Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-47/2022 28.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Süleyman oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə qızının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs keçirdiyi “Sadə şizofreniya” formasında xroniki psixi xəstəliyin kəskinləşməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməklə anlaqsız vəziyyətdə qəsdən özgənin əmlakını zədələmək məqsədi ilə 25 yanvar 2022-ci il tarixdə saat 13:55 radələrində, əvvəllər Şəki rayon Psixiatriya Xəstəxanasın baş həkimi vəzifəsində işləmiş Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gəldikdən sonra həmin evin yaxınlığında olan sonuncuya məxsus “Nissan X-Trail” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə əvvəlcədən bu niyyətlə istintaqa məlum olmayan mənbədən aldığı plastik qabdakı tez alışan neft məhsulunu tökərək alışqanla avtomobilin arxa hissəsini yandırıb Zərərçəkmiş şəxs məxsus avtomobilə 7250 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən yandırmaqla zədələmə cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırıldı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olundu. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs dindirilərkən göstərmişdir ki, uşaqlıqdan özünü narahat hiss eliyir, gecələri yatmır. Yatmamağına səbəb isə gecələri müxtəlif şəxslərlə tanımadığı şəxslər söhbət edir. Buna görə də gecələri çox yatır. Dərman atmayanda yata bilmir. 25 yanvar 2022-ci il tarixdə səhər yuxudan oyandıqdan sonra atası Vaqif ilə ona məxsus Vaz-2107 markalı avtomobil ilə şəhərə çıxmışlar. Xəstəxanadan dərman ala bilmədiyinə görə atası 3 gün idi ki, çox əsəbiləşirdi. Bu gündə səhər şəhərə çıxanda atası pna dərmanlar vermədiyinə görə, həmdə atası qazi olduğuna görə pensiyasını kəsdiyinə görə onların binasını yandırmağı demişdir. O, da onunla razılaşmışdır. 1 ay əvvəl yandırdığı binaya atası ilə birlikdə gəlmiş, həmin vaxt pensiyası kəsmişlər deyə atası əsəbləşib həmin binanı yandıracağını demişdir. Bu gün də şəhərə çıxandan sonra atası ilə birlikdə hazırda xatırlamadığı zaprafkaya gedib oradan avtomobilə benzin vurmuş, həmçinin avtomobilin yük yerində olan su butulkasına benzin almışlar. Həmin vaxt atası su butulkasını boşaltmağını dediyinə görə benzin vurmamışdan əvvəl həmin butulkanı boşaltmışdır. Benzin aldıqdan sonra atası ilə birlikdə avtomobillə pensiya verilən yer olan binaya getmişlər. Həmin vaxt avtomobili özü idarə etmişdir. Həmin binaya yaxınlaşdıqdan sonra atası avtomobildə qalmış, o, isə avtomobili yolun kənarında saxladıqdan sonra butulkada aldığı benzini götürüb binanın arxa və qabaq şüşələrinə benzin töküb yandırmışdır. Bundan sonra qaçaraq avtomobilə əyləşmiş və özünü pis hiss edəndə yatdığı xəstəxanaya sürmüşdür. Atası ona Akif həkimin avtomobilini yandıracağını dediyinə görə həmin xəstəxanaya sürmüşdür. Xəstəxanaya sürdükdən sonra qapıdan dayanan adamdan Akif həkimi soruşduqda o, həkimin naharda olduğunu demişdir. Bundan sonra isə gəlib avtomobilə əyləşib atasına Akif həkimin burda olmadığını və naharda olduğunu dedikdə atası onun evinin yerini bildiyini demişdir. Bundan sonra atası Akifin həkimin çay kənarında olan evinə sürdürmüşdür. Həmin evə getdikdən sonra atası Akifin burda olmamasını demişdir. Atası bildiyinə görə Akif həkimin evində işlədiyinə görə onların evini tanıyır. Akif həkimin köhnə evində olmadığına görə onun təzə evinə sürdürmüşdür. O, sürdüyü yolu dəqiq xatırlamır. Atası hara deyibsə ora sürmüşdür. Bir küçəyə getdikdən sonra atası yoldan bir nəfərdən Akif həkimin evini soruşmağı demiş və avtomobildən pəncərəni açmaqla yoldan keçən tanımadığı şəxsdən Akif həkimin evini soruşmuş və o, da evin yerini göstərmişdir. Həmin şəxs deyəndə artıq Akif həkimin evinin yanında olmuşlar. Həmin şəxs evi göstərdikdən sonra atası evin yanında olan maşının Akif həkimin olmasını deyib o maşını yandırmağını bildirmişdir. Atası Akif həkimin maşını elədiklərinə görə yandırmağını, dərman verməməsinə görə yandırmağını demişdir. Bundan sonra isə avtomobili həmin Akif həkimin evinin yanında saxlamışdır. Bundan sonra isə atası ilə birlikdə avtomobildən düşmüşdür. Daha sonra həmin gün aldığı benzinin qalmış hissəsini avtomobilin arxa yük yerinə töküb yandırmış və butulkanı da ora atmışdır. Maşın alovlananda atası ona “minək gedək” deyə bildirmişdir. Bundan sonra isə maşına minib şəhərdən çıxmışlar. Bundan sonra isə atası hara deyib ora sürmüşdür. Daha sonra isə babasının qəbrinin yanına getmişlər. Orada atası və babası ilə söhbət etmiş və babası ona yaxşı etdiyini demişdir. Daha sonra isə atası orada qalıb lazım olacağı halda yenə gələcəyini demişdir. Bundan başqa hadisələrin 25.01.2021-ci il tarixdə günorta radələrində olduğunu, Akif həkim dərman vermədiyinə görə onun maşını yandırdığını, binanı onun ilə atasının pensiyasını kəsdiyinə görə yandırdığını, həmin vaxt yanında yalnız atası oldğunu, benzini aldığı yeri xatərlamadığını, həmin binanın və avtomobilin yerini tanımadığını, həmin yerləri atasının tanıdığını bildirmişdir. Məhkəmə iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təxminən 10 ildən çoxdur ki, Murad sadə şizofreniya xəstəliyindən əzab çəkir və təxminən 2010-ci il tarixdən X1 qeydiyyatdadır. Murad bu xəstəlik ilə əlaqədar İİ qrup əlil dərəcəsi verilmiş və təqaüd almışdır. Əlilliyi ilə bağlı ona yalnız Psixatriya Xəstəxanasından dərmanlar verilmişdir. Murad qeydiyyatda olduğu müddət ərzində ayrı ayrı vaxtlarda X3 dispanser müşahidə də olmuşdur. Muradın bu xəstəliyi olmasına baxmayaraq onun əlillik dərəcəsi heç bir səbəb göstərmənə ləğv etmişlər. Bu barədə müxtəlif yerlərə məktub yazsada müsbət nəticə olmamışdır. Muradın əlliliyi ləğv edildiyinə dərmanlarıda verilməmişdir. Belə ki, həmin dərmanlar apteklərdə satılmır, yalnız əlilliyi olan şəxslərə xəstəxana tərəfindən verilir. Muradın da əlilliyi ləğv edildiyinə görə dərmanlarını ala bilməmişlər. Bundan sonra isə Murad dərmanları qəbul edə bilmədiyinə görə onda xəstəlik daha da kəskinləşmişdir. Murad təbii ehtiyaclarını belə özü ödəyə bilmir. Murada daima qulluq olunmalıdır. Xahiş edir ki, Muradı evə buraxsınlar, o, Murada baxacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 1988-ci il tarixdən 2021-ci il tarixə kimi X2 baş həkimi vəzifəsində çalışmışdır. 25 yanvar 2021-ci il tarixdə günorta radələrində yaşadığı evdə nahar etdikdən sonra həyətə düşmüşdür. Həyətə düşən zaman Şahid qışqıra qışqıra evin həyətinə girib avtomobilimin yanmasını bildirmişdir. Bundan sonra dərhal küçəyə çıxdıqda özünə məxsus Nissan Xtrail markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinin alovlanıb yanmasını görmüşdür. Bundan sonra əmisi oğlu və qonşulardan bir neçə nəfər şəxs gəlib vedrə ilə su daşıyaraq avtomobili çətinliklə olsa da söndürmüşdür. Daha sonra isə bu barədə polis şöbəsinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlib avtomobilə baxış keçirmişlər. Həmin ərəfədə isə polis əməkdaşlarından avtomobilini yandıran şəxsin 2010-cu il tarixdən Şəki rayon Psixiatriya Xəstəxanasında “F20.6 Şizofreniyanın sadə tipi” diaqnozu ilə qeydiyyatda olan, Şəki şəhər sakini, Sabit Rəhman küçəsi ev 13/12-da yaşayan Təqsirləndirilən şəxs olmasını eşitmişdir. Təqsirləndirilən şəxs xəstə olduğuna görə tanıyır. Avtomobilə 7250 manat ziyan dəymişdir. Lakin ziyan ona ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur. 25 yanvar 2022-ci il tarixdə günorta radələrində yaşadığı evə gedən zaman bir nəfər, əvvəllər tanımadığı, sonradan Murad olduğunu bildiyi şəxs idarə etdiyi Vaz-2107 markalı avtomobil ilə yanında saxlayıb Akif həkimin evinin yerini soruşduqda tanıdığını, bir qədər irəlidə olduğunu demişdir. Həmin şəxs avtomobili Akif həkimin evindən bir qədər irəlidə saxlamışdır. O, biraz irəliyə getdikdən sonra arxadan səs eşitmişdir. Gələn səsin nə olmasına baxmaq üçün geri döndükdə Akif həkimin avtomobilinin arxa hissəsinin yanmasını, həmin şəxsin isə Vaz-2107 markalı avtomobillə qaçdığını görmüşdür. Bundan sonra dərhal bu barədə Akif həkimin qapısını döyüb həkimə bu barədə məlumat vermişdir. Akif həkim ilə avtomobili çətinliklə olsa da söndürmüşlər. Sürücü avtomobildə tək olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında 25 yanvar 2022-ci il tarixli protokoldan” görünür ki, ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs məxsus “Nissan X-Trail” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi yanaraq avtomobil zədələnmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək əksi çıxarılıb işə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14.02.2022-ci il tarixli 10/844-6/673 nömrəli kompleks yangın və texnoloji partlayışların tədqiqi və yanacaq və sürtgü materiallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, Nissan X-Trail markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin arxa bamperin sağ tərəfində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, neft məhsullarından odlama vasitəsi kimi istifadə edilərək, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş vermişdir. Tədqiqata təqdim olunmuş butulka hissəsinin və termiki təsirə məruz qalmış kauçuk qalıqlarının üzərlərində tez alışan neft məhsullarına(benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Tədqiqata təqdim olunmuş kül nümunəsinin üzərində neft məhsullarına məxsus izlər yoxdur. (Aparılan tədqiqatın dəyəri 200 manatdır). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26.01.2022-ci il tarixli "xxxx" ASC-dən daxil olmuş ziyanlıq aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus Nissan X-Trail markalı **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7250 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28.02.2022-ci il tarixli 9/751 nömrəli ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli ziyan aktına əsasən 2014-cü il buraxılışlı “Nissan X- Trail” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin yanvar ayına olan təmir bərpa xərci təxminən 5800,00 manat müəyyən edilib. O cümlədən-dəyişilməli hissələrin qiyməti – 4350,0 manat, təmir bərpa işlərin qiyməti – 1450,0 manat. (Aparılan tədqiqatın dəyəri 50 manatdır). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Şahid təqdim edilən fotoşəkillərə baxıb 25.01.2022-ci il tarixdə Vaz-2107 markalı avtomobili idarə edən, Zərərçəkmiş şəxs evini yerini ondan soruşan və sonuncuya məxsus avtomobilin arxa hissəsini yandıran şəxsin fotoşəkillər arasında 3 nömrə ilə nömrələnmiş fotoşəkildə olan şəxs, yəni Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması və icraata qəbul olunması haqqında” 10 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə cinayət törətdiyindən və öz hərəkətlərinin ölçübbiçmək, onları idarə etmək iqtidarında olmadığından onun barəsində olan cinayət işinə xitam verilmiş, barəsində barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanılmış, icraata qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli, 4(075)-24/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 mart 2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək həqiqətən də ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasının 28.02.2022-ci il tarixli 244 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 12.07.2010-ci ildən Şəki rayon Psixiatriya xəstəxanasında şizofreniyanın sadə tipi (F- 20.6) diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 23.02.2022-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırki ekspertiza zamanı “Sadə şizofreniya” formasında xroniki psixi xəstəlik müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən “Sadə şizofreniya” formasında xroniki psixi xəstəlik keçirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onda aşkarlanan “Sadə şizofreniya” xəstəliyinin gedişində kəskinləşmə vəziyyəti hal-hazırda davam edir. Buna görə Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimain təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi xəstəlik çərçivəsində təzahür edən əlamətlərin halhazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı olduğu, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkəti düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ümumi tipli psixiatriya stasionarında məcburi müalicədir. Həmin Məcəllənin 97.1-ci maddəsinə görəpsixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasn intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri-digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini və onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olmasını sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 yanvar 2022-ci il tarixdən hesablanmaqla üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə-psixiatrik ekspertiza rəyinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi təhlükəsizlik tədbiri seçilmiş və o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus avtomobilə baxış zamanı hadisə yerindən götürülmüş yanmış butulka və avtomobilin ehtiyat hissələrindən nümunələr qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, iş üzrə 250 (iki yüz əlli) mаnаt məbləğində ekspertizа xərci dövlət büdcəsi hesabına aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348-ci və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunsun və barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus avtomobilə baxış zamanı hadisə yerindən götürülmüş yanmış butulka və avtomobilin ehtiyat hissələrindən nümunələr qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 250 (iki yüz əlli) mаnаt məbləğində ekspertizа xərci dövlət büdcəsi hesabına aid edilsin. Qərardan elan olunduğu 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-47/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-47/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver