Məhkəmə qərarları › İş №1(075)-54/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-54/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-54/2024 27.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Prono Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1971-cı ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Qaratorpaq kəndində pasport qeydiyyatda olan və tutulan günə kimi həmin ünvanda yaşayan, 26 fevral 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə 01 noyabr 2012-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək Şəki şəhər İcra Hakimiyyəti Başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 7000 (yeddi min) manat pul müqabilində Quba rayonu, Əski İqriq kəndi ərazisində yerləşən ona məxsus 10 sot kənd təsərrüfat təyinatlı torpaq sahəsinin təyinatını yaşayış təyinatlı torpaq sahəsinə dəyişdirilməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 26 oktyabr 2019-cu il tarixdə saat 12 radələrində ünvan 3 ünvanın qarşısında sonuncunun xeyli miqdar təşkil edən 7000 (yeddi min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 7000 (yeddi min) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, 01 noyabr 2012-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək Şəki şəhər İcra Hakimiyyəti Başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək qəsdən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki rayonu, Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs4 17.800 ( on yeddi min səkkiz yüz) manat beh pul müqabilində Şəki rayonu, Qaratorpaq kəndi ərazisində özünə və ailə üzvülərinə məxsus bir hektarının qiyməti 2.700 manat olmaqla 12 hektar torpaq sahəsini ona satacağına dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, beh adı ilə 03 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Şəki rayonu, Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında sonuncunun xeyli miqdar təşkil edən 17.800 (on yeddi min səkkiz yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 17.800 (on yeddi min səkkiz yüz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, 01 noyabr 2012-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək Şəki şəhər İcra Hakimiyyəti Başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki rayonu, Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pul müqbilində arvadı X1 Şəki rayonu, Bolludərə kənd bağçasında xadiməçi işinə təyin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 10 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Şəki rayon Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, 01 noyabr 2012-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək Şəki şəhər İcra Hakimiyyəti Başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki rayonu, Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs3 1500 (bir min beş yüz) manat pul müqbilində arvadı X4 Şəki rayonu Bolludərə kənd kitabxanasında kitabxanaçı işinə təyin olunmaqda köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 12 aprel 2023-cü il tarixdə saat 16 radələrində Şəki-Zaqatala yolunun Şəki rayonu, Qoxmuq kəndi ərazisindən keçən hissəsində yolun kənarında 1500 (bir min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Şəki rayonu, Bolludərə kənd icra nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Sonradan öz istəyi ilə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs1 ilə dostu və həmkəndlisi olan X5 vasitəsi ilə tanış olmuşdur. X16 2019-cü il tarixdə ondan Quba rayonu, Əski İqriq kəndində tanışının torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinə çıxarış alınmasına köməklik etməsini xahiş etmişdir. Əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Şəhər Ərazisi İdarəsinin rəisi vəzifəsində işləmiş, sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş Eldəniz müəllimə zəng edib X16a köməklik etməsini xahiş etmişdir. Eldəniz müəllim də onun xahişini nəzərə alıb Əfqan Salamovun tanışına köməklik etmişdir. Bundan bir müddət sonra yəni 2019-cu ilin oktyabr ayında X16 onunla görüşüb söhbət edən zaman Quba rayonunda tanışının kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olduğunu, həmin torpağın təyinatının dəyişdirilərək xüsusi mülkiyyətə çevirmək istədiyini bildirmişdir. Həmin vaxt Əfqana həmin işi həll edə biləcəyini, lakin həmin işin həllinin 7000 manat xərci olduğunu demişdir. Əfqanda bir neçə gündən sonra ona zəng edib tanışı ilə danışdığını, tanışının dediyi məbləğə işinin həll olunmasına razı olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu, Əhmədli metrosu yaxınlığında yerləşən Turan Kilinikasının yanında adını xatırlamadığı kafelərdən birində dostu Əfqan ilə görüşüb tanışının torpaq işini həll etmək üçün ondan 7000 manat pulu almışdır. Əfqandan pulu alan zaman yanlarında heç kim olmamışdır. Əfqandan pulu alıb ona qısa vaxtda tanışının torpaq işini həll edəcəyinə söz vermişdir. Bundan iki üç-gün sonra Eldəniz müəllim ilə danışıb Quba rayonu ərazisində təyinatı dəyişəcək torpaq sahəsi olduğunu bildirən zaman Eldəniz ona torpaq sahəsinin təyinatının dəyişdirilməsinin mümkün olmadığını demişdir. Sonradan Əfqanla görüşən zaman tanışının torpaq işinin alınmadığını bildirmişdir. Həmin vaxt Əfqanda ona aldığı 7000 manatı qaytarmasını demişdir. xx.xx.2023-cü il tarixdə aldığı 7000 manat pulun 1850 manatını Əfqana qaytarıb vermişdir. Pulun 5150 manat olan hissəsini isə qısa vaxtda qaytaracağına söz vermişdir. Lakin sonradan maddi imkanı yaxşı olmadığı üçün pulun qalan 5150 manat olan hissəsini Əfqana qaytara bilməmişdir. Bundan xeyli vaxt sonra, yəni 2023-cü ilin aprel ayının əvvələrində Əfqan vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 ona zəng edərək Quba rayonunda təyinatı dəyişməli olan torpaq sahəsinin və həmin iş üçün Əfqanın ona verdiyi 7000 manatın ona məxsus olduğunu bildirmiş və pulunu qaytarmasını xahiş etmişdir. Əvvəlcə Kifayətə ondan pul almadığını, pulu Əfqanın ona verdiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs1 israrla pulunu istədiyinə görə ona taxıl biçini vaxtı aldığı pulu qaytaracağına söz vermişdir. Lakin 2023-cü il yaxşı taxıl olmadığına görə məhsul götürə bilmədiyi üçün borcları yaranmışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs1 2023-cü ilin iyul ayının 1-də pulunu qaytaracağına söz versə də onun pulunu qaytara bilməmiş, Kifayət də ona görə ondan şikayət etmişdir. Bundan başqa Şəki rayonu, Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs4 ilə Şəki rayonu, Sarıca kəndi ərazisində görüşüb söhbət edərkən Faiq satmaq istədiyi torpaq sahəsini ona satmasını xahiş etmişdir. Həmin vaxt Faiqə torpaq işinin məhkəmədə olduğunu, işini həll edib torpaq sahəsini satacağı olduğu halda ona xəbər verəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayından Şəki rayonu, Qaratorpaq kəndi ərazisində yerləşən ailə üzvülərinin, bacı və qardaşlarının adları olan torpaq sahəsini istifadə etmək üçün Faiqə vermişdir. Faiqdə torpaq sahəsində həmin vaxtdan 2023-cü ilin iyul ayına kimi hər il taxıl əkmişdir. 2019-cu ilin noyabr ayının əvvələrində Faiq 12 hektar torpaq sahəsini əkməsi üçün ona 1000 manat verib həmin torpaq sahələrini əkmişdir. Faiq ilə aralarında olan söhbət zamanı ona 12 hektar torpaq sahəsi ilə bağlı işlərinin məhkəmədə olduğunu, məhkəmə işləri yekunlaşandan sonra torpaq sahəsini tamamilə ona satacağına söz vermişdir. 2021-ci ilin fevral ayının sonlarında Faiqin yanına gedib torpaq sahəsinin sənədləşmə işi ilə bağlı vəkilə pul verməli olduğunu, eyni zamanda əlavə şəxsi işlərinə görə pula ehtiyacı olduğunu bildirmiş və ondan pul istəmişdir. Faiq də Bolludərə kəndinin mərkəzi hissəsində ona 3000 ABŞ dolları pul vermişdir. Həmin pulun bir hissəsini Araz adlı vəkilə, bir hissəsini isə şəxsi işlərinə xərcləmişdir. Faiq onunla bir hektar torpaq sahəsini 2.700 manata almağa razılaşmışdır. Ona görə Faiqdən beh olaraq 3 hektarın pulunu əvvəllcədən verməsini xahiş etmişdir. Faiqə söhbət zamanı özünə aid torpaq sahəsi ilə yanaşı, qardaşıgilə məxsus 9 hektar torpaq sahəsinin sənədləşmə məsləsi həll olunduqdan sonra qardaşıgildən həmin torpaqları alıb ona satacağını demişdir. Ona görə Faiq 2022-ci ilin iyul ayının sonlarında Bolludərə kəndində ona əlavə olaraq 1900 manat pul vermişdir. Faiq ona beh kimi cəmin 8100 manat pul vermişdir. Faiqdən aldığı bütün pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin 12 hektar torpaq sahəsinin məhkəmə işləri uzandığına görə Faiqin adına rəsmiləşdirə bilməmişdir. Ona görə sonradan Faiqdə polis şöbəsinə şikayət etmişdir. Bundan başqa həmkəndlisi Zərərçəkmiş şəxs2 2023-cü ilin yanvar ayının əvvələrində ona arvadı Cənanə Hacınəbiyevanın işsiz olduğunu və arvadı Cananəni Şəki rayonu, Bolludərə kəndində yerləşən uşaq baxçasına xadimə kimi işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Asifə onun arvadının baxçada işlə təmin olunacağına köməklik edəcəyinə söz verərək, ona həmin işin həll olunması üçün 2000 manat pul verməli olduğunu bildirmişdir. Asifdə həmin pulu verməyə razılaşmış və xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində Şəki rayonu, Bolludərə kənd icra nümayəndəliyinin inzibati binasının qarşısında arvadının işə düzəlməsi üçün ona 2000 manat pul vermişdir. Pulu Asifdən alıb ona arvadının işini yaxın vaxtlarda həll edəcəyinə söz vermişdir. Lakin Asifdən aldığı 2000 manat pulu sonradan öz ehtiyaclarına xərcləmişdir. Sonradan Asif arvadının işi ilə maraqlananda ona arvadının işinin alınmadığını bildirmişdir. Asifdə ondan pulunu istəyən zaman ona pulunu xərcəldiyini, lakin pulunu hissə-hissə qaytaracağına söz vermişdir. Asif ondan pulu bir dəfəyə verdiyi üçün, aldığı pulu da tam bir dəfəyə qaytarmasını demişdir. Lakin maddi imkanı olmadığı üçün Asifdən aldığı 2000 manat pulu ona bir dəfəyə qaytara bilməmişdir. Asif sonradan ondan polis şöbəsinə şikayət etmişdir. Bundan başqa həmkəndlisi Zərərçəkmiş şəxs3 2023-cü il mart ayının əvvələrində işlədiyi Şəki rayonu, Bolludərə kənd icra nümayəndəliyində onunla görüşüb söhbət edən zaman arvadı Vəsilənin Qaratorpaq kənd kitabxanasına işə qəbul olunmasına köməklik etməsini xahiş etmişdir. Söhbət zamanı Sultana arvadının Bolludərə kənd kitabxanasında işlə təmin olunmasına köməklik edəcəyinə söz vermiş və ondan həmin işin müqabilində 1500 manat alacağını bildirmişdir. Sultanda arvadının işə düzəlməsi üçün həmin pulu verməyə razılaşmışdır. Bir neçə gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə işi ilə əlaqədar Şəki rayon İcra Hakimiyyətinə getmişdir. Sultan ona zəng vurub harada olduğunu soruşan zaman ona Şəki şəhərində olduğunu bildirmişdir. Sultan da ona özünündə Şəki şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirdiyi üçün onunla Şəki rayon İcra Hakimiyyətinin inzibati binasına ayrılan yoldan təxminən 200 metr aşağıda Şəki-Qax yolunun kənarında görüşmüşlər. Sultan həmin yerdə ona arvadı Vəsilənin Qaratorpaq kənd kitabxanasında işə qəbul olunması üçün 1500 manat pul vermişdir. Sultandan pulu alıb yaxın vaxtlarda arvadının işini həll edəcəyinə söz vermişdir. Sonradan Sultandan aldığı həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan Sultan arvadının işi ilə maraqlananda ona arvadının işinin alınmadığını bildirmişdir. Sultan da ondan pulunu istəmişdir. Lakin maddi imkanı olmadığı üçün Sultandan aldığı 1500 manat pulu ona qaytara bilməmişdir. Sultanda sonradan ondan polis şöbəsinə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs2 aldığı 2000 (iki min) manat pulu, Zərərçəkmiş şəxs3 aldığı 1500 (bir min beş yüz) manat pulu və Zərərçəkmiş şəxs4 aldığı 17.800 (on yeddi min səkkiz yüz) manat pulu tam olaraq qaytarmış, Zərərçəkmiş şəxs1 isə aldığı pulun bir hissəsini qaytarmaq istəsə də sonuncu ilə əlaqə saxlamaq mümkün olmadığından ödəyə bilməmədiyini, lakin Zərərçəkmiş şəxs1 da olan borcunu onunla əlaqə yaradıb mütləq ödəyəcəyini, əməlindən peşman olmasını və səmimi ifadəsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zamanı zərər çəkmiş və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki rayonu, Bolludərə kənd icra nümayəndəsinin müavin vəzifəsində işləmişdir. Şəxsi işi ilə əlaqədar Şəki rayonu, Bolludərə kənd icra nümayəndəliyinə getmiş, nümayəndəlikdə işini görüb oradan çıxan zaman Rizvan onu görüb otağına çağırmış və söhbət zamanı ona 12 hektar əkinə yararlı torpaq sahəsi olduğunu, təcili pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. Rizvandan torpağı neçəyə satdığını soruşduqda, Rizvan ona torpaq sahəsinin bir hektarını 2.700 (iki min yeddi yüz) manata satdığını bildirmişdir. Rizvan torpaq sahəsinin sənədlərinin hazır olmadığını, hazırda təcili pul lazım olduğunu, əvvəldən müəyyən məbləğdə pul verməsini, gələcəkdə torpaq sahəsinin sənədləri hazır olduğunda və rəsmi sənədləşmə işlərini aparan zaman tam şəkildə hər hektar üçün 2700 (iki min yeddi yüz) manatdan ondan pulunu alacağını demişdir. Mal-qarası üçün torpaq sahəsi lazım olduğu üçün Rizvanın təklifi ilə razılaşmış və 03 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bolludərə icra nümayəndəliyinin inzibati binasında ona 17.800 manat pul vermişdir. Pulu ona inanıb versə də, Rizvanın gələcəkdə torpaq sahəsini başqa şəxsə satmaması üçün həmin torpaq sahəsinə görə ondan 17.800 manat pulu almasına dair əlyazma yazıb verməsini xahiş etmişdir. Rizvan da 17.800 manat pulu ondan almasına və gələcəkdə torpaq sahəsinə dair sənədlər hazır olduqdan sonra torpağı ona satacağına dair əlyazma yazıb vermişdir. Rizvan pulu alanda torpaq sahəsinə dair sənədləri 2-3 aya kimi hazır edib ümumilikdə 12 hektar torpaq sahəsini ona satacağına söz vermişdir. Lakin Rizvanın söz verdiyi vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq nə torpaq sahəsini sənədləşdirib ona vermiş, nə də aldığı pulu qaytarmamışdır. Dəfələrlə Rizvanın yaşadığı evə getmiş, eyni zamanda ona zəng edib pulunu qaytarmasını tələb etsə də, Rizvan müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Ona görə sonda məcbur qalıb ondan şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı pulu tam olaraq qaytarmışdır. Ondan heş bir şikayət və tələbi olmadığını, verdiyi mülki iddianı müdafiə etmədiyini baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə istintaqında zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəki rayonu, Bolludərə kənd uşaq baxçasında işləyən qonşularından orada işləyən yaşlı işçilərdən birinin təqaüdə çıxdığını, boş xadimə iş yeri olduğunu öyrənmişdir. 2023-cü il yanvar ayının əvvələrində icra nümayəndəliyinin inzibati binasının qarşısında kənd sakinləri ilə bu barədə söhbət edərkən Rizvan onun söhbətini eşitmişdir. Bu söhbətdən bir qədər sonra Rizvan ona zəng edib yanına çağırmış və ona arvadı X1 Bolludərə kənd uşaq baxçasında xadimə kimi işə düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. Rizvanın uzun illər rəhbər vəzifələrdə işlədiyini nəzərə alıb onu aldadacağını düşünməmişdir. Yəni Rizvana inandığından arvadının işə düzəlməsi üçün ona 2000 manat pul verməyə razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Unibankın Şəki filialından 2000 manat kredit almış və həmin gün saat 11 radələrində Bolludərə kənd icra nümayəndəliyinin yaxınlığında Rizvanla görüşüb 2000 manat pulu ona vermişdir. Rizvan pulu ondan alıb narahat olmamasını, qısa vaxtda arvadının işini həll edəcəyini bildirmişdir. Rizvana pulu verdikdən bir ay sonra uşaq baxçasında boş xadimə işinə başqa bir şəxsin işə götürüldüyünü eşitmişdir. Ona görə Rizvanın yanına gedib baxçaya başqa bir işçinin işə götürüldüyünü dedikdə, Rizvan da ona baxçaya götürülən işçinin müvəqqəti olduğunu bildirmişdir. Yenə Rizvanın dediklərinə inanıb ona bir söz deməmişdir. Bir müddət keçdikdən sonra Rizvanın onu aldıdıb və dələduzluq edərək pulunu ələ keçirdiyini başa düşmüş və Rizvanın yanına gedib ondan pulunu istəmişdir. Rizvan müxtəlif bəhanələr gətirərək sonradan 250 manat pulunu versə də, pulunun qalan 1750 manat hissəsini verməmişdir. Ona görə məcbur qalıb Şəki rayon prokurorluğuna gedib Rizvandan şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı pulu tam olaraq qaytarmışdır. Ondan heş bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Şəki rayonu, Bolludərə kənd sakini Təqsirləndirilən şəxs 2018-ci ildən etibarən tanımışdır. Belə ki, əmisi ilə birlikdə Şəki rayonu, Bolludərə kəndində icarəyə torpaq sahəsi götürüb taxıl əkmişdir. Bolludərə kəndində taxıl əkən zaman tanışı X10 onu qohumu və Bolludərə kənd icra nümayəndəsinin müavini olan Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Rizvanla söhbət edən zaman ona Quba rayonu, Əski İqriq kəndində torpaq sahəsi olduğunu lakin çıxarışın olmadığını bildirmişdir. Rizvanda ona həmin torpaq sahəsinə 2000 manat müqabilində çıxarış alıb ona verə biləcəyini demişdir. Razılaşdığı üçün həmin məbləği Rizvana vermiş, Rizvan da bir ay sonra həmin torpaq sahəsinin çıxarışını alıb ona vermişdir. Bir müddət sonra yəni, 2019-cu ilin payızında Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq ona Quba rayonu, Əski İqriq kəndində olan digər 10 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaşayış təyinatlı torpağa dəyişmək istədiyini bildirmişdir. Rizvan da ona 7.000 manat müqabilində ona köməlik edə biləcəyini demişdir. Rizvana həmin işini qısa vaxtda həll edəcəyinə inandığı üçün ünvan 4 ünvanında yaşadığı evin yaxınlığında Rizvanla görüşüb ona 7.000 manat pul vermişdir. Həmin vaxt tanışı Əfqan Salamov da yanlarında olmuşdur. Əfqan həmin vaxt Rizvandan onun xahişini edib 7.000 manat pulu ondan alıb şəxsən Rizvana təqdim etmişdir. Rizvan pulu Əfqandan alıb qısa vaxtda onun məsələsini həll edəcəyinə söz vermişdir. Rizvan pulu alandan sonra tanışı Əfqan ondan 7.000 manat pulu alması ilə bağlı əlyazma yazıb verməsini tələb etmişdir. Rizvan da əlyazma ilə pulu alması və pulun ona məxsus olmasına dair qeyd yazıb ona vermişdir. Rizvan pulunu aldıqdan xeyli vaxt keçməsinə baxmayaraq işini həll etməmişdir. Bir il keçdikdən sonra Rizvanla əlaqə saxlayaraq işinin nə yerdə olduğunu soruşmuşdur. Rizvan da ona özünə məxsus torpaq sahəsinə dair mübahisənin məhkəmədə baxıldığını, bu səbəbdən ona verdiyi pulları xərclədiyini və qısa zaman ərzində özünə aid torpaq sahəsinin məsələsini həll edib sataraq onun pulunu qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Rizvan müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağına söz versə də sonradan pulunu qaytarmamışdır. Hətta Rizvan yaşadığı ünvana gəlib aldığı pulu qısa vaxtda qaytarması üçün vaxt istəmişdir. Lakin yenə də pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs 7000 manat pulu xx.xx.2019-cu il tarixdə saat 12 radələrində ünvan 4 ünvanında yaşadığı evin yaxınlığında görüşüb vermişdir. O, daha sonra ifadəsində Rizvanın yalan ifadə verdiyini, belə ki, Rizvan tanışı Əfqanın xaric ölkədə olduğunu bildiyi üçün yalandan Əfqana 1850 manat pul verdiyini qeyd etdiyini və məsuliyyətdən kənar qalmaq üçün belə ifadə verdiyini bildirmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış ela etmə və tutulma haqqında” 14 fevral 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra Şəki şəhər-rayon Polis Şpöbəsinin MÜvəqqəti Saxlama Yerinə təhvil təqdim edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tapılması barədə” 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə, saat 15:15-də tutularaq qərarda göstərilən ünvana təhvil verilmişdir. Şəki Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 4 (075)-20/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 24 fevral 2024-cü il tarixdən hesablanmaqla 26 mart 2024-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 4 (075)-26/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay müddətə, yəni 26 mart 2024-cü il tarixdən 25 may 2024-cü il tarixdək uzadılmışdır. Zərərçəkmiş şəxs2 Pirmuurad oğlu tərəfindən 15 avqust 2024-cü il tarixli məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən 15 avqust 2024-cü il tarixli məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən 21 noyabr 2024-cü il tarixli məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Tərəfindən verilmiş mülki iddianın baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1116 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 31 oktyabr 2012-ci il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2012-ci il tarixdən Şəki rayonu, Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 11 iyul 2023-cü il tarixli əmrindən görünür ki, Şəki rayonu, Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq 11 iyul 2023-cü il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Cinayət işində olan Şəki rayonu, Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Qaratorpaq kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs X6 atasına pensiya düzəldəcəyi X3 pensiya düzəldəcəyi və Qəbirstanlığa müdir təyin etdirəcəyi adı ilə aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə sonuncuların əmlakını ələ keçirmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi (CM-nin 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmaqla o, həmin madddələr ilə ittiham olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-c i il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə tutulmuşdur. Odur ki, onun hazırki tarixədək həbsdə olduğu müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki iddia irəli sürərək cinayət nəticəsində vurulmuş maddi ziyan kimi 17800 (on yeddi min səkkiz yüz) manat, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozuulmasa idi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirin və əldən çıxmış faydanın əvəzi olaraq 10000 (on min) manatın və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun mülki cavabdehdən alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən 21 noyabr 2024-cü il tarixli məhkəməyə ünvanlanmış ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, tərəfindən verilmiş mülki iddianın baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş olan mülki idda ərizəsinin baxılmadan geri qaytarılmasını istədiyindən və təqsirləndirrilən şəxs Təqsirləndirilən şəxs da buna etiraz etmədiyindən mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qətimkan qismində həbsdə olduğu 09 (doqquz) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) il 06 (altı) ay 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar