Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-54/2023 04.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirаkı ilə xx xxxxx 1991-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyatda olmaqla aşayan, barəsində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin, həmçinin qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,227 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan olan heroin əldə edib, daşıyaraq üzərində, həmçinin istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki şəhər 8 nömrəli orta məktəbin inzibati binasının arxasında olan köhnə tikilidə gizlədərək saxlamış, 13 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 11:30 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara-boz rəngli şalvarın sağ yan cibindəki siqaret qutusunun üzərindəki şəffaf rəngli sellofanın içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd qara-ağ rəngli kağız bükümdə 0,227 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat tədbirlərinin davamı olaraq 13 yanvar 2023-cü il tarixdə saat 14:30 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki şəhər 8 nömrəli orta məktəbin inzibati binasının arxasında olan köhnə tikiliyə baxış keçirilən zamanı həmin köhnə tikilinin içərisindəki karton kağızın altından qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyıb gizlədərək saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə və Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilərək göstərmişdir ki, Şəki rayonu, Çeşməli kəndində «Nuruşbulaq» adlanan ərazinin yaxınlığında yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından bir qədər yığmış və həmin ərazidə sərib qurutmuşdur. Sonra həmin qurutduğu narkotik vasitə olan çətənə bitkilərinin yarpaqlarını selofan torbaya yığıb sonradan istifadə etmək üçün gətirib Şəki şəhər 8 nömrəli orta məktəbin arxasında yerləşən köhnə tikilidə gizlətmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayının 28-də Bakı şəhərinə getmişdir. Bakı şəhərində Nərimanov parkında oturacaqlardan birində oturan zaman yerdə ağ gümüşü rəngli bir kağız büküm görmüşdür. Həmin bükümü açıb baxdıqda içərisində «kakos», yəni narkotik vasitə olan heroin olduğunu görmüşdür. 02 yanvar 2023-cü il tarixdə Şəki şəhərinə gəlmiş, 03 yanvar 2023-cü il tarixdə Şəki şəhərində həmin narkotk vasitə olan heroindən bir qədər götürüb istifadə etmiş, qalan hissəsini isə siqaretinin şəffaf cığarasına qoyub saxlamışdır. 13 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çaxıraraq iki mülki geyimdə olan şəxs polis işçiləri olduqlarını bildirmiş və onu Şəki ŞRPŞ-yə aparmışlar. Bakı şəhərində parkdan tapdığı bir ədəd ağ gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin də, üstündə olmuşdur. Polis şöbəsində onu təhqiqatçı şübhəli şəxs qismində tutaraq, polis işçilərinin, vəkili Müdafiəçi və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Sonra təhqiqatçı siqaretinin cığarasına qoyub saxladığı bir ədəd gümüşü ağ rəngli kağız bükümü görüb həmin bükümdə nə olduğunu ondan soruşan zaman təhqiqatçıya həmin kağız bükülüdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhərində Nərimanov parkında yerdən tapdığını bildirmişdir. Bundan sonra təhqiqatçı içərisində narkotik vasitə olan heroin kağız bükülünü zərfə qoyub zərfi möhürlədiyi üçün digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Sonra təhqiqatçı ondan evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşan zaman təhqiqatçıya 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Çeşməli kəndində «Nuruşbulaq» adlanan ərazinin yaxınlığındakı sahələrdə yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından yığıb qurudub Şəki şəhəri,8 nömrəli orta məktəbin arxasında yerləşən köhnə tikilidə gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Daha sonra vəkili və polis işçiləri ilə birlikdə Şəki şəhəri,8 nömrəli orta məktəbin arxasında yerləşən köhnə tikiliyə getmişlər. Həmin tikilidə Şəki rayonu, Çeşməli kəndində «Nuruşbulaq» adlanan ərazinin yaxınlığındakı sahələrdə yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından yığıb qurudub bir ədəd sellofan torbaya yığıb gizlətdiyi narkotik vasitə olan marixuananı təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuananı sellofan torba ilə birlikdə zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Əməlindən peşman olduğunu, ailə vəziyyətini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbаnov Kənаn Kаmil oğlu ifadəsində göstərmişdir ki, Şəki şəhər-rаyon Polis Şöbəsinin X2 əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx.xx.2023-cü il tarixdə ona "Şaban" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə əməliyyatı məlumatı daxil olmuşdur. Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Şaban" adlı şəxsin ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 09:40 radələrində Şəki şəhəri, İ.Nəsimi küçəsində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Şöbədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, Müdafiəçi iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara-boz rəngli şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, 6 manat pulu, bir ədəd alışqanı, şalvarının sağ yan cibindən bir qutu Kent-8 siqaretini çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmişdir.Baxış zamanı onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə o, əvvəlcə telefonunu, 6 manat pulu, alışqanını, siqaretini təqdim edib özünə məxsus olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs siqaret qutusunun üzündə olan şəffaf kiçik sellofanın içərisindəki bir ədəd gümüşü ağ rəngli kağız bükümü təqdim edib içərisində narkotik vasitə olan heroin olduğunu,həmin heroini 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhərində Nərimanov parkında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı içərisində narkotik vasitə olan heroin kağız bükülünü zərfə qoyub zərfi möhürlədiyi üçün digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş telefonunu zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfində üzərinə imza etmişdir. Təhqiqatçı sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş siqaretini, alışqanını, və 6 manat pulunu özünə qaytarıb vermişdir. Sonra təhqiqatçı Abdulhəşimovdan evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşan zaman Təqsirləndirilən şəxs təhqiqatçıya 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu,Çeşməli kəndində «Nuruşbulaq» adlanan ərazinin yaxınlığındakı sahələrdə yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından yığıb qurudub özü istifadə etmək üçün Şəki şəhəri, 8 nömrəli orta məktəbin arxasında yerləşən köhnə tikilidə gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq onlara ucadan oxunduğu üçün həmin protokolu imzalamışdır. Daha sonra əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs,onun vəkili Müdafiəçi və mütəxəssis Kamal Məmmədzadə ilə birlikdə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 nömrəli orta məktəbin arxasındakı köhnə tikiliyə getmişlər. Təqsirləndirilən şəxs həmin tikiliyə çatandan sonra tikiliyə daxil olub karton kağızın altından 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Çeşməli kəndində «Nuruşbulaq» adlanan ərazinin yaxınlığındakı sahələrdə yabanı halda bitən çətənə bitkilərinin yığıb qurudub bir ədəd sellofan torbaya yığıb gizlətdiyi narkotik vasitə olan marixuananı götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin selofan torbanı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı sonra həmin bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini sellofan torba ilə birlikdə zərfə qoyaraq zərfi möhürlədiyi üçün digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətlərinin olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunduğu üçün əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi və mütəxəssis Kamal Məmmədzadə ilə birlikdə həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmundа ifаdə verərək Qurbаnov Kənаn Kаmil oğlunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 13 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 15 yanvar 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2023-cü il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üstündən bir ədəd bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi və maddi subutun götürülməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 8 nömrəli orta məktəbin arxasındakı köhnə tikiliyə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs köhnə tikilinin içərisindəki karton kağızın altında gizlədərək saxladığı bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi-bioloji ekspertizanın 13 yanvar 2023-cü il tarixli 17/51 nömrəli rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş siqaret kağızı bükümündə olan bir ədəd kakos adlı narkotik vasitəyə bənzər maddə Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs….» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0,227 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş,üzərinə yapışdırılmış vərəqədə «Şübhəli şəxs Təqsirləndirilən şəxs Şəki şəhəri 8 nömrəli məktəbin arxasında yerləşən «qazanxana» köhnə binasında saxladığı bükümdə olan narkotik vasitə olan marixuana Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs...» sözlər, imzalar və adlar yazılmış zərfin içərisindəki, bir ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi - 470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiiz çəkisi 0,227 qr, tətdiqata sərf edildi 0,050 qr, qalıq 0,177 qr. Marixuananın təmiz çəkisi 470 qr, tədqiqata sərf edildi 0,10 qr, qalıq 469,90 qr. Aparılan tədqiqatın dəyəri 107,91 manat. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdən daxil olmuş 27 yanvar 2023-cü il tarixli, 45 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 91 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən Şəki rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində olmuşdur, 2019-cu ildən qeydiyyatdan çıxarılmışdır. Diaqnoz Affektiv şəxsiyyət pozuntusu özünü kəsmələrlə F-34. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli «Amnistiya » qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 15 mart 2023-cü il tarixli, 452 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizotik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X6 23 fevral 2023-cü il tarixli, 122 nömrəli məhkəmə psixiatrik ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs emaosional davamsız şəxsiyyət pozutusu davamlı kompensasiya vəziyyəti XBT 10 psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmiş və ya onu idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs anaqlığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Şəki şəhəri Qışlaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri İ. Nəsimi küçəsində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, marixuana şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 5 qram, heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı 470 qram, heroinin miqdarı isə 0,227 qrаm olmaqla şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın və heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Həmçinin təqsirləndirilən şəxsin hazırda məhkumluğu olmasa da, o, təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl Şəki Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli şəxsdir, əvvəllər ona təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutularaq 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini və ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Cəza çəkmənin əvvəli hökmün çıxarıldığı 04 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyya alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki şəhərrаyon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 469,90 qram narkotik vasitə hesab edilən marixuana və tədqiqatdan sonra çəkisi 0,117 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107.91 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 04 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki şəhər-rаyon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 469,90 qram narkotik vasitə hesab edilən marixuana və tədqiqatdan sonra çəkisi 0,117 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107.91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-54/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-54/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver