Məhkəmə qərarları › İş №1(075)-60/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-60/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-60/2022 25.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Məmmədova İlhamə Tofiq qızının, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Məmmədova İlhamə Tofiq qızının vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Kərimova Təranə Cövdət qızının iştirakları ilə, Kərimova Təranə Cövdət qızının barəsində Məmmədova İlhamə Tofiq qızının 10 may 2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Kərimova Təranə Cövdət qızının barəsində Məmmədova İlhamə Tofiq qızının 10 may 2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, Məmmədova İlhamə Tofiq qızı sosial internet şəbəkələrində böhtan xarakteli məlumatları yayaraq onu təhqir etdiyinə görə 01.07.1958-ci il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuş Kərimova Təranə Cövdət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi, keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, onların fərdi xüsusiyyətlərini, cəmiyyətdə müəyyən nüfuza malik olduğunu nəzərə alaraq Kərimova Təranə Cövdət qızından mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat miqdarında pulun və ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 50 ( əlli) manat məbləğdə pul vəsaitinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Məmmədova İlhamə Tofiq qızı məhkəmə hazırlıq iclasında göstərmişdir ki, 2013-ciı ildən X3 Uşaq Evinin müdiri vəzifəsində işləyir. Təranə Kərimova da həmin uşaq evində əmək təlimi rəhbəri vəzifəsində işləyir. Karantin dövrü işçilərin 30 %i işə gəlmişdir. T.Kərimovanın da 63 yaşı olduğu üçün o, uzun müddət əmək haqqı saxlanılmaqla işə gəlməmişdir. 2021-ci ilin may ayında Uşaq Evinə əvəzçi tərbiyəçi təyin olunduğuna görə həmin ilin iyul ayından Təranə Kərimovadan yarım aklad götürülüb vəzifəyə yeni təyin olunan şəxsə verilmişdir. Bu barədə 22.07.2021-ci il tarixdə X2 Evinə dəvət edib məlumat vermişdir. O, isə bundan qəzəblənərək “Sən mənə balta çaxdın, gör mən sənə necə balta çaxacam, səni yaşamağa qoymayacağam, sənin başına oyun açacam, səni o vəzifədə işləməyə qoymayacam, səni və uşaq evini sosial şəbəkələrdə rüsvay edəcəm” deməyə başlamış, mən ondan uşaqlara görə sakit olmasını xahiş etdikdə, o, “Mən sakit danışa bilmərəm, sənə bu qədər söz deyirəm, sən niyə əsəbləşmirsən, kimə arxayınsan” demiş, bundan sonra isə dəhlizdə qışqıraraq həmin sözləri təkrar edə-edə çıxıb getmişdir. T.Kərimovanın hərəkətləri barədə müvafiq akt tərtib edilmiş, lakin yaşlı olduğuna görə əsəbi olduğunu başa düşüb, aktı bir kənara qoymuşdur. Bir neçə gün sonra yəni 29.07.2021-ci il tarixdə Youtube sosial şəbəkəsində Kərimova Təranə Cövdət qızının X4 Uşaq Evindən narazılıq etməsi barədə məktubu Sərdar Əlibəyli adlı şəxsin profilində videoçarxda yayılmışdır. Həmin videoçarxda bildirilmişdir ki, X4 Uşaq Evində müxləlif növ yoluxucu xəstəliklər var, guya işçilərin maaş kartları ondadır və sair absurd və həqiqətə uyğun olmayan fikirlər yer almışdır. Bundan başqa T.Kərimova 2020-ci ilin yay aylarında uşaqları aldadaraq yerdə uzanıqlı vəziyyətdə çəkdiyi şəkilləri də guya uşaqlar yerdə yatızdırılır kimi başlıqla 05.08.2021-ci il tarixdə Facebook sosial şəbəkəsində yerləşdirilməsinə nail olmuş və bu tip bohtan xarakterlı məlumatları sosial internet şəbəkələrində yaymışdır. Xüsusi ittiham qaydasinda şikayətin məhkəmənin icraatına qəbul edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Məmmədova İlhamə Tofiq qızının vəkili Müdafiəçi da eyni məzmunlu çıxış edərək məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasinda şikayətin məhkəmənin icraatına qəbul edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Kərimova Təranə Cövdət qızı məhkəmə iclasında göstərmişdir ki, X3 Uşaq Evində tərbiyəçi işləyir. Bundan öncə həmin uşaq evinin müdiri Məmmədova İlhamə Tofiq qızı ilə aralarında narazılıq yaranmış və o uşaqların yerdə yatılı şəkillərini çəkərək Sərdar Əlibəyli adlı bloggerin internetdən telefonunu əldə edərək onunla danışmış və çəkdiyi şəkilləri ona göndərərk həmin şəxsin profilində videoçarxda yaymlandırılmasına nail olmuşdr. Bundan başqa digər o həmin şəkilləri hazırda xatırlamadığı başqa bir bloggerə də göndərmişdir. Məmmədova İlhamə Tofiq qızının onun barəsində yazdığı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə razı olmadığını və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Belə ki, CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. İşin məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.5-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Məmmədova İlhamə Tofiq qızı xüsusi ittihamın xahiş edirəm hissəsində Kərimova Təranə Cövdət qızı sosial internet şəbəkələrində böhtan xarakteli məlumatları yayaraq onu təhqir etdiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsini xahiş etmişdir. Göründüyü kimi Məmmədova X1 Təranə Cövdət qızının onun təhqir etməsini bildirmiş və onun CM-nin 148-ci (təhqir) maddəsi ilə deyil, CM-nin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Belə olan halda xüsusi ittihamçının məruz qaldığı (təhqir) əməllə, məsuliyyətə cəlb edilməsi xahiş edilən CM-nin 147-ci (böhtan) maddəsi ilə ziddiyyət mövcuddur ki, bu ziddiyyət də aradan qaldırılmalıdır. Bundan başqa xüsusi ittihamçının ərizəsinin məzmunundan görünür ki, Kərimova Təranə Cövdət qızı onun barəsində böhtan xarakterli məlumatlar verərək onu yaymışdır. Lakin ittihamın xahiş edirəm hissəsində böhtan əməlinin obyektiv cəhəti xarakterizə edilməyərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Kərimova Təranə Cövdət qızının hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olması açıqlanmamışdır. Bundan başqa xüsusi ittihamın xahiş edirəm hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin CPM-nin 293.3.5-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş nəzərdə tutulmalı olduğu halda, həmin hissədə həmçinin vurulmuş mənəvi ziyana görə tələb də öz əksini tapmışdır. Məhkəmə bu halı da xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa riayət etməmə kimi qiymətləndirir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli, 03 nömrəli QƏRARİ-nın 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələblərinə uyğun olmadıqda, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd edilənlərə əsaən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Kərimova Təranə Cövdət qızının barəsində Məmmədova İlhamə Tofiq qızının 10 may 2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərar apellyasiya şikayəti verilmədiyi halda, elan edildikdən 20 gün keçdikdə qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar