Məhkəmə qərarları › İş №1(075)-59/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-59/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-59/2024 09.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1, 234.2, 237.2.2-ci maddələri ilə təqsirlibilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda, ümumi təmiz çəkisi 401,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq həmin narkotik vasitənin bir ədəd sellofan bükülüdə olmaqla 6,34 qram olan hissəsini üzərində daşımaqla və bir ədəd qara rəngli sellofan torbada olmaqla 395,0 qram olan hissəsini isə Şəki şəhərində “1941-1945 Ana Abidəsi” adlanan ərazidə yerləşən köhnə yarım tikilidə gizlətməklə saxlamış, 11 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nın və NMQ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün Şəki şəhəri, Şərbablar küçəsində yerləşən Məhəmməd Əfəndi ziyarətgahının yanında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq həmin gün, saat 19:53 dəqiqədən başlayaraq üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofan bükülüdə içərisində xeyli miqdarda, təmiz çəkisi 6,34 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 11 mart 2024-cü il tarixdə, saat 22:20 dəqiqədən başlayaraq Şəki şəhərində “1941-1945 Ana Abidəsi” adlanan ərazidə yerləşən köhnə yarım tikiliyə baxış keçirilən zaman oradan bir ədəd qara rəngli sellofan torbada olmaqla xeyli miqdarda, təmiz çəkisi 395,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. O, siqaret almaq üçün yaşadığı evdən çıxıb mağazaya getmişdir. Siqaret aldığı mağazanın yanında o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra onu polis şöbəsinə aparmışlar. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin mağazanı işlədən şəxs və taksi sürücüsü görmüşdür. Onu saxlayan polis əməkdaşlarından biri hazırkı cinayət işinin ibtidai istintaqında iştirak etmişdir. Lakin digəri iştirak etməmiş, şahid kimi başqa bir şəxsi cinayət işinə əlavə etmişlər. O, xəstə olduğu üçün narkotik vasitədən istifadə edə bilmir. O, hər hansı narkotik vasitə əldə etməmiş, qurutmamış və gizlətməmişdir. Polis şöbəsində ona edilən təzyiqlər səbəblə cinayəti törətdiyini qəbul etmişdir. Ona yaşadığı evə narkotik vasitə atacaqlarını bildirərək hədə-qorxu gəlmişlər. Göstərmişdir ki, o, əvvəllər CM-nin 177.2.2, 177.2.3, 234.1, 234.2 və 237.2.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işində də narkotik vasitələri yükləyib, onu tutmuşlar. Onun narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs ibtidai istintaqda ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı evin həyətində yerləşən özünə məxsus dülgər sexində işləməklə qazanc əldə edir. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Təxminən 4-5 il cəza çəkdiyi müddətdə narkotik vasitə istifadə etməmişdir. 2023-cü ilin sentyabr ayından hazıradək üstündən və saxladığı yerdən aşkar olunmuş narkotik vasitə olan marixuanadan bir neçə dəfə istifadə etmişdir. 2023-cü ilin sentyabr ayında yaşadığı evdəki dibçəklərə münbit torpaq yığmaq üçün Şəki şəhəri köhnə ət kombinatının yanına getmişdir. Özü ilə iki ədəd torba da aparmışdır. Orada yumşaq münbit torpaq axtararkən kolların arasında çətənə kollarını görmüş, həmin çətənə kollarının yarpaqlarını yığıb qurudaraq gələcəkdə istifadə etmək qərarına gəlmişdir. Çünki uzun müddət idi ki narkotik istifadə etmirdi, hərdən istədikdə isə əldə edə bilməmişdir. Belə olduqda kolların arasındakı çətənə kollarının yarpaqlarını qoparıb özü ilə apardığı torbanın içərisinə yığmış, torbanın birinə də bir qədər torpaq yığıb yaşadığı evə getmişdir. İçərisində çətənə olan torbanı heç kimin görməməsi üçün həyətdəki sexin içərisində gizlətmiş, digər torbadakı torpağı isə dibçəklərin dibinə boşaltmışdır. Daha sonra sexə gedib orada gizlətdiyi torbanın içərisindəki çətənə yarpaqlarını qurutmaq üçün yerə boşaltmışdır. Bir neçə gün ərzində çətənənin həmin yarpaqları tam olaraq qurumuşdur. Həmin qurutduğu narkotiki qara rəngli sellofan torbanın içərisinə yığmış, üstündən bir qədər hərdən istifadə etmək üçün götürmüşdür. Təxminən bir ay ərzində həmin narkotikləri özünə məxsus sexdə gizlədib saxlamışdır. Digər torbadakı narkotikdən isə bir neçə dəfə istifadə etmişdir. Daha sonra içərisində narkotik olan qara rəngli sellofan torbanı sexdə kiminsə görməsindən ehtiyat etdiyi üçün həmin narkotiki evdən kənar yerdə gizlədib, lazım olduqca üstündən götürüb istifadə etmək qərarına gəlmişdir. Ona görə də dəqiq xatırlamadığı gündə axşam saatlarında həmin narkotik olan torbanı sexdən götürüb Şəki şəhərində yerləşən “1941-45” abidəsinin yaxınlığında yerləşən köhnə tikiliyə getmiş, orada torbanı yarımtikilidə gizlədib üstünə daşları yığmışdır. Daha sonra evə qayıtmışdır. Digər balaca torbaya yığdığı narkotiki isə istifadə etmək üçün özündə saxlamışdır. 11 mart 2024cü il tarixdə saat 18 radələrində özünə siqaret almaq üçün yaşadığı evdən çıxıb Məhəmməd Əfəndi ziyarətgahının yanından keçib dükana gedərkən, əvvəldən kolların arasından yığdığı narkotiki də üstündə saxlamış, Ziyarətgahın yanında olarkən, mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə olduğuna dair məlumat olmasına görə Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra o, etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Həmin vaxt təhqiqaçı özünü təqdim edib üzərində narkotik vasitə olmasına görə şübhələr olduğunu deyib siyahı verərək vəkil seçməsini bildirmişdir. Həmin vaxt siyahıdan Müdafiəçi seçmişdir. Bir müddət sonra vəkil də gəlmişdir. Bundan sonra təhqiqatçı onun CM-nin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu deyib hüquq və vəzifələrimi izah etmiş və üzərinə şəxsi axtarışın keçiriləcəyini demişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini dedikdə, o, əynindəki qara rəngli parça gödəkçənin iç sol cibindən içərisində narkotik olan bükümü və iki ədəd ətir şüşəsini masanın üzərinə qoymuşdur. Daha sonra həmin əşyaları təqdim etməsini xahiş etdikdə, üzərindən aşkar edilmiş bükümü təqdim edərək ət kombinatının yaxınlığındakı kolların arasında yabanı halda bitmiş çətənə kollarından yığdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, qalan hissəsini də “41-45” abidəsinin yaxınlığında yerləşən köhnə yarımtikilidə gizlətdiyini bildirmişdir. Həmin üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Ətirlər isə özünə qaytarılmışdır. Daha sonra isə videoçəkiliş yekunlaşdırılmış və təhqiqatçı tərəfindən nümayiş etdirilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bundan sonra təhqiqatçı ondan yaşadığı evdə və ya digər hər hansı saxlanc yerində narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, o, “41-45” abidəsinin yaxınlığındakı köhnə yarımtikilidə narkotik vasitə saxladığını demişdir. Bundan sonra vəkil və polis əməkdaşları ilə birlikdə həmin yarımtikilyə getmişlər. Orada baxış keçirilən zaman daşların altında gizlətdiyi qara rəngli sellofan torbanın içərisindəki narkotiki təqdim etmişdir. Həmin narkotik də təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. O, üzərindən və qeyd olunan tikilidən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri 2023-cü ilin sentyabr ayında Şəki şəhərində köhnə ət kombinatı adlanan ərazidə kolların arasından topladığını, gələcəkdə özü istifadə etmək üçün qurudaraq özündə saxladığını, həmin narkotik vasitəni özü tək kolların arasından topladığını və yarpaqları yığıb qurutduğunu, yanında heç kimin olmadığını, ona heç kimin köməklik etmədiyini, hər gün narkotik istifadə etmədiyini, hərdən istifadə etdiyini, həmin narkotiki isə özü gələcəkdə bir neçə il ərzində istifadə etmək məqsədilə saxladığını, həmin narkotikdən heç kimə satmadığını, qazanc əldə etmədiyni və pay vermədiyini, ümumiyyətlə narkotik satışı ilə məşğul olmadığını, üzərindən və yarımtikilidən aşkar olunan narkotikdən başqa heç yerdə narkotik vasitə saxlamadığını, saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Razin adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, cinayət törədən şəxsi ifşa etmək məqsədi ilə rəhbərliyə məruzə olunmuş, razılıq verildikdən sonra əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, onun və Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bir sıra əməliyyatlar nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şəki şəhəri Şərbablar küçəsində “Məhəmməd Əfəndi” qəbiristanlığının yaxınlığında saxlanılmışdır. Onlar özlərini təqdim edib onun narkotik vasitə əldə etməsi, saxlaması ilə bağlı məlumat olmasını izah edib polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması təhqiqatçı Xəyal Səlimliyə həvalə olunmuşdur. Bildirmişdir ki, əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması ilə bağlı daxil olmuşdur, narkotik vasitə satması ilə bağlı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunli ifadə verərək bildirmişdir ki, o, Şəki ŞRPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o və Şəki ŞRPŞnin CAB-nın əməkdaşı Şahid2 əməliyyat axtarış tədbirləri həyata keçirərək Şəki şəhəri Şərbablar küçəsində “Məhəmməd Əfəndi” qəbristanlığının yaxınlığında Təqsirləndirilən şəxs adlı şəxsi saxlamışlar. Həmin şəxsə özlərini təqdim edib, üzərində narkotik vasitə daşıması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlarla birlikdə Şəki ŞRPŞ-nə gəlmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış aparılan zaman üzərindən, gödəkcəsinin sol yan cibindən 6,34 qram narkotik vasitə hesab edilən marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı nəticəsində Şəki şəhəri, M.F.Axundov küçəsində yerləşən “1941-1945 Ana Abidəsi” adlanan ərazidə yerləşən köhnə tikilinin içərisində narkotik vasitə saxlaması da müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində HK-1/424 və HK-1/426 nömrəli materiallar əsasında fakt üzrə CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:52-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində şəxsi axtarış aparılması, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya, eləcə də narkotik vasitə aşkar edilərsə götürülməsi qərara alınmışdır. - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli parça gödəkçənin içəri sol cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 6,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. - Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə xx.xx.2024cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Şəki şəhəri, M.F.Axundov küçəsində yerləşən “1941-1945 Ana Abidəsi” adlanan ərazidə yerləşən köhnə tikilinin birinci otağının künc hissəsindən 01 ədəd sellofan torbanının içərisindən təmiz çəkisi 395,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X4 xx.xx.2024-cü il tarixli, 3- 16-16-2-17/261 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut” yazısı, adlar və imzalar olan 1 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 6,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi maddi sübut” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi - 395,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər.. Ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-24/2024 saylı qərarının surətindən görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 269 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asıllıq sindromu” diaqnozu ilə Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 295 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1, 234.2, 237.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. - Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(091)-114/15 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1, 234.2 və 237.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay, CM-nin 234.1-ci maddəsi ilə 02 il, CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay, CM-nin 237.2.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Şəki şəhəri İcra Hakimiyyəti İpəkçi, Nuxa Məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. - Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitədən ümumiyyətlə istifadə etmədiyini, üzərindən aşkar olunmuş və köhnə tikilidə gizlədilmiş narkotik vasitələrin onun olmadığını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilinin və digər şahidlərin iştirakı ilə onun üzərində baxış keçirildiyini, həmin vaxtı üzərindən aşkar olunan narkotik vasitəni köhnə ət kombinatı adlanan ərazidə yabanı halda yetişən çətənə bitkisindən yığaraq qurudub saxladığını, bundan başqa Şəki şəhərinin “41-45 Ana abidəsi” adlanan ərazinin yaxınlığında yerləşən köhnə yarımtikili də narkotik vasitə olan marixuana saxladığını təsdiq etmiş, həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilməklə o, həmin hadisələrin nəticəsini dərk etməklə heç bir etirazını bildirməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünün olmasını etiraf etməsinə dair sonradan cinayət işinin istintaqı aparılan zaman da, buna heç bir etiraz etməyərək hər hansı bir müraciəti və ya şikayəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi analoji ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 11 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı, iş üzrə maddi sübut kimi tanınaraq Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, 401,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 34,55 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 401,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar