Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-66/2021 23.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Nurəli Əvəz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 26 fevral 2021-ci il tarixdə saat 15:30 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri 20 yanvar küçəsində yerləşən “İdeal” çay evinin qarşısında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,215 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin həmin qara rəngli gödəkçənin sol iç cibindən özü istifadə etmək məqsədilə hazırlayıb məhlul halında 01 ədəd 1 ml-lik şprisdə saxladığı 0,11 ml həcmdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhlulu, quru maddəsinin təmiz çəkisi 0,023 qram, ümumilikdə 0,238 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir, (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 23 fevral 2021-ci ildə gündüz saatlarında evlərinin qarşısından keçən küçə ilə gedərkən küçənin kənarında olan işıq dirəyinin dibində sarı rəngli kağız bükülü görmüş, maraqlı olduğu üçün götürüb içinə baxmış, bükülünün içərisində qəhvəyi rəngli, narkotik vasitə olan “kokos”, yəni heroin görmüşdür. Təxminən 2017-ci ildən narkotik vasitə olan “kokosdan”, yəni heroindən istifadə etdiyi üçün “kokos”u tanımış, götürüb qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuş və işlərinin arxasınca getmişdir. Sonrakı günlərdə, havanın qaranlıq vaxtlarında küçəyə çıxıb həmin “kokosdan” ampulada qızdırıb şprisə doldurub qoluna ineksiya yolu ilə az miqdarda vurmaqla istifadə etmişdir. 26 fevral 2021-ci ildə günorta saatlarında ağrıyarkən onda qalmış heroindən istifadə etmək üçün evdə olan bir ədəd şprisi və bir ədəd ampulanı götürüb əynindəki gödəkçənin sol iç cibinə qoyub küçəyə çıxmış, küçədə heç kimin olmadığına əmin olduqdan sonra əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində heroin olan 1 ədəd sarı rəngli bükülünü çıxartmış, içərisindən az bir qismini götürüb ampulanın içərisinə doldurmuş, alışqanla yandırıb qızdırmış, əriyib hazır narkotik maye halına düşmüş məhlulu - “kokosu” qoluna vurmaqdan ötrü şprisin içərisinə çəkmişdir. Küçədən adamlar keçdiyinə görə ampulanı küçəyə tullayıb qalan “kokos”u sarı rəngli kağız bükülüdə və maye halına düşmüş “kokos”u şprisdə əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyub, Şəkinin “Yuxarıbaş” məhəlləsi tərəfdə heç kimin olmadığı yerə gedib şprisdə olan “kokosu” qoluna vurub istifadə etmək məqsədi ilə küçədən taksi gedən yerə yaxınlaşıb taksi ilə “İdeal” çay evinin qarşısına kimi getmişdir. Şəki şəhəri 20 yanvar küçəsindəki “İdeal” çay evinin qarşısına çatanda polislər onu saxlamış, yaxınlaşıb narkotik vasitələrin qəbulu, saxlanılması və satışında şübhəli olduğunu demiş, avtomobildən düşərək onlarla birgə Polis Şöbəsinə getməyini istəmişlər. O etiraz etməyib polislərlə birgə Şəki ŞRPŞ-nə getmiş, birinci mərtəbədə olan təhqiqatçının otağına keçmiş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, vəkillərin siyahısı təqdim olunmuş, Müdafiəçi ona dövlət hesabına vəkil təyin edilmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş, həmin vaxt müdafiəçinin və iştirakçıların yanında üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, təhqiqatçı üzərində olan əşyaları təqdim etməyi ona təklif etmiş, o, əvvəlcə üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd əl dəsmalı və 1 ədəd evin açarını, gödəkçəsinin sol iç cibindən 1 ədəd sarı rəngli bükülüdə “kokos”u, həmçinin 1 ədəd şprisi masanın üstünə qoymuş, üzərində başqa heç nə olmadığını bildirmişdir. Əllərini qaldırması təklif olunmuş, hər iki əlini yuxarı qaldırmış, təhqiqatçı tərəfindən başındakı papaqda, gödəkçəsinin sol və sağ ciblərində, həmçinin sol iç cibində, digər gödəkçəsinin sağ və sol ciblərində, sağ balaca iç cibində, həmçinin sağ və sol, arxa və bel nahiyyəsində axtarış aparılmış, sonra ayaqqabılarını çıxarması təklif olunmuş, ayaqqabılarını və corablarını çıxarıb silkələmiş, heç nə aşkar olunmamışdır. Üst başını səliqəyə salmış, corablarını və ayaqqabılarını geyinmişdir. Ona üzərindən çıxardıb stolun üstünə qoyduqlarını təqdim etməsi təklif olunmuş, o masanın üzərində olan sarı rəngli bükümü açaraq içərisində olan qəhvəyi rəngli vasitəni göstərib narkotik vasitə olan heroin olduğunu, şprisin içərisində olan mayenin isə istifadə etmək üçün əridilmiş heroin olduğunu bildirmişdir. Ona əlavə suallar da verilmiş, o, narkotik vasitə olan heroini özünün istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını demişdir. Təhqiqatçı daha sonra narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddənin və narkotik məhlulun ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağını bildirmiş, zərfləri açaraq içərisini ona və iştirakçılara, vəkilə göstərmiş, zərflərin içərisinin boş olduğunu görmüşlər. Təhqiqatçı masanın üzərində qızılı-ağ rəngli siqaret kağızının içərisində olan qəhvəyi rəngli maddəni, eləcə də şprisin içərisində olan narkotik məhlul ayrı-ayrılıqda zərfə qoymuş və ağzını bağlamış, zərflərin üzəri Şəki ŞRPŞnin möhürü ilə möhürlənmişdir. Videoçəkiliş dayandırılmış, hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirilmiş, heç bir etirazları olmamış, sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru tərtib edildiyi üçün heç bir şikayət daxil olmamış, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. O, etdiyi hərəkətdən peşman olmasını, narkotiklə mübarizənin böyük vüsət aldığını, bu yoldan çəkinməzsə daha pis nəticələrlə rastlaşacağını başa düşdüyünü, son günlər özünü bu yoldan çəkindirmək üçün evdən çölə çıxmadığını, onkoloji xəstə olan anasının yanında oturub qulluğunda dayandığını, ondan başqa anasına baxan heç kimin olmadığını, qardaşının və atasının isə onları dolandırmaq və anasının müalicə pulunu qazanmaq üçün işləməyə gedib anasının yanında dayana bilmədiklərini bildirmiş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş, islah yolunda oduğunu nəzərə alaraq özünü doğrultmaq üçün şans verilməsini, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 fevral 2021-ci ildə, Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs İlham oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb, satışı ilə məşğul olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün daxil olmuş məlumat barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Onun və ŞRPŞ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, bu barədə qərar qəbul etmişdir. Hər iki qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra məhkəməyə və prokurorluğa bu barədə məlumat verilmişdir. 26.02.2021-ci ildə, saat 1530-da X3 şəhərinin 20 yanvar küçəsində “İdeal” çay evinin qarşısında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş, şöbənin inzibati binasının birinci mərtəbəsində olan təhqiqatçının otağına aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, vəkillərin siyahısı təqdim edilmiş, seçiminə əsasən Müdafiəçi ona dövlət hesabına vəkil təyin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçisinin, onun, Şəki ŞRPŞ-nin X1 əməliyyat müvəkkili Şahid2 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd əl dəsmalı və 1 ədəd evin açarını, gödəkçənin sol iç cibindən 1 ədəd sarı rəngli bükülüdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni, 1 ədəd içərisində maye şprisi masanın üstünə qoymuş, üzərində başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxılmış, başındakı papaqda, gödəkçəsinin sol və sağ ciblərində, sol iç cibində, digər gödəkçəsinin sağ və sol ciblərində, sağ balaca iç cibində, həmçinin sağ və sol, arxa və bel nahiyyəsində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs ayaqqabılarını və corablarını çıxarıb silkələmiş, heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs masanın üzərində olan əşyalarını təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs masanın üzərində olan sarı rəngli bükülünü açaraq içərisində olan qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddəni göstərib heroin olduğunu, şprisin içərisində olan mayenin isə istifadə üçün qızdırılıb əridilmiş heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını demişdir. Təhqiqatçı narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddəni və şprisdə olan narkotik vasitəyə oxşar məhlulu ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağını bildirmişdir. Əvvəlcə zərfləri açaraq içərisini Təqsirləndirilən şəxs, ona, Şahid2 və Müdafiəçi göstərmiş, zərfin içərisinin boş olduğunu görmüşlər. Təhqiqatçı masanın üzərində, sarı rəngli siqaret kağızının içərisində olan qəhvəyi rəngli maddəni və şprisin içərində narkotik vasitəyə oxşar məhlulu ayrı-ayrılıqda zərfə qoyub ağzını bağlamışdır. Zərflərin üzəri Şəki ŞRPŞ-nin möhürü ilə möhürlənmişdir. Videoçəkiliş dayandırılıb hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirilmiş, heç bir etiraz daxil olmamış, bu barədə protokol tərtib edilib ucadan oxunmuş, doğru tərtib edildiyi üçün heç bir şikayət daxil olmamışdır. O da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Ona ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satması barədə məlumat daxil olsa da sonradan bu məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 26 fevral 2021-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1715-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş.v 21-22) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,215 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 1 ədəd 1 ml-lik şprisdə saxladığı 0,11 ml həcmdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhlulu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, zərflərə qoyularaq qablaşdırılmışdır. (İ cild iş.v 40-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X5 27 fevral 2021-ci il tarixli, 17/158 nömrəli ekspertiza rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ... qəhvəyi rəngli maddə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,215 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ... bir ədəd şpris....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 1 ml-lik şprisdə, həcmi-0,11 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhluludur. Həmin məhlulda heroinin quru maddəsinin təmiz çəkisi-0,023 qramdır. Tədqiqat prosessinin təsvirinin Qeydindən görünür ki, 1) heroinin təmiz çəkisi-0,215 qr., təhqiqata sərf edildi-0,05 qr., qalıq-0,165 qr. 2) Heroin məhlulunun həcmi 0,11 ml, təhqiqata sərf edildi-0,05 ml, qalıq-0,06 ml. Ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (İ cild iş.v 55-57) 28 fevral 2021-ci il tarixli qərardan görünür ki, saat 1250-də Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild iş.v 105-106) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 03.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İ cild iş.v 117-118) Şəki Rayon Psixiatriya Xəstəxanasının 04.03.2021-ci il tarixli, 358 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İ cild iş.v 121) Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12.03.2021-ci il tarixli, 387 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03.05.2013-cü il tarixdən “Şəki RMX” publik hüquqi şəxsin Narkoloji kabinetində “Opoidlərin qəbulu ilə əlaqəli psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. (İ cild iş.v 122) Şəki şəhər İHB-nın «Topqarağac» məhəllə nümayəndəliyindən daxil olmuş 03.03.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild iş.v 115- 116) Məhkəmə-narkoloji ekspertizanın 15 aprel 2021-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görünür.. (İ cild iş.v 150) Məhkəmə-psixatrik ekspertizanın 02.04.2021-ci il tarixli, 161 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərkətlərini idarə etmək iqtidarındadır. (İş.v 185-187) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 26 fevral 2021-ci ildə, saat 1530-da Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri 20 yanvar küçəsində yerləşən “İdeal” çay evinin qarşısında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,215 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin həmin qara rəngli gödəkçənin sol iç cibindən özü istifadə etmək məqsədilə hazırlayıb məhlul halında 1 ədəd 1 ml-lik şprisdə saxladığı 0,11 ml həcmdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhlulu, quru maddəsinin təmiz çəkisi 0,023 qram, ümumilikdə 0,238 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni səmimiyyətlə təqdim etməsini, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə isnad edilmiş CM-nın 234.1-ci maddəsinin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə onu da diqqətdə saxlamağı zəruri bilmişdir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmiş, onun əvvəllər məhkumluğu olmuşdursa da ödənildiyindən məhkum olunmuş şəxs hesab edilməmiş, bu yalnız onu səciyyələndirən hal kimi diqqəti çəkmişdir. Məhkəmə seçdiyi cəza növünü bu hala görə belə fərqləndirmişdir ki, məhkumluğu olan şəxin əməlində residiv yarandığı halda azadlıqdan məhrumetmə cəzasının seçilməsi qanunun tələbi kimi nəzərdə tutulmuşdur. Əvvəlki məhkumluq residiv yaratmadığı halda da verilən cəza, məhkumluğu olmayan şəxsə verilən cəzaya nisbətdə də ağırlığına görə fərqlənəcəkdir. Yəni, ödənilmiş məhkumluğa görə seçilmiş cəza növü hansı olmalıdır ki, residivə görə qanunun tələbi ilə yalnız azadlıqdan məhrum etmə nəzərdə tutulduğu halda məhkumluğu olan şəxsə seçiləcək cəzadan fəqlənmiş olsun. Bundan başqa peşimançılıq çəkdiyini dəfələrlə xatırladıb, bir daha belə bir əməl və ya başqa cinayət törətməyəcəyinə söz verib özünü doğrultmaq üçün şans istədiyi, xəstə anasının qulluğunda dayanıb evdən kənara çıxmayacağına imkan yaradılmasını xahiş etdiyi, əvvəlki məhkumluqları qanunverici tərəfindən ödənilmiş hesab edildiyi halda onu səciyyələndirən halın daha ağır nəticələrə səbəb olmasını məhkəmə müvafiq bilməmişdir. Məhkəmə diqqəti həm də ona çəkir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarının 25-ci bəndində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərinin rəhbər tutulmasını imperativ cümlə ilə qeyd edilməklə, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməsi tövsiyyə edilmişdır. Göründüyü kimi sadalananların arasında təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal hesab edilən əvvəlki ödənilmiş məhkumluqlarının cəza təyinidə nəzərə alınmalı olduğu göstərilməmiş, hərfi mənasından kənar izahında da buna ehtimala rast gəlinməmişdir. Əkinə, konkret olaraq qanunvericilik göstərə biləcəyi halda, ödənilmiş məhkumluqların deyil, məhkumluğu, residivin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə, Qanunun tələbi olmadığı, Ali Məhkəmənin tövsiyyəsində əksini tapmadığı halda ödənilmiş məhkumluqlara görə daha ciddi cəza növü seçməsini cəzanın məqsədinə nail olmaq üçün uğurlu hesab etməmişdir. Həm də ona görə ki, təqsirləndirilən şəxs Ali Məhkəmənin yuxarıda qeyd edilən müvafiq Plenum qərarında göstərilən kimi residivist, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxs, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər sırasından olmamaqla yanaşı, əksinə müalicəyə ehtiyacı olan, bu pis vərdişdən qurtarmaq istəyən, bunun üçün köməyə ehtiyacı olan şəxsdir. Seçilmiş cəza növünün təsir gücünü, islah təsirini heç də daha ciddi cəza növündən əsaslı fərqlənən hesab etməyən məhkəmə düşünür ki, azadlığın məhdudlaşdırılması cəzasının həddini nizamlamaqla həmin cəzanın təqsirləndirilən şəxsin islah olunmasında daha təsirli rol oynayacağı mümkündür. Belə ki, təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə, pozduqda, cinayət törətdikdə daha ağır nəticələrlə üzləşəcəyi, seçilmiş cəza növünün daha ciddisi ilə dəyişdiriləcəyi, toplanacağı, hazırda seçilə biləcək daha ağır cəzanın həddindən artıq olacağı qaçılmaz olacaqdır ki, bu da təqsirləndirilən şəxs üçün islah təsirinin əhəmiyyətli dərəcədə tutarlı olmasına görə qanunun imkan verdiyi və məhkəmənin seçdiyi cəza növündən özünü doğrultmaqda yararlanmaq imkanı ilə yanaşı, əks təqdirdə, yəni bu yoldan çəkinməyib davam edərsə onu qarşıda daha ağır və təyin edilmiş cəzanın da nəzərə alınmaqla qəti və ciddi cəza gözlədiyi mənzərəsini daima canlanmaqla islah olunacağına inam yaratmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 26.02.2021-ci ildən 28.02.2021-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Şəki rayon Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar olunan, tədqiqatlardan sonra 0,165 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 1 ədəd 1 ml-lik şprisdə tədqiqatlardan sonra 0,06 ml qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhlulu məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 26.02.2021-ci ildən 28.02.2021-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 2 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 0700-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Şəki rayon Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar olunan, tədqiqatlardan sonra 0,165 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 1 ədəd 1 ml-lik şprisdə tədqiqatlardan sonra 0,06 ml qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhlulu məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №1(075)-66/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-66/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver