Məhkəmə qərarları › İş №1(075)-55/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-55/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-55/2023 11.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şəki rayonu, Çapağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Çapağan kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 01 yanvar 2023-cü il tarixdə, saat 19:30 radələrində Şəki rayonu, Çapağan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının üzərindən həyətinə keçdikdən sonra həmin fərdi yaşayış evinin şüşəbəndinin açıq qapısından qanunsuz olaraq giriş hissəyə daxil olduqdan sonra, cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən özü ilə götürdüyü dəmir alətlə (avtomobil açarı) həmin evin yataq otağının qapısının asma qıfılını qırıb qanunsuz olaraq yataq otağına daxil olmuş, həmin otaqdakı saxlanc yeri hesab edilən dolabın içərisində olan qadın çantasından Zərərçəkmiş şəxs məxsus 1045 (bir min qırx beş) manat nəğd pulu və 700 (yeddi yüz) manat dəyərində 01 ədəd 585 əyarlı, 8,25 qram çəkidə qızıl boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 1745 (bir min yeddi yüz qırx beş) manat dəyərində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə və Şəki şəhərində müxtəlif yerlərdə fəhlə işləməklə ailəsini dolandırır. 01 yanvar 2023-cü il tarixdə Şəki rayonu, Çapağan kəndində yaşayan dayısı Şahid2 qızı Şəhlanın nişan mərasimi olacağından saat 16 radələrində azyaşlı övladını və həyat yoldaşını götürüb dayısı Şahid2 evinə getmiş, anası isə xəstə olduğuna görə evdə tək qalmışdır. Şam yeməyi vaxtı yaxınlaşdığına görə yemək yeyərkən dayısı Şahid2 içmək üçün araq gətirməsini təklif etmişdir. Dayısı Şahid2 evdə kənd toyuğundan yemək hazırlatsa da araq olmadığını bildirmişdir. Namiqə Sahib dayının mağazasından araq alıb geri qayıdacağını deyib evdən çıxmışdır. Həmin vaxt üzərində pulu olmasa da fikirləşmiş ki, arağı nisyə alar, sonra pulu olduğunda verər. Sahibin mağazasına getmiş və mağazada onun oğlu Vüqarın olduğunu görmüş və həmin şəxsdən nisiyə araq verməsini xahiş etdiyində o, mağazada araq olmadığını bildirmişdir. Bundan sonra yaxınlıqda yerləşən yaşadığı evə gedib xəstə anasına baş çəkmiş, bir qədər sonra evdən çıxıb yenidən dayısı Şahid2 məxsus ev istiqamətində gedərkən qonşu Zərərçəkmiş şəxs məxsus evin qarşısında işığı yansa da evin otaqlarında işıq yanmadığını, eyni zamanda Zərərçəkmiş şəxs məxsus avtomobilin evin həyətində olmadığını və qonşu Zərərçəkmiş şəxs evdə olmadığını bilmiş, elə həmin an araq almaq üçün pulu olmadığına görə Zərərçəkmiş şəxs məxsus evə girib oradan qiymətli əşya və yaxutda pul oğurlamaq qərarına gəlmişdir. Yaşadığı evdən çıxarkən qapı və yaxud da pəncərənin kilidini açmaq üçün özü ilə dəmir qaz açarı götürmüşdür. Zərərçəkmiş şəxs məxsus evin darvaza qapısının önündən keçib sağ tərəfdən mişar daşları ilə hörülmüş hasardan evin həyətinə boylanmışdır. Həmin vaxt evin otaqlarında işıq yanmadığını, Zərərçəkmiş şəxs məxsus avtomobilin isə həyətdə olmadığını görmüş və evdə heç kimin olmadığından tam əmin olduqdan sonra hasardan həyətə düşüb evə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs məxsus ev bir yataq otağı və bir şüşəbəndən ibarətdir. Şüşəbəndin qapısına yaxınlaşıb qapını əli ilə itələyəndə qapının açıq olduğunu görmüş, şüşəbəndin açıq qapsından daxil olub yataq otağının qapısına yaxınlaşdığında qapının yuxarı hissəsində asma qıfıl olduğunu görmüşdür. Həmin vaxt özü ilə götürdüyü dəmir açarla qıfılın yuxarısından iki-üç dəfə vurmuş və qıfılı asanlıqla açıb gödəkcənin cibinə qoyub otağa daxil olmuş, otağın işığı yanmadığına görə alışqan işığı ilə otağa baxdığında qapıdan sol tərəfdə televizor olduğunu, televizorun örtüyü altında 20 manat pulun uc hissəsinin göründüyü görmüşdür. Örtüyü qaldırıb baxdığında orada 45 manat pul olduğunu, həmin pulu götürüb cibinə qoyub otağın digər hissələrinə baxmağa başlamış, əvvəllcə şüşə qablar yığılan servanta baxmış, lakin heç nə tapa bilməmiş, sonra digər dolabı açıb baxdığında orada qadın, kişi paltarları və bir ədəd qara rəngli qadın çantasının olduğunu görmüşdür. Həmin çantanı açıb əliylə içərəsini yoxladığında əlinə çoxlu sayda kağızlar, pul və bir ədəd qızıl boyunbağına dəymiş, alışqan işığını çantanın içərisinə tutduğunda orada pul və bir ədəd qızıl boyunbağı olmasını görmüşdür. O, tələsik çantada olan pulları və bir ədəd qızıl boyunbağını götürüb evdən çıxıb yaşadığı evə getmiş, darvaza qapısının yaxınlığında oğurladığı pulları sayıb baxdığında müxtəlif əskinazlardan ibarət 1045 manat və bir ədəd qızıl boyunbağı olmasını görmüşdür. O, pulu və qızıl boyunbağını cibinə qoyub anasına baş çəkmək üçün evə girmiş, bir qədər sonra evdən çıxıb uşaqları gətirmək üçün dayısıgilə gedərkən əlini gödəkcənin cibinə salarkən cibində qıfıl olduğunu görmüş, həmin qıfılı yaşadığı evin yaxınlığında yerləşən körpünün üzərindən keçərkən çaya atmışdır. Dayısıgilə gedib orada yemək yemiş və aldığı araqdan dayısı içməsədə özü içmişdir. Bundan bir qədər sonra uşaqları götürüb yaşadığı evə qayıdarkən Qurban İsgəndərovun yaşadığı evin darvaza qapısı önündən keçərkən orada polis avtomaşınlarının dayandığını görmüşdür. Həmin gün yaşadığı evə gedib yatmış və səhəri gün oğurladığı pulu götürüb Şəki şəhərinə gəlmişdir. Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən poz-qazan loteriyasından çoxlu sayda alıb silsədə heç nə uda bilməmiş, oğurladığı pulun təxminən 500 manata yaxın poz qazana, qalan hissəsini isə şəxsi ehtiyacları üçüm xərcləmiş, qızıl boyunbağını Şəki Mərkəzi bazarında tanımadığı şəxsə 300 manata satmış, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. O, qeyd edilən cinayət əməlindən başqa cinayət əməli törətməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, oğurluq cinayətini ehtiyac üzündən törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Xəstəliyi ilə bağlı hazırda birinci qrup əlil olmaqla aylıq 240 manat pensiya alır. Bununla yanaşı ikinci dəfə ailə həyatı qurduğu Şahid1 köməkliyi ilə tərəvəz bitkiləri əkib satmaqla dolanışıq əldə edir. Şəki rayonu, İnçə kənd sakini Şahid1 ilə 2015-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan ona məxsüs evdə yaşayırlar. Arvadı Şahid1 hər ay pensiya pulundan az-az yığıb paltar yuyan maşın almaq istədiyindən, bu məqsədlə xeyli vaxt min manatdan çox pul toplamışdır. xx.xx.2023-cü il tarixdə ağrıları çox olduğuna görə evdə çarpayıda uzanıb yatmış, həyat yoldaşı Məlahət isə evdə ev işləri ilə məşğul olmuşdur. Təxminən saat 19 radələri olarkən ağrıları çox olduğuna görə yoldaşı ilə məsləhət etmiş ki, Şəki RMX-na həkim müayinəsinə getsin, axşam saatlarında narahat olmasınlar. Ona görə də həyat yoldaşı Şahid1 ilə özünə məxsus avtomaşın ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına getmişdir. O, xəstəxanada müayinə olunduqdan sonra özünə məxsus avtomaşınla təxminən saat 20:00 radələrində yaşadıqları evə qayıtmış, evin həyətinə daxil olduğunda evdən çıxarkən işığının vurulu qoyduqları şüşəbəndin işığının yanmadığını görmüşlər. Əvvəlcə evə daxil olmağa ehtiyat etmişlər, bir qədər çöldə dayanıb evdə kiminsə olmadığına əmin olduqdan sonra evə daxil olub işığı yandırmış, işığı yandırdıqdan sonra şüşəbəndin evin digər otaqlarına açılan taxta qapının üzərinə vurduqları asma qıfılın yerində olmadığını, iki tağlı qapının bir tağının açıq vəziyyətdə olduğunu görmüşdür. Yaşadıqları ev bir şüşəbənd və bir yataq otağından ibarətdir. Yataq otağına daxil olub baxdığında evdə olan çarpayının üzərində olan yataq dəstinin paltar dolabında olan əşyaların dağınıq halda olduğunu görmüş, dərhal paltar dolabında qara rəngli qadın çantasının içərisinə qoyduqları 1045 manat pulun və həyat yoldaşının qızıl boyunbağının yerində olub-olmamasına baxmış, həmin vaxt pulun və qızıl boyunbağının yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişlər. Bundan sonra Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra isə polis əməkdaşları yaşadığı evə gəlib baxış keçirmişlər. Hal-hazırda təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 2015-ci ildə Şəki rayonu, Çapağan kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs birinci qrup əlil olmaqla aylıq 240 manat pensiya alır. Bununla yanaşı həyat yoldaşı Zərərçəkmiş şəxslə yaşadıqları evin həyətində tərəvəz bitkiləri əkib satmaqla dolanışıq əldə edirlər. Əri Zərərçəkmiş şəxs pensiya pulu və satdıqları tərəvəz bitkilərinin pulundan az-az yığıb paltar yuyan maşın almaq fikirləri olmuşdur. Bu məqsədlə xeyli vaxt min manatdan çox pul toplamışlar. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs səhətində ağrıları çox olduğuna görə saat 19:00 radələri olarkən Şəki Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsinə getmişlər. Yaşadıqları ev bir şüşəbənd və bir yataq otağından ibarətdir. Yataq otağının iki pəncərəsi var və iki pəncərə çöl tərəfdən dəmir barmaqlıqlarla əhatə olunmuş, otaqların qapıları isə taxtadır. Evdən çıxarkən yataq otağının qapısına asma kilidi vurmuşdur. Şüşəbəndin qapısında isə kilid yoxdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs özünə məxsus avtomaşını ilə Şəki RMX-na getmişlər. Zərərçəkmiş şəxs müayinə olunduqdan sonra təxminən saat 20:00 radələrində yaşadıqları evə qayıtmışlar, evin həyətinə daxil olduqlarında evdən çıxarkən işığı vurulu qoyduqları şüşəbəndin işığının yanmadığı və şüşəbəndin qapılarının açıq olduğunu görmüşlər. Əvvəllcə evə daxil olmağa ehtiyat etmişlər, bir qədər çöldə dayanıb evdə kiminsə olmadığına əmin olduqdan sonra Qurban evə daxil olub işığı yandırımışdır. Zərərçəkmiş şəxs işığı yandırdıqdan sonra şüşəbənddən evin digər otağına açılan taxta qapının üzərinə vurduqları asma qıfılın yerində olmadığını, iki tağlı qapının bir tağının açıq vəziyyətdə olduğunu görmüşlər. Onlar yataq otağına daxil olub baxdıqlarında evdə olan çarpayının üzərində olan yataq dəstinin paltar dolabında olan əşyaların dağınıq halda olduğunu görmüş, paltar dolabında qara rəngli qadın çantasının içərisinə qoyduğu 1045 manat və 01 ədəd qızıl boyunbağının yerində olub-olmamasına baxmış, həmin vaxt pulun və qızıl boyunbağının yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən elmişlər. Bundan sonra həyat yoldaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlib yaşadıqları evə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif yerlərdə fəhlə işləməklə ailəsi üçün qazanc əldə edir. Şəki rayonu, Çapağan kənd sakini Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq olmasını eşitsə də, həmin şəxsə məxsus evdən kimin oğurluq etməsindən məlumatı olmamışdır. Şəki rayonu, Çapağan kənd sakini Təqsirləndirilən şəxs isə onun bacısı oğludur, Təqsirləndirilən şəxs ilə dayı bacı oğlu kimi xoş münasibətləri vardır. Onun qızı X9 şəhər sakini ilə ailə həyatı qurmaq üçün Cəsarət adlı şəxsə qoşulub getmişdir. Buna görə də onlar bir neçə qohuməqraba ilə oğlan evinə barışığa getməli olmuşlar. xx.xx.2023-cii il tarixdə bir neçə qohumlar onlara oğlan evinə getməyə görə şirnilər və şirniyyatlar bişirmək üçün gəlmişlər. Təqsirləndirilən şəxs də azyaşlı oğlu və həyat yoldaşı ilə onlara gəlmişdir. Həmin vaxt onlara kənardan da başqa şəxslər qonaq gəlmişlər. Təqsirləndirilən şəxs qonaqlarla əyləşib çay içib söhbət etmiş, qonaqlar getdikdən sonra saat 18-19 radələri olarkən uşaqlar süfrə açmışlar ki, əyləşib yemək yesinlər. Həmin vaxt bacısı oğlu Təqsirləndirilən şəxs ondan evdə yemək yeyərkən içmək üçün araq olub-olmamasını soruşmuşdur. Elşada araq olmadığını bildirdiyində həmin şəxs gəlirəm deyib çıxıb getmiş, onun getməsindən təxminən 1-2 saat sonra əlində bir araq ilə qayıdıb gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs gəldikdən sonra süfrəyə əyləşib yemək yemişlər, həmin şəxs aldığı araqdan az miqdarda içmişdir. Elşad yemək yeyib bir qədər əyləşdikdən sonra övladını və həyat yoldaşını götürüb yaşadığı evə getmiş, lakin onun qonşusu Zərərçəkmiş şəxs məxsus evə daxil olub oradan qızıl boyunbağı və pul oğurlamasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs alıb gətirdiyi arağın pulunun özünün olduğu və yaxut da kimdənsə aldığı, haradansa oğurlaması ilə maraqlanmamışdır. O, elə zənn etmiş ki, Elşad arağı öz pulu ilə almışdır. Elşadın haradansa oğurluq etməsi ağlına belə gəlməmişdir. Zərərçəkmiş şəxs məxsus evdən oğurluq olduqdan bir neçə gün sonra öyrənmiş ki, həmin şəxsin evindən oğurluq edən şəxs bacısı oğlu Təqsirləndirilən şəxsdir. O, həmin evə qanunsuz daxil olub oradan bir ədəd qızl boyunbağı və pul oğurlamasını eşitmişdir. Bütün bunlardan başqa onun hadisə ilə bağlı heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata götürülməsi” haqqında 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində HK-1/8 nömrəli materiallar əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə Şəki rayonu, Çarpağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Çarpağan kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə şübhəli şəxs qismin tutulması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 21:45-də Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və Müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə, saat 19:25-də qərarla tanış edilməklə Müvəqqəti saxlama yerindən azad edilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 01 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağından naməlum şəxs və ya şəxslər tərəfindən bir ədəd qızıl boyunbağı və 1045 manat pul oğurlanmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli 9/466 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 585 əyyar 8.25 qramlıq boyunbağının 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 700 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 19 yanvar 2023-cü il tarixli 3-13-11/2-876/2023 nömrəli məktubda görünür ki, xx.xx.2023-cü il tarixdə, Şəki rayon, Çapağan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülümüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-izlərindən 01 ədədi (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Şəki ŞRPŞ-dən daxil olan) xx.xx.1985-ci ildə Şəki rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (evin içində çaydandan) barmağı ilə eynilik müəyyən edilmişdir. Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 054 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 28 nömrəli məktubundan görünür ki, Qocayev X2 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Küngüt kənd İnzibati Ərazi Dairəsininin xx.xx.2023-cü il tarixli 32 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Çapağan kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Küngüt kənd İnzibati Ərazi Dairəsininin xx.xx.2023-cü il tarixli 33 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X4 (arvadı) və X5 (oğlu) adlı ailə üzvləri vardır. Cinayət işində olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində və Respublikanın digər rayonları ərazisində digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, onun Şəki rayonu, Çapağan kənd sakini Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisələrini törədərkən heç kimin məlumatı olmadığını, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyini, onun maraq dairəsi, yaxın münasibətədə olduqları şəxslərin dairəsi müəyyən edilməsi mümkün olmamışdır. Bu istiqamətdə tərəflərindən müvafiq tədbirlər davam etdirilir. Gələcəkdə əhəmiyyətli məlumat əldə olunarsa əlavə olaraq məlumat veriləcəkdir. Zərərçəkmiş şəxs tərəfindən 11 may 2023-cü il tarixli məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), himayəsində bir azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-c i il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bundan başqa, məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd dəmir alət olan avtomobil açarının məhv edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Şəki şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Şəki şəhər-Rayon Polis Şöbəsinin təminat hissəsində saxlanılan bir ədəd dəmir alət olan avtomobil açarı məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyevv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar