Məhkəmə qərarları › İş №1(075)-59/2020

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-59/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-59/2020 28.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının X5 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1945-ci il tarixdə X3 Respublikası Rutul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, qəsdən, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmə, həmçinin qəsdən, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq odlu silah və döyüş sursatını, əldə etmə, daşıma, gəzdirmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 10:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, yaşadıqları Şəki şəhəri Sarıtorpaq küçəsindəki 2 saylı evin dəhlizində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlində tutduğu silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə öldürəcəyini və ağır xəsarət yetirəcəyini nümayiş etdirərək ondan yaxın məsafədə olan Zərərçəkmiş şəxs1 “Səni it kimi kəsərəm. Səni öldürərəm” deyərək hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla onu qəsdən öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o,xx xxx 2020-ci il tarixdə saat 10:40 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, yaşadıqları Şəki şəhəri Sarıtorpaq küçəsindəki 2 saylı evin şüşəbəndində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı təkrarən əlində tutduğu silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə öldürəcəyini və ağır xəsarət yetirəcəyini nümayiş etdirərək ondan yaxın məsafədə olan Zərərçəkmiş şəxs2 “Bilirsənmi sənə neyləyərəm? Sənin çənəni, başını dağıdaram” deyərək hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla onu qəsdən öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, qəsdən, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan, atəş üçün yararlı 38 (otuz səkkiz) ədəd 5.6 mm kalibrli patronları və qanunsuz olaraq kustar üsul ilə hazırlanmış, avtoqələm formasında olan, buraxıcı xassəli xüsusi təyinatlı 5.6 mm kiçik kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz odlu silahı istintaqa məlum olmayan vaxtda əldə edib, gəzdirməklə daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evin yataq otağında qanunsuz saxlamış və xx xxx 2020-ci il tarixdə saat 20:20 radələrində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin ünvana baxış zamanı qeyd olunan döyüş sursatları və odlu silah aşkaredilərəkgötürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb, yaxınlıqdakı mağazadan spirtli içki almışdır. Evə qayıtdıqdan sonra evin mətbəx kimi istifadə edilən aynabəndinə keçib, soyuducuda olan əti doğramaq üçün mətbəx bıçağını əlinə almışdır. Lakin o, ət doğramağa başlamadan oğlu Zərərçəkmiş şəxs2 aynabəndə daxil olmuşdur. Həmin vaxt o, səkkiz il əvvəl aldığı və Zərərçəkmiş şəxs2 həmin vaxt polisə təhvil verdiyini bildirdiyi tüfəngi ona geri qaytarmasını tələb etdiyinə görə yaşadığı evin aynabəndində Zərərçəkmiş şəxs2 ilə aralarında mübahisə yaranmışdır. Lakin o, ittiham olunduğu kimi, qızı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 üzərinə bıçaq ilə getməmiş, heç kimi saxsı qabla vurmamışdır. Əksinə olaraq oğlu Zərərçəkmiş şəxs2 onu itələmiş və başına metal boru ilə zərbə endirmişdir. O, yerə yıxılarkən burnu divarın tininə dəymiş, nəticədə burun nahiyəsindən xəsarət almışdır. Qızı Zərərçəkmiş şəxs1 isə onun üzərinə balta ilə hücum çəkmişdir. Daha sonra isə o, baltanı alıb gizlətmişdir. Ümumiyyətlə, ailə üzvlərinin onu öldürmək niyyəti var, ona görə də ona hücum ediblər. Bundan başqa, onun axtarış zamanı evdən tapılan qələm tipli tapança və patronlar haqqında məlumatı yoxdur, qeyd olunanlar ona məxsus deyil. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, onlar bir evdə yaşayırlar. Atası Təqsirləndirilən şəxs uzun müddətdir ki, müxtəlif səbəblərdən yaşadıqları evdə ailə üzvləri ilə mübahisə edərək münaqişə yaradır. xx xxx 2020-ci il tarixdə səhər saatlarında atası Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, həmin vaxt Təqsirləndirilən şəxs əlində mətbəx bıçağı olmuşdur. Mübahisə zamanı atası Təqsirləndirilən şəxs bıçağı ona nümayiş etdirərək öldürməklə hədələmiş və daha sonra onun ünvanına nalayiq ifadələr işlədərək hücum etmişdir. O isə bir otağa daxil olaraq qapını bağlamış və atasının hərəkətlərini telefona çəkmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs onun otağın qapısını açmadığını görüb çıxıb getmiş, o da yaşadığı evin həyətinə getmişdir. Həmin vaxt həyətdə anası Şahid6 və bacısı Zərərçəkmiş şəxs1 olduqlarını görmüşdür. Bir müddət keçdikdən sonra o, yaşadığı evə girmək qərarına gəlmiş və evə girən zaman atası Təqsirləndirilən şəxs yenidən ona hücum edə biləcəyindən ehtiyat etdiyinə görə özünü müdafiə etmək məqsədilə metal boru götürmüşdür. O, evə daxil olduqda evin aynabəndində atası Təqsirləndirilən şəxs ilə rastlaşmış və atası torbanın içərisinə qoyduğu saxsı materialdan yemək boşqabı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə endirmişdir. O da Təqsirləndirilən şəxs kənara itələmiş və sağ əlindəki metal boru ilə Təqsirləndirilən şəxs başının təpə nahiyəsinə zərbə endirmiş, nəticədə Təqsirləndirilən şəxs yerə yıxılmış və xəsarət almışdır. Sonra o, yaxınlaşdığı halda atasının onu bıçaqla vura biləcəyindən ehtiyat etdiyindən əlindəki bıçağı buraxması üçün təpiklə atası Təqsirləndirilən şəxs əlinə zərbə vurmuş və bıçaq onun əlindən çıxıb, döşəməyə düşmüşdür. Bundan sonra isə bacısı Zərərçəkmiş şəxs1 aynabəndə gəlib yaxınlaşıb, ona zəng edib polis çağırdığını bildirmişdir. Daha sonra o, evin həyətinə getmişdir. Bir qədər sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər. Evdən aşkar olunanlara münasibətdə bildirir ki, elə həmin gün, yəni xx xxx 2020-ci il tarixdə axşam saatlarında Şəki ŞRPŞ-nin əməkdaşları atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları ünvan 1 ünvanına gəlmiş, atasının, onun, vəkilin, hal şahidlərinin, bacısı Zərərçəkmiş şəxs1, anası Şahid6 və polis əməkdaşlarının iştirakları ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı atasının yataq otağından odun peçinin altına qoyulmuş dəmir parçasının altından qələmşəkilli odlu silah, döşəklərin arasından iki ədəd bıçaq və divarın iç hissəsində olan, yorğan-döşək yığılması üçün istifadə edilən yük yerindən patronlar aşkar olunmuşdur. Atası Təqsirləndirilən şəxs onun yataq otağına girilməsinə heç kimə icazə vermədiyindən və həmin otağın qapısını açarı yalnız özündə olan qıfıl ilə bağladığı üçün yataq otağına nə o, nə də digər ailə üzvləri daxil olur. Sonda bildirdi ki, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışıq əldə etməmişdir, qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qızıdır. Atası Təqsirləndirilən şəxs uzun müddətdir ki, müxtəlif səbəblərdən yaşadıqları evdə ailə üzvləri ilə mübahisə edərək münaqişə yaradır. xx xxx 2020-ci il tarixdə atası Təqsirləndirilən şəxs həmişəki kimi münaqişə yaradaraq, söyüşlər söyərək ondan evi tərk edib çıxıb getməyini tələb etmişdir. Həmin vaxt əlində bıçaq olmuş və onun üzərinə hücum çəkməklə öldürməklə hədələmişdir. Atasının hərəkətlərini mobil telefon vasitəsi ilə çəkmişdir. Bundan sonra eyni hərəkətləri qardaşı Zərərçəkmiş şəxs2 qarşı da törətmişdir. Hətta qardaşı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə saxsı qabla zərbə endirmişdir. O da təlaşlanıb dərhal DİN-in 102 xidmətinə zəng etmiş, hadisə haqqında məlumat vermiş, polisin gəlməsini xahiş etmişdir. Polis əməkdaşları gələnədək Zərərçəkmiş şəxs2 da atası Təqsirləndirilən şəxs başına zərbə endirmişdir. Evə baxış keçirilməsinə heç bir etirazı olmamışdır. Baxış zamanı atası Təqsirləndirilən şəxs otağından odun peçinin altına qoyulmuş dəmir parçasının altından qələməbənzər odlu silah və divarda olan oyuqdan partonlar aşkar olunmuşdur. Silahın və patronların aşkar olunduğu otaq atasının otağıdır və həmin otaq qıfıl ilə kilidli olmaqla açarı hər zaman atasında olmuşdur. Sonda bildirdi ki, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışıq əldə etməmişdir, qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Övladları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onunla və ataları Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Əri Təqsirləndirilən şəxs uzun müddətdir ki, müxtəlif səbəblərdən yaşadıqları evdə ailə üzvləri ilə mübahisə edərək münaqişə yaradır və ailə üzvlərini öldürməklə hədələyir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs həmişəki kimi oğlu Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs1 ilə mübahisə etmiş, Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə hadisə haqqında məlumat vermişdir. Yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs otağından peçin altından qələməbənzər silah, döşəklərin arasından iki ədəd bıçaq və patronlar aşkar olunmuşdur. Qeyd olunan əşyalar Təqsirləndirilən şəxs yataq otağından aşkar olunmuşdur ki, həmin otağın açarı Təqsirləndirilən şəxs olur, heç kimin həmin otağa daxil olmaq ixtiyarı olmamışdır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə kustar üsulla hazırlanmış odlu silah olması barədə əməliyyat məlumatı daxil olduğundan xx xxx 2020-ci il tarixdə onun rəhbərliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi Şahid2 və Şəki ŞRPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında, Təqsirləndirilən şəxs və ailə üzvlərinin razılığı ilə onun yaşadığı evə xx xxx 2020-ci il tarixdə hal şahidlərinin, Şahid6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına öz yataq otağında odun peçinin altına qoyulmuş dəmir parçasının altında özünə məxsus olan qələmşəkilli odlu silahın olduğunu bildirib, həmin yeri göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəkillə təmin olunmuş və vəkil Müdafiəçi ilə birlikdə baxış davam etdirilmişdir. Daha sonra qələməbənzər odlu silah həmin yerdən aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına özünün yataq otağında yatdığı yatağın döşəyinin arasında bıçaqlar olduğunu bildirmiş və qeyd olunan yerdən 02 (iki) ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs özünün yataq otağında divarın yorğandöşək yığılması üçün istifadə edilən yük yerində, yorğan-döşək yükünün üstündə üzərində 18 (on səkkiz) ədəd patron olan patron qatarının və qələmşəkilli odlu silahdan atəş açmaq üçün istifadə edilən 38 (otuz səkkiz) ədəd patron olduğunu bildirmiş və həmin patronlar aşkar olunaraq götürülmüşdür. Sonda protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Şahidlər Şahid2 və Şahid3 оğlu Şahid1 оğlunun verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək məhkəmə iclasında onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. Şahid X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, xx xxx 2020-ci il tarixdə qohumugilə qonaq gedən zaman Şəki şəhəri Sarıtorpaq küçəsindən keçərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq həmin küçədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirəcəklərini bildirmiş və həmin baxışda hal şahidi kimi iştirak etməyini ondan xahiş etmişlər. O da razı olmuşdur. Vəkilin, digər hal şahidinin, polis əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs otağı kimi deyilən otaqdan peçin aşağısındakı metal hissənin altından qələməbənzər formalı silahaoxşar predmet, döşəyinin arasında iki ədəd bıçaq, divarın iç hissəsində olan, yorğan-döşək yığılması üçün istifadə edilən yük yerində, yorğan-döşək yükünün üstündən patronlar aşkar olunmuşdur. Tərtib olunan protokolu, o, və digər iştirakçılar imzalamışlar. Şahid5 Şahid4 оğlunun verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək məhkəmə iclasında onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, həmin evin Təqsirləndirilən şəxs yaşadığı otağından 1 ədəd qələm şəkilli odlu silah və 38 ədəd patron aşkar edilərək götürülmüşdür. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 00:40 radələrində Azərbaycan Respulikası CM-nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Araz Vəlizadənin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Qərar təqsirləndirilən şəxsə xx.xx.2020-ci tarixdə saat 20:00 elan edilmişdir. Məhkəmə-bаllistik ekspertizаsının xx.xx.2020-ci il tarixli, 20/266R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, kustar üsulla hazırlanmış avtoqələm formasında olan predmet, buraxıcı xassəli xüsusi təyinatlı 5.6 mm kiçik kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 38 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5.6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 03 ədəd patronların gilizləri zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, lakin sonradan içərisi kustar üsulla doldurulmuş 28x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş gilizlər zavod üsulu ilə istehsal olunmuş 14 ədədi 28, 01 ədədi 32 kalibrli ov sialhlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir-boş atılmış gilizləridir. Halhazırda həmin gilizlər atəş üçün yararsızdır. Eksperimental atəşlər zamanı əldə olunmuş gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisə edilib. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 17/325 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən “1”, “2” və “3” rəqəmi ilə işarələnmiş bıçaqlar kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmirlər, üzərlərində sonradan düzəlişlər edilməmişdir. Məhkəmə-psixiatrik ekspertizanın xx xxxx 2020-ci il tarixli 403 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Şəki RMX-nin Narkoloji şöbəsinin xx xxx 2020-ci il tarixli, 217A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq halı aşkar edilmişdir. Şəki RMX-nin xx.xx.2020-ci il tarixli, 1382 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Narkoloji kabinetində qeydiyyatda yoxdur. Şəki şəhər İHB-nin Sarıtorpaq məhəllə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. X4 tərəfindən xx.xx.2020-cu il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs X2 dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş DVD diskdəki video görüntülərə baxış keçirildikdə müəyyən oldu ki, həmin “DVD” diskin yaddaşına iki ədəd videoyazıya dair fayl vardır. Həmin fayllardakı videoyazılara baxılan zaman birinci fayldakı videokadrlarda Təqsirləndirilən şəxs əlində tutduğu bıçağı nümayiş etdirərək onunla üzbəüz dayanmış şəxsin ünvanına nalayiq ifadələr işlətməsi, üzərinə hücum etməsi, onunla üzbəüz dayanmış şəxsin isə hər iki hücum vaxtı olduğu yerin qapısını bağlaması görünür. İkinci fayldakı videokadrlarda Təqsirləndirilən şəxs əlində tutduğu bıçağı nümayiş etdirərək onunla üzbəüz dayanmış şəxsin ünvanına söyüşlər söyməsi görünür. Azərbaycan Respubliası DİN BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Şəki ŞRPŞ-də ********* nömrəli cinayət işi istintaq edilmiş və xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi Cinayət Məcəlləsinin 134 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı cinayət əməlləri üzrə irəli sürülmüş ittihamı qəbul etməməsi, ailə üzvlərinin ona qarşı qərəzli olması barədə məhkəmə iclasında verdiyi ifadələri onun məsuliyyətdən yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə qarşı əlində bıçaqla hücum çəkərək öldürməklə hədələməsi, habelə axtarış nəticəsində yaşayış yerindən döyüş sursatı və odlu silahın aşkar edilməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsi, cinayət işinin materiallarında olan çəkilişlə, axtarış protokolu, ekspert rəyi ilə birmənalı şəkildə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 228.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran, həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 134 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplanmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı müddət 24 saatdan artıq olduğu üçün iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Lakin məhkəmə cəzanın ədalətli olmasını və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qoca olmaqla hal-hazırda təqaüddə olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, barəsində sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bu zaman məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan kustar üsulu ilə avtoqələm formasında hazırlanmış yivsiz odlu silah, zavod üsulu ilə istehsal olunmuş 38 ədəd patrondan ekspertiza tədqiqatından sonra qalan 33 ədəd patron və 01 ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs görüntüləri əks olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30.60 (otuz manat altmış qəpik) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar tam toplanmaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Cəzanın icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan kustar üsulu ilə avtoqələm formasında hazırlanmış yivsiz odlu silah, zavod üsulu ilə istehsal olunmuş 38 ədəd patrondan ekspertiza tədqiqatından sonra qalan 33 ədəd patron və 01 ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs görüntüləri əks olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30.60 (otuz manat altmış qəpik) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar