Məhkəmə qərarları › İş №1(075)-42/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-42/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-42/2023 12.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1986-cı ildə Masallı rayonu, Əzizabad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Əlizabad kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, 28 yanvar 2023-cü il tarixdə barəsində Bakı şəhəri, Nizami RPİdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə aparılan cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs onu Fövqaladə Hallar Nazirliyinin Şəki rayon şöbəsinə yanğınsöndürən işinə düzəlməsinə və Fövqaladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan və uydurma vədlər verməklə inandırıb onun etibarından sui-istifadə etmək yolu ilə onun cinayətkar qəsdindən məlumatı olmayan bacısı X1 adına olan kart hesabına Zərərçəkmiş şəxs 18 iyun 2022-ci il tarixdə, saat 11:56 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» marketindəki eManat terminalı vasitəsi ilə göndərdiyi 500 manat, 21 iyun 2022-ci il tarixdə, saat 11:16 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» marketindəki eManat terminalı vasitəsi ilə göndərdiyi 550 manat, 25 iyun 2022ci il tarixdə, saat 10:46 radələrində Şəki şəhəri, M.Rəsulzadə prospektində yerləşən «Şəki store» mağazasındakı eManat terminalı vasitəsi ilə göndərdiyi 1000 manat, 20 iyul 2022-ci il tarixdə, saat 20:50 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» marketindəki eManat terminalı vasitəsi ilə göndərdiyi 130 manat, 21 iyul 2022-ci il tarixdə saat 16:31 radələrində Şəki şəhəri, M.Rəsulzadə prospektində yerləşən «Yenilik» marketindəki eManat terminalı vasitəsi ilə göndərdiyi 180 manat olmaqla, cəmi 2360 manat pulu qəsdən tamah məqsədilə alıb ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurulması ilə nəticələnmiş dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin mart ayının əvvəllərində istirahət etmək üçün Qax rayonunda olan evlərin qiymətləri ilə maraqlanmaq üçün internetə daxil olmuşdur. İnternetdə olan kirayə ev elanlardan, yəni Kəmalə adı ilə qoyulan şəxsin mobil nömrəsini internetdən götürüb ona zəng vurmuşdur. Söhbət zamanı Kəmaləyə prezident aparatında işlədiyini və yaxın vaxtlarda istirahət etmək üçün Qax rayonuna gəlmək istədiyini bildirmişdir. Kəmalədə ona bildirmişdir ki, gəlməmişdən bir həftə əvvəl ona zəng etsin ki, evi ona saxlasın. Sonradan işləri alınmadığı üçün Qax rayonuna istirahətə gedə bilməmişdir. Lakin Kəmalə ilə yenə hərdən əlaqə saxlayıb onunla danışmışdır. Bir neçə gündən sonra Kəmalə ona zəng vurub Şəki şəhərində qohumu olduğunu bildirmiş və qohumunu işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Kəmaləyə qohumunun işə düzəlməsinə köməklik edəcəyini bildirmişdir. Sonra Kəmalə qohumu Abbasəlinin mobil nömrəsini zəng etməsi üçün ona vermişdir. Aradan bir müddət keçdikdən sonra Abbasəliyə məxsus nömrəyə zəng vurub nömrəsini qohumu Kəmalənin verdiyini bildirmişdir. Söhbət zamanı Abbasəliyə prezident aparatında işlədiyini, hazırda Fövqaladə Hallar Nazirliyində yanğın söndürən vəzifəsinə vakansiya olduğunu, istəyəcəyi təqdirdə onu həmin işə düzəldə biləcəyini və bunun üçün 2500 manat dövlətə ödəniş etməli olduğunu demişdir. Abbasəli də həmin pulu verməyə razılaşmış və ona yaxın günlərdə Bakı şəhərinə gələcəyini orada görüşüb ətraflı danışmalarını məsləhət bilmişdir. Təxminən 3-4 gündən sonra Abbasəli ona zəng vurub Bakı şəhərində olduğunu bildirdiyi üçün «Gənclik» molun restoranında onunla görüşüb işi ilə bağlı söhbət etmişlər. Abbasəli gedən zaman ona pulu hazırlayıb göndərəcəyini bildirmişdir. Bir neçə gündən sonra yəni, 18 iyun 2022-ci il tarixdə Abbasəliyə zəng vuraraq ilkin olaraq 500 manat dövlət ödənişləri olduğunu və həmin pulu ona göndərəcəyi kart hesabına göndərməsini bildirmiş və özündə olan bacısı X1 adına olan kartın şəkilini çəkib vothsapla Abbasəliyə göndərmişdir. Həmin gün Abbasəli də göndərdiyi kart hesabına 500 manat pul göndərmişdir. Bundan başqa 21 iyun 2022-ci il tarixdə həkim komisiyasından keçmək üçün Abbasəliyə zəng vurub 550 manat, 25 iyun 2022-ci il tarixdə Fövqaladə Hallar Nazirliyinin akademiyasına qəbul olunması üçün zəng vurub 1000 manat, 20 iyul 2022-ci il tarixdə sığorta ödənişləri üçün zəng vurub 130 manat, 21 iyul 2022-ci il tarixdə əlavə sığorta ödənişləri üçün zəng vurub 180 manat dövlət ödənişləri üçün pul lazım olduğunu demiş, Abbasəli də qeyd etdiyi tarixlərdə göndərdiyi ərazisindəki bankomatdan çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Sonradan Abbasəlinin pulunu qaytarmağa pulu olmamışdır. Abbasəli ona zəng vurub işi ilə maraqlananda yalandan ona işi ilə əlaqədar Şuşa şəhərinə getdiyini, narahat olmamamasını bir həftəyə kimi işini həll edəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Abbasəli yenə işi ilə maraqlanmaq üçün ona zəng vurmuş, həmin vaxt yalan danışmaqdan bir şey çıxmayacağını başa düşdüyü üçün Abbasəliyə onun işini həll edə bilmədiyini, lakin narahat olmamasını pulunu yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Ancaq maddi imkanı olmadığı üçün sonradan Abbasəlinin pulunu qaytara bilməmişdir. Abbasəliyə yalandan prezident aparatında işlədiyini və Fövqaladə Hallar Nazirliyində çoxlu tanışları və dostları olduğunu onuda tanışlarının vasitəsi ilə yanğın söndürən kimi işə düzəldəcəyini demişdir. Həqiqətdə isə Fövqaladə Hallar Nazirliyində tanışı və dostu olmamışdır. X3 Nazirliyinə işə düzəlməsinə köməklik edəcəyi adı ilə aldadıb cəmi 2360 manat pulunu almışdır. Abbasəli həmin pulların hamısını ona göndərdiyi kart hesabına göndərmişdir. X4 işə düzəltmək adı ilə aldadıb 2360 manat pulunu almasından xəbəri olmamışdır. Bacısının kartından istifadə etdiyi üçün həmin kartı Abbasəliyə göndərmiş, Abbasəlidə həmin karta pul köçürmüşdür. Puluda sonra Bakı şəhərində Nizami rayonu ərazisində bankomatdan özü çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və anasının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, işsiz olduğu üçün 2022-ci ilin iyun ayının əvvəllərində qohumu Kəmalədən ona iş tapmaqda köməklik etməsini xahiş etmişdir. Sonradan Kəmalə ona zəng vurub Təqsirləndirilən şəxs adında bir şəxsin prezdent aparatında işlədiyini, onu işə düzəlməsinə köməklik etməsini Ramaldan xahiş etdiyini ona görə mobil nömrəsini əlaqə saxlamaq üçün Ramala verdiyini bildirmişdir. 12 iyun 2022-ci il tarixdə Ramal ona zəng vurmuşdur. Söhbət zamanı Ramal ona hazırda Fövqaladə Hallar Nazirliyində baş çavuş rütbəsində yanğın söndürən vəzifəsinə vakansiya olduğunu, istəyəcəyi təqdirdə onu həmin işə düzəldə biləcəyini və həmin iş üçün 2500 manat civarında dövlət ödənişləri etməli olacağını demişdir. İşsiz olduğu üçün Ramala işə düzəlməsinə köməklik etməsini bildirmiş və ona dediyi 2500 manat məbləğində pulu verməyə razı olmuşdur. 18 iyun 2022-ci il tarixdə Ramal ona zəng vuraraq ilkin olaraq 500 manat dövlət ödənişləri olduğunu və həmin pulu ona göndərəcəyi kart hesabına göndərməsini bildirmişdir. Bir azdan Ramal ona X1 adma olan kartın şəkilini göndərdiyi üçün həmin kart hesabına Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» adlanan marketdəki eManat terminalı vasitəsi ilə 500 manat pul göndərmişdir. Bundan sonra Ramal 21 iyun 2022-ci il tarixdə həkim komisiyasından keçmək üçün ona 550 manat dövlət ödənişi olduğunu bildirmiş və həmin pulu əvvəl pul göndərdiyi karta göndərməsini xahiş etdiyi üçün həmin gün yenə «Ukrayna» adlanan marketdəki eManat terminalı vasitəsi ilə ona 550 manat pul göndərmişdir. Bundan sonra Ramal 25 iyun 2022-ci il tarixdə ona zəng vurub Fövqaladə Hallar Nazirliyinin akademiyasına qəbul olunması adı ilə ondan 1000 manat pul istədiyi üçün həmin tarixdə Şəki şəhəri, M.Rəsulzadə prospektində yerləşən Şəki store mağazasındakı eManat terminalı vasitəsi ilə yenidən həmin kart hesabına 1000 manat pul göndərmişdir. Bir neçə gündən sonra yəni 20 iyul 2022-ci il tarixdə Ramal ona zəng vurub sığorta ödənişləri adı ilə ondan 130 manat pul istədiyi üçün həmin tarixdə Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» marketdəki eManat terminalı vasitəsi ilə yenidən həmin kart hesabına 130 manat pul göndərmişdir. Səhərisi gün yəni 21 iyul 2022-ci il tarixdə Ramal ona zəng vurub sığorta ödənişləri üçün əlavə 180 manat pul lazım olduğunu, həmin ödənişidə etdikdən üç gün sonra işini həll edəcəyini,işə düzəlməsi barədə əmrinin gələcəyini bildirmişdir. Razılaşdığı üçün həmin tarixdə Şəki şəhəri,M.Rəsulzadə prospektində yerləşən Yenilik marketdəki eManat terminalı vasitəsi ilə yenidən həmin kart hesabına 180 manat pul göndərmişdir. 3 gündən sonra işi ilə maraqlanmaq üçün Ramala zəng vurmuşdur. Ramal da ona işi ilə əlaqədar Şuşa şəhərinə getdiyini, narahat olmamasını bir həftəyə kimi işini həll edəcəyini bildirmişdir. Onun dediklərinə inandığı üçün bir həftə bitəndən sonra Ramala zəng edib işinin nə yerdə olduğunu soruşmuşdur. Ramal da yenə ona narahat olmamasını işini yaxın vaxtlarda həll edib ona məlumat verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra yenə işi ilə maraqlanmaq üçün Ramala zəng vurmuşdur. Ramalda işinin həll olunmadığını 10 günə kimi pulunu qaytaracağını söz vermişdir. Lakin sonradan bir neçə dəfə də Ramala zəng vurub ondan pulunu istəmişdir, Ramal isə hər dələ pulunu qaytaracağına söz versədə, onu aldadıb pulunu qaytarmamışdır. Sonradan isə Ramalın telefonlarına ümumiyyətlə zəng çatmamışdır. Ramal söhbət zamanı ona prezident aparatında işlədiyini, Fövqaladə Hallar Nazirliyində çoxlu tanışı və dostları olduğunu, onuda dostu və tanışlarının vasitəsi ilə yanğın söndürən kimi işə düzəldəcəyini bildirmiş, lakin Ramal ona tanışlarının və dostlarının kim olduğunu deməmişdir. Fövqaladə Hallar Nazirliyinə işə düzəlməsi üçün Ramalın ona göndərdiyi X1 adına olan kart hesabına cəmi 2360 manat pul köçürmüşdür. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş zərərin ödənilmədiyini və buna görə də şikayətçi olduğunu bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etdi. Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Qax rayonu, Qaxbaş kəndində yaşadığı evi kirayə vermək üçün internetə elan kimi yerləşdirərək, mobil nömrəsini elanda yazmışdır. 2022-ci ilin mart ayının əvvəllərində hazırda xatırlamadığı mobil nömrədən telefonuna zəng gəlmişdir. Həmin şəxs özünü ona prezident aparatının işçisi kimi təqdim edib Qax rayonuna istirahətə gəlmək istədiyini bildirmişdir. Həmin vaxt sonradan adı ona məlum olan Ramal adlı şəxsə gəlməmişdən bir həftə əvvəl ona zəng edib məlumat verməsini bildirmişdir. Lakin sonradan Ramal istirahətə gəlməmişdir. Bir müddət keçəndən sonra Ramal ona zəng vurub işi çıxdığını gəlməmişdən əvvəl onunla əlaqə saxlayacağını demişdir. Sonradan Ramal yenə ona zəng vurub söhbət edən zaman ona Şəki şəhərində qohumu olduğunu, işsiz olduğu üçün iş axtardığını və ona işə düzəltməkdə köməklik etməsini bildirmişdir. Ramalda ona qohumuna işə düzəlməsi üçün köməklik edə biləcəyini demişdir. Həmin vaxt qohumu Abbasəlinin mobil nömrəsini Ramala verib onunla danşmasını xahiş etmişdir. Həmçinin Abbasəliyə zəng vurub nömrəsini Ramala verdiyini, Ramalın işi ilə bağlı ona zəng vuracağını demişdir. Sonradan Abbasəli ona zəng vurub Ramalın onu Fövqaladə Hallar Nazirliyində yanğın söndürən vəzifəsinə işə düzəltmək adı ilə ondan 2360 manat pul aldığını, lakin onu işə düzəltmədiyini bildirmişdir. Ona görə özü bir neçə dəfə Ramalın mobil nömrəsinə zəng vurmuşdur, lakin Ramal ona cavab verməmişdir. Həmin vaxt başa düşmüşdür ki, Ramal qohumu Abbasəlini işə düzəltmək adı ilə aldadıb pulunu ələ keçirmişdir. Bundan sonra Abbasəliyə Ramalın onu işə düzəltmək adı ilə aldadıb 2360 manat pulunu alması ilə bağlı polisə şikayət etməsini məsləhət bilmişdir. Sonradan Abbasəli də Ramalın onu aldadıb pulunu alması ilə bağlı polis şöbəsinə şikayət etmişdir. Ramal söhbət zamanı ona prezident aparatında işlədiyini, qohumu X3 Nazirliyində işləyən tanışlarının vasitəsi ilə işə düzəldəcəyini bildirmişdir. Lakin tanışının kim olduğunu ona deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qəbzlərdən göründüyü kimi Zərərçəkmiş şəxs işə düzəlməsi üçün Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 18 iyun 2022-ci il tarixdə, saat 11:56 dəqiqədə Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» marketindəki eManat terminalından 500 manat, 21 iyun 2022-ci il tarixdə, saat 11:16 dəqiqədə Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» marketindəki eManat terminalından 550 manat, 25 iyun 2022-ci il tarixdə, saat 10:46 dəqiqədə Şəki şəhəri, M.Rəsulzadə prospektində yerləşən «Şəki store» mağazasındakı eManat terminalından 1000 manat, 20 iyul 2022-ci il tarixdə, saat 20:50 dəqiqədə Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Ukrayna» marketindəki eManat terminalından 130 manat, 21 iyul 2022-ci il tarixdə saat 16:31 dəqiqədə Şəki şəhəri, M.Rəsulzadə prospektində yerləşən «Yenilik» marketindəki eManat terminalından 180 manat olmaqla, cəmi 2360 manat pul köçürmüşdür. «Masallı Rayon Mərkəzi Xəstəxanası» X9 27 yanvar 2023-cü il tarixli, PHŞ-6-60/2- 68/2023 №-li məktubundan görünür ki, Mirişov X2 Rayon Mərkəzi Xəstəxanası» X9 narkoloji və psixo-nevroloji kabinetində disponserdə qeydiyyatında yoxdur. Masallı rayon İHB-nın Qodman kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnaməndən görünür ki, Mirişov X2 rayonu, Əzizabad kəndində yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Masallı rayon məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 3.000 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, 13 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, Lənkəran rayon məhkəməsinin hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzasına məhkum olunmuş, 18 oktyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmış, 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt şəhər məhkəməsinin hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 73- 1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, bundan başqa Azərbaycan Respublikası CM-nin 178.1-ci ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrə cinayət işinin ibtidai istintaqının tamamlanaraq xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinə göndərilmiş, həmçinin barəsində Bakı şəhəri Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aparılır və həmin iş üzrə barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir və hal hazırda 3 saylı istintaq təcridxanasında saxlanılır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2 (075)- 612/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-185/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cazasına məhkum edilmişdir. Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-185/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cazasına təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına aid hissədə xx.xx.2021-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirsə də təyin edilmiş 3000 (üç min) manat cərimə cazasından heç bir ödəniş etməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X5 onu FHN-də işə düzəltmək adı ilə aldadb 2360 manat pulunu ələ keçirmişdir. Pulunun alınıb qaytarılmasına köməklik edilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran və həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21 -ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən ittiham olunan əməldə göstərilən hərəkətləri etməyə meyilli olmasını, ibtidai istintaq və məhkəmə dövründə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün heç bir cəhd göstərməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməli üçün nəzərdə tutulmuş ən ciddi cəza növü – müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm cəzanın məqsədlərini təmin edə bilər, həm də sosial ədalətin bərpasına və Təqsirləndirilən şəxs islah olunmasına xidmət edər. Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.2-ci maddələrinə əsasən hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla ona qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən hesab edir ki, hazırda onun barəsində Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 4(007)-612/2022 nömrəli qərarına əsasən həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddətinin başlanğıcı hökm elan olunduğu vaxtdan 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə 2360 manat maddi ziyanın ödənilməməsi, mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.2-ci maddələrinə əsasən Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla onun üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu vaxtdan 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 4(007)-612/2022 nömrəli qərarına əsasən həbsdə olması nəzərə alınsın Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar