Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-60/2021 12.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, tutulana kimi Şəki şəhəri, Z.Əliyeva prospekti, 121-ci kvartalda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CMnin) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, İsmayıllı Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilməsinə, Şəki Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli qərarı ilə CM-nin 178.1-ci maddəsinə tövsif olunub cəzası 01 il 05 ay 28 gün müddətinə endirilməsinə və 3000 manat cərimə cəzası saxlanılmasına, 30.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına, Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarı ilə barəsindəki cərimə cəzasının 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Ağdam rayonu Poladlı kəndində qeydiyyatda olmaqla Şəki rayonu Vərəzət kəndində müvəqqəti məskunlaşmış Zərərçəkmiş şəxs2 yalan vədlər verib onu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında Müddətdən Artıq Hərbi Xidmətə düzəldəcəyinə köməklik göstərəcəyinə dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 10 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Şəki-Oğuz avtomobil yolunun sol kənarında yerləşən X6 yaxınlığında 3500 (üç min beş yüz) manat və 2020-ci ilin noyabr ayının sonlarında Şəki şəhəri, Mehman İsmayılov küçəsində 1500 (min beş yüz) manat pul olmaqla, cəmi 5000 (beş min beş yüz) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarı ilə barəsindəki cərimə cəzasının 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Şəki regional “ASAN” xidmət mərkəzinin yaxınlığında 6 sot torpaq sahəsini satacağını bildirib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 3 ünvanının yaxınlığında 1700 manat pulu və həmin tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində 1800 manat məbləğində pulu sonuncunun əmisi oğlu Şahid2 vasitəsi ilə almaqla, ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla təkrar dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 7000 manat borcu olmuşdur. Borcu ödəmək üçün pul axtarmışdır. Zərərçəkmiş şəxs1 tanıyır. İsanı qardaşı Orxanın vasitəsi ilə tanımışdır. 2020ci ilin sentyabr ayının sonlarında İsanı aldadaraq pulunu ələ keçirmək məqsədilə telefonuna bibisi oğlunun Şəki regional “ASAN” xidmət mərkəzinin arxa hissəsində 06 sot torpağı 5000 manata satdığını yazmış, almaq istəyib istəmədiyini soruşmuşdur. Məqsədi İsanı aldadıb pulu ələ keçirmək olmuşdur. İsa ilə birlikdə Şəki regional “ASAN” xidmət mərkəzinin yaxınlığında kolluq olan bir əraziyə getmiş və kimə məxsus olduğunu bilmədiyi torpaq sahəsinin bibisi oğluna məxsus olduğunu demişdir. Həmin vaxt İsa əmisi oğlu Vüqarla ilə birlikdə gəlmişdir. Torpağa baxdıqdan sonra 5000 manata razılaşmışlar. Belə ki, İsa 1700 manat özünün vərəcəyini, 1800 manat pulu əmisi oğlu Vüqardan borc aldığına görə onun verəcəyini, yerdə qalan 1500 manat pulu isə yaxın vaxtlarda verəcəyini bildirmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında İsa ilə yaşadığı evin yaxınlığında görüşüb ondan 1700 manat almışdır. 1800 manat pulu isə elə həmin gün Şəki şəhəri, Salman Mümtaz küçəsində tikinti materialları satışı mərkəzinin yaxınlığında əmisi oğlu Vüqardan almışdır. Torpağı sənədləşdirmək üçün Qəbələ rayonunda yerləşən “ASAN” xidmət mərkəzinə getməyi qərarlaşdırmışlar. Həmin ərəfədə İsa şəxsiyyət vəsiqəsini itirdiyi üçün torpağı babasının adına sənədləşdirməyi xahiş etmişdir. Lakin müxtəlif bəhanələrlə İsanı aldadaraq, torpağın sənədləşdirilmə məsələsini uzatmışdır. Zərərçəkmiş şəxs2 da tanıyır. Ramillə Şəki şəhərində olan “Sünbül” adlanan çörək sexində bir yerdə işləyərkən tanış olmuşdur. 2020-ci ilin avqust ayının əvvəllərində Ramilə zəng edib Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına maxe işçi tələb olunduğunu, iki nəfər tapdığını, istəsə onu da işə düzəldə biləcəyini demişdir. Əslində heç kimi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına maxe kimi işə düzəltməmiş, sadəcə olaraq məqsədi Ramilin pulunu ələ keçirib qaytarmamaq, aparıb borclarını vermək fikri olmuşdur. Bunun müqabilində 5000 manat pul istəmiş, 3500 manatı qabaqcadan verməyini, 1500 manatı isə kursa gedəndə verməli olduğunu demişdir. 10 avqust 2020-ci il tarixdə Ramil və onun qardaşı Rövşənlə kafedə görüşüb söhbət etmişlər. Daha sonra Ramilin idarə etdiyi avtomobildə Ramil ona Rövşənin yanında 3500 manat vermişdir. O da kursa getmək ərəfəsində 1500 manatı da verəcəyini, noyabr ayının 15-də tibbi müayinədən keçməli olduğunu və imtahan verməli olduğunu demişdir. 2020-ci ilin noyabr ayının 15-də Ramil zəng edib onu heç bir yerə çağırmadıqlarını bildirdikdə “COVİD 19” virsunun yayılması ilə əlaqədar olduğunu demişdir. 2020-ci ilin noyabr ayının sonlarında Ramilə zəng edib dekabr ayının 2-də kursa gedəcəyini, qalan 1500 manat pulu da istədiklərini demişdir. 2020-ci ilin noyabr ayının sonlarında, xatırlamadığı tarixdə Ramillə zəngləşmiş və onunla Şəki şəhərində yerləşən Qaz İstismar İdarəsinin yaxınlığından yeni xəstəxana istiqamətinə gedən yol ayrıcına gedib bir qədər aşağıda sonuncu ilə görüşmüşdür. Ramildən kursa getməyi ilə bağlı 1500 manat pulu istəmişdir. Ancaq Ramil pulu verməkdən imtina etmiş və qalan 1500 manat pulu kursa gedəndə verəcəyini demişdir. Ramil 2021-ci ilin dekabr ayının 2-də zəng edəndə dekabr ayının 10-na qalıb demişdir. Dekabr ayının 10-da isə Ramilin əlaqə saxlamaması üçün telefonu söndürmüşdür. 2020-ci ilin dekabr ayının 12-də isə Bakı şəhərinə getmişdir. Şəki Rayon Məhkəməsinin 2013-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzasını ödəmədiyi üçün 22.06.2020-ci il tarixdə həmin məhkəmənin qərarı ilə 3000 manat cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. 03.08.2020-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi üçün elektron nəzarət qurğusu bağlanmış, 12 dekabr 2020-ci il tarixdə Bakı şəhərinə işləməyə getdiyi üçün nəzarət qurğusunu qırıb Şəki rayonu Baş Daşağıl körpüsündən çaya atmış və Bakı şəhərinə işləməyə getmişdir. Azadlıqda qalarsa işləyib zərərçəkmiş şəxslərin pulunu ödəyər. Ona cərimə cəzasını verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayından tanıyır. Onunla qardaşı Orxanın vasitəsilə tanış olmuşdur. 2020-ci ilin sentyabr ayının axırlarında Nicat telefonda ona yazıb adını demədiyi bibisi oğlunun Asan Xidmətin arxa hissəsində 6 sot torpağı 5000 manata satdığını demişdir. Bundan bir müddət sonra Nicat yenidən zəng edib bibisioğluna təcili pul lazım olduğunu, indi 3000 manat verə bilirsə torpağa sata biləcəyini, yerdə 2000 manat pulu isə 1 il ərzində hissə-hissə verə biləcəyini demişdir. Nicatı tanıdığına, ona inandığına, həm də dediyi şərtlərin hazırda maddi vəziyyətinə uyğun olduğuna görə onunla razılaşmışdır. Nicat ilə telefonda söhbət edən zaman ona əvvəlcə torpağı görmək istədiyini bildirmiş və o da etiraz etməmişdir. Torpağa baxmağa əmisioğlu Vüqar ilə birlikdə getmişdir. Nicat 3 tərəfi açıq, bir tərəfi bağlı olan, kolluq 6 sot torpaq sahəsini göstərib bibisioğluna məxsus torpaq sahəsini olduğunu demişdir. Bundan sonra onunla danışmış və həmin gün yaşadığı evin, yəni ünvan 6 ünvanının yaxınlığında 1700 manat pul vermişdir. Həmin gün işə getməli olduğuna, həmçinin pulun az olduğuna yerdə qalan 1800 manat pulu Nicata vermək üçün əmisioğlu Vüqardan borc istəmişdir. Həmin gün nahardan sonra da əmisioğlu Vüqar yerdə qalan 1800 manat pulu Nicat ilə Şəki şəhəri, Salman Mümtaz küçəsində adını bilmədiyi tikinti materialları satışı yerinin yaxınlığında vermişdir. Təxminən bir həftə sonra Nicat ilə əlaqə saxlayıb torpağı sənədləşdirmək istədiyini, lakin Şəki Asan Xidmət mərkəzi işləmədiyinə görə Qəbələ rayonunda olan Asan Xidmətə getməyi təklif etmişdir. Lakin həmin ərəfədə şəxsiyyət vəsiqəsini itirdiyindən, torpağı babasının adına sənədləşdirməyi təklif etmişdir. Lakin həmin vaxt Nicat bibisioğlunun Bakı şəhərində olduğunu, arvadının xəstə olduğunu, yaxud parad keçiriləcəyini, yolların bağlı olduğunu deyib müxtəlif bəhanələr gətirməyə başlamışdır. 10.12.2020-ci il tarixdən sonra isə mobil telefonuna zəng çatmamışdır. O da aldadıldığını başa düşdüyü üçün Şəki ŞRPŞ-nə bu barədə ərizə yazmışdır. Ona vurulan ziyanın ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəyəcəyi təqdirdə ondan heç bir şikayəti və tələbi olmayacaqdır. Əks halda təqsirləndirilən şəxsdən şikayətçidir, qanunauyğun cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Nicatla Şəki şəhərində olan çörək sexində bir yerdə işləyərkən tanış olmuşlar. 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhərində olduğu vaxt Nicat istifadə etdiyi mobil telefonuna zəng edib “Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına MAXE kimi işçi tələb olunduğunu, 5000 manat müqabilində onu da işə düzəldə biləcəyini demişdir. 3500 manat qabaqcadan, qalan 1500 manatı isə kursa gedəndə verilməli olduğunu demişdir. O da razılaşmış, qardaşı Rövşən də pulu verəndə Nicatı görmək üçün yanında olmağını istəmişdir. 10 avqust 2020-ci il tarixdə Şəki şəhərinin çıxışında yerləşən kafedə Nicatla görüşüb söhbət etmişlər. Söhbət zamanı X11 Nazirliyinin Şəki şəhərində yerləşən Mülki Müdafiə Qoşunlarında yaxın tanışı olduğunu, həmin şəxsin vasitəsi ilə işə düzəldəcəyəni, ayda 500 manatdan yuxarı əmək haqqı alacağını demişdir. Nicat onları inandırdıqdan sonra kafedən bir qədər kənarda saxladığı özünün idarə etdiyi «Vaz-2107» markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuş, bundan sonra isə 3500 manat pulu qardaşı Rövşənin yanında Nicata vermişdir. Nicat da kursa getmək ərəfəsində 1500 manatı da vermək lazım olduğunu, noyabr 15-də tibbi müayinədən və idmandan imtahan verməli olduğunu bildirmişdir. Bundan sonra isə Nicatla sağollarıb çıxıb gəlmişlər. 2020-ci ilin noyabr ayının 15-i olmasına baxmayaraq heç bir yerə çağırmamışlar. O zəng edib Nicatdan bu barədə soruşanda o, pandemiya xəstəliyinin yayılması ilə əlaqədar tibbi müayinə və idmanla bağlı imtahandan keçməyə çağırmadıqlarını bildirmişdir. 2020-ci ilin noyabr ayının sonlarında Nicat zəng edib dekabr 2-də kursa gedəcəyini, qalan 1500 manat pulu istədiklərini demişdir. 2020-ci ilin noyabr ayının sonlarında, idarə etdiyi «Vaz- 2107» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəki şəhərində yerləşən Qaz İstismar İdarəsinin yaxınlığından yeni xəstəxana istiqamətinə gedən yol ayrıcına gedib bir qədər aşağıda idarə etdiyi avtomaşında Nicatla görüşmüşdür. Həmin vaxt Nicat onun avtomobilində əyləşmişdir. O, Nicata qalan 1500 manat puluda vermişdir. Pulu verəndə yanında heç kim olmamışdır. 2020-ci ilin dekabr ayının 2-də Nicata zəng etmiş, lakin Nicat kursun vaxtını ayın 10-na dəyişdiyini demişdir. Lakin dekabr ayının 10-u olmasına baxmayaraq Nicatdan xəbər çıxmamış və telefonuna zəng çatmamışdır. Təxminən 5-6 gün gözləmiş, Nicatdan xəbər çıxmadığı üçün Şəki şəhər-rayon Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Ona vurulan ziyanın ödənilməsini xahiş edir. Nicatın İsmayılovun ona vurduğu ziyanı ödəyəcəyi təqdirdə ondan heç bir şikayəti və tələbi olmayacaqdır. Əks halda təqsirləndirilən şəxsdən şikayətçidir və qanunauyğun cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 əmisi oğludur. O, İsa ilə birlikdə 2020-ci ilin oktyabr ayının ortalarında Şəki rayonunda yerləşən Asan Xidmətin yaxınlığında Nicatla görüşmüşlər. Nicat üç tərəfi açıq, bir tərəfi isə bağlı olan torpaq sahəsini göstərib bibisioğlunun torpağı olduğunu və satdığını demişdir. Bundan sonra isə yalandan kənara çəkilib guya bibisioğlu ilə danışırmış kimi telefonla danışmışdır. Bundan sonra isə İsa ilə həmin torpağı 3500 manata satacağı barədə razılaşmışlar. Həmin vaxt İsa 1700 manat pulunun olduğunu deyib 1800 manat borc istəmiş və o da etiraz etməmişdir. Elə həmin gün Nicat və İsa ilə birlikdə İsanın yaşadığı ünvan 7 ünvanın yaxınlığında getmiş və İsa orada Nicata 1700 manat pul vermişdir. Bundan sonra isə sağollaşaraq getmişlər. Həmin gün günortadan sonra Nicat ilə əlaqə saxlayıb ona 1800 manat pulu vermək barədə danışmış və Şəki şəhərində hazırda xatırlamadığı tikinti materialları satılan yerin qarşısında görüşmüşdür. Orada Nicata 1800 manatı vermişdir. Nicat da pulu alıb getmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 qardaşıdır. 2020-ci ilin avqust ayının əvvəllərində qardaşı Ramil Nicat adlı tanışının olduğunu, Nicatla yaxın münasibətinin olduğunu, Nicatın onu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına işə düzəldəcəyinə söz verdiyini, həmin işə düzəlməsi üçün 7000 manat pul lazım olduğunu, lakin onunla yaxın münasibəti olduğu üçün 5000 manata işə düzəldəcəyini demişdir. Evdə olan pulun üstünə bir az da heyvanları satıb 3500 manat pul düzüb qoşmuşlar. 10 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Şəki şəhərinin çıxışında yerləşən kafedə Nicatla görüşüb söhbət etmişlər. Söhbət zamanı X11 Nazirliyinin Şəki şəhərində yerləşən Mülki Müdafiə Qoşunlarında yaxın tanışı olduğunu, Ramili həmin şəxsin vasitəsi ilə işə düzəldəcəyini, ayda 500 manatdan yuxarı əmək haqqı alacağını demişdir. Nicat onları inandırdıqdan sonra kafedən bir qədər kənarda 3500 manat pulu Nicata vermişdir. Söhbət zamanı Nicat yerdə qalan 1500 manat pulu Ramilin kursa getmək ərəfəsində verməli olduğunu, Ramilin noyabr 15-də tibbi müayinədən və idmandan imtahandan keçməli oluğunu demişdir. 2020-cu ilin noyabr ayının 15 gəlsə də Ramili heç yerə çağırmamışdır. Ramil zəng edib Nicatdan bu barədə soruşanda o, pandemiya xəstəliyinin yayılması ilə əlaqədar işin gecikdiyini demişdir. 2020-ci ilin noyabr ayının sonlarında Nicat zəng edib qalan 1500 manat pulu istəmişdir. Həmin ərəfədə ailə üzvləri birlikdə birtəhər 1500 manat pulu da düzüb qoşmuşlar. Qardaşı Ramil 2020-ci ilin noyabr ayının sonlarında həmin pulu aparıb Nicata vermişdir. Lakin 1500 manatı qardaşı Nicata verəndə, o, Ramilin yanında olmamışdır və həmin pulun verilməsini görməmişdir. 2020-ci ilin dekabr ayının 10-dək olan müddətdə Nicat müxtəlif bəhanələr gətirib qardaşını işə düzəldəcəyini desə də dekabr ayının 10-dan sonra telefonu bağlanmış, onunla əlaqə saxlamığı mümkün olmamışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: 07 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08 aprel 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 178.2.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə, yəni 07 aprel 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 16 aprel 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 3500 manat alması halı sübuta yetirilir. Şəki RMX-nin 16.04.2021-ci il tarixli, 503 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki RMX-nin Narkologiya kabinetində qeydiyyatda yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının 10.04.2021-ci il tarixli, 487 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın dispanser müşahidəsində yoxdur. Şəki şəhər İHB-nin X5 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəki şəhər İHB-nin X5 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs X12 121-ci kvartalda yaşayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 21.04.2021-ci il tarixli tələbnamədən, Şəki Rayon Məhkəməsinin 22.05.2013-cü il tarixli hökmünün, İsmayıllı Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli hökmünün, Şəki Rayon Məhkəməsinin 22.06.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22.05.2013-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Daha sonra İsmayıllı Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.4 və 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. 23.05.2017-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. 21.02.2018-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarı ilə onun əməli CM-nin 178.1-ci maddəsinə tövsüf olunub, azadlıqdan məhrum etmə cəzası 1 il 05 ay 28 günə endirilib, cərimə cəzası dəyişdirilmədən saxlanılmışdır. 30.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəki Rayon Məhkəməsinin 22.06.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzasının ödənilməyən hissəsi 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Şəki İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli, 817 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasının 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmasına dair Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli, 7(075)-139/2020 saylı qərarın icrası barədə göstəriş 15 iyul 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, cəzanın əvvəli 03 avqust 2020-ci il tarixdən hesablanmış, cəza 03 avqust 2021-ci il tarixdə başa çatmalı idi. Lakin Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 4(075)-22/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 07 aprel 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən və Cəzaların İcrası Məcəlləsinin 51-2.2 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı başqa cinayət işi üzrə qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti azadlığın məhdudlaşdırılması cəzasının icrasına hesablanmadığından, Şəki Rayon Məhkəməsinin 7(075)-139/2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 03 ay 26 gündür. 24 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ona göstərdiyi torpaq sahəsinin ünvan 8 ünvanında qeydiyyatda olan X3 adına məxsus olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmişlərin və şahid ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Lakin məhkəmə Zərərçəkmiş şəxs2 vurulan ziyanın məbləği ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Cinayət işindən göründüyü kimi təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yalan vədlər verib onu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında Müddətdən Artıq Hərbi Xidmətə düzəldəcəyinə köməklik göstərəcəyinə dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 10 avqust 2020-ci il tarixdə 3500 manat və 2020-ci ilin noyabr ayının sonlarında Şəki şəhəri, Mehman İsmayılov küçəsində 1500 manat pul olmaqla, cəmi 5000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 3500 manat aldığını etiraf etmişdir. Zərərçəkmiş şəxs isə 5000 manat verdiyini israr etsə də, ittiham 3500 manat hissədə sübuta yetir, 1500 manatla bağlı sübut isə müəyyən olunmur. Şahid1 Məhkəmə zərərçəkmiş şəxsin ifadəsini ziddiyyətli hesab edərək təqsirləndirilən şəxsin ittihamın həmin hissəsində təqsirli hesab edilməsinə əsas verən mötəbər sübut hesab etmir. Çünki işin həmin halı təqsirləndirilən şəxs tərəfindən rədd edilmiş, zərərçəkmiş şəxsin ifadəsi istisna olmaqla, cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı bunu təsdiq edən heç bir mötəbər sübut (o cümlədən maddi sübut, şahid ifadələri və s.) təqdim edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Prosessual qanunvericliyin sadalanan normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 3500 manat aldıqdan sonra əlavə 1500 manat alması halı sübuta yetirilməmişdir. Həmin məbləğ, yəni Zərərçəkmiş şəxs2 vurulan ziyan 3500 manatdan artıq hissədə irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 178.2.2-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl də eyni növ cinayətlərin törədilməsinə görə məhkum olunmuşdur. Bundan başqa əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı elektron nəzarət vasitəni zədələməklə cəzanın icrasından qərəzli boyun qaçırmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyillidir, əvvəllər ona təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ daha yüngül cəzalar nəzərdə tutulduğu halda ona cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi 178.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli tutulduğu 07 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxsin üzərində 22.06.2020-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş 01 il azadlığın məhdudlaşdırılması cəzası üzrə çəkilməmiş 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 67.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-cu il tarixli, 7(075)- 139/2020 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 03 (üç) ay 26 (iyirmi altı) gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 01 (bir) ay 28 (iyirmi səkkiz) gün hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərclərinin olmaması, iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş 3500 manat, iş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 3500 manat maddi ziyanın ödənilməməsi nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Zərərçəkmiş şəxs2 vurulan ziyanın 3500 manatdan artıq hissəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 67.1-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-cu il tarixli, 7(075)-139/2020 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 03 (üç) ay 26 (iyirmi altı) gün müddətində hissəsi hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərclərinin olmaması, iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş 3500 manat, iş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 3500 manat maddi ziyanın ödənilməməsi nəzərə alınsın. Hökmdən elan edildiyi andan, məhkum Təqsirləndirilən şəxs isə təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-60/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-60/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver