Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-53/2025 10.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərəçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2001-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 13 may 2024-cü il tarixdə, saat 13 radələrində Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən 148-ci kilometrliyində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan əmisi oğlu X5 məxsus Kia Rio markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Oğuz rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından yayındırmamalı, avtomobilin idarə olunması ilə əlqədar hərəkətləri avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin edəcək şəkildə yerinə yetirməli olduğu halda bunlara əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirərək qarşı hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi Toyota Camry markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq, ehtiyatsızlıqdan avtomobildə olan sağ ön oturacaqda oturmuş sərnişin Zərərçəkmiş şəxs sol diz oynağının yumşaq toxumalarının əziyi, sol ayağın 2-ci daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nın 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Əmisi oğlu X5 məxsus Kia Rio markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, Rəşad həmin avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Təxminən 2024-cü ilin may ayının 7-də o, dostu Elmirlə birlikdə gəzmək üçün Şəki şəhərinə dostlarının yanına getmişlər. Bir neçə gün Şəki şəhərində qalıb, 13 may 2024-cü ildə Elmirlə o, Oğuz rayonuna gəzməyə getmiş, Oğuz rayonundan Şəki şəhərinə qayıdarkən Elmir sağ ön oturacaqda oturmuş, o isə avtomobili idarə etmişdir. Saat 1320 radələrində Şəki şəhərinin girişinə çatanda o, qarşıda üç yol ayrıcında “Opel” markalı avtomobilin sola dönmək üçün dayandığını görmüş, həmin avtomobil dönmə nişanını yandırmamışdır. Opel markalı avtomobil bir qədər sola meyilləndiyindən o, həmin avtomobilin sola dönmək üçün dayandığını başa düşmüş, buna görə də sağa dönmə nişanı yandıraraq həmin avtomobilin sağından keçərək yoluna düzəldiyi zaman qarşıdan ağ rəngli Toyota Camry markalı avtomobilin onun üzərinə gəldiyini görmüşdür. O, qarşısında Opel markalı avtomobil olduğundan Toyota Camry markalı avtomobilin gəlməsini əvvəlcədən görməmişdir. O, Toyota Camry markalı avtomobillə toqquşmamaq üçün avtomobilə tormuz etmiş, sürəti 55-dən 29-a düşmüşdür. O, birinci avtomobili sağa çəksə də toqquşmanın qaçılmaz olduğunu görərək tez sükanı sola çəkmiş, Toyota Camry markalı avtomobili də öz hərəkəti zolağında avtomobilini sağa meyilləndirmiş, həmin an toqquşma baş vermişdir. Tayora Camry markalı avtomobil onun avtomobilinin sağ ön hissəsindən vurmuşdur. Toqquşmadan sonra onun avtomobili bir dəfə fırlanaraq yolun ortasında dayanmışdır. Avtomobil dayanan kimi o, Elmirə baxmış, Elmirin hər hansı xəsarəti olmadığını gördüyündən tez avtomobilinin qapısını açaraq Toyota Camry markalı avtomobilə tərəf qaçmışdır. O, Toyota Camry markalı avtomobilin çuxura düşdüyünü, reklam lövhəsinin borusuna dəyərək dayandığını görmüşdür. Yaxınlaşdığı zaman həmin avtomobildə olan şəxslər qapını açaraq düşmüşlər. O, həmin şəxslərə düşməyə köməklik edərək hər hansı bir xəsarətlərinin olub olmamasını soruşmuşdur. Sürücünün başında cızıq olduğunu, sağ ön oturacaqda oturan şəxsin isə axsadığını görmüşdür. Onun telefonunda qəza zamanı təcili yardıma məlumat verən proqram olduğundan tez bir zamanda təcili yardım avtomobili gəlmişdir. Toyota Camry markalı avtomobildə olan şəxslər heç bir xəsarətlərinin olmadığını bildirərək xəstəxanaya getməkdən imtina etmişlər. Təcili yardım avtomobili isə onlara ilkin yardım göstərərək getmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma apararaq hadisə yerinin sxemini çəkməklə hadisə yerinə baxış protokolu yazmışlar. Onlarda protokol və sxemlə tanış olub doğruluğun öz imzaları ilə təstiq etmişlər. Baş vermiş hadisədə özünü təqsirli hesab etməmiş və zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. O, qeyd olunanların nəzərə alınaraq qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Şahid1lə bir neçə il olar ki, yaxın münasibəti olmuş, 12 may 2024-cü ildə Rizvan səhəri gün şəxsi işləri ilə bağlı Oğuz rayonuna getməli olduğunu bildirərək onunla birlikdə getməyi ondan xahiş etmişdir. O da Rizvana etiraz etməmiş, 13 may 2024-cü ildə səhər tezdən Rizvana məxsus Toyota Camry markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərinə gəlmişlər, orada Rizvan öz işlərini görüb qurtardıqdan sonra həmin gün saat 13 radələrində həmin avtomobillə Şəki şəhərindən çıxaraq Oğuz rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Avtomboili Rizvan idarə etmiş, o sağ ön oturacaqda oturmuşdur. Avtomobildə başqa kimsə olmamışdır. Baş yolla hərəkət edərək Şəki şəhərinin çıxışında üçyol ayrıcına çatanda qarşıdan gələn dövlət nömrə nişanını xatırlamadığı Opel markalı bir avtomobilin öz hərəkəti istiqamətindən sola dönmə nişanı yandıraraq İİ dərəcəli yola dönmək üçün gözlədiyini görmüşlər. Rizvan baş yolla hərəkət etdiyindən hərəkətinə davam etmişdir. Onlar Opel markalı avtomobilə çatmağa az qalmış tormuz səsi gəlmiş və Opel markalı avtomobilin arxasından çıxan bir avtomobilin sol tərəfdən onların üzərinə gəldiyini görmüşlər. Rizvan toqquşmadan yayınmaq üçün avtomobilə tormuz edərək saxlamaq istəyəndə həmin avtomobil Rizvanın avtomobilinin sol yan tərəfindən vurmuşdur. Zərbədən onların avtomobili yolun sağına çıxaraq orada olan reklam lövhəsinin dirəyinə dəyərək çuxura düşüb dayanmışdır. Onların avtomobilini vuran avtomobil isə fırlanaraq ikinci dərəcəli yolun ortasında dayanmışdır. Onlar avtomobildən düşdüyü zaman onların avtomobilini vuran avtomobilin Kia Rio markalı avtomobil olduğunu görmüşlər. Həmin avtomobildən iki nəfər cavan oğlan düşmüş, Kia Rio markalı avtomobilin sürücüsü olan şəxs onlara yaxınlaşaraq öz hərəkəti zolağından sola dönmə nişanı yandıraraq dayanan Opel markalı avtomobilin sağından keçmək istədiyi zaman idarə etməni itirdiyini bildirmişdir. Hadisə nəticəsində Rizvan başından yüngül xəsarət almış, onun isə sol ayağında problem olmuşdur. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri onlara ilkin yardım göstərmişlər. Lakin onlar özlərini yaxşı hiss etdiyindən xəstəxanaya getməmişlər. Kia Rio markalı avtomobildə olan şəxslərdə heç bir xəsarət olmamışdır. Hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmışlar. Sonradan onun ayağında ağrılar gücləndiyindən o, həkimə müraciət etmiş və sol ayağında sınıq olduğunu bilmişdir. Hadisənin baş verməsinə səbəb olmuş iş üzrə Təqsirləndirilən şəxs ona üzrxalqlıq etməmiş, ondan bağışlanmasını istəməmişdir. Hadisənin baş verməsi nəticəsində yaxın tanışı Şahid1 avtomobilinə xeyli miqdarda ziyan dəymiş və təqsirləndirilən şəxs ziyanın ödənilməmişdır. O, ədaləti qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaxın tanışı olmuş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuş, özünə məxsus Toyota Camry markalı ** BG *** dövlət qeuydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 13 may 2024-cü ildə o, dostu Rövşənlə birlikdə şəxsi işləri ilə əlaqədar Şəki şəhərinə getmişdir. Avtomobili o, idarə etmiş, Rövşən isə avtomobildə sağ ön oturacaqda oturmuşdur. Həmin gün saat 13 radələrində onlar Şəki şəhərində işlərini yekunlaşdıraraq Oğuz rayonu istiqamətində getməyə başlamışlar. O, avtomobili baş yolla idarə etmiş, Şəki şəhərinin çıxışına yaxınlaşanda qarşıdan gələn bir avtomobilin üçyol ayrıcında dayanaraq öz hərəkəti istiqamətindən sola dönmə nişanı yandıraraq gözlədiyini görmüşdür. Həmin avtomobil dayanraq gözlədiyindən o, hərəkətinə davam etmişdir. Avtomobilə çatmağa təxminən 10- 15 metr qalmış qarşıda dayanaraq onun keçməsini gözləyən avtomobilin arxasından bir avtomobilin çıxaraq onların üzərinə gəldiyini görmüşdür. O, hadisədən yayınmaq üçün tormuz etdikdə həmin avtomobil onun idarə etdiyi avtomobilin sol yan tərəfindən vurmuşdur. Zərbədən sonra onun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun sağına düşmüş və avtomobilin sağ tərəfi orada olan reklam lövhəsinin dirəyinə çırpılaraq dayanmışdır. Rövşənlə o, avtomobildən düşəndə onların avtomobilini vuran avtomobilin Kia Rio markalı avtomobil olduğunu, avtomobildən isə iki nəfər şəxsin düşdüyünü görmüşdür. Həmin şəxslərdə xəsarətin olması görünməmişdir. Onun başında kiçik zədə olmuş, Rövşənin isə ayağında zədə olduğundan axsamışdır. Ətrafa toplaşan şəxslər təcili yardıma zəng edərək məlumat verdiklərindən bir qədər sonra təcili yardım avtomobili gələrək onlara ilkin yardım göstərmişlər. Onlar həmin vaxtı özlərini yaxşı hiss etdiyindən xəstəxanaya getməmişlər. Kia Rio markalı avtomobildə olan şəxslərdə heç bir xəsarət olmadığından həmin şəxslərdə xəstəxanaya getməmişlər. Hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma apararaq hadisə yerinin sxemini çəkməklə hadisə yerinə baxış protokolu yazmışlar. Onlarda protokol və sxemlə tanış olduqdan sonra öz imzaları ilə təstiq etmişlər. Sonradan onlara məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində Rövşənin sol ayağı sınmışdır. Hadisə nəticəsində onun avtomobilinə xeyli miqdarda ziyan dəymiş, lakin təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsi üçün heç bir addım atılmamışdır. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsində göstərilmişdir ki, 2024-cü ilin may ayının təxminən 7-də dostu Muradla birlikdə sonuncunun idarə etdiyi Kia Rio markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə gəzmək üçün Şəki rayonuna getmişlər. Onlar Şəki şəhərində dostlarının evində qalmış, 13 may 2024-cü ildə Muradın idarə etdiyi avtomobillə Oğuz rayonuna getmiş, Oğuz rayonunda bir qədər gəzdikdən sonra Şəki şəhərinə qayıdarkən avtomobili Murad idarə etmiş, o isə sağ ön oturacaqda oturmuşdur. Onlar Şəki şəhərinin girişinə yaxınlaşdığı zaman orada piyada keçidinin olduğunu, piyada keçidindən bir yolun sol istiqamətə döndüyünü, bir yolun isə düzünə getdiyini görmüşdür. Yol ayrıcında bir Opel markalı avtomobil dayanmış, Murad həmin avtomobildən yan keçmək üçün avtomobilin sağına keçərək hərəkətə davam etmişdir. Piyada keçidinin üzərinə çatanda qarşıdan ağ rəngli avtomobilin üzərlərinə gəldiyini görmüşdür. Həmin an Murad həmin avtomobillə toqquşmamaq üçün tormuz edərək sükanı sola çəkmiş, eyni anda da qarşıdan gələn avtomobildə toqquşmamaq üçün öz yoluna qayıtmışdır. Bu zaman onların olduğu avtomobil ağ rəngli avtomobilin sol yan tərəfindən vurmuşdur. Zərdəbədən onların avtomobili bir qədər irəliyə gedərək üç yol ayrıcının üzərində dayanmış, ağ rəngli Toyota Camry markalı avtomobil isə bir qədər irəliyə gedərək yoldan çıxaraq yolun kənarında olan reklam lövhəsinin borusuna çırpılıb yerində qalmışdır. Hadisədən Murad heç bir xəsarət almamış, ondan da xəsarət alıb almadığını soruşmuş, o heç bir xəsarət almadığımı bildirmişdir. Murad avtomobildən düşüb Toyota Camry markalı avtomobilə tərəf qaçmış, sürücünü avtomobildən çıxarmışdır. Sürücünün başından qan axdığını görmüşdür. Toyota Camry markalı avtomobildə sağ ön qapı açılmadığından Murad orada oturan sərnişini sol ön tərəfdən avtomobildən çıxartmış, həmin şəxsin ayağında xəsarət olmuş, yeriməkdə çətinlik çəkmişdir. Təcili yardım avtomobili gəlmiş və hər iki şəxsə yerində yardım göstərmişlər. Sonra isə polis əməkdaşları gələrək müvafiq araşdıma aparmışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək hadisənin baş verməsində Toyota Camry markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 təqsirli bilmiş, qarşısında dayanmış Opel markalı avtomobilin sola dönmək üçün dayandığını görüb sağa dönmə nişanı yandıraraq həmin avtomobilin sağından keçərək yoluna düzəldiyi zaman qarşıdan yüksək sürətlə üzərinə gələn ağ rəngli Toyota Camry markalı avtomobillə toqquşmamaq üçün avtomobili yayındırdığını və bu zaman həmin avtomobillə toqquşduğunu bildirmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sənədlərdən və iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadəsindən göründüyü kimi təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Toyota Camry markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili qarşı hərəkət zolağında vurmuşdur. İşin bu halı təqsirləndirilən şəxsin özünün ifadəsi ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qarşısında olan maneəni gördükdən sonra idarə etdiyi avtomobilin surətini 29 km/saata endirdiyini bildirsə də, o, Opel markalı avtomobilin sağından keçərək yoluna düzəldiyi zaman Toyota Camry markalı avtomobilin üzərinə gəldiyini görüb avtomobili sağa çəkərək nə səbəbdən dayandırmadığını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qarşıdan gələn avtomobilin onun hərəkət zolağına çıxdığını bildirsə də, lakin bunu sübut edə bilməmiş, iş materiallarında müəyyən edilmiş toqquşma nöqtəsinin yolun Toyota Camry markalı avtomobilə aid hərəkət hissəsində müəyyən edildiyi aydın göründüyündən həmin avtomobili qarşı hərəkət zolağında vurmasını inandırıcı həddə inkar etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillər və sxemdən görünür ki, hadisə baş verən ərazi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 148-ci kilometrliyindədir, maksimum icazə verilən sürət həddi 60 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, üfüqüdür, nisbətən yaşdır. Yol nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıll-Şəki avtomobil yolunun İsmayıllı istiqamətindən sol hərəkət hissəsində yolun sol kənarından 5.7 metr sağına doğru, yolun sağından isə 7.1 metr soluna doğru olan hissədə baş vermişdir. Yol nəqliyyat hadisəsi vaş verən yerdən sola doğru ikinci dərəcəli yol olmaqla üç yol ayrıcıdır. Yolun hərəkət hissəsinin eni yol ayrıcının yaxınlığında 11.5 metrdir. Yolun sol kənarında eni 1.5 metr, sağ kənarında isə bir hissəsi 3.1 metr yol çiyni vardır. Həmçinin yolun sağ kənarında iri gövdfəli ağac vardır, ağacın ətrafı 1.3 metr hündürlüyündə betonla əhatə olunmuşdur. Yolda hər iki avtomobil baş yolla hərəkət etmişdir. Toyota Camry markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol çiynindən çökəklik istiqamətində dayanmışdır. KİA RİO markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil isə İİ dərəcəli yolun ortasında üzü baş yol istiqamətində dayanmışdır. Yolun sağ hərəkət hissəsinin kənarında sağa meyillənmiş KİA RİO markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 3.5 metr uzunluğunda tormuzlama izi vardır. (İş.v 9-19) BD seriyalı 511304 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2032-ci il tarixinədək olan BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir, onun xx.xx.2024-cü il tarixdə hadisəni törədən vaxt sürücülük hüququ olmuşdur. (İş. v-32) BD seriyalı 467759 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, KİA RİO markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanında yaşayan X3 adına qeydiyyata alınmışdır. (İş.v 33) xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, KİA RİO markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, ev 1, mənzil 2 ünvanında yaşayan X6 tərəfindən etibaretmə qaydasında Təqsirləndirilən şəxs idarə etmək səlahiyyəti verilmişdir. (İş.v 34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 200 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol diz oynağının yumşaq toxumalarının əziyi, sol ayağın 2-ci daraq sümüyünün qapalı sınığı qərarda göstərilən 13 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağalamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. (İş.v- 41) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 113 saylı aktdan görünür ki, müayinə edilən Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. (İş.v 21) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 3-13-16/2-93919/2024 saylı məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 511304 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (İş.v 47) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İş.v- 49). Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2024-cü il tarixli, 8/1574 nömrəli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Toyoto Camry markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Kia Rio markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır. (İş.v-58-60) Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan təbiri seçilmişdir. (İş.v- 130-131) Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və 27 dekabr 2024-cü il tarixli, 1429 nömrəli arayışdan görünür ki, Həşimov X1 şəhəri, B.İbrahimov küçəsi, ev 51 ünvanında qeydiyyatda olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş.v- 155-156) Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs, 13 may 2024-cü ildə, saat 13 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən 148-ci kilometrliyində, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X5 məxsus Kia Rio markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından yayındırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin edəcək şəkildə yerinə yetirməli olduğu halda bunlara əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirərək qarşı hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi Toyota Camry markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq, ehtiyatsızlıqdan avtomobildə olan ön oturacaqda oturmuş sərnişin Zərərçəkmiş şəxs sol diz oynağının yumşaq toxumalarının əziyi, sol ayağın 2-ci daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli zərər çəkmiş və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263.1-ci maddəsinin sanksiyasında, iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, islah işləri növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs islan işləri cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir və barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, ekspertiza tədqiqatının dəyəri olan 128 manat ondan alınaraq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Kia Rio markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillin və Toyota Camry markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancından hər ay 10 % dövlət nəfinə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Kia Rio markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillin və Toyota Camry markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE**********0002088501, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmün icrası qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-53/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-53/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver