Məhkəmə qərarları › İş №1(075)-52/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-52/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-52/2024 28.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, nümayəndəsi (vəkil) Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X3 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşgul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanının mövqeyinə görə, 06 fevral 2024-cü il tarixdə, saat 1730 radələrində sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “Hyundai i30 Minik” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Qax avtomobil yolunun Şəki rayonu, Qoxmuq kəndi ərazisindən keçən hissəsində Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, buna riayət etməyərək avtomobili 70-75 km/saat surətlə hərəkət etdirərkən yolun sağ çiynində yola perpendikulyar vəziyyətdə dayanmış sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Benz E190 Minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə dayandığı yerdən sola dönmək üçün yolun əks hərəkət zolağına doğru hərəkət edərək hərəkət hissəsinə daxil olduqdan sonra özünün idarə etdiyi “Hyundai i30 Minik” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Benz E190 Minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs qarının küt travması, nazik və yoğun bağırsaqların, böyük və kiçik piyliyin, bağırsaq müsariqələrinin əzilməsi və qansızmaları, xarici cinsiyyət orqanlarının (penis və hər iki xayaların) əzilmələri və boşluqlarına qansızmalar, sidik kisəsinin cırılması, dalağın kapsula altı hematoması, çanaq üzvlərinin küt travması, qasıq bitişməsinin aralanması, qasıq və çanaq sümüklərinin yerdəyişən sınıqları, qarının aşağı ön və sağ yan kvadratlarında, qasıq nahiyyəsində, cinsiyyət orqanlarında, hər iki budlarında, sağ dizində geniş sahələrdə yumşaq toxumaların əzilməsi və qançırları nəticəsində inkişaf edən travmatik şok kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq həmin xəsarətlər nəticəsində inkişaf edən travmatik şok nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmaqla, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunun tam və obyektiv araşdırılmayıb, ibtidai araşdırma zamanı qiymət verilməli olduğu hal müəyyən edilmişdir. Belə ki, Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 313108/2-19844/24 nömrəli məktubdan və ona əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 318.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, ibtidai istintaq orqanı yanlış olaraq təqsirləndirilən şəxsin hadisəni törədərkən sürücülük hüququnun olması nəticəsinə gələrək əməli CM-nın 263.2-ci maddəsi ilə düzgün tövsif etməmiş, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin sürücülük hüququnun xx.xx.2023-cü il tarixdən 6 ay müddətində məhdudlaşdırıldığından, xx.xx.2024-cü ildə hadisə törədərkən sürücülük hüququnun olmadığı üçün hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu məsələsinə baxılmasından ötrü geri qaytarılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə vəsatət verərək, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı çıxış edib, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin fikri ilə razı olmadığını, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsindən alınmış məlumatda təqsirləndirilən şəxsin sürücülük hüququnun məhdudlaşması bildirilmədiyi üçün və təqsirləndirilən şəxs özü də bundan xəbərsiz olduğundan işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmamasını, davam etdirilməsini, vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasından xəbərsiz olduğundan işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmamasını, davam etdirilməsini, vəsatətin təmin edilməməsini xahiş etməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hadisə baş verən vaxt sürücülük hüququnun məhdudlaşdırılmış olduğu barədə məlumat daxil olduqdan sonra, məhkəmə iclasında soruşularkən Təqsirləndirilən şəxs çıxış edərək, yol hərəkəti qaydalarını pozması nəticəsində 20 bal toplamasına görə sürücülük hüququnun məhdudlaşdırıldığını ibtidai istintaq dövründə bildirməsinə zərurət duymadığı üçün demədiyini bildirmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmənin yaranmış vəziyyətə ibtidai araşdırma orqanının mövqeyi olmadan qiymət verməsi tərəfsizlik prinsipinə xələl gətirmiş olmaqla, dövlət ittihamçısının məhkəmə iclasında təqdim etdiyi sorğulara cavab məktubunda qeyd olunan təqsirləndirilən şəxsin sürücülük hüququnun məhdudlaşdırılmasının xx.xx.2024-cü ildən icraya yönəldilməsi və xx.xx.2025-ci ildə başa çatacağı barədə məlumat, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı ilə bağlı olmaqla, müddətin axımının müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən hesablanmağa başlaması barədə qanunun tələbi ilə əlaqədardır. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi dövlət ittihamçısının dedikləri ilə razılaşdığını bildirib, təqsirləndirilən şəxsin sürücülük hüququnun məhdudlaşdırılmasından xəbərsiz olduğundan işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmamasını, davam etdirilməsini, vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs müdafiəçisinin qeyd etdikləri ilə razılaşdığını bildirib, eyni məzmunlu xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, onun nümayəndəsini, təqsirləndirilən şəxsi və müdafiəçini dinləyərək, cinayət işinin materiallarını tədqiq edərək qeyd edilənləri yekunlaşdırıb hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərər çəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar