Məhkəmə qərarları › İş №1(075)-45/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-45/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-45/2025 10.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmək məqsədi ilə tanışı Şahid4 90 (doxsan) manat pul vermiş, bundan sonra hər ikisi birgə Ağdaş şəhərinə getmiş, 20 iyul 2024-cü il tarixdə, saat 01:50 radələrində ünvan 2 ünvanın yaxınlığında Şahid4 70 (yetmiş) manat pul müqabilində tanışı Şahid3 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, bir ədəd sellofan bükümdə olmaqla ümumi təmiz çəkisi 9,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana almaqla əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı əvvəlcədən aldığı 90 (doxsan) manat müqabilində ona vermiş, 20 iyul 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 15:00 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin bir ədəd sellofan bükümdə olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 9,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək məhkəməyə qədər icraat dövründə verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərdi ki, o, hərdən bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2024-cü ilin mart ayının sonları və ya aprel ayının əvvllərində tanışı Elxandan çəkmək üçün narkotik vasitə olan marixuana istəmişdir. Elxan da ona narkotik vasitəsi olmadığını, ancaq Ağdaş şəhərinə gedib Cahangir adlı tanışından almağın mümkün olmasını ona bildirmişdir. Razılaşdığı üçün Elxanın Ford markalı yük avtomobili ilə Ağdaş şəhərinə getmişlər. Elxan Ağdaş şəhərinin mərkəzində sfetoforun yaxınlığında onu düşürüb ondan 100 manat pul alıb narkotik vasitə almağa getmişdir. Təxminən 20 dəqiqədən sonra Elxan geri yanına qayıdıb gəlmişdir. Avtomaşına əyləşəndən sonra Elxan ona bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana vermişdir. Elxandan narkotik vasitəni alıb cibinə qoymuşdur. Yolda həmin narkotik vasitəni üstündə bir qədər götürüb Elxanla çəkmişlər. Qalan hissəsini isə cibinə qoyub sonra istifadə etmək üçün saxlamışdır. Şəki şəhərinə gələndən sonra Elxan onu düşürüb evlərinə getmişdir. Cahangirdən aldığı narkotik vasitəni sonra fasilələrlə özü istifadə etmişdir. Həmin narkotik vasitədən heç kimə verməmişdir. Elxanla sonradan görüşəndə ona yenə narkotik vasitə almaq istədiyini bildirmişdir. Elxan da razılaşdığı üçün xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Elxanın idarə etdiyi Vaz-2107 markalı avtomobili ilə Ağdaş şəhərinə gemişlər. Yolda Elxana narkotik vasitə almaq üçün 80 manat pul vermişdir. Ağdaş şəhərinə çatandan sonra Elxan Cahangirin evinin yaxınlığına çatıb təxminən 10 metr arxada maşını saxlamış və hər ikisi də avtomobildən düşmüşlər. Elxan Cahangiri çağırmaq üçün onun evinin qarşısına getmişdir. Az sonra Cahangir küçəyə evinin qarşısına çıxıb Elxanla görüşmüşdür. Sonra Elxan onu yanlarına çağırıb Cahangir təqdim edib adaşı olduğunu bildirmişdir. Sonra onlardan təxminən 3 metr kənara çəkilmişdir. Sonra Elxan ondan aldığı pulu Cahangirə vermişdir. Cahangir pulu Elxandan alandan sonra evlərinə getmişdir. Təxminən 5 dəqiqədən geri qayıdıb gəlib Elxana bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana vermişdir. Elxan maşına oturandan sonra ona bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana vermişdir.Yolda Cahangirdən aldığı narkotik vasitənin üstündən bir az götürüb Elxanla çəkmişlər. Qalan hissəsini isə cibinə qoyub sonra istifadə etmək üçün saxlamışdır. Sonradan da həmin narkotik vasitədən götürüb bəzən tək, bir neçə dəfə də Elxanla birlikdə çəkmişdir. 19 iyul 2024-cü il tarixdə küçələrinin başına çıxanda Şahid4 xalası oğlu Tural Pirməmmədli ilə oturduqlarını görüb onların yanına getmişdir. Tural və Elxan Şəki regional dövlət kollecindən bir qədər yuxarıda oturub çaxır içmişlər. Elxan ona da çaxır içməyi təklif etdiyi üçün onlarla birlikdə bir qədər çaxır içmişdir. Sonra Elxana narkotik vasitə çəkmək istədiyi və tanışı Cahangirlə danışmasını bildirmişdir. Elxanda Ağdaş şəhərində olan tanışı Şahid3 zəng vurub ona narkotik vasitə lazımdır, təşkil edə bilərsənmi deyə soruşmuşdur. Cahangir də təşkil edə biləcəyini dediyi üçün yoldan keçən hazırda nömrəsini xatırlamadığı Vaz-2107 markalı taksi avtomobilini saxlatmış, Tural və Elxan ilə həmin avtomobilə əyləşib Ağdaş şəhərinə getmişlər. Sürücüyə gedən zaman Elxan Ağdaşdan sənəd götürəcəklərini dediyi üçün sürücü onların Ağdaş şəhərinə nə üçün getdiklərini bilməmişdir. Yolda gedən zaman Elxana tanışı Cahangirdən ona narkotik vasitə olan marixuana alması üçün 90 manat pul vermişdir. Elxana pul verdiyini heç kim görməmişdir. Ağdaş şəhərində Şahid3 evinə çatmağa bir qədər qalmış Elxan ara küçədə sürücüyə avtomobili saxlamasını bildirdiyi üçün sürücü maşını saxlamışdır. Elxanla avtomobildən düşmüşlər. Tural və sürücü isə maşında gözləmişlər. Avtomaşından düşəndən sonra Elxanla piyada Cahangirin yaşadığı küçədə evinə doğru getmişlər. O, biraz arxada dayanmışdır. Cahangirin Elxandan 100 manat pulu istədiyini eşitmiş və onlara yaxınlaşıb, gec olduğunu söhbətlərini yekunlaşdırmalarını bildirmişdir. Bu zaman Şahid3 Elxana borcuu qaytarması barədə nəsə dediyini Elxanınsa tez bir zamanda qaytaracağını dediyini eşitmişdir. Bundan sonra Cahangir cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə çıxarıb Elxana vermişdir. Cahangirlə sağollaşıb maşına tərəf gələndə Elxan Cahangirdən aldığı sellofan bükümdə olan narkotik vasitə olan marixuananı ona vermişdir. Həmin narkotik vasitəni Elxandan alıb cibinə qoymuş və Elxanla birlikdə Şahid3lə sağollaşıb piyada gəldikləri avtomaşının yanına qayıtmışlar. Avtomobilə əyləşib Şəki şəhərinə yola düşmüşlər. Yolda Turalın ürəyi bulandığı üçün maşını Yevlax rayonu, Xanabad kəndi ərazisində saxlatmışlar. Tural və Elxanla birlikdə avtomaşından düşmüşlər. Tural kənara çəkilib qusan zaman Cahangirdən aldığı narkotik vasitənin üstündən bir az götürüb siqaretə doldurub Elxanla çəkmişlər. Şəki şəhərinə çatandan sonra taksi sürücüsü onları Turalgilin küçələrinin başında düşürüb getmişdir. Tural avtomobildən düşəndən sonra evlərinə getmişdir. Elxanla özü isə yaşadıqları küçəyə gedib orada yolda aldıqları pivələri içmişlər. Sonra yenə Şahid3 aldığı narkotik vasitə olan marixuananın üstündən bir az götürmüş, qalan hissəsini isə cibimə qoyub sonra istifadə etmək üçün saxlamışdır. Götürdüyü narkotik vasitəni Elxanla siqaret giləsinə doldurub çəkmişlər. Bir qədər orada oturub söhbət etdikdən sonra çıxıb evlərinə getmişlər. Səhəri gün yəni 20 iyul 2024-cü il tarixdə təxminən saat 11 radələrində gec yatdığı üçün yuxudan oyanmış, yeməyini yeyib evdən çıxıb işə getmək istəyən zaman evlərinin yaxınlığında iki mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edib polis işçiləri olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və satması barədə onlara məlumat daxil olduğunu, ona görə onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. Razılaşdığı üçün polis işçiləri ilə birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Həmin vaxt Cahangirdən aldığı bir ədəd selofan bükümdə narkotik vasitə olan marixuana da üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və satması barədə onlara məlumat olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəklərini bildirmişdir.Vəkillərin siyahısından vəkil "Musa" müəllimi seçdiyi üçün təhqiqatçı zəng vurub "Musa" müəllimi PŞ-nə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra küçədə onu saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili "Musa" müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd Redmi markalı telefonunu, bir ədəd ətir qabını, 7 manat 80 qəpik pulu, şalvarının sağ yan cibindən bir sellofan bükümdə narkotik vasitə olan marixuananı çıxarıb stolun üstünə qoymuşdur. Sonra üstündən aşkar olunmuş içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuananı bir ədəd Redmi markalı telefonunu, 7 manat pulunu ayrı-ayrı zərflərə qoyub zərfləri möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza etmişdir. Hərdən narkotik vasitədən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra hər hansı bir formada fiziki və yaxud psixi təzyiqə məruz qalmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 2-3 ilə olar ki, hərdən narkotik vasitə olan marixuanadan istifadə edir. 2023-cü ilin dekabr ayının sonlarında özəl firmaların birində sürücü işləmişdir. Belə ki, həmin firmaya məxsus düyü, yuyucu tozları ona həvalə olunmuş hazırda dövlət nömrə nişanlarını xatırlamadığı Ford markalı avtomobillə Respubilkamızın rayonlarında mağazalara nağd şəkildə satmışdır. Ağdaş rayonuna yuyucu tozlar və düyü aparıb mağazaya satan zaman mağazada sonradan adı ona məlum olan Şahid3 ilə tanış olmuşdur. Şahid3 mağazada ona satdığı mallardan almaq istədiyini bildirdiyi üçün avtomobili onun evinin qarşısına sürmüşdür. Cahangir Quluyevin arvadı ondan bir neçə yuyucu toz almışdır. Şahid3 yuyucu tozların pulunu həmin vaxt nəgd şəkildə ona vermişdir. Biraz sonra söhbət narkotik vasitədən düşəndə Şahid3 onun narkotik vasitə olan marixuana istifadə etdiyini bilmiş və nə vaxt narkotik vasitə lazım olsa təşkil edə biləcəyini demişdir. Həmin vaxt Şahid3 lazım olanda ona xəbər verəcəyini bildirmişdir. Sonra Şahid3 ona pay kimi kağız bükümdə bir çəkimlik narkotik vasitə olan marixuana vermişdir. Bundan sonra müxtəlif vaxtlarda Cahangir Quluyevə zəng vurub ondan narkotik vasitə istəmiş və onunla yaşadığı evin qarşısında görüşüb narkotik vasitə olan marixuana almışdır. 2024-cü ilin mart ayının ortalarında onunla bir məhəllədə yaşayan Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edən zaman ondan çəkmək üçün narkotik vasitə olan nəşə istəmişdir. Cahangirə həmin vaxt Ağdaş şəhərində bir tanışı olduğunu, onun narkotik vasitə satdığını və narkotik vasitəni həmin şəxsdən ala biləcəyini demişdir. Cahangir razılaşdığı üçün idarə etdiyi Ford markalı avtomobillə Təqsirləndirilən şəxslə birlikdə Ağdaş şəhərinə getmişlər. Ora çatanda Şahid3 zəng vurub evinin qarşısında onunla görüşmüşdür. Təqsirləndirilən şəxs ona əvvəlcədən narkotik vasitə almaq üçün 100 manat pul verdiyi üçün həmin 100 manatı Şahid3 verib ondan bir ədəd sellofan bükümdə narkotik vasitə alıb gətirib Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Avtomobilə əyləşib Şəki şəhərinə yola düşmüşlər. Yolda Turalın ürəyi bulandığı üçün maşını Yevlax rayonu, Xanabad kəndi ərazisində saxlatmışlar. Tural və Cahangirlə birlikdə avtomaşından düşmüşlər. Tural kənara çəkilib qusan zaman Cahangirdən aldığı narkotik vasitəni Təqsirləndirilən şəxs üstündən bir az götürüb siqaretə doldurub çəkmişlər. Şəki şəhərinə çatandan sonra taksi sürücüsü onları Turalgilin küçələrinin başında düşürüb getmişdir. Tural avtomobildən düşəndən sonra evlərinə getmişdir. Cahangir Ağabalayelə özü isə yaşadıqları küçəyə gedib orada yolda aldıqları pivələri içmişlər. Sonra yenə Bir qədər orada oturub söhbət etdikdən sonra çıxıb evlərinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hərdən bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Şahid4 əvvəllər yaşadığı Ağdaş rayonuna özünün idarə etdiyi Ford yük avtomobili ilə yuyucu tozlar və sabun gətirib satan zaman tanımışdır. Atası rəhmətə getdikdən sonra Elxan düyü də satdığından yas mərasimi üçün ondan düyü almışdır. Lakin düyü sonradan xarab olduğu üçün Elxana düyünü geri qaytarmış amma pulunu almamışdır. Elxanın ona 300 manat borcu qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən tarixdə Elxan ona zəng edərək borcunu qaytarmaq istədiyini bildirmişdir. O, isə artıq gec olduğunu növbəti gün səhəri gətirməsini bildirməsinə baxmayaraq onun evinə gecə saatlarında tanımadığı şəxslə gəlmişdir. Elxan borcundan 90 manat verdikdən sonra ondan istifadə etmək üçün narkotik vasitə istəmişdir. Lakin o, Elxana narkotik vasitəsinin olmadığını amma üzərindəki bir siqaretə doldurulmuş narkotik vasitəni yandırıb biraz çəkdikdən sonra qalanını onlara vermişdir. İbtidai istintaq zamanı ifadəsində Elxan və vəhangirə 90 manat müqabilində narkotik vasitə satmasını polislər tərəfindən ona təzyiq və hədə olduğundan vermişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Hazırda verdiyi ifadəsinin əsas götürülməsini bildirdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx.xx.2024-cü il tarixdə ona Şəki rayonu ərazisində "Cahangir" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və "Cahangir" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün xx.xx.2024-cü il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra "Cahangir" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə barəsində əməliyyat məlumatı daxil olmuş "Cahangir "adlı şəxsin ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və o, göstərilən tarixdə evinin yaxınlığında Şəki şəhəri, S.Vurğun küçəsində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilib Növbətçi Hissəsində PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alındıqdan sonra üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Əhməd Rəsulluya həvalə edilmişdir. Ona görə Təqsirləndirilən şəxs polis serjantı Şahid1lə birlikdə təhqiqatçı Əhməd Rəsullunun xidməti iş otağına aparmışlar. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərdən Müdafiəçi seçərək onun dəvət edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı Müdafiəçi zəng edərək onu PŞ-nə dəvət etmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Qiyam Səfərəliyev dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxsa hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol ön cibindən bir ədəd Redmi markalı telefonu,bir ədəd ətir qabını, 7 manat 80 qəpik pulu, əynindəki şalvarın sağ ön cibindən bir şəffaf rəngli selofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin onun təqdim etdiyi əşyalardan başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə o, əvvəlcə bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olan marixuananı olduğunu, həmin narkotik vasitəni 19 iyul 2024-cü il tarixdə Ağdaş rayonu, Maşhad kəndində Cahangir adlı şəxsdən 90 manata özü istifadə etmək üçün alıb üzərində saxladığını, bundan başqa bir ay əvvəl isə Şəki şəhər sakini Coşqun adlı şəxsdən bir büküm narkotik vasitə olan marixuana aldığını bildirmişdir. Təhqiqatçı həmin bükümü açdıqda içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə olan marixuanaya oxşar kütləni zərfə qoyub möhürlədikdən sonra digər iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs sonra üzərindən aşkar olunmuş telefonu, ətir qabını, pulu təqdim edib həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd Redmi markalı telefonu,7 manat pulu ayrı-ayrı zərflərə qoyub zərfləri möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza etmişdir. Təhqiqatçı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 80 qəpik pulu və ətir qabını özünə qaytarıb vermişdir. Təhqiqatçı sonra onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşan zaman heç bir şikayətinin olmadığını bildirmişdir. Sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb ucadan onlara oxunduğu üçün polis serjantı Şahid1, Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi və mütəxəssis Qiyam Səfərəliyevlə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 elan olunmuş ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:52-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 12:50-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında” 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümdə narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli kütlə aşkar edilib götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 21 iyul 2024-cü il tarixli 3-16-16/2-17/643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut…» yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 9,86 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 9,86 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 9,81 qr. Məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 1482 nömrəli ekspertiza rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli, 3-13-109/2-78384/24 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuananı ünvan 6 ünvanında yaşayan Şahid3 90 manata aldığı müəyyən edilməklə sonuncunun tutularaq istintaqa təqdim olunduğu müəyyən olunmuşdur, həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını, kimlərlə birlikdə narkotik vasitə istifadə etməsini, onun narkotik vasitələrdən istifadə etməsi barədə kimlərinsə məlumatının olub-olmamasını, narkotik vasitələrin satışında X10 və Şahid3 ilə əlbir olub olmamasını, onun əvvəllər Ağdaş şəhərində narkotik vasitə marixuana aldığı şəxslərin şəxsiyyətlərini və digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 9,81 qram çəkidə olan marixuana maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə baxış zamanı video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki şəhər «İpəkçi» məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, himayəsində 2-si azyaşlı olmaqla 4 uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 17 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barəsində olan məlumat sənədindən görünür ki, X1 Hemiplegik spatik serebral iflic və müştərək daxili çəpgözlük xəstəliləri vardır. Azərbaycan Respublikasının Təhsil kartlarından görünür ki, X3 ARNSU-nun, X4 ADPU-da təhsil alırlar. «Şəki Rayon Mərkəzi Xəstəxanası» X12 daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1- 71/2-1140/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Şəki Rayon Mərkəzi Xəstəxanası» X12 «Şəki Rayon Mərkəzi Xəstəxanası» X15 poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 707 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-in 59.1.4cü maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 1482 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 9,81 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 9,81 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar