Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-63/2021 28.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1987-ci ildə Şəki rayonu Köbər Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu Bideyiz kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CMnin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 28 fevral 2021-ci il tarixdə, saat 14:30 radələrində Şəki rayonu Bideyiz kəndinin ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin istifadəsində olan fındıq bağında yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində işləyən zaman, onunla birlikdə həmin bağda işləyən həmkəndlisi Zərərçəkmiş şəxs görüb, sonuncunun qardaşı X2 14 yanvar 2021-ci il tarixdə idarə etdiyi QAZ-33021 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində qardaşı X1 hadisə yerində ölməsi yadına düşdüyünə görə onda qisas hissi yarandığından əlindəki bel ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə, sağ qabırğa nahiyəsinə bir dəfə qəsdən zərbələr endirərək sonuncuya sağ İİİ və İV qabırğanın yerdəyişən, sağ İİ və V qabırğaların yerdəyişməyən sınıqları, sol kürəkaltı və sağ körpücükaltı nahiyələrin dərialtı hematomaları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki, bir neçə ay bundan əvvəl onun qardaşı X5 İskəndərovun qardaşı Nakif İskəndərovun idarə etdiyi yük maşınının kabinəsinin sağ qapısından düşərək vəfat etmişdir. 28 fevral 2021-ci il tarixdə, saat 14:30 radələrində Şəki rayonu Bideyiz kəndinin ərazisində yerləşən "xxxx" MMC-yə məxsus olan fındıq bağında iş vaxtında fasilə zamanı yaxınlığında olan Zərərçəkmiş şəxs bağın daxili hissəsindəki yolun kənarında arxası ona tərəf əyləşmiş vəziyyətdə olduğunu görüb qardaşı Kamran Həbibillayevin onun qardaşı Nakif İskəndərovun ucbatından vəfat etdiyini düşünərək əsəbiləşdiyinə və həmin vaxt sərxoş vəziyyətdə olduğundan əsəblərini idarə edə bilmədiyinə görə Zərərçəkmiş şəxs arxa tərəfindən yaxınlaşıb, əlində olan belin metaldan olan ağız hissəsi ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə zərbə endirmiş, həmin vaxt Zərərçəkmiş şəxs üzü üstə yerə tərəf əyildikdə o, əlində olan belin metaldan olan ağız hissəsi ilə Zərərçəkmiş şəxs sağ qabırğa nahiyəsindən bir dəfə də zərbə endirmişdir. Sonra iş yoldaşı Eyvaz ona yaxınlaşıb, onu oradan kənarlaşdırmışdır. Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla yanaşı, həmçinin əməlindən peşman olmasını, habelə azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 28 fevral 2021-ci il tarixdə onun fəhlə olaraq işlədiyi Şəki rayonu Bideyiz kəndinin ərazisində yerləşən fındıq bağında saat 14 radələrində fasilə zamanı bağın daxili hissəsindəki yolun kənarında oturaq vəziyyətdə yuxuladığı vaxt qəflətən kürək nahiyəsinə zərbə dəydiyini hiss edib yuxudan ayılmış və həmin vaxt kürəyindəki ağrının təsirindən üzü üstə yerə əyildikdə arxa tərəfdən sağ qabırğa nahiyəsindən daha bir-iki zərbə dəydiyini hiss etmiş, Təqsirləndirilən şəxs əlində olan bel ilə onun kürək və sağ qabırğa nahiyələrinə zərbələr endirdiyini anlamışdır. Bundan sonra iş yoldaşları onu yaşadığı evə aparmışlar. Həmin gün o, bədənində ağrıların olması səbəbindən hərəkət edə bilmədiyinə görə hadisənin səhəri gün, yəni 01 mart 2021ci il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət etmişdir. Təqsirləndirilən şəxsdən ona bir müddət işləyə bilmədiyini nəzərə alıb maddi köməklik göstərməsini, məhkəmədən isə təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. Şahid məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, hadisə baş verən gün, yəni 28 fevral 2021-ci ildə, o, Neymət İsgəndərov və Təqsirləndirilən şəxs Şəki rayonu Bideyiz kəndinin ərazisində yerləşən fındıq bağında fəhlə olaraq işləmişlər. Saat 14:30 radələrində fasilə zamanı o, yolun kənarında əlindəki belə söykənib dayanan zaman, Neymət İsgəndərov onun arxa tərəfində olmaqla yolun digər tərəfində oturmuşdur. Bu zaman o, qəflətən arxa tərəfində olan Neymət İsgəndərovun səsini eşidib arxaya döndükdə Neymətin yerdə üzü üstə uzanıqlı vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə əlində bel ilə Neymətin yanında ayaq üstə dayanmış vəziyyətdə olduğunu görmüşdür. Neymətin ətrafında İmrandan başqa heç kim olmamış, dərhal onların yanına yaxınlaşaraq İmranın qolundan tutub onu Neymətin yanından bir qədər uzaqlaşdırmışdır. Neymətin əl-üzünə su vurmuş, iş yoldaşı İlhamla birlikdə Neyməti ayağa qaldırıb yaşadığı evə aparmışlar. 16 may 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CMnin 127.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 16 may 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03 mart 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş “Sağ İİİ və İV qabırğanın yerdəyişən, sağ İİ və V qabırğaların yerdəyişməyən sınıqları, sol kürəkaltı və sağ körpücükaltı nahiyələrin dərialtı hematomaları” diaqnozlu xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 28 fevral 2021-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 26 aprel 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının 22 aprel 2021-ci il tаrixli, 512 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın dispanser müşahidəsində deyil. Şəki Rayon Mərkəzi X10 Şəxsin 24 aprel 2021-ci il tаrixli, 538 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Kabinetdə qeydiyyatda deyil. Şəki şəhər İHB-nin Baş Küngüt kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli, 170 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X7, arvadı X8 və 20 sentyabr 2016-cı il təvəllüdlü qızı X3 ilə birlikdə Bideyiz kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırkı işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, onun törətdiyi əmələ münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 127.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan islah işləri cəzasının verilməsi cəzanın məqsədlərinə uyğun deyildir. Bununla yanaşı təqsirləndirilən şəxsin ilk dəfə qəsdən cinayət törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmadan islah olunması imkanları tükənmədiyindən ona azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan bir ədəd bel məhv edilməli, məhkəmə məsrəflərinin, mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan bir ədəd bel məhv edilsin, məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-63/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-63/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver