Məhkəmə qərarları › İş №1(075)-5/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-5/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-5/2024 10.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Mehti oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd qara rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,247 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib Şəki şəhəri, Yuxarıbaş adlanan ərazidə köhnə tikilidə gizlədərək saxlamış, 15 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün yaşadığı Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 nömrəli beynəlmiləl orta məktəbin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X6 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə, saat 18:59 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxmış “Kingstone” markalı siqaret qutusundakı qara rəngli bükülünün içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,247 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat tədbirlərinin davamı olaraq 15 mart 2023-cü il tarixdə saat 21:22 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə Şəki şəhəri, Yuxarıbaş adlanan ərazidə köhnə tikiliyə baxış keçirilmiş, baxış zamanı həmin köhnə tikilinin giriş hissəsində yığılmış maşın təkərlərinin içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq gizlədib saxladığı bir ədəd sellofan torbada, təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, İİİ qrup əlildir. Əvvəllər narkotik vasitə istifadə etməklə üzərində daşımaya görə həbs olunaraq azadlıqdan məhrum edilmişdir. Narkotik vasitənin istifadə etməkdən tərgitmiş, ağrılarıma görə yenidən narkotik vasitə istifadə etmişdir. Daha sonra pulu olmadığından və bu pis vərdişi tərgitmək üçün Qüdrət adlı polis əməkdaşına zəng edib onu narkotik vasitə istifadə etdiyinə görə 20 gün müddətinə inzibati qaydada həbs etdirməsini xahiş etmişdir ki, on beş gün inzibati həbsdə olduğu zaman narkotik vasitədən isifadə edə bilməyəcəyindən asılılığı aradan qalxacaqdır. Bundan sonra danışdığı polis əməkdaşı ona Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 nömrəli məktəbin qarşısında olmasını və polislərin onu gəlib götürəcəyini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra iki nəfər polis əməkdaşı qara rəngli avtomaşınla gəlib onu polis şöbəsinə aparmışlar. Şöbədə olarkən ona narkotik vasitəni verib üzərinə baxış keçirilərkən çıxardıb təhvil verməsi bildirilmişdir. Bundan sonra təhqiqatçının otağında vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə baxış keçirildi. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, üzərində olan qara rəngli cins şalvarın sol yan cibindən əl dəsmalını və 7 manat pul əskinasını çıxarıb stolun üstünə qoydu. Həmin narkotik vasitə olan heroini siqaretin içinə qoyduğundan təhqiqatçı oradan narkotik vasitə olan heroini çıxarıb qablaşdırmış və o, da vəkil ilə birlikdə imzalamışdır. Bundan sonra polislər ona yaşadığı binanın həyətində də, narkotik vasitə qoyduqlarını və videoçəkliş zamanı onu da qeyd etməyini və həmin əraziyədə baxış keçiriləcəyini bildirdiklərindən, təhqiqatçı ondan evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıbsaxlamadığını soruşduqda, yaşadığı Şəki şəhəri, Pişnamazzadə küçəsində məhləsindəki köhnə tikilinin həyətyanı sahəsinin giriş hissəsində yerləşən maşın təkərlərinin içərisində narkotik vasitə olan marixuananı gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Bundan sonra həmin əraziyə də baxış keçirilmiş və həmin narkotik vasitə qeyd etdiyi yerdən aşkar edilərək vəkilin və polisin iştirakları ilə qablaşdırılaraq götürülmüş, möhürlənərək hər biri imzaları ilə imzalamışlar. Qeyd edilən cinayət əməli onun tərəfindən törədilmədiyini, polis əməkdaşları tərəfindən ona verilən narkotik vasitələri təqdim etdiyini, onun sadəcə inzibati qayadada həbs olunaraq narkotik vasitədən asılılığının aradan qalxmasını istədiyindən videoçəkilişlə baxış keçirilən zaman hər şeyi boynuna almışdır. Bundan başqa bildirmişdir ki, onun üzərinə baxış keçirilən zamanı olan polis əməkdaları ilə polis şöbəsinə gətirən polis əməkdaşları eyni şəxslər olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Şəki Şəhər- Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəki şəhər sakini “Sadiq” adlı şəxsin barəsində narkotik vasitələri qanunsuz olaraq saxlaması, istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuş, onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə şöbənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şəki rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, Təqsirləndirilən şəxs Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 nömrəli məktəbin yaxınlığında özlərini təqdim etdikdən sonra ona narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, satmaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişdirlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələri izah edilərək müdafiə hüququ təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, üzərindəki qara rəngli cins şalvarın sağ yan cibindən əl dəsmalını, 7 manat pul əskinazını çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan paltarların üzəri, cibləri yoxlanılmış lakin qanunla qadağan edilmiş hər hanıs bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindən bir ədəd qara rəngli kağıza bükülmüş bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisindəki kütlənin heroin olmasını bildirərək həmin heroini özü istifadə etmək üçün Şəki şəhərində bazar adlanan yerdə gəzərkən xarici markalı siqaret qutusunu gördüyünü və həmin siqaret qutusuna baxan zaman içərisindən tapdığını və özündə saxladığını bildirdi. Sonra yaşadığı ünvanda və ya başqa saxlanc yerində saxladığı narkotik vasitə olubolmadığı soruşulduqda Təqsirləndirilən şəxs məhlələrindəki köhnə tikilidə narkotik vasitə saxladığını bildirdi. Bundan sonra hadisə yerinə baxış keçirilməsi üçün müdafiəçi Musa Sarıyevin, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, Şahid2 və MSY-nin polis növbətçisi, polis baş serjantı Nofəl Qaffarovun iştirakı ilə Təqsirləndirilən şəxs məhlələrində yerləşən köhnə tikiliyə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, narkotik vasitəni könüllü təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs məhlələrində yerləşən köhnə tikilidə olan üst-üstə düzülmüş təkərlərin içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütləni təqdim etdi və tikilidə başqa narkotik vasitənin olmadığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs məhlələrində yerləşən köhnə tikilidə aşkar edilmiş bir ədəd sellofan torbanın içərisində nə olması soruşulduqda, o, həmin torbanın içərisindəki kütlənin marixuana olmasını bildirərək həmin marixuananı bir müddət əvvəl Şəki şəhəri, “Quru çay” adlanan ərazidən tapdığını bildirdi. Sonra yaşadığı ünvanda və ya başqa saxlanc yerində saxladığı başqa narkotik vasitə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs başqa narkotik vasitə saxlamadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən və məhlələrində yerləşən köhnə tikilidən aşkar olunmuş narkotik vasitələr ekspertizaya təqdim edilməsi üçün Təqsirləndirilən şəxs, onun müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq protokol tərtib edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əməliyyat axtarış tədbirləri operativ və dərhal həyata keçirildiyindən onların mobil telefonlarının şəxsin qeyd olunan ərazidən götürülərkən üzərilərində olmaması halı təbiidir ki, qeyd olunan cinayət əməllərinin aşakar olunamsı üçün operativlik tələb edildiyindən həmin vaxtı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirərkən mobil telefonları üzərlərində olmaya bilərdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər açıq qəhvəyi rəngli kütlə olan 01 ədəd kağız büküm aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin kağız bükümü Şəki şəhərində bazar adlanan yerin yaxınlığında küçədən tapdığını bildirmişdir. Bundan sonra həmin kağız bükülü qablaşdırılaraq götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki şəhəri, yuxarıbaş adlanan hissədə öz məhlələrində köhnə tikiliyə baxış keçirilən zaman köhnə yarımçıq tikilinin giriş hissəsində yığılmış maşın təkərlərinin içərisindən narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə olan 01 ədəd sellofan torba aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 2023-cü ilin mart ayında Şəki şəhəri, S.Mümtaz küçəsinin arxa hissəsində yerləşən “Quru çay” adlanan yerdən tapdığını bildirmişdir. Narkotik vasitə olan marixuana qablaşdırılaraq götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 4(075)-21/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 mart 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İnvitro MMC-nin xx.xx.2023-cü il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Morfin” , “Metadon”, “Amphetamin” qəbulu faktı aşkar edilmişdir. “Kompleks Məhkəmə-kimyəvi” ekspertizanın 16 mart 2023-cü il tarixli, 17/256 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs narkotik vasitə saxladığı yerdən götürülən maddi...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 385.0 qram olan bitki mənşəli kütlə tərikibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 385.0 qr, tədqiqata sərf edildi- 0,10 qr, qalıq-384.90 qram təşkil edir. Həmçinin, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd qaraağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0.247 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi- 0.247 qr, tədqiqata sərf edildi- 0,05 qr, qalıq- 0.197 qram təşkil edir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 249 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Sadıqov X4 şəhər Rayonlararası Nakoloji Dispanserdə xx.xx.2016-cı il tarixdə opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, “Asılılıq sindromu” diaqnozu üzrə qeydiyyatda durur. Əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-109/2-8387/2023 nömrəli cavab məktubundan görünür ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və Şəki şəhəri, yuxarıbaş adlanan hissədə öz məhlələrində köhnə tikiliyə baxış keçirilən zaman köhnə yarımçıq tikilinin giriş hissəsində yığılmış maşın təkərlərinin içərisindən aşkar olunmuş narkotik vasitə olan heroin və marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-narkoloji ekspertizanın 10 may 2023-cü il tarixli, 819 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib. Narkotik vasitə olan kannabionaiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizanın 12 aprel 2023-cü il tarixli, 223 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur və Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının 28 mart 2023-cü il tarixli, 443 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. DZ: şəxsiyyətin isterik pozğunluğu F-60.4. Şəki şəhər X1 xx.xx.2023-cü il tarixli 130 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 8 ünvanda yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmayıb. “Sübutların qiymətləndirilməsi haqqında” 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və saxladığı ərazidən aşkar olunaraq götürülmüş narkotik vasitələri əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilib həmin mənbənin müəyyənləşdirilərək qanuna uyğun tədbirlər görülməsi məqsədi ilə cinayət işi üzrə material ayrılıb Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, onun üzərinə və yaşadığı əraziyə baxış zamanı istifadə edilmiş videoçəkilişin 2 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub, məhkumluğu ödənilməyib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində narkotik asılılığından qurtulmaq üçün polis əməkdaşlarına onu inzibati qaydada həbs olunmasını xahiş etdiyindən üzərinə və yaşadığı həyətə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitələrin onun olmaması barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə və yaşadığı məhəlləyə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilinin və digər şahidlərin iştirakı ilə onun üzərində və yaşadəğı ərazidə baxış keçirildiyini və həmin vaxtı üzərindən və yaşadığı məhəllənin həyətindən aşkar olunan narkotik vasitələrin onun olmasını təsdiq etdiyini və həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilməklə keçirilmiş Məhkəmə-psixiatrik ekspertizanın rəyinə əsasən anlaqlı olmaqla həmin hadisələrin nəticəsini dərk etməklə heç bir etirazını bildirməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs inzibati qaydada tutulmaq istədiyindən ibtidai istintaq zamanı polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitələrin özünün olmasını etiraf etməsinə dair sonradan cinayət işini istintaqı aparılan zaman da, buna heç bir etiraz etməyərək hər hansı bir müraciəti və ya şikayəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Şəki Rayon Məhkəməsinin 1(075)-1/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs CM-nın 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 10 may 2023-cü il tarixli, 819 nömrəli rəyinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməklə, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı məhəllənin həyətindən aşkar olunaraq götürülmüş narkotik vasitələr ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.197 qram olan heroin və təmiz çəkisi 384.90 qram olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, qeyd olunan maddi sübut Şəki ŞRPŞ-də saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 0.197 qram olan heroin və 384.90 qram olan qurudulmuş marixuana məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin 2 və məhkəmə sorğusu əsasında Azerfon MMC və Bakcell MMC mobil operatorlardan götürülmüş 4 ədəd diski cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri 103.65 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 384.90 qram olan qurudulmuş marixuana və 0.197 qram olan heroin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 6 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 103.65 (yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar