Məhkəmə qərarları › İş №1(075)-61/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-61/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-61/2025 15.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X1 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakları ilə, 1959-cu ilin iyun ayının 10-da Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən dəmir yol xətlərinə münasibətdə özgənin əmlakını gizi olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən dəmir yol xətlərinə münasibətdə özgənin əmlakını oğurlamaq niyyətilə 4 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdən dəmir açarı götürüb həmin günü saat 20:00 radələrində "xxxx" QSC-nin infrastruktur Departamentinin 15 saylı Şəki yol sahəsinin balansında olan, Şəki rayonunun Turan qəsəbəsinin ərazisindən keçən Xanabad-Şəki mənzilinin 38-ci kilometrliyindən “pk 6-8” adlanan əraziyə gələrək həmin ərazidəki dəmir yolu xəttindən istismara yararlı ümumilikdə 291,44 manat dəyərində “KB-65” tipli 18 ədəd dəmir rels altlığını, 10 ədəd qayka-şayba ilə birlikdə özül boltunu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltunu və 29 ədəd kostili (dəmir yolu üçün dəmir mıxı) gizli talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə 291,44 manat dəyərində maddi ziyan vurmaqla qəsdən dəmir yol xətlərinə münasibətdə oğurluq etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, yaşa görə 220 manat pensiya alır, həmin pensiyanın 110 manatını kreditə verir. Maddi imkanı çox pis olduğu üçün dolana bilmir, buna görə də yaşadığı Şəki rayonu, Turan qəsəbəsindən keçən dəmir yol xəttindən oğurluq etmək, sonra isə oğurladığı əşyaları satmaq qərarına gəlmişdir. Bunun üçün 04 oktyabr 2024-cü il tarixdə, saat təxminən 19 radələrində yaşadığı evdən bir ədəd dəmir açar və iki ədəd torba götürüb oğurluq etməyi planlaşdırmış, saat təxminən 20 radələrində Şəki rayonu, Turan qəsəbəsindən keçən dəmir yol xəttinə tərəf getmişdir. Oradan 18 ədəd reis altlığını, 29 ədəd kostili, 10 dəst özül boltunu və 7 dəst klema boltunu əlində olan dəmir açarla açaraq oğurlamışdır. O, oğurladığı əşyaları özü ilə gətirdiyi iki ədəd torbanın içərisinə qoymuşdur. Həmin əşyaları təxminən 1 saat ərzində oğurlamışdır. Oğurladığı əşyaları torbaların içərisinə qoymuş, daha sonra oradan getmək istəyərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirmiş, oğurluq etməkdə şübhəli olduğunu demişlər. O, polis əməkdaşlarına oğurluq etdiyini etiraf etmiş, torbaları açıb oğurluq etdiyi əşyaları göstərmişdir. Daha sonra polis əməkdaşlar ilə birlikdə X8 şöbəsinə getmişdir. Oğurladığı 18 ədəd rels altığı, 29 ədəd kostil, 10 dəst özül boltu, 7 dəst kleme boltu və oğurluq zamanı istifadə etdiyi 1 ədəd dəmir açar polis əməkdaşları tərəfindən götürülmüşdür. Bildirmişdir ki, həmin oğurluğu təkbaşına etmiş, başqa heç kimlə əlbir olmamış, oğurladığı 18 ədəd rels altlığı, 10 ədəd qayka-şayba ilə birlikdə özül boltu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltu və 29 ədəd kostil "xxxx" QSC-nin mülkiyyətində olduğu üçün onların verdikləri qiymətlə razılaşmış, bu barədə heç bir etirazı və vəsatəti olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, rəsmi olaraq "xxxx" QSC-nin hüquq departamentinin məhkəmə və hüquq-mühafizə orqanlar üzrə iş şöbəsinin hüquqşünas vəzifəsində işləyir. Bildirmişdir ki, 05 oktyabr 2024-cu il tarixdə iş yerində olarkən Şəki 15 saylı yol sahəsindən işlədiyi icarəyə Şəki-Xanabad mənzilinin 38-ci kilometrliyindən 18 ədəd rels altlığı, 10 dəst özül boltu, 7 dəst klema boltu və 29 ədəd kostilin oğurlanması barədə məlumat daxil olmuşdur. Şəki 15 saylı yol sahəsinin işçiləri bu barədə polisə də məlumat verdiklərini bildirmişlər. Daha sonra həmin dəmir yol xəttindən 18 ədəd rels altlığını, 10 dəst boltunu, 7 dəst klema boltunu və 29 ədəd kostili Şəki rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin oğudadığı müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 04 oktyabr 2024-cu il tarixdə Şəki rayonu, Turan qəsəbəsində yerləşər Xanabad-Şəki dəmir yol mənzilində ərazini gəzmiş həmin vaxt yanında XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı Elvin Zabitli də olmuş, birlikdə həmin ərazini gəzib orada müşahidə aparmış, saat təxminən 21:00 radələrində Elvin Zabitli ilə birlikdə Xanabad-Şəki dəmir yol mənzilinin 38ci kilometrliyində olarkən təxminən 10-15 metr qabaqda bir nəfər şübhəli şəxs görmüşdür. Həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt həmin şəxsin yanında iki ədəd torba olmuş, ondan torbaların içərisində nə olduğunu, soruşmuş, həmin şəxs isə bu gün, yəni 04 oktyabr 2024-cü il tarixdə dəmir yol xəttindən 18 ədən rels altlığı, 10 dəst özül boltu, 7 dəst klema boltu və 29 ədəd kostili oğurladığını, oğurladığı əşyaları iki ədəd torbaya qoyduğunu bildirmişdir. Daha sonra həmin şəxsi X8 şöbəsinə gətirmiş, həmin şəxsin Şəki rayonu, Turan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi, başlanmış cinayət işinə ********* saylı statistik nömrə verilməsi qərara alınmışdır. - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Xanabad-Şəki dəmiryol mənzilinin 38-ci kilometrliklərində 18 ədəd dəmir rels altlığını, 10 ədəd qayka-şayba ilə birlikdə özül boltunu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltunu və 29 ədəd kostilin sökülüb oğurlanması ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yol nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası xətt polis şöbəsinin inzibati binasının olduğu həyətyanı sahəyə baxış keçirilmişdir. - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Xanabad-Şəki dəmiryol mənzilinin 38-ci kilometrliklərində 18 ədəd dəmir rels altlığını, 10 ədəd qayka-şayba ilə birlikdə özül boltunu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltunu və 29 ədəd kostilin sökülüb oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. - Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi X8 Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Azərbaycan Dəmir Yolları QSC-nin” balansında olan 15 nömrəli şəki yol sahəsindən Yevlax st.xətt polis şöbəsinə daxil olmuş 104 saylı məktubunda Xanabad-Şəki mənzilinin 38-ci kilometrliyində PK 6,7,8-də 18 ədəd BK-65 tipli altlıqların, 10 dəst özül boltun, 7 dəst klema boltun və 29 ədəd kostilin (yol mıxı) sökülərək oğurlanması barədə müraciəti daxil olmuşdur. Araşdırma zərurəti ilə əlaqədar olaraq, PK 6,7,8-də 18 ədəd BK-65 tipli altlıqların, 10 dəst özül boltun, 7 dəst klema boltun və 29 ədəd kostilin (yol mıxı) dəyəri barədə arayışın “Azərbaycan Dəmir Yolları QSC-dən” alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. - “Azərbaycan Dəmir Yolları QSC-nin” xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dəmir yolunun Xanabad-Şəki mənzilinin 38-ci km pk 6-8-də istismara yararlı KB-65 tipli 18 ədəd dəmir altlığın, 29 ədəd kastilin, 7 ədəd qayka şayba ilə birlikdə sıxac boltunun və 10 ədəd qayka şayba ilə birlikdə özül boltunun oğurlanması hadisəsi nəticəsində “Azərbaycan Dəmir Yolları QSC-nə 291,44 manat dəyərində maddi ziyan dəymişdir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. - Azərbaycan Respublikası DİN Nəqliyyat Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi X8 Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 18 ədəd KB-65 tipli rels altlığının, 10 dəst özül boltun, 7 dəst klema boltunun və 29 ədəd kostilin oğöurlanması nəticəsində “ADY QSC”-yə ümumilikdə 291,44 manat maddi ziyan dəymişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1934 saylı əfv fərmanına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanuna müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. - Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması, qanunda nəzərdə tutulan hüquq və vəzifələri ona izah edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. - “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - “Başqa yerə getməmək haqqında” xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs iltizamı imzalayaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyini, ondan gizlənməyəcəyini, cinayətkar fəaliyyətlə məşğul olmayacağını, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyini və yaşayış yerini dəyişməyi haqqında ona məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. - Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qəsdən dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını oğurlamaq niyyətilə 4 oktyabr 2024-cü il tarixində saat 18:00 radələrində yaşadığı evdən dəmir açarı götürüb həmin günü saat 20:00 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) İnfrastruktur departamentinin 15 saylı Şəki yol sahəsinin balansında olan Turan qəsəbəsinin ərazisindən keçən Xanabad-Şəki mənzilinin 38-ci kilometrliyi pk 6- 8 adlanan əraziyə gələrək həmin ərazidəki dəmir yolu xəttindən istismara yararlı ümumilikdə 291,44 manat 09 ədəd yararlı KB-65 tipli 18 ədəd rels altlığını, 10 ədəd qaykaşayba ilə birlikdə özül boltunu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltunu və 29 ədəd dəmir kostili gizli talamaqla ADY-yə 291,44 manat dəyərində ziyan vurmaqla qəsdən dəmiryol xətlərinə münasibətdə oğurluq etmişdir. Qeyd edilən əməl nəticəsində ADY-yə ümumilikdə 291,44 (iki yüz doxsan bir manat 44 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. ADY-yə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən bu günədək ödənilməmişdir. Bununla əlaqədar olaraq ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan 291,44 (iki yüz doxsan bir manat 44 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, ümumilikdə 322,00 (üç yüz iyirmi iki) manat alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir. - Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar əvvəlki vəziyyətində Yevlax St. Polis Şöbəsindən təhvil götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur, cəza təyin edilməsi məsləsini məhkəmə mülahizəsinə buraxırlar. Eyni zamanda məhkəmə baxış iclasının iştrakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, X2 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “KB-65” tipli 18 ədəd dəmir rels altlığını, 10 ədəd qayka-şayba ilə birlikdə özül boltunu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltunu və 29 ədəd kostilin zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə məhkəmə xərci və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar əvvəlki vəziyyətində Yevlax St. Polis Şöbəsindən təhvil götürülmüşdür. Məhkəmə hesab edir ki, “KB-65” tipli 18 ədəd dəmir rels altlığını, 10 ədəd qaykaşayba ilə birlikdə özül boltunu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltunu və 29 ədəd kostilin zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarıldığından mülki iddiaçı "xxxx" QSC-nin maddi ziyanın ödənilməsi ilə bağlı qaldırılmış mülki iddia təmin olunmamalı, ödənilmiş dövlət rüsumu mülki iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və "xxxx" QSC-yə məxsus “KB-65” tipli 18 ədəd dəmir rels altlığını, 10 ədəd qayka-şayba ilə birlikdə özül boltunu, 7 ədəd qayka-şayba ilə birlikdə sıxac boltunu və 29 ədəd kostilin zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. "xxxx" QSC-nin mülki iddiası təmin edilməsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar