Məhkəmə qərarları › İş №1(075)-42/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-42/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-42/2024 16.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, yivli odlu silah hesab edilən, üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli, Makarov konstruksiyalı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd tapançanı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd darağı və döyüş sursatı hesab edilən, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı patronları əldə edib özündə saxlayıb, gəzdirərək daşımış, 18 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən Şəki “Asan Xidmət” mərkəzinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X10 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 18:28 dəqiqədən başlayaraq üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd-göy rəngli cins şalvarın kəmərinin sağ hissəsindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq əldə edib özündə saxlayıb, gəzdirərək daşıdığı həmin, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, yivli odlu silah hesab edilən, üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli, Makarov konstruksiyalı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq və döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı cəmi 05 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittiham aktında göstərilən makarov markalı silahı və onun hissələrini 2023-cü ilin avqust ayında Kiş çayının ətrafından tapmışdır. Onun məqsədi qeyd olunan silahı Şəki ŞRPŞ-nə təhvil vermək olmuşdur. Silah tapmasını heç kim görməmiş, heç kim bilməmişdir. Sadəcə olaraq qorxduğu üçün, ehtiyat elədiyi üçün silahı polis şöbəsinə gətirməmişdir. Ehtiyyat etmişdir ki, polis şöbəsinə silahı təhvil verən zaman sorğu sual olar. Buna görə də tapdığı silahı aparıb qəbristanlıqda qardaşının qəbrinin yan tərəfinə gizlətmişdir. Bir müddət sonra fikirləşmişdir ki, həmin silahı götürüb evlərinə yaxın ərazidə, Dağ dibi tərəfdə gizlətsin, sonra da zəng edib silahı təhvil versin. Telefonu təmirdə olduğu üçün zəng edə bilməmişdir. Telefonunu təmirdən götürdükdən sonra silahı təhvil vermək üçün zəng etmək fikri olmuşdur. Bildirmişdir ki, onun ümumiyyətlə silahı satmaq niyyəti olmamışdır. Silah tapdığı gündən 18 yanvar 2024-cü il tarixədək qəbiristanlıqda, gizlətdiyi yerdə olmuşdur. O, silahı 18 yanvar 2024-cü il tarixdə gizlətdiyi qəbristanlıqdan çıxartmışdır ki, təhvil versin. Tapdığı silahın beş ədəd patronu olmuşdur. Göstərmişdir ki, o, Azərbaycan Respublikasına 23 aprel 2023-cü il tarixdə gəlmişdir. Rusiyaya işləmək üçün getmişdir. Adam oğurluğu cinayət əməlinə görə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını 8 il çəkdikdən sonra Avropa Məhkəməsində bəraət verilmiş, cinayət əməlində təqsiri olmadığına görə kompensasiya təyin olunmuşdur. Bildirmişdir ki, 18 yanvar 2024-cü il tarixdə silahı çıxardıb marşrutla getmişdir. Bu zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq qanunsuz olaraq odlu silah əldə etməklə üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, ona görə onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Razılaşdığı üçün polis əməkdaşlarına məxsus avtomobilin arxa oturacağına əyləşmiş, polis şöbəsinə getmişdir. Həmin silahı təhvil vermək niyyəti olmuşdur. Silahı satmaq və ya digər hər hansı başqa məqsədi olmamışdır. O, həmin silahdan istifadə etməmişdir. Həmçinin o, həmin silahın üzərində dəyişiklik etməmiş və silahın hansısa hissəsini təmir etdirməmişdir. Həmin silahın onda olmasını heç kim bilməmişdir. Həmin silahı gizlədib saxlamağı ilə bağlı heç kimə deməmişdir. Əməlindən peşmandır. Himayəsində bir azyaşlı övladı var. Oğlu tələbədir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə ifadə verərək bildirdi ki, 2024-cü ilin yanvarın 18-i Ruslan adlı şəxsin qansuz silah gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla Şəki ŞRPŞ-nin rəisinə məruzə edilmişdir. Bundan sonra iş yoldaşı Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və ünvan 5 ünvanında yaşayır. Daha sonra onlar tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin yaxınlığında, Şəki şəhəri Zərifə Əliyeva küçəsində saxlamışlar. Onlar Ruslanı polis şöbəsinə dəvət etdikdə Ruslan onlarla birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs növbətçiyə təhvil verilmiş, jurnalda qeydiyyata alınmışdır. Müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Ruslan əynində olan gödəkcənin sol cibində olan 5 ədəd patronu, şalvarın sağ ön cibində olan bank kartlarını, şalvarın sol arxa cibindən 2 manat pul əskinazı, xatırlamadığı məbləğdə qəpikləri, şalvarının kəmərinin sağ hissəsinə taxdığı bir ədəd tapancanı çıxarıb stolun üstünə qoymuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə, digər şahid Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi halları təsdiq etdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinyət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:25-də Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Makarov” tipli tapançaya bənzər predmet, bir ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 yanvar 2024-cü il tarixli, 24/147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd N-si silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 09 mm kalibirli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM, Steçkin (APS) konstruksiyalı və s. həmin silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş bir ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Ekspermental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 05 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(075)-5/2024 saylı qərarından görünür ki, 9 noyabr 1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, tutulanadək həmin ünvanda yaşayan, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində istintaq dövründə 03 (üç) ay müddətinə, yəni 18 yanvar 2024-cü il tarixdən hesablanmaqla, 18 aprel 2024-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Çələbixan” Məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 54 nömrəli arayışından görünür ki, Şəki şəhər B.Ş.Məmmədov küçəsi 7 saylı evdə yaşayan Təqsirləndirilən şəxs həqiqətən qeyd olunan ünvanda yaşayır, ailə tərkibi həyat yoldaşı X1, oğlu X6 (22.06.206) və qızı X2 (xx.xx.2009) ibarətdir. Şəki Şəhər İcra Hakimiyyəti “Çələbixan” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şəki şəhəri, Çələbixan məhəlləsi B.Ş.Məmmədov küçəsi 7 saylı evdə yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməlliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-8656/2024 nömrəli məktubdan görünür ki, texniki cəhətdən saz və atəş üçün yararlı, xarici dövlətdə istehsal olunmuş, nömrəsi silinmiş silah Azərbaycan Respublikası DİN-in Kollegiyasının xx.xx.2019-cu il tarixli, Q5-001- 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirişmiş kriminal-axtarış uçotlarının təşkili və aparılması barədə” Təlimatın 7-ci bəndinin tələbinə cavab vermədiyi üçün (nömrəsiz) mərkəzləşdirilmiş axtarış uçotları yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-1822/2024 saylı məktubunda qeyd edilmişdir ki, 01 ədəd 09x18 mm kalibirli, №-si silinmiş Makarov konstruksiyalı, PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Psixatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 041 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki rayonlararası Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2015-ci ildə Rusiya Federasiyası CM-nin 126-cı maddəsinin 2-ci hissəsinin A, V, Z bəndləri və 163-cü maddənin 3-cü hissəsinin B bəndi və 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək Moskva şəhəri, Perov rayon məhkməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, Moskva şəhər məhkəməsinin CİU məhkəmə kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə höküm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3-10/2-180/2024 saylı məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında tanınması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsində hər hansı bir işə baxılması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ondan aşkar olunmuş silah, onun komplekt hissəsi və döyüş sursatının guya gizlətdiyi yerdən çıxarıb təhvil vermək qərarına gəlməsi barədə dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həmin silahı və onun komplekt hissəsini, həmçinin döyüş sursatını təxminən saxlanılmamışdan 5 ay əvvəl tapmış və qardaşının qəbrinin qırağında gizlətmişdir. Təqsirləndirilən şəxs bu əşyaları polisə təhvil vermək fikrində olsa idi, bu barədə aidiyyəti üzrə dərhal məlumat verməli, yaxud təxirəsalınmadan, vaxt itkisinə yol vermədən onları polis orqanına gətirib təqdim etməli idi. Bunun üçün də 5 ay gözləmək tələb olunmurdu. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-də saxlanılan, 01 ədəd Makarov konstruksiyalı tapança, 02 ədəd patron və 01 ədəd daraq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-də saxlanılan, 01 ədəd Makarov konstruksiyalı tapança, 02 ədəd patron və 01 ədəd daraq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar