Məhkəmə qərarları › İş №1(075)-59/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-59/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-59/2021 25.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Məmmədhəsənov Rahib Oxyaz oğlunun və onun müdafiəçisi Şəki Vəkil Bürosunun vəkili Rəcəbov Səbuhi Tapdıq oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1981-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşımra cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, həm satış, həm də satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 1.27 qram hissəsini 03 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında 01 ədəd ağ rəngli kağız bükümün içərisində 30 manat pul müqabilində tanışı Şahid1 salmış, 03 aprel 2021-ci il tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 həmin gün saat 18:10 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndinin giriş hissəsində özünün işlətdiyi kafenin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X15 prospekti, 1 saylı ünvanda yerləşən Şəki Şəhər-X14 inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynindəki bənövşəyi rəngli pencəyin sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümün içərisində, şəxsi istehlak miqdarında, təmiz çəkisi 1.27 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, həm satış, həm də satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərinə saxlayaraq daşımış, 03 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində həmin narkotik vasitənin 1.27 qram hissəsini Şahid1 satdıqdan sonra qalmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5.73 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan özünün şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımış, 03 aprel 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 23:50 radələrində yaşadığı, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X15 prospekti, 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 5.73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudu muş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndinin içərisində, “İdarə qabağı” adlanan yerin yaxınlığında icarə əsasında təxminən 5-6 aydır ki, çayxana işlədir. Həmin çayxananı işlətməklə ailəsini dolandırır. 16 yaşından Rusiyaya gedib gəlir və 20 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Təxminən 1 ildən çoxdur ki, pandemiya ilə əlaqədar kənddə qalmalı olmuşdur. Rəşadəti bir qonşusu kimi tanıyır. Onunla aralarında ədavət və düşmənçiliyi yoxdur. Rəşadət onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Rəşad özü spirtli içki aludəçisidir. Hər dəfə o, içib küçədə yatır. Rəşadət araq içməyin əvəzinə nəşə çəkmək istədiyini, bəlkə bununla araqdan qurtara biləcəyini ona demişdir. Çünki, Rəşadət araq içəndə həddən artıq sərxoş olur və yataraq küçədə qalır və buna görə ailəsində problemlər yaranır. Buna görə də əvvəllər Rəşadətə dəfələrlə narkotik vasitə vermişdir. 2020-ci ilin yay aylarında Şəki rayon Kiçik Dəhnə kənd ərazisində sahəlikdən yabanı formada bilən çətənə kollarından bir neçəsini qırıb həmin yerin yaxınlığında gizlətmişdir. Lazım olduqda isə həmin yerdən götürüb özü üçün istifadə etmişdir. Rəşadətə verdiyi narkotik vasitələr də həmin yabanı halda olan çətənə kolundan topladığı nəşədən olmuşdur. Rəşadət ilə təxminən 29 mart 2021-ci il tarixdə saat 17:00 radələrində kənddə görüşən zaman ondan narkotik vasitə istəmiş və bunun üçün ona 30 manat pul vermişdir. Rəşadətə nə vaxt özü üçün nəşə götürsə, ona da alacağını demişdir. Rəşadət nəşəni kimdənsə aldığını düşünmüş, lakin yabanı halda çətənə kolunu toplayıb saxladığını bilməmişdir. Həmin gün Rəşadətdən 30 manat pul aldıqdan sonra onunla sağollaşmışlar. 03 aprel 2021-ci il tarixdə özü üçün səhər radələrində nəşə götürmək üçün nəşəni gizlətdiyi yerə, yəni Şəki rayon Kiçik Dəhnə kəndinin sahəlik hissəsində olan, istifadəsiz qalmış, köhnə fermaya getmişdir. Həmin ferma çox uzun müddətdir ki, istifadə olunmur. Narkotik vasitəni də həmin fermada, heç kimin tapmaması üçün gizlətmişdir. Oradan həm özü üçün, həmdə Rəşadət üçün bir qədər nəşə götürmüşdür. Həmçinin özü üçün götürdüyü nəşədən bir qədər elə sahədəcə istifadə etmiş və geri qayıtmışdır. Həmin gün saat təxminən 15:00 radələrində evdə olan zaman Rəşadət onun evinə gəlmiş və onu çağırmışdır. Rəşadətin nəşəyə görə gəldiyini başa düşərək onunla görüşmək üçün evdən çıxmışdır. Rəşadət ilə yaşadığı evin yaxınlığında görüşüb hal-əhval tutduqdan sonra onun üçün götürdüyü nəşəni Rəşadətə vermişdir. Bundan sonra evə getmiş və həmin gün evdə olmuşdur. Gecə radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb narkotik vasitə satmağı barədə məlumat olduğunu deyib polis şöbəsinə dəvət etmişlər. Artıq Rəşadətə satdığı narkotik vasitənin bilindiyini başa düşüb etiraz etməmiş və onlarla birlikdə Şəki ŞRPŞ-nə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu müstəntiqin otağına aparmışlar. Həmin otaqda müstəntiq ona narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib buna görə tutulacağını bildirmiş və vəkillərin siyahısını təqdim etmişdir. Siyahıdan Xəyal adlı vəkili seçmişdir. Bir qədər keçdikdən sonra vəkil gəlmişdir. Bundan sonra isə müstəntiq ona CM-nin 234.2-ci maddəsi ilə tutulduğunu bildirib hüquq və vəzifələrini ona izah etmiş və videoçokilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq ona üzərində olan əşyaları təqdim elməyi bildirdikdə əvvəlcə əynində olan qara rəngli qısa qol üst gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret paçkasını, 01 ədəd kibrit qutusunu, 01 ədəd alışqanı, 01 ədəd dərmanı, həmin gödəkçənin sağ yan cibindən dəmir pul əskinazlarını, sol yan cibindən 02 ədəd siqaret giləsini, əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd mobil telefonunu və kağız pulları masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan boz rəngli, uzunqol alt gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofanda olan iydəni, şalvarının arxa sol cibindən kağızları çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq üzərində başqa əşya olub olmamasını soruşduqda xeyr deyə cavab vermişdir. Müstəntiq onun üzərini özü yoxlamış, lakin heçnə aşkar edilməmişdir. Bundan sonra müstəntiq masanın üzərinə qoyduğu əşyaları təqdim etməyini xahiş etdikdə, əşyaları bir-bir təqdim edərək onların özünə məxsus olduğunu, kibrit qutusunun içərisində isə nəşə olduğunu demişdir. Həmçinin üzərində olan pulları moskvadan tanışlarının göndərdiyini demişdir. Müstəntiq həmin pullara baxdıqda pulların ümumilikdə 61 manat 10 qəpik olmasını müəyyən etmişdir. Daha sonra isə müstəntiq həmin kibrit qutusunun içərisindəki nəşənin nə vaxt, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda həmin nəşəni çöldən sahədən topladığını, özü istifadə etmək üçün saxladığını, təxminən 20 il narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra isə müstəntiq Şahid1 narkotik vasitə satıbsatmadığını soruşduqda Rəşadətə 30 manata nəşə satdığını demişdir. Bundan sonra isə üzərimdən aşkar olunaraq götürülmüş içərisində nəşə olan kibrit qutusu, mobil telefonu və pullar ayrı ayrılıqda ağ rəngli zərfə qoyub qablaşdırılmışdır. Bundan sonra isə videoçəkiliş nümayiş etdirilmiş və bu barədə protokol tərtib edildikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Rəşadətdən başqa heç kimə narkotik vasitə salmadığını bildirmişdir. Göstərmişdir ki, hazırda həyat yoldaşı ilə ayrıca təsərrüfatda yaşayırlar. Belə ki, aralarında rəsmi nikah olmamış, lakin faktiki olaraq ayrılmışlar. Həmin nikahdan 3 uşağı vardır. Uşaqlar əsasən analarrının yanında qalsalar da onun yanına da gəlib-gedir, həmçinin onun yanında da qalırlar. Evdə yaşlı anası vardır. Hazırda törətmiş olduğu cinayət əməlindən peşmandır. Bütün bunları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, kənddə kafe işlədir. Uzun müddətdir ki, spirtli içki qəbul etmişdir. Lakin təxminən 3 aydır ki, narkotik vasitədən, yəni nəşədən istifadə edir. Həmin müddət ərzində də istifadə etdiyi nəşəni həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs almışdır. Rahibdən ümumilikdə 3 dəfə nəşə almış və həmin nəşələri büküm formada almışdır. Həmin nəşələrə görə ona 2 dəfə 20 manat, sonuncu dəfə isə 30 manat pul vermişdir. Rahibdən narkotik vasitə almağı mümkün olmayanda isə spirtli içki içmişdir. Göstərmişdir ki, Rahim özü də narkotik vasitə istifadə edəndir. Buna görə həmin narkotik vasitələri ondan almışdır. 2021-ci ilin mart ayının 29-da təxminən 17:00 radələrində Rahib ilə kənd ərazisində görüşmüşdür. Onunla söhbət edən zaman yenə narkotik çəkmək istədiyini deyib özü üçün narkotik vasitə götürən zaman onun üçün də götürməsini xahiş etmiş və onunla razılaşdıqdan sonra Rahibə onun üçün narkotik vasitə tapması üçün 30 manat pul vermişdir. Rahib də 30 manat pulu ondan almışdır. Bundan sonra sağollaşaraq ondan ayrılmışdır. 03 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində nəşəni götürmək üçün Rahibgilin evinə gedib onu çağırmış, Rahib küçəyə çıxmış və o, cibindən bir büküm narkotik vasitə çıxarıb ona vermişdir. Bundan sonra onunla bir qədər də söhbət edib sağollaşaraq ayrılmışlar. Həmin gün axşam vaxtı işlətdiyi kafenin çöl hissəsində dayanmışdır. Həmin vaxt 2 nələr mülki geyimli şəxslər yaxınlaşıb özlərini Şəki ŞRPŞ-nin əməliyyat müvəkkilləri olduqlarını deyib üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişdir. O, da etiraz elməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsinə getdikdən sonra onu müstəntiq olan otağa aparmışlar. Həmin otaqda müstəntiq üzərində narkotik vasitə olması barədə şübhəli olduğunu bildirib buna görə tutulacağını bildirmiş və vəkillərin siyahını ona təqdim etmişdir. Həmin siyahıdan Müdafiəçi seçmişdir. Bir qədər keçdikdən sonra vəkil Emil gəlmiş və müstəntiq CM-nin 234.1-ci maddəsi ilə tutulduğunu bildirib hüquq və vəzifələri izah etmişdir. Videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq üzərində olan əşyaları təqdim etməyi ona bildirmişdir. O da əvvəlcə əynində olan bənövşəyi rəngli pencəyin sağ yan cibindən 01 ədəd gümüşü bükülünü, sonra həmin pencəyin sağ yan cibindən 01 ədəd, göy-ağ rəngli “Prima” markalı siqareti, pencəyin həmin cibindən 06 ədəd dəmir pul əskinazlarını, pencəyin sol yan cibindən 01 ədəd tibbi maskanı və 01 ədəd yaşıl rəngli alışqanı, pencəyin sol iç cibindən 01 ədəd qara rəngli pulqabnı çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşduqda o, başqa heç nə olmadığını bildirmişdir. Sonra üzərində mobil telefonun olduğu yadına düşmüş və əynində olan pencəyin sağ iç cibindən 01 ədəd qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra isə üzərində başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra müstəntiq özü onun üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən başqa heç nə aşkar etməmişdir. Daha sonra isə müstəntiq masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi xahiş eldikdə həmin əşyaları bir bir təqdim etmişdir. Əvvəlcə mobil telefonu göstərib özünə məxsus Samsung markalı telefonun, pul qabını götürüb özünə məxsus pul qabı olduğunu və içərisindəki əşyaların da ona məxsus olduğunu demişdir. Müstəntiq həmin pul qabıya baxdıqda içərisində ev üçün alınmalı olan ərzaq siyahısı, pulları, fotoşəkillər, şəxsiyyət vəsiqəsi, plastik kartların olması müəyyən edilmişdir. Sonra siqaret qutusunu, alışqanı, maskanı və dəmir pulları da ardıcıllıqla təqdim elmişdir. Daha sonra isə Rahibdən 30 manat pula aldığı, içərisində nəşə olan bükümü təqdim edib içərisində narkotik vasitə olduğunu demişdir. Müstəntiq həmin bükülüyə baxıb bütün iştirakçılara da göstərmişdir. Sonra həmin narkotik vasitəni hardan, nə vaxt və hansı məqsədlə əldə etməyi barədə müstəniq sual verdikdə həmin narkotik vasitəni qonşusu Rahib adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Rahibə verdiyi 30 manat pulun 02 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq əskinazlardan ibarət olduğunu qeyd etmişdir. Narkotik vastəni 03 aprel 2021-ci il tarixdə götürdüyünü deyib Rahibin xarici görnüşü barədə suallara cavab vermişdir. Bundan sonra isə müstəntiq həmin narkotik vasitəni və mobil telefonu ayrı-ayrılıqda ağ rəngli zərfə qoyub qablaşdırmış və imzalanmışdır. Digər əşyaları isə özünə qaytarmışdır. Bundan sonra isə videoçəkiliş nümayiş etdirilmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Həmçinin Rahibin narkotik vasitəni haradan və ya kimdən əldə edərək satdığını bilməmiş, sadəcə özü istifadə etmək üçün ondan narkotik vasitə almışdır. Rahim ilə münasibətlərinin yaxşı olduğunu, onunla hər hansı ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 aprel 2021-ci il tarixdə xidməti fəaliyyəti ilə məşğul olan zaman Şəki rayon Kiçik Dəhnə kənd sakini “Rəşadət" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, qəbulu və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Rəşadət» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəhbərliyinin icazəsi ilə 03 aprel 2021-ci il tarixdə «Rəşadət» adlı şəxsin, Şəki rayon Kiçik Dəhnə kənd sakini Şahid1 olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞnin CAB-nin baş əməliyyat müvəkkili Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid1 yaşadığı, Şəki rayonu, Kiçik Dəhnə kəndinin giriş hissəsindəki, özünün işlətdiyi kafenin qarşısında olması müəyyən edildiyindən həmin əraziyə gedib ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və ona naıkotik vasitə əldə etməkdə məlumat əldə etdiyi üçün birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Şahid1 razılaşdığı üçün onu polis bölməsinə gətirib üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət elmişlər. Onun üstünə şəxsi axtarış keçirilməsi müstəntiqə həvalə edilmişdir. Müstəntiq öz xidməti iş otağında Şahid1 Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Şahid1 siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Az sonra vəkil Müdafiəçi gəlmişdir. Sonra Şahid1 şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə üzərinə vəkilin, onun, Şahid5 iştirakı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bundan sonra Şahid1 əvvəlcə əynində olan bənövşəyi rəngli pencəyin sağ yan cibindən 01 ədəd gümüşü bükülünü, sonra pencəyin sağ yan cibindən 01 ədəd, göy-ağ rəngli “Prima" markalı siqareti, pencəyin həmin cibindən 06 ədəd dəmir pul əskinazlarını, pencəyin sol yan cibindən 01 ədəd tibbi maskanı və 01 ədəd yaşıl rəngli alışqanı, pencəyin sol iç cibindən 01 ədəd qara rəngli pulqabını çıxarıb masanın üzərinə qoymuşdur. Şahid1 üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Sonra üzərində mobil telefonun olduğu yadına düşdüyünə görə əynində olan pencəyin sağ iç cibindən 01 ədəd qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bir daha üzərində hər hansı əşyanın olub-olmadığı soruşulaııda Şahid1 üzərində başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra Şahid1 müstəntiq tərəfindən əllərini yuxan qaldırmaq təklif olunmuşdur. Müstəntiq tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Müstəntiq tərəfindən Şahid1 masanın üzərinə qoyduğu əşyaları təqdim etmək təklif olunduqda o, həmin əşyaların ona məxsus olduğunu deyib mobil telefonu və digər əşyaları təqdim etmişdir. Daha sonra isə gümüşü rəngdə olan bükülünü göstərib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra müstəntiq Şahid1 həmin narkotik vasitəni nə vaxt, hardan, hansı məqsədlə əldə etməsini soruşduqda o, 03 aprel 2021-ci il tarixdə həmkəndlisi və qonşusu Rahib Məmmədov adlı şəxsdən 30 manat pul müqabilində özünün şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə üçün pulu isə təxminən tutulmamışdan 03 gün əvvəl Rahibə verdiyini bildirmişdir. Bundan sonra müstəntiq Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümü, 01 ədəd mobil telefonu iş üşün əhəmiyyət kəsb edəcəyi üçün götürüləcəyini bildirib hər birinin ayrı-ayrı ağ rəngli zərfə qoyaraq qablaşdırmış və həmin zərflər iştirakçılar imzalanmışdır. Bundan sonra isə Şahid1 məxsus digər əşyalar müstəntiq tərəfindən onun Özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bundan başqa ifadəsində Şahid1 tanımadığını, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmadığını, həmçinin onunla heç bir qohumluq əlaqəsinin olmadığını, ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin Sarıca PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 03 aprel 2021-ci il tarixdə Şəki rayon Kiçik Dəhnə kənd sakini Şahid1 Şəki rayon Kiçik Dəhnə kənd ərazisində saxlanılıb polis şöbəsinə gətirilib üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilən zaman narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş, o, narkotik vasitəni qonşusu, Rahib adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Bu barədə verilmiş əməliyyat tapşırığı əsasında şöbə rəhbərliyi tərəfindən Rahib adlı şəxsin şəxsiyyətini müəyyənləşdirilməsi ona və polis nəfəri Şahid3 tapşırılmışdır. Bundan sonra Şahid1 narkotik vasitə satmaqda şübhəli olan, Rahib adlı şəxsin şəxsiyyətini müəyyən elmək üçün əməliyyat axtarış keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı Rahib adlı şəxsin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Təqsirləndirilən şəxs olması və yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir. Bundan sonra sə Şahid3 ilə birlikdə Şəki rayonu Kiçik Dəhnə kəndinə gedib yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edib Şahid1 narkotik vasitə satması barədə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət elmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etmədiyindən onunla birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi müstəntiqə həvalə edilmişdir. Müstəntiq öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Xəyal İbrahimovu seçmişdir. Az sonra vəkil gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis dəvət edilmişdir. Az sonra mütəxəssizin, vəkilin, onun, polis sahə nəfəri Şahid3 iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan qara rəngli qısaqol üst gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret paçkasını, 01 ədəd kibrit qutusunu, 01 ədəd alışqanı, 01 ədəd dərmanı, həmin gödəkçənin sağ yan cibindən dəmir pul əskinazlarını, sol yan cibindən 02 ədəd siqaret giləsini, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu və kağız pulları masanın üzərinə qoymuşdur. Həmçinin əynində olan boz rəngli, uzunqol alt gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofanda olan "iydə” adlandırdığı meyvəni, şalvarının arxa sol cibindən kağızları çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, üzərində başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra Rahib Məmmədlıəsənovun üzərində müstəntiq tərəfindən şəxsi axtarış aparılmış, lakin onun üstündən qanunla qadağan edilmiş əşya yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etmək təklif edildikdə o, həmin əşyaların özünə məxsus olduğunu deyib mobil telefon, siqaret və digər əşyaları təqdim etmişdir. Müstəntiq Təqsirləndirilən şəxs məxsus pul əskinazlar barədə sual verdikdə o, həmin pul əskinazlarının özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu dərmanı götürüb səhhəti ilə əlaqədar dərman olduğunu, çərəzin iydə olduğunu bildirmişdir. Daha sonra isə kibrit qutusunu göstərib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 20 ildir ki. narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni çöldən yığaraq əldə etdiyini, 03.04.2021-ci il tarixdə Şahid1 30 manat pul müqabilində narkotik vasitə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefon, pul əskinazları və içərisində narkotik vasitəyə oxşar kütlə olan kirbit qutusunu ayrı-ayrı zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyi qeyd edilib müstəntiq tərəfindən Rahib Məmmədhənəsovun özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 vermiş olduğu ifadəyə oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan 03.04.2021-ci il tarixli Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirən zamanı əynindəki bənövşəyi rəngli pencəyin sağ yan cibindən bir ədəd gümüşü bükümün içərisində spesifik iyə malik, yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 04.04.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində spesifik iyə malik, yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan Təqsirləndirilən şəxs barədə arayışdan görünür ki, 04.04.2021-ci il tarixli analizinin nəticəsində marixuanadan istifadə etməsi müəyyən edilmişdir. İşdə olan 04.04.2021-ci il tarixli, 17/249 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "şübhəli şəxs Şahid1 narkotik vasitə kimi təqdim eldiyi..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusundan, təmiz çəkisi 5,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Ekspertiza xərci 34.55 manat təşkil etmişdir. - Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi təmiz çəkisi 7.00 qram olmuş, 0.04 qram tədqiqata sərf edildikdən (hər obyektdən 0.02 qram) sonra 6.96 qram qalıq qalmışdır. İşdə olan iş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 21 aprel 2021-ci il tarixli, 431 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 30 manat pul müqabilində narkotik vasitəni həmkəndlisi Şahid1 satması, əvvəllərdə bir neçə dəfə Şahid1 narkotik vasitə satması, Şahid1 ilə arasında ədavət və düşmənçiliyinin olmaması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitənin satışı ilə məşğul olması, narkotik vasitəni kimdən və nə vaxt əldə etməsi, onun kimlərləsə əlbir olması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair məlumatlar əldə etmək mümkün olmamışdır. İşdə olan Təqsirləndirilən şəxs məxsus telefona keçirilmiş baxış ilə əlaqədar tərtib edilmiş protokoldan görünür ki, “Telefon” adlı proqram açıldıqda içərisində müxtəlif şəxslərə mobil rümrələrin olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil nömrələrin ailəsinə və yaxınlarına məxsus olmasını bildirmişdir. Həmin mobil nömrələrə baxış zamanı Şahid1 ilə arasında 14.03.2021-ci il tarixdə, 01.04.2021-ci il və 02.04.2021-ci il tarixdə əlaqənin olması; Şahid1 mobil nömrəsinin kontaktda “rewen” kimi qeyd olunması müəyyən edildi. Aşkar olunmuş əlumatlara baxış zamanı 14.03.2021 -ci il tarixdə saat 21:40-da və 01.04.2021 -ci il tarixdə saat 17:35-də cavabsız zəngin olması, 02.04.201-ci il tarixdə Şahid1 zəng etməsinə dair smsin xəbərdarlığının gəlməsi, 02.04.2021-ci il tarixdə saat 13:00-də isə cavabsız zəngin olması müəyyən edildi. Həmçinin telefonun digər proqramlarına baxış zamanı narkotik vasitənin dövriyyəsi ilə əlaqədar iş üçün əhəmiyyət kəsb edən xüsusatlar aşkar edilməmişdir. İşdə olan Şəki RMX-dan daxil olmuş 14.04.2021-ci il tarixli, 498 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki “RMX" PHŞ-in Narkologiya Kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşdə olan Şəki Rayonlar Psixiatriya Xəstəxanasından daxil olmuş 09.04.2021-ci il tarixli, 481 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İşdə olan Təqsirləndirilən şəxs barəsində DİN-dən daxil olmuş 12.04.2021-ci il tarixli tələbnamədən görünür ki, onun məhkumluğu yoxdur. İşdə olan Şəki ŞRİHB-nın Kiçik Dəhnə kənd nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası X4 (1955) qızından, 2005-ci il təvəllüdlü qızı X1, 2006-cı il təvəllüdlü oğlu X2, 2009-cu il təvəllüdlü qızı X3 ibarətdir. Arayışda qeyd edilmişdir ki, uşaqlar anaları X6 ilə ayrıca təsərrüfatda yaşayırlar. Haqqında Nümayəndəliyə barəsində şikayət xarakterli material daxil olmaması göstərilməklə müsbət xarakterizə olunmuşdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında 879 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.04.2021-ci il tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 05 aprel 2021-ci il tarixli, 417 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 17:30-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəylərinin, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. X7 cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş Marixuana-Kannabisin yuxarı həddi 5 qram, külli miqdar isə 500 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın cəmi miqdarı 7.00 qram olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7.00 qram qurudulmuş marixuana Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Həmçinin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Şahid1 30 manat müqabilində marixuna satması da sübut olunmuşdur. Buna gərə də onun əməlində CM-nın 234.2-ci maddəsinin tərkibi də vardır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, həmçinin CM-nin 59.2-ci maddəsinə istinad edərək onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin Azərbaycan Respublikası 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulan əməllərinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 04.04.2021-ci il tarixdən 05.04.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 25 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı və cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 1.25 və 5.71 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd mobil telefon onun özünə qaytarılmalıdır. İş üzrə cəmi 34.55 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək doqquz ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə uyğun olaraq CM-nin 234.1 və 234.2-ci maddələri ilə təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs üzərində üç il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar 04.04.2021-ci il tarixdən 05.04.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq üç il, beş ay, iyirmi səkkiz gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 25 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra çəkisi müvafiq olaraq 1.25 və 5.71 qram qalan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd mobil telefon qanuni sahibinə qaytarılsın. İş üzrə cəmi 34.55 manat -ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar