Məhkəmə qərarları › İş №1(075)-48/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-48/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-48/2024 05.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Cəlilabad rayonu, Prişib qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 08 Noyabr prospektində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat pul müqabilində onun "TƏBİB"-in sertifikasiya imtahanından keçməsinə və işlə təmin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb Zərərçəkmiş şəxs1 26 iyul 2023-cü il tarixdə, saat 16:09 dəqiqədə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Şəki filialının inzibati binasının qarşısında qoyulmuş onlayn ödəmə terminalı vasitəsi ilə onun 416973******1831 nömrəli kart hesabına göndərdiyi 3500 (üç min beş yüz) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 5000 (beş min) manat pul müqabilində onun "TƏBİB"-in sertifikasiya imtahanından keçməsinə və işlə təmin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək aldadıb Zərərçəkmiş şəxs2 21 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində ünvan 5 ünvanında yerləşən "Araz" marketin içərisində qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə onun 416973******1831 nömrəli kart hesabına göndərdiyi 5000 (beş min) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 5000 (beş min) manat maddi zərər vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onlara dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1999-cu ildə Şəki şəhərində yerləşən Tibb Kollecini bitirmiş və 2001-ci ildə Şəki RMX-na tibb bacısı işinə qəbul olunmuşdur. 2003-cü ildə ailə həyatı qurduğu üçün işdən çıxmışdır. 2017-ci ildə hazırlaşıb imtahan verib yenidən tibb bacısı kimi Şəki RMX-nın ümumi şöbəsinə işə qəbul olunmuşdur. Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş qərara əsasən hər beş ildən bir tibb bacılarından sertifikasiya komisiyasında imtahanı götürülür. 2023-cü ilin iyul ayının əvvələrində keçirilən sertifikasiya imtahanından keçə bilməmişdir. İşə qayıtmağın yollarını axtardığından, Şəki şəhəri 19 saylı tam orta məktəbdə müəllimə işləyən bacısı Vəfa Şəhriyar adlı tanışından Bakı şəhər sakini Nizami adlı şəxs olduğunu, həmin şəxsin müxtəlif şəxslərin işini həll etməsini öyrəndiyini bildirmişdir. O, Nizami adlı şəxsin mobil nömrəsinə zəng edib tanışlıq vermişdir. Nizami rəssam kimi fəaliyyət göstərdiyini və vəzifəli şəxslər arasında yüksək nüfuza malik olduğunu və qısa vaxtda tibb bacısı kimi işə bərpa olunacağına söz vermişdir. Bundan sonra işin həllini 3.500 manata onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə saat 16 radələrində X3 filialına gedib oradan elektron ödəmə terminalından Təqsirləndirilən şəxs Kapital bank tərəfindən verilmiş kartına 3.500 manat göndərmişdir. Bundan bir neçə ay sonra iş yoldaşı Zərərçəkmiş şəxs2 ona zəng edib sertifikasiya imtahanından keçməsi üçün ona da köməklik etməsini xahiş etmişdir. O da Natellaya, Təqsirləndirilən şəxs onun işə bərpa olunmasına köməklik etdiyini bildirmişdir. Natella onun da işə qəbul olunması məsələsini Təqsirləndirilən şəxs xahiş etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng edib sabiq iş yoldaşı Natellanın da imtahandan kəsildiyini, buna görə işdən çıxarıldığını bildirib, Natellanın da imtahan verib işə qayıtmasına köməklik etməsini xahiş etmişdir. Nizami də ona heç bir problem olmadığını, Natellanın da işini ona görə həll edəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə Şəki şəhəri "Araz" supermarketin yaxınlığında görüşmüşdür. O, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 tanışlığına köməklik etsə də, həmin şəxslərin işinə elə də qarışmaq istəmədiyi üçün Təqsirləndirilən şəxs zəng edib telefonu Natellanın özünə vermişdir. Zərərçəkmiş şəxs2 Nizami ilə danışmış, sonuncu Natellaya işinin həlli üçün 5.000 manat istəmişdir. Elə həmin gün saat təxminən 18 radələrində Natella "Araz" Supermarketdə olan Millön elektron ödəmə terminalından Təqsirləndirilən şəxs kart hesabına 5.000 manat pul göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla yanaşı Zərərçəkmiş şəxs2 qısa vaxtda işə bərpa olunacaqlarına dair vədlər verirmişdir. O da Natella ilə birlikdə Nizaminin sözlərinə inanıb, qısa vaxtda işə bərpa olunacaqlarına ümid etmişlər. Lakin sonradan Nizami, işin həllini uzatdığını və işi dediyi vaxtda həll etmədəyini, işin həllini avqust ayına kimi həll olunacağını desə də, Nizami nə onun, nədəki Zərərçəkmiş şəxs2 işini həll etmədiyindən barəsində şikayət etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1994-cü ildə Şəki şəhərində yerləşən Tibb Kollecini bitirmiş və həmin ildən Şəki RMX-nın Cərahiyyə Şöbəsinə tibb bacısı kimi işə qəbul olunmuşdur. O. da Zərərçəkmiş şəxs1 kimi Səhiyyə Nazirliyi tərəfindən keçirilmiş sertifikasiyya imtahanından keçə bilməmişdir. İş yerinə qayıtmaq fkri olduğundan, işə qayıtmağın yollarını axtarmışdır. Şəki MRX-na olarkən iş yoldaşı Aytən adlı tibb bacısının da sertifikasiya imtahanından keçə bilmədiyini, lakin bir nəfər Nizami adlı tanışının vasitəsi ilə işə qayıdacağını öyrənmişdir. Bundan sonra Aytəndən onun da işə qayıtmasına köməklik etməsini xahiş etmişdir. Bir neçə gün sonra Aytən ona zəng edib tanışı Nizamidən onun işə bərpa olunması ilə bağlı xahiş etdiyini və həmin şəxs ona köməklik edəcəyini və işi 5000 manata həll edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Aytən ilə "Araz" marketdə qoyulmuş Millön elektron ödəmə terminalı vasitəsi ilə Nizami adlı şəxsin kart hesabına 5.000 manat pulu göndərmişdir. Pulu verdikdən bir müddət sonra başa düşmüşdür ki, Nizami onun işə bərpa olunması ilə bağlı heç bir iş görməmiş, onun 5.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra Şəki rayon prokurorluğuna Nizami barədə şikayət ərizəsi yazıb göndərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid qızının ifadəsi elan olunmaqla tədqiq edilmiş və ifadəsində göstərmişdir ki, 2005-ci ildən Şəki 19 saylı orta məktəbdə müəllimə işəyir. Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır. Aytən Şəki Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işləyirdi. Bacısı Aytən 2023-cü ilin iyul ayında keçirilən sertifikasiya imtahanından keçə bilmədiyindən onu xəstəxanadan işdən azad etmişlər. O, bu barədə eşidib çox narahat olmuşdur. Çünki bacısının əri vəfat edib, iki uşaqla qalır, işləməsə uşaqlara necə baxacaq? Buna görə də o, bacısının işə qayıtması üçün yollar axtarırdı. Həmin ərəfədə işlədiyi məktəbin qarşısında təsadüf Şəhriyar adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Şəhriyar hərbçi olduğunu və Şəki şəhərində xidmət etdiyini bildirmişdir. Onu fikirli görüb səbəbini soruşanda, o, Şəhriyara bacısı Aytənin problemini demişdir. Şəhriyar da ona Nizami adlı tanışı var, çox gözəl rəssamdır, yüksək vəzifəli tanışları olduğunu demişdir. O, Şəhriyardan xahiş etmişdir ki, onun Nizami ilə əlaqə yaratmasına köməklik etsin. Şəhriyar da ona Nizaminin hazırda xatırlamadığı mobil telefon nömrəsini verib demişdir ki, Nizamiyə zəng edib deyib, özü də zəng edib Nizami ilə danışsın. O da həmin mobil telefon nömrəsinə zəng edib Nizami ilə danışan zaman, sonuncu özü də ona, həqiqətən də rəssam olduğunu, yüksək vəzifəli şəxslərlə münasibəti olduğunu, həmin şəxslərin portretini çəkdiyini bildirib, hansı iş olsa həll edə biləcəyini bildirmişdir. O, Nizamiyə bacısı Aytənin Şəki MRX-da tibb bacısı işlədiyini, sertifikasiya imtahanından keçə bilmədiyi üçün işdən çıxarıldığını bildirib, bacısının imtahandan keçməsinə və işinə qayıtmasına köməklik etməsini xahiş etmişdir. Nizami də ona demişdir ki, heç bir problem yoxdur, bacısı özü onunla əlaqə saxlasın işini həll edər. O, da Aytənə bu barədə deyib Nizaminin mobil telefon nömrəsini sonuncuya verərək Nizamiyə zəng edib danışmasını bildirmişdir. Aytən da Nizamiyə zəng edib danışmışdır. Sonradan bacısı Aytən ona zəng edərək demişdir ki, Nizami onun işini həll etməsinə söz verib və bunun üçün 3500 manat pul istəyib, o da həmin pulu Nizaminin kartına göndərmişdir. Təxminən 3-4 ay keçməsinə baxmayaraq Nizami heç bir iş görməmiş və bacısının işini həll etməmişdir. O da Aytənə demişdir ki, əgər Nizami onu aldadıb pulunu alıbsa şikayət eləsin. Aytən də şikayət ərizəsi yazmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslərin təqdim etdikləri qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:09-da Təqsirləndirilən şəxs adına olan 4169 73** **** 1831 nömrəli karta 3500 manat və xx.xx.2023-cü il tarixdə saat 17:54dən 18:03-dək ümumilikdə 5000 manat köçürülmüşdur. Şəki ŞRPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə X1 arasında ədavət və ya düşmənçilik olması, aralarında pul və ya əmlakla bağlı mübahisənin olması, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadıb pul vəsaitlərini ələ keçirərkən kənar şəxslərin iştirakının olmasını, Niyazi Hüseynovun əldə etdiyi pul vəsaitəlrini hara xərcləməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 15 may 2024-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbləri yoxdur, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişlər. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olan 2127.13 (iki min bir yüz iyirmi yeddi manat on üç qəpik) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73- 1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlu ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 2127.13 (iki min bir yüz iyirmi yeddi manat on üç qəpik) manat məbəlğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilsin və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar