Məhkəmə qərarları › İş №1(075)-54/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-54/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-54/2021 02.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1962-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarında artıq miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib daşıyaraq narkotik vasitə olan qurudulmuş marixuananı Şəki şəhəri, X3 prospektində yerləşən Şəhidlər Xiyabanının yaxınlığındakı qəbiristanlığın ərazisində, narkotik vasitə heroini isə üzərində saxlamış, 23 yanvar 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün saat 1320 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Şəki şəhəri X3 prospekti, 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən bir ədəd kağız bükülünün içərisində təmiz çəkisi 0.272 qram, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 1834-də Şəki şəhəri, X3 prospektində yerləşən Şəhidlər Xiyabanın yaxınlığındakı qəbiristanlığa baxış keçirilən zaman həmin qəbiristanlığın giriş hissəsinin sol tərəfindəki ikinci beton elektrik dirəyinin arxa hissəsindən bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 275.36 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir(maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri də daxil olmaqla, bu günə qədər dəfələrlə məhkum olub cəza çəkmişdir. 25 yanvar 2020-ci ildə tanışı Hikmət Daşdəmirovdan 10 manat pul müqabilində narkotik vasitə aldığı üçün, barəsində məhkəmənin digər hakiminin icraatında baxılan CM-nın 234.1-ci maddəsi ilə başqa cinayət işi üzrə ekspertiza təyin edilmiş, lakin hələlik cavab alınmamışdır. O, narkotik aludəçisi olmuş və demək olar ki, hər gün narkotik vasitə qəbul etmişdir. Çox vaxt narkotik vasitə olan, el arasında kokos deyilən, heroindən bəzən isə işləmədiyi üçün pulu olmayanda aradabir ağrılarına görə nəşədən, yaxud spirtli içkidən istifadə etmişdir. Əvvəl Şəki Kommunal birliyində fəhlə işləmiş, sonuncu dəfə tutulandan sonra işdən çıxarılmışdır. İşlədiyi müddətdə Şəki rayonunun çox hissəsini yaxşı tanımış, istənilən işi də əlavə fəhlə kimi görmüşdür. 2020-ci ilin avqust ayının sonlarında fəhlə işləməyi ilə əlaqədar Şəki rayonundan “Putomnik” adlanan, Çeşməli kəndinə getmiş, işlərini qurtarıb evinə piyada qayıdan zaman, “Nuruşbulaq” adlanan ərazinin yaxınlığında yolun kənarında, kolların arasında yabanı halda bitmiş çətənə kolları görmüşdür. İstifadə etmək üçün narkotik bitki kollarının yarpaqlarından toplamış, qurutmaq və lazım olanda istifadə etmək üçün həmin yerin yaxınlığında gizlətmişdir. Bir neçə ay arada gedib topladığı nəşədən istifadə etmiş, hər dəfə istifadə etmək üçün gedib gəlməsi çox vaxt apardığından, xatırlamadığı vaxtda sonuncu dəfə istifadə etdikdən sonra nəşəni götürüb, yaxşı vəziyyətdə olmadığına görə sellofan torbasını dəyişmiş, gətirib Şəki şəhərində “Ana abidəsi” deyilən yerin yaxınlığında olan qəbiristanlqıda gizlətmişdir. Tutulmamışdan təxminən 10-15 gün əvvəl, Bakı şəhərində olan zaman, “Sovetski” adlanan ərazidə tanımadığı orta boylu bir kişi yaxınlaşıb narkotik vasitə istifadəçisinə oxşadığını, istəyərsə ona narkotik vasitə sata biləcəyini bildirmiş, o danışıb razılaşaraq 10 manat pul müqabilində narkotik vasitə olan heroin almış, Şəki şəhərinə qayıtdıqdan sonra həmin narkotik vasitədən 1 dəfə istifadə etmişdir. 23.01.2021-ci ildə Şəki şəhərində olan zaman 2 nəfər yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə olduğuna dair məlumatları olmasına görə onu Polis Şöbəsinə dəvət etmişlər. Əməlinin bilindiyini başa düşüb etiraz etməmiş, onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində onu təhqiqatçının otağına aparmışlar. Təhqiqaçı özünü təqdim edib narkotik vasitə saxlamasına görə şübhələr olduğundan üzərində şəxsi axtarış aparılacağını deyib, öz istədiyini seçməsi üçün vəkillərin siyahısını ona vermiş, o siyahıdan istədiyi vəkili seçmişdir. Seçdiyi vəkil gəldikdən sonra təhqiqatçı onu CM-nın 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini izah edib videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirmişdir. O, təhqiqatçının təklifi ilə üzərində olan siqaret, nəşə və digər əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı da üzərində axtarış etmiş, heç nə tapmamışdır. Təhiqatçının təklifi ilə stolun üstünə qoyduğu əşyaları təqdim edərkən əvvəlcə narkotiki götürüb 10 gün əvvəl Bakı şəhərindən aldığını, heroin olduğunu, digər əşyaların da özünə məxsus olduğunu demişdir. Təhqiqatçı narkotikə və digər əşyalarına baxmış, narkotikin ekspertizaya göndəriləcəyini deyib zərfə qoyub qablaşdırmış, o və iştirakçılar zərfin üzərini imzalamış, digər əşyaları özünə qaytarılmışdır. Bundan başqa narkotik vasitəsinin olub olmadığı soruşulmuş, o, “pitomnikdən” topladığı nəşəsinin olduğunu, Ana Abidəsinin yaxınlığında olan qəbiristanlıqda saxladığını demişdir. Üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı edilən videoçəkiliş dayandırılıb nümayiş etdirilmiş, bu barədə protokol tərtib olunmuş, doğru olduğu və heç bir vəsatət, əlavə, düzəliş olmadığı üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, vəkili və polis əməkdaşları ilə birlikdə narkotiki saxladığı yerə getmişlər. Orada da təhqiqatçı saxladığı narkotiki təqdim etməyi təklif etdikdə qəbiristanlığa daxil olub nəşəni gizlətdiyi yerdən götürüb təhvil vermişdir. Təhqiqatçı, vəkili və digər iştirakçılar təqdim etdiyi kütləyə baxmış, təhqiqatçı həmin kütlənin ekspertizaya göndəriləcəyini deyib ağ rəngli zərfə qoyaraq qablaşdırmış, o və iştirakçılar zərfin üzərini imzalamışlar. Videoçəkiliş dayandırılmış, Polis şöbəsində videoşəkiliş nümayiş etdirilmiş, qeyd olunanlar barədə protokol tərtib edilmiş, doğru olduğu və heç bir vəsatət, əlavə, düzəliş olmadığı üçün o və digər iştirakçılar tərəfindən imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, təqsirləndirilən şəxslə heç bir münasibəti, qohumluq əlaqəsi, ədavəti, düşmənçiliyi olmamışdır. 23 yanvar 2021-ci ildə xidmətdə olan zaman Şəki şəhər sakini Çingiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, qəbulu və narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, «Çingiz» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq, cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbiri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəisinin icazəsi ilə 23 yanvar 2021-ci ildə «Çingiz» adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə onun və Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı «Çingiz» adlı şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci ildə, saat 1320 radələrində yaşadığı, Şəki şəhəri, 28 may küçəsi 38 nömrəli evinin yaxınlığında müəyyən edilmiş, yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, narkotik vasitə əldə edib saxlaması barədə əldə etdikləri məlumatın yoxlanması üçün onlarla birlikdə Polis şöbəsinə getməyi təklif edib Təqsirləndirilən şəxs Polis şöbəsinə aparmış, üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçıya həvalə edilmişdir. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs seçməsi üçün Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs istədiyi vəkili seçmişdir. Vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə keçirilməsi üçün mütəxəssis polis nəfəri dəvət edilmiş, hüquq və vəzifələri izah olunaraq, onun, Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündəki əşyaları könüllü təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunu, sağ yan cibindən 1 ədəd sprey formalı dərman vasitəsini və 1 ədəd alışqanı, sol iç cibindən 1 ədəd siqaret qutusunu, qara rəngli şalvarın sol yan cibindən 1 ədəd göy rəngli bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı təqdim etmədiyi əşya qalıb-qalmadığı sual edildikdə, qalmadığını demişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın bel nahiyyəsi, şalvarının sağ və sol ön və arxa cibləri, əynindəki digər geyim əşyaları axtarılmış, lakin qanunla qadağan edilən hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif edilmiş, o, masanın üzərinə qoduğu əşyaların özünə məxsus olduğunu, göy rəngli bükülünün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Baxıldıqda bükülünün içərisində qəhvəyi rəngli kütlə müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar kütləni haradan əldə etməsi və digər əşyalar barədə sual edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərində Sovetski adlanan ərazidə tanımadığı şəxsdən aldığını, özü istifadə etmək üçün üzərində saxladığını, digər əşyaların siqaret və alışqan, həmçinin asma xəstəliyi ilə əlaqədar dərman olduğunu izah etmişdir. Təhqiqatçı başqa haradasa narkotik vasitə saxlayıb-saxlamadığını sual edildikdə, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında “Pitomnik” adlanan ərazidən yabanı halda narkotik vasitə yığaraq qurutduğunu, Şəki şəhərində Şəhidlər Xiyabanın yaxınlığındakı qəbiristanlıqda saxladığını bildirmişdir. Təhqiqatçı istifadəsi qadağan edilməyən əşyaları Təqsirləndirilən şəxs özünə geri qaytarmış, qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütləni ağ rəngli zərfə qoyaraq qablaşdırmış, bu barədə protokol tərtib edilmiş, zərfin üzəri və protokol imzalanmışdır. Sonra təhqiqatçı, təqsirləndirilən şəxs, vəkili və şəxsi axtarışda iştirak edən digər şəxslərlə birlikdə Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Şəhidlər Xiyabanına gedilmişdir. Təhqiqatçı, üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs qeyd olunan ərazidə narkotik vasitə saxladığını bildirdiyini, buna görə də həmin əraziyə gedildiyini deyib, həmin narkotik vasitəni göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs qəbiristanlığa daxil olaraq bir qədər irəlilədikdən sonra elektrik dirəyinin yanındakı hasarın içərisindən sellofan torbanı çıxardaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sellofan torbanın içərisinə baxdıqda həqiqətən də içərisində narkotik vasitəyə oxşar yaşıl rəngli kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə iştirakçılara göstərilmiş və qablaşdırılmışdır. Təhqiqatçı həmin narkotik vasitəni haradan əldə etməsi barədə sual verdikdə Təqsirləndirilən şəxs, 2020-ci ilin avqust ayında “pitomnik” adlanan ərazidən yığaraq əldə etdiyini və qəbirstanlıqda özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Videoçəkiliş dayandırılmış, iştirakçılara nümayliş etdirilmiş, bu barədə protokol tərtib edilmiş, qablaşmanın üzərini və protokolu imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdilkəri xüsusatları təsdiq etmişdir. Göründüyü kimi şəxsi istehlak miqdarından artıq narkotik vasitənin təqsirləndirilən şəxsin üstündən və saxladığı yerdən aşkar olunub götürülməsi məhkəmə baxışı zamanı özü tərəfindən də inkar olunmur və cinayət işinin materialları ilə də tam təsdiqinin tapır. Eyni zamanda təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilmiş, həmin narkotik vasitələri almaqla və yığıb toplamaqla əldə edib, satış məqsədi olmadan özü istifadə etmək üçün saxladığını, daşıdığını etiraf etmişdır. Lakin, təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında qısa olaraq çıxış edib, CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hazırki ona isnad edilmiş əməli o törətməmiş, polis əməkdaşları döyərək məcbur boynuna qoymuş, o, narkotik vasitənin satışı kimi sənədləşdiriləcəyindən qorxduğu üçün narkotik vasitəni saxlamasını məcburiyyət qarşısında boynuna almışdır. Döyülməsinə görə rayon mərkəzi xəstəxanasına aparılmış, müayinə və müalicə edilmişdir. İbtidai istintaq dövründəki proseslərdə onu nə prokurorun yanına, nə də məhkəməyə aparmadıqları üçün prokurora və hakimə həmin hadisənin ona heç bir aidiyyəti olmadığını deməmişdir. İbtidai istintaq dövründəki etirafını döyüləcəyindən, təzyiq və təsirlərə məruz qalacağından, üzünə şahidlər qoyub narkotik vasitənin satışı ilə ittiham veriləcəyindən qorxduğu üçün etmişdir. Ona görə də ona bəraət verilməsini xahiş etmişdir. İş üzrə təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilib keçirilmiş, həmin vaxt xəstəxanada müayinə və müalicə olunmasına dair məlumatlar – tibbi kartası götürülərək məhkəmə-tibbi ekspertinə təqdim edilmiş, verilmiş rəydə təqsirləndirilən şəxsin diaqnozunun xəsarət hesab edilmədiyi, eləcə də bədəni üzərində heç bir xəsarət izi aşkar olmadığı qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Şəki rayon şöbəsinin 20.05.2021-ci il tarixli 191 saylı ekspertiza rəyindən görünür ki, Şəki RMX-nın travmaların qeydiyyatı jurnalı sıra 807-də olan qeydlərə görə Təqsirləndirilən şəxs “Terminal koma, beyin qan dövranının pozğunluğu” diaqnozu ilə 23.01.2021-ci il tarixdə saat 2330-da xəstəxanaya müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. Kliniki müayinə zamanı qoyulmuş “Terminal koma, beyin qan dövranının pozğunluğu” diaqnozu məhkəmə-tibbi ekspertizada xəsarət kimi qiymətləndirilmir. Bundan başqa təqsirləndirilən şəxs yuxarıda qeyd edildiyi kimi məhkəmə baxışında CM-nın 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş, ibtidai istintaqda verdiyi ifadə ilə eyni ifadə vermiş, hazırlıq iclasında özünü yaxşı hiss etmədiyini, özündə olmadığını təqsirsiz olması barədə dediklərinin doğru olmadığını bildirmiş, narkotik aludəçisi olduğunu səmimi etiraf etmişdir. Beləliklə, məhkəmə qeyd edilənləri təhlil edərək vəziyyətə bu cür aydınlıq gətirir ki, təqsirləndirilən şəxsin əməli özünün etirafından əlavə cinayət işinin kifayət qədər toplanmış sübutları ilə təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda əməlini səmimi etiraf edib, verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, hazırlıq iclasında fərqli fikir bildirib əməli törətmədiyini, polis əməkdaşları tərəfindən döyülüb boynuna qoyulduğunu, sonradan isə bu ifadəsini dəyişib verilmiş ittihamı etiraf etmişdir. Məhkəmə yaranmış şübhələri aradan qaldırmaq üçün təqsirləndirilən şəxsin işgəncəyə məruz qalıb-qalmadığını, sübutların işgəncənən təsiri altında toplanıbtoplanmadığını, sübutların qiymətləndirilməli olduğunu diqqətdə saxlamış, məhkəmə tibbi ekspertizası təyin edilib keçrilmiş, məhkəmə-tibbi ekspertizası zamanı təqsirləndirilən şəxsin bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmiş, kliniki müayinə zamanı təqsirləndirilən şəxsə qoyulmuş “Terminal koma, beyin qan dövranının pozğunluğu” diaqnozunun məhkəmə-tibbi ekspertizasında xəsarət kimi qiymətləndirilmədiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması, sübutların işgəncənən təsiri altında toplanması təsdiqini tapmır, sübutlar qanuni üsullarla toplanmışdır. Təqsirləndirilən şəxsin əməlində qanunsuz olaraq narkotik vasitəni istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətinin tərkibi var, onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin maddə ilə təqsirli bilinib cəza almalıdır. Şəxsi axtarış keçirilməsi və maddi subutun götürülməsi barədə 23.01.2021-ci il tarixli protokoldan görünür ki, üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd kağız bükülünün içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. (İş.v 51-59) Baxış keçirilməsi və götürmə haqqında 23.01.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman Şəki şəhəri, X3 prospektində yerləşən Şəhidlər Xiyabanın yaxınlığındakı qəbiristanlığın giriş hissəsinin sol tərəfindəki ikinci beton elektrik dirəyinin arxa hissəsindən, bir ədəd sellofan torbanın içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə marixuanaya oxşar kütlə Təqsirləndirilən şəxs təqdim etməsi əsasında aşkar edilib götürülmüşdür. O həmin kütlənin narkotik vasitə olduğunu, 2020-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Öryət kəndinin yaxınlığındakı Şəki şəhər Bələdiyyəsinə məxsus ərazidən özü istifadə etmək üçün, qanunsuz olaraq yabanı halda yetişmiş tərkibində narkotik maddələr olan çətənə kollarının qurumuş yarpaqlarından yığıb, qablaşdırıb daşıyaraq həmin yerdə saxladığını bildirmişdir. (İş.v 60-62) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 24.01.2021-ci il tarixli 20A nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və marixuana qəbulu faktı aşkar edilmişdir. (İş.v 67) “Şəki MRX-nın” Publik Hüquqi şəxsin 12.02.2021-ci il tarixli, 223 №-li məktubundan görünür ki, Şəki şəhəri 28 may küçəsi ev 38 ünvanında yaşayan Təqsirləndirilən şəxs 26.08.2011-ci il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntular” diaqnozu ilə “Şəki RMX” PHŞ-nin Narkologiya kabinetində qeydiyyatdadır. (İş.v 131) Şəki Rayonlararası Psixatriya Xəstəxanasının 18.02.2021-ci il tarixli, 266 №-li məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki RMX-nın hüquqi şəxsin Psixiatriya xəstəxanasına müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş.v 147) Şəki şəhər İHB-nın “Giləhli” məhəllə nümayəndəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli, 13 nömrəli arayış və 04.02.2021-ci il tarixli, 12 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki şəhəri 28 may küçəsi ev 38 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddətdə yaşayış yeri üzrə nümayəndəliyə barəsində şikayət daxil olmamışdır. (İş.v 121,122) DİN-nin BƏSİİ-dən daxil olmuş 15 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki X/Məhkəməsinin 02.04.1986-cı il tarixli hökmü ilə AZ SSR 143 m. 3 his. ilə əmlakı müsadirə olunmaqla 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki Rayon Məhkəməsini 24.03.1995-ci il tarixli hökmü ilə 15,143 m. 3 his. ilə əmlakı müsadirə olunmaqla 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. ACDİÜ AR Məhkəməsinin 18.06.2004-cü il tarixli hökmü ilə 234.4.2, 237.1, 66.3, 93.1.4-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 20.08.2010-cu il tarixli qərarı ilə cəzadan 5 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.05.2012-ci il tarixli hökmü ilə 234.4.2-ci maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Şəki rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli qərarı ilə CM-nin 234.4.2-ci maddəsi CM-nin 234.2-ci maddəsinə tövsif edilmiş, cəzası 7 ilə endirilməklə cəzası çəkilmiş hesab edilərək azad edilmişdir. CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan 20082006 nömrəli cinayət işi 23.04.2020-ci il tarixdə Məhkəməyə göndərilmişdir. (İş.v 132-133) Məhkəmə-bioloji ekspertizanın 24.01.2021-ci il tarixli 17/63 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəksi - 0,272 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” sözləri və imzalar yazılmış digər zərfin içərisindəki 01 (bir) ədəd yaşıl rəngli sellofan torbada, təmiz çəksi – 275,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. (İş.v 68-71) Məhkəmə-narkoloji ekspertizasının 25.03.2021-ci il tarixli 282 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 171) Məhkəmə-psixatrik ekspertizanın 18.03.2021-ci il tarixli 149 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (İş.v 176-178) 23 yanvar 2021-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1430-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 31-32) 25 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilərək, o Polis şöbəsinin müvəqqəti saxlama yerindaən həbsdən azad edilmişdir. (İş v. 106-107) Məhkəmənin qənaətinə görə narkotik vasitənin təqsirləndirilən şəxsə aid olmadığı öz təsdiqini tapmır, eyni zamanda inadırıcı görünmür və ona aid olduğu şübhə yaratmır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın və heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, daşıyaraq narkotik vasitə olan qurudulmuş marixuananı Şəki şəhəri, X3 prospektində yerləşən, Şəhidlər Xiyabanın yaxınlığındakı qəbiristanlığın ərazisində, narkotik vasitə heroini isə üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbirləri nəticəsində, 23 yanvar 2021-ci ildə, saat 1320 radələrində yaşadığı, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən bir ədəd kağız bükülünün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 0.272 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmçinin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 1830 radələrində, Şəki şəhəri, X3 prospektində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında qəbiristanlığa baxış keçirilən zaman qəbiristanlığın giriş hissəsinin sol tərəfində ikinci beton elektrik dirəyinin arxa hissəsindən bir ədəd sellofan torbanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 275.36 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda məhkumluğu olmayan şəxs olsa da, səmimi olaraq narkotik vasitə aludəçisi olmasını etiraf etməsi, haradan əldə etməsini deməkdə isə səmimiyyət göstərməməsi onun sonrakı davranışları barədə fikir formalaşdırmaqla onu səciyyələndirən hallardandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, dəfələrlə məhkumluq həyatı yaşamasını nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bundan əvvəl törətdiyi cinayət əməllərinə görə təyin edilmiş və çəkdiyi cəzalardan nəticə çıxarmaması qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs 23.01.2021-ci ildən 25.01.2021-ci ilədək şübhəli şəxs kimi həbsdə saxlandığİ 2 gün müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı bu gündən - 02.06.2021-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143.88 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatlardan sonra ümumilikdə xalis çəkisi 0,222 qram qalmış narkotik vasitə heroin və 275,31 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23.01.2021-ci il tarixdən 25.01.2021-ci il tarixədək 2 gün müddət azadlıdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş 1 il 6 ay azdlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı həbsə alındığı 02 iyun 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatlardan sonra ümumilikdə xalis çəkisi 0,222 qram qalmış narkotik vasitə heroin və 275,31 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143.88 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar