Məhkəmə qərarları › İş №1(075)-60/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-60/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-60/2024 18.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Şəki rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 18 yanvar 2018-ci il tarixdən hesablanmaqla 17 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1861/2018 saylı 18 iyul 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Rayon Məhkəməsinin 3(075)-608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə 23 noyabr 2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 dekabr 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 10780,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə ailə quraraq evlənmiş və birgə nikahdan övladı anadan olmuşdur. Bir-birlərini başa düşmüşlər, aralarında heç bir narazılıq olmamışdır və bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuşdur və mövcud nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-1861/2018 saylı, 18 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən 18 yanvar 2018-ci il tarixdən hesablanmaqla 17 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş və icra orqanın tələblərinə baxmayaraq maliyyə çətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmiş və həmin vaxta 10780,00 manat aliment borcu yaranmışdır. Əvvəllər fərdi əmək fəaliyyətində çalışmış, fəhləçiliklə məşğul olmuş və gündəlik təsərrüfat işləri ilə məşğul olmuşdur. Bildirmişdir ki, ümumi borcu 10000 manat təşkil edir. Şəki Rayon Məhkəməsinin 3(075)-608/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ödəniş etməyə başlamışdır. Sonuncu dəfə 700 manat məbləğdə ödəniş etmişdir. Heç bir yerdə işləmir. Atasının qazancı ilə keçinirlər. Sonuncu dəfə uşağı məhkəmə iclasında görmüşdür. Gələcəkdə işləyib, aliment borcunu ödəyəcəkdir. Azadlıqdan məhrum etmə cəzası təyin olunmasa, alimenti ödəyə bilər. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladları 17 iyun 2017-ci il təvəllüdlü X5 anadan olmuşlar. Ayrıldıqdan sonra övlad onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-1861/2018 saylı 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 yanvar 2018-ci il tarixdən hesablanmaqla hər ay 154,00 manat vəsaiti ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Şəki rayon İcra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina ecərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Şəki Rayon Məhkəməsinin 3(075)-608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün inzibati qaydada həbs edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Bildirmişdir ki, borclu qərəzli olaraq aliment ödəmir. Məhkəmə qətnaməsinin icrasına laqeyd yanaşır. Təqsirləndirilən şəxs ödəniş etməyə söz verib, lakin yenə də alimenti ödəmir. Ona söz vermişdir ki, 5000 manat dəyərində avtomobil verəcək. Lakin avtomobil nasaz olduğu üçün verməmişdir. Torpaq sahəsinin verilməsinə razılaşmışlar. Lakin həmin məsələ də alınmamışdır. Bundan sonra heç bir ödəniş olunmamışdır. Təqsirləndirilən şəxslə barışıq olmamışdır, şikayətçidir. Təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18 yanvar 2018-ci il tarixdən hesablanmaqla 17 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-1861/2018 saylı 18 iyul 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Rayon Məhkəməsinin 3(075)-608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə 23 noyabr 2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəlıcə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 dekabr 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 10780,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrin qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması və başlanmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2024-cü il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatda qeyd edilmişdir ki, borclu Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etməməklə yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment pulunu heç bir üzrlü səbəb olmadan ödəməkdən boyun qaçırmışdır. Nəticədə onun tələbkar Zərərçəkmiş şəxs 10780 manat ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1861/2018 saylı qiyabi qətnaməsindən görünür ki, xx.xx.1984-cü il tarixdə Şəki rayonu Şəki kəndində doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 atası olması müəyyən edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 doğum akt qeydində soyadı, ata qrafasında Təqsirləndirilən şəxs göstərilməklə, bu qaydada dəyişikliyin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 154 manat alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1861/2018 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 154 manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1861/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli, 205187/10 saylı bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(008)- 1861/2018 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1861/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, e-119160/2023-20-22-002 saylı bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(008)-1861/2018 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-608/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. - Şəki şəhər İHB-nin Şəki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümunəvi davranışları ilə istər öz yaşıdları, istərsə də, yaşlı kənd sakinləri arasında xüsusi hörmət qazanmışdır. Kənddə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-274/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.2-ci maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-339/2023 saylı qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs “Bakı şəhərinin hüdudlarını tərk etməmək” vəzifəsi “Şəki şəhərinin hüdudlarını tərk etməmək” vəzifəsi ilə dəyişdirilməsi, məhkum Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-274/2022 saylı hökmü ilə qoyulmuş digər vəzifələrin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3374/25 saylı məktubundan görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1861/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli təqdimatdan sonra, şöbəyə daxil olan tələbkar Zərərçəkmiş şəxs ərizəsinə əsasən borclu Təqsirləndirilən şəxs tərəfindən 100 manat aliment ödənildiği müəyyən edilmişdir. - Şəki ŞRPŞ-nin X6 xx.xx.2024-cü il tarixli, 3-13-1091/2-2158/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinə yerləşdirilmişdir. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1190/10 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 274/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Probasiya İdarəsinə göndərilmiş, göstəriş 05 may 2023-cü il tarixdə idarənin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alınmış və həmin tarixdən cəzasının axını başlanmışdır. Cəzasının sonu isə 07 may 2026-cı il tarixdə başa çatmaqdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 7(010)-339/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qeyd olunan hökmə ilə üzərinə qoyulmuş Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi Şəki rayonunun hüdudlarını tərk etməmək vəzifəsi ilə dəyişdirilmişdir. Sözü gedən məhkəmə hökmü icra edilməsi üçün Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş və 20 iyul 2024-cü il tarixdə şöbənin icratına daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 1(075)-60/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-274/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 21 avqust 2024-cü il tarixədək çəkilməmiş qalan hissəsi 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gündür. Məhkumun qeydiyyata alındığı 11 may 2023-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 (bir) il 03 (üç) ay 10 (on) günü onun tərəfindən çəkilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq altı ildən artıq müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Çünki, bu müddət ərzində hesablanmış 10780 manat aliment borcu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində öz övladlarının saxlanılmasında zərərçəkmiş şəxsə yardım etməməklə aliment borcunun ödənilməməsi, eyni zamanda məhkəmə tərəfindən övladlarının maddi tələbatlarının ödənilməsi üçün müəyyən olunmuş aliment məbləğini uzun müddət ödəməməklə onların normal həyat şəraitinin təmin olunmasından yayınması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-274/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay 16 gün hissəsini həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 10 ay 08 gün azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan - 14 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-274/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixədək çəkilməmiş qalan 01 il 08 ay 16 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə müvafiq olaraq 10 ay 08 gün müddətində azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmdən elan edildiyi, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar