Məhkəmə qərarları › İş №1(075)-44/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-44/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-44/2021 04.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxx 1973-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, Şəki şəhəri, Azadlıq küçəsi ev 15-də pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib özündə daşıyaraq saxlamış, 05 fevral 2021-ci il tarixdə Şəki şəhər-rayon X5 Mübarizə Qrupunun və X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri X12 küçəsində yerləşən Şəki Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yaxınlığında saat 18 radələrində saxlanılaraq Şəki şəhəri, X14 prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, оrada şübhəli şəxs qismində tutulаrаq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibinin içərisindən 1 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 27.058 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə hesab edilən tiryəkdən arabir istifadə edir. Yanvar ayının sonlarında Bakı şəhərində olarkən tanımadığı şəxsdən 80 manata 20 Yanvar metrosunun yaxınlığında narkotik vasitə olan tiryək almışdır. Həmin vaxt onun cəmi 100 manat pulu olmuş, 20 manatını qayıtmağa yol pulu saxlamış, qalanına narkotik vasitə almışdır. 80 manatı həmin şəxsə vermiş, iki saat gözlədikdən sonra razılaşdıqları kimi yaxınlıqda olan “Socar” petrolun yanındakı otluqdan sellofan torbada tiryəki götürmüşdür. Həmin günün səhəri 15 manat müqabilində Şəki şəhərinə qayıtmış, tiryək də üzərində olmuşdur. Bir neçə gün tiryəkdən istifadə etmiş, üzərində gəzdirmiş, gizlətməyə yer axtarmışdır. Köhnə Şəki Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yanına gəlmiş, binanın arxa hissəsində, yəni şam ağacları olan həyətində tiryəki gizlətmək istəmişdir. Lakin bu vaxt 2 nəfər mülki paltarda olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Şöbədə şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparılmışdır. Ona təhqiqatçı üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da üzərində olan 01 ədəd sellofan torbada narkotik vasitəni masanın üzərinə qoymuşdur. Başqa üzərində heç nə aşkar olunmamışdır. Aşkar olunan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. O, etdiyi hərəkətdən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir, islah yoluna qədəm qoymasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkilidir, polis leytenantıdır. 05 fevral 2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 05.02.2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş Şəki RMX-nin inzibati binasının yaxınlığında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş, vəkillə təmin olunduqdan sonra təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin, onun, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı üzərindən narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Həmin şəxs aşkar olunan tiryəki şəxsi istifadəsi üçün Bakı şəhərində, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Daha sonra Qəribzadə Əlövsətin üzərindən aşkar olunmuş narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilməklə ifadəsi elan olunan Şahid2 ibtidai istintaq dövründə ifadə verərək bildirmişdir ki, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantıdır. Onun vəzifəsi ictimai qaydanın qorunması və ictimai təlhlükəsizliyin təmin edilməsindən ibarətdir. 05 fevral 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. Şahid1 05 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra ondan, Şahid1 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bu barədə qərar qəbul edilmiş, hər iki qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra məhkəməyə və prokurorluğa bu barədə məlumat verilmişdir. Bundan sonra 05.02.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş Şəki RMX-nin inzibati binasının yaxınlığında tərəflərindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasının birinci mərtəbəsində olan təhqiqatçının otağına keçmişdir. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş, sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin, onun, Şahid1, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, təhqiqatçı həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, üzərində olan göy rəngli qalın gödəkçənin sol iç cibindən, 01 ədəd sellofanda olan narkotik vasitəyə bənzər tiryəki çıxararaq masanın üzərinə qoymuş, başqa üzərində heç nə olmadığını bildirmişdir. Əllərini qaldırmaq təklif olunmuş, o da hər iki əlini yuxarı qaldırdıqdan sonra təhqiqatçı tərəfindən əynindəki şalvarın bel nahiyəsində, şalvarın sol və sağ yan ciblərində, həmçinin şalvarın sol arxa ciblərində, üst gödəkçəsinin altında olan tünd göy rəngli gödəkçənin sağ və sol yan, sol iç və döş ciblərində, eyni zamanda papağında axtarış aparılmışdır. Sonra şəxs ayaqqabılarını çıxarıb silkələmiş, corablarını çıxarıb silkələmiş, burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst başını səliqəyə salmış, corablarını və ayaqqabılarını geyinmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif etmiş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərində olan sellofan bükülünü açaraq içərisində olan qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddəni göstərib narkotik vasitə olan tiryək olduğunu, şəxsi istifadəsi üçün təxminən 1 həftə bundan əvvəl, yəni 29 yanvar 2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 80 manata aldığını, özünün istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını demişdir. Təhqiqatçı daha sonra narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddəni ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağını bildirmişdir. Əvvəlcə 01 ədəd zərfi açaraq içərisini Əlovsətə, vəkilinə və onlara göstərmiş, zərfin içərisinin boş olduğunu gördükdən sonra təhqiqatçı masanın üzərində, sellofanın içərisində olan qəhvəyi rəngli maddəni həmin zərfə qoymuş və zərfin ağzını bağlamışdır. Daha sonra narkotik vasitəyə bənzər maddənin qoyulduğu zərfin üzəri Şəki ŞRPŞ-nin möhürü ilə möhürlənmiş, videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət olmamış, protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs, vəkili Müdafiəçi və o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Şahid1 ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki əldə edib, saxlayıb istifadə edərək gəzdirdiyi, həmçinin həmin narkotik vasitə olan tiryəki satması barədə məlumat daxil olmuşdur. Lakin sonradan bu məlumat öz təsdiqini tapmamış, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki əldə edib, saxlayıb istifadə edərək gəzdirmiş, heç kimə satmamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 05 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd sellofan torbada narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 06 fevral 2021-ci il tarixli, 17/97 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik...» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 27.058 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryəkin təmiz çəkisi – 27.058 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 26,958 qram. (Aparılmış tədqiqatın dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir). 07 fevral 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 221 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilmiş 253 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs 09.12.2003-cü il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Şəki RMX publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 10 mart 2021-ci il tarixli, 229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 05 mart 2021-ci il tarixli, 124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki rayon X9 Hüquqi şəxsindən daxil olmuş 10 fevral 2021-ci il tarixli 253 nömrəli arayış, Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 12 fevral 2021-ci il tarixli 221 saylı arayış,) anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz, acıqlı və əsəbiliyə meylli olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. DİN-in BƏSİİ-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 25.02.2003-cü il tarixli hökmünə əsasən CM-nin 333.4-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, 17.06.2003-cü ildə amnistiya aktına əsasən azad edilib. Bundan başqa Şəki Rayon Məhkəməsinin 04.12.2006-cı il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə 02 il islah işləri cəzasına məhkum olunmuşdur. Daha sonra Şəki Rayon Məhkəməsinin 01.05.2007-ci il tarixli hökmü ilə CM-nin 234.1, 237.1, 67.1, 66.3, 68.1.3 maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.12.2009-cu il tarixli qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 07 ay 14 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Şəki şəhər İHB-nin Giləhli məhəllə nümayəndəliyi tərəfindən verilmiş 14 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri, Azadlıq küçəsi 15 saylı evdə yaşayır. Şəki şəhər İHB-nin Giləhli məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 0,5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan tiryəkin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da, təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl CM-nin müxtəlif maddələri, o, cümlədən 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyillidir, əvvəllər ona təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutularaq 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək həbsdə saxlandığı müddət təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Cəza çəkmənin əvvəli hökmün çıxarıldığı 04 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 26,958 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfləri təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 26.958 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfləri təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar