formalaşmışdır ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq sözügedən miqdarda narkotik vasitəni istintaqla müəyyən olunmayan mənbədən məhz satış məqsədi ilə əldə etmiş, özündə saxlamış və ibtidai istintaq orqanının da müəyyən etdiyi kimi həmin narkotik vasitədən bir hissəsini tanışı Şahid1 satmışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl CM-nin 234.2-ci maddəsi ilə tam əhatə olunduğundan onun əməlinin, həmçinin CM-nin 234.1-ci maddəsi ilə əlavə tövsifinə ehtiyac yoxdur. Ona görə də həmin maddə ilə bağlı Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham ona qarşı elan olunan ümumi ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışında tədqiq edilmiş öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ifadəsində, hətta məhkəmədə barəsində qətimkan tədbiri seçiləndə ona istinad olunan əməli etiraf etmişdir. O, məhkəmə baxışında təqsirsiz olduğunu bildirsə də, ibtidai istintaqda etiraf edici ifadələr verdiyini inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Belə ki, məhkəmə baxışında səhər tezdən evindən tutulub bölməyə aparılmasını, ibtidai istintaq dövründə fiziki təsirə məruz qaldığını bildirsədə, qeyd olunan hallar araşdırılmış və təsdiqini tapmamışdır. Qeyd edilən xüsusatlar Şəki rayon prokurorluğunda araşdırılmış və prokurorluğun 31 may 2021-ci il tarixli qərarı ilə 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qarşı Şəki ŞRPŞ-nin əməkdaşları X3, Şahid6 və Şahid2 tərəfindən qanunsuz əməllərin törədilməsi ilə bağlı toplanmış 72c-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Məhkəmə göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Şahid1 ifadəsini inadırıcı hesab etməklə, şübhəli olmasını qəbul etmir. Məhkəmə qeyd edir ki, şahidin ifadəsi digər sübutlarla inkar olunmur, bunun əksi olaraq məhkəmə iclasında dindirilmiş digər şahid ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə təkzib olunmur. Odur ki, məhkəmə şahidin ifadəsini əsaslı sübut kimi qəbul edir. Məhkəmə Arifə Nuruyeva, Xacay Abdulkərimova və Gülnarə Rəsulovanın göstərdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxsin yaxın adamları olmaqla onu müdafiə etmək məqsədilə ümumi sözlərdən ibarət olan ifadələr vermişdirlər. Belə ki, qeyd olunan şəxslər narkotik vasitənin polis işçiləri tərəfindən tövləyə çardaqdan atıldığını bildirsələr də, bunun konkret olaraq kim tərəfindən edildiyini görmədiklərini və bilmədiklərini, hadisənin günün qaranlıq vaxtında baş verdiyini, onları yaxın buraxmadıqları üçün kənardan izlədiklərini demişdilər. Odur ki, məhkəmə Arifə Nuruyevanın, Xacay Abdulkərimovanın və Gülnarə Rəsulovanın ifadəsini əsaslı sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri). DİN-nin BƏSİİ-dən daxil olmuş 25 yanvar 2021-ci il tarixli tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli hökmünün və Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki Nəzərov X4 Ağır Cinayətlər Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 25.09.2019-ci il tarixli qərarı ilə 09 ay 14 gün vaxtından əvvəl şərti azad olunub, 09.07.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirici halı kimi qəbul edir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır cinayət hesab olunur. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və cinayətlərin residivini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-yə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). CM-nin 234.2-ci maddəsinin sanksiyasında yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 19 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə, yəni 19 dekabr 2020-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 10 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlama müddəti 20 gün, yəni 19 mart 2021-ci il tarixdən 08 aprel 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 1.90 qram və 19.29 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi irəli sürülən ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı müddət çəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmənin əvvəli 19 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Şəki ŞRPŞ-ndə saxlanılan və ekspertiza tədqiqatından sonra çəkisi 1.90 qram və 19.29 qram olan narkotik vasitə hesab edilən marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar