Məhkəmə qərarları › İş №1(075)-70/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-70/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-70/2025 05.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında 03.1974-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, bir ədəd qara rəngli sellofan torbada olmaqla ümumi təmiz çəkisi 179,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşımaqla üzərində saxlamış, 14 fevral 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Şəki şəhəri, M.F.Axundov prospekti ərazisində yerləşən Şəki futbol stadionunun yaxınlığında saxlanılaraq həmin tarixdə, saat 1728 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərində olan göy rəngli gödəkcənin altında olan qara rəngli yun köynəyin içində qarın nahiyəsində həmin xeyli miqdarda bir ədəd qara rəngli sellofan torbada olmaqla, ümumi təmiz çəkisi 179,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir(maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş, təxminən 5 ilə yaxın müddətdə narkotik vasitə marixuanadan istifadə etmişdir. 2024-cü ilin sentyabr ayında Şəki rayonunun Çeşməli kəndi ərazsində sahələrin yanı ilə gəzdiyi zaman sahədə çətənə kollarını görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün çətənə kollarını tanımışdır. Sahəlikdə olan qara selofan torbanın götürərək çətənə kolarını sellofan torbaya yığmış, çətənə kollarını yaşadığı evə gətirib, qurudub və öz şəxsi istifadəsi üçün saxlamışdır. Sonra o, evdə saxladığı marixuananın yerinin bilinəcəyindən və həbs olunacağından qorxduğu üçün xx.xx.2025-ci ildə qurudulmuş marixuananı gizlətmək üçün Şəki şəhərində yerləşən köhnə şəhidlər xiyabanının arxa hissəsindəki dağlıq meşəlik hissəyə getməyi qərara almışdır. O, evdə olan bütün marixuananı götürüb qara sellofan torbaya yığıb, əynində olan qara rəngli yun köynəyin altına qarın nahiyəsinə qoyub gizlətmişdir. xx.xx.2025-ci ildə saat 17 radələrində marixuananı gizlətməyə aparan vaxt Şəki şəhəri, M.F.Axundov prospektində olan stadionun yaxınlığında polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş, narkotik vaitələrin qanunsuz saxlanılmasında, istifadəsində şübhəli olduğunu demiş, üzərində narkotik vasitə varsa təqdim etməsini bildirmiş və üzərinə baxış keçirmiş, qara rəngli yun köynəyin altında gizlətdiyi qara sellofan torbaya bükdüyü marixuananı götürmüşlər. Tərəzidə çəkdikdə narkotik vasitənin 119 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitəni qablaşdırdırıb onu polis şöbəsinə aparmışlar. Təhqiqatçı ondan kiməsə narkotik vasitə satması, hardasa gizlətməsi və özündə əlavə narkotik vasitə olub-olmaması barədə soruşmuş, o kiməsə narkotik vasitə satmadığını və bundan əlavə heç bir yerdə narkotik vasitə gizlətmədiyini, üzərindən aşkar olunan narkotik vasitəni o, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. O, əməlindən peşman olduğunu, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilərsə üzərində daşımalı olacağı qurgunu (qolbağı) daşıya bilməyəcəyini, qıracağını bildirmiş, eləcə də bundan sonra narkotik qəbul etməkdən imtina etmək üçün təcrid olunmaq istəyini nəzərə alıb aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavə, düşmənçilik olmamışdır. 14 fevral 2025-ci ildə Şəki şəhəri, Nakam küçəsi ev 3/2A ünvanında qeydiyyatda olmaqla yaşayan X1 qanunla qadağan edilmiş narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi, cinayət başında, yaxud bilavasitə sonra yaxalanması, narkotik vasitənin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi üçün Şöbə rəisinə məruzə edilmiş, Şöbə rəisinin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Qrupa Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Həmin gün saat 1728-dən başlayaraq Şahid2 və Şahid3 ilə birlikdə Şəki şəhəri, M.F.Axundov prospekti ərazisində yerləşən Şəki futbol stadionunun yaxınlığında Şahid2 tərəfindən video çəkiliş aparılırmaqla keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini bildirib üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Vüqar cibində olan bir ədəd, qara rəngli kaburanın içərisində olan qızılı rəngli “Samsung” markalı mobil telefonu, 1 ədəd “Bakı” markalı siqaret qutusunu, 1 ədəd göy rəngli alışqanı təqdim etmişdir. Sonra Vüqarın üzərinə baxış keçirən zaman üzərində olan göy rəngli gödəkcənin altında olan qara rəngli yun köynəyin içində qarın nahiyəsində gizlətdiyi bir ədəd qara rəngli sellofan torba bükümü aşkar edilmişdir. Vüqardan qara rəngli sellofan torbaya bükülmüş şəffaf rəngli sellofan torbanın içərisində nə olduğunu soruşduqda Vüqar, bükülüdəkinin “Nəşə” yəni, narkotik vasitə marixuana olduğunu, öz istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə çəkilən zaman 119,19 qram olmuşdur. Narkotik vasitə marixuanaya bənzər kütlə boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Vüqarın üzəri axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Vüqarın təqdim etdiyi mobil telefonda boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Vüqar tərəfindən təqdim edilmiş 1 ədəd “Bakı” markalı siqaret qutusu və 1 ədəd mavi rəngli alışqan özünə qaytarılmışdır. Hadisə yerində protokol tərtib etmək çətinlik yaratdığına görə birlikdə Polis Şöbəsinə getmişlər. Polis Şöbəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, düz yazıldığı üçün protkol iştirakçılarla birlikə onun da tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair materialın aidiyyəti üzrə verilməsi üçün Şöbə rəisinə raportla məruzə olunmuş və materialın icrası baş təhqiqatçıya həvalə edildiyi üçün Təqsirləndirilən şəxs baş təhqiqatçının xidməti iş otağına aparılmışdır. Baş təhqiqatçı xidməti iş otağında Vüqara hüquqlarını, eləcə də müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, Vüqarın seçdiyi vəkili təhqiqatçı xidməti iş otağına dəvət edib Vüqara təqdim etmişdir. Baş təhqiqatçı tərəfindən Vüqar şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrini izah edilməklə, proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş keçirilməklə üzərindən aşkar olunaraq qablaşdırılıb götürülmüş narkotik vasitə marixuanaya bənzər kütləyə baxış keçirməyə başlamışdır. Təhqiqatçı zərfi açaraq içərisində olan qara rəngli sellofan torbanın içərisində olan şəffaf rəngli torbada olan bükülünü açıb içərisindəki narkotik vasitə marixuanaya bənzər kütləni göstərib Vüqardan həmin kütlənin nə olduğunu, nə vaxt, harada, kimdən və nə məqsədə əldə etdiyini soruşduqda, Vüqar kütlənin “Nəşə” yəni, narkotik vasitə marixuana olduğunu, 2024-cü ilin sentyabr ayında Şəki rayonunun Çeşməli kəndi ərazisində yolun qırağından yığdığını, özü istifadə etmək üçün yaşadığı evində saxladığını, yerini dəyişdirmək, gizlətmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Vüqar narkotik vasitədən istifadə etdiyini, heç kimə satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə marixuanadan başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 14 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol və ona əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd qara rəngli sellofan torbada sellofan torba ilə birlikdə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. (İş.v 11- 13) 14 fevral 2025-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1840-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 27-29) 14 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokol və ona əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd qara rəngli sellofan torbada narkotik vasitəyə bənzər kütlənin onun özünə məxsus olduğunu etiraf etmişdir. (İş.v 48-50) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 15 fevral 2025-ci il tarixli, 17/135 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...» sözləri, adlar və imzalar yazılmış 1(bir) ədəd zərfin içərisindəki 1(bir) sellofan torbada, təmiz çəkisi – 179,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz çəkisi – 179,27 qram olmuş, tədqiqata sərf edilmiş – 0,05 qram,. qalıq-179,22 qram qalmışdır. Aparılmış tədqiqatın dəyəri 35,97 manat təskil edir. (İş.v 60-62) 16 fevral 2025-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 103-105) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 16 fevral 2025-ci il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsi üçün nəzərdə tutulan əsasların mövcudluğu kifayət qədər əsaslandırılmadığı üçün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, verilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. (İş.v 107-109) 16 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nın 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini saat 1620-də ona elan edilmişdir. (İş.v 110-112) DİN-nin BƏSİİ-nin 19 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, CM-nin 234.2 maddəsi ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. CM-nin 221.3, 304.1, 66.3,-cü maddələri ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 67.1-ci maddəsinə əssasən hökmlərin məcmusu üzrə xx.xx.2001-ci il tarixli hökmlə təyin edilmiş cəza ilə birləşdirərək qəti 4 il 10 ay 2 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 221.3, 315.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İş.v 121-123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya xəstəxanasının 20 fevral 2025-ci il tarixli, 268 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 127) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şəki rayon Mərkəzi Məstəxanası” publik hüquqi şəxsin 24 fevral 2025-ci il tarixli, 18- 1-71/2-503/2025 №-li məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan 03.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Konnabinoidlərin epizodik qəbulu” diaqnozu ilə “Şəki rayon Mərkəzi Məstəxanası” publik hüquqi şəxsin Poliknilnika şöbəsinin Narkoloji kabinetində qeydiyyatdadır. (İş.v 131) Şəki Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 1(075)-70/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İş.v 140-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 12 mart 2025-ci il tarixli, 384 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (İş.v 151) Şəki şəhəri İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "Sarıtorpaq" məhəllə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 162 nömrəli arayışıdan və xx.xx.2025-ci il tarixli 163 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (İş.v 170- 171) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, bir ədəd qara rəngli sellofan torbada olmaqla bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, 14 fevral 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Şəki şəhəri, M.F.Axundov prospekti ərazisində yerləşən Şəki futbol stadionunun yaxınlığında saxlanılaraq, saat 1728 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış zamanı, təmiz çəkisi 179,27 qram olan xeyli miqdarda, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edilərək götürülənədək göy rəngli gödəkcəsinin altında olan qara rəngli yun köynəyinin içində, qarın nahiyəsində bir ədəd qara rəngli sellofan torbada olmaqla daşımış və üzərində saxlamışdır. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni səmimiyyətlə təqdim etməsini, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs оğluna cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o 2001-ci ildən başlayan uzun müddət ərzində narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakına görə məhkumluq həyatı yaşayıb, hazırda da dəfələrlə eyni qəbildən olan cinayətə görə tutulub yaxalanması onu deməyə əsas verir ki, hazıra kimi nəticə çıxarmayıb qanunsuz əməlini davam etmişdir. Həmçinin səmimiyyət göstərməyib narkotik vasitə və psixotrop maddənin əldə edildiyi mənbənin bildirməməsi, özü üçün azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəməsi onu xarakterizə edən hallar kimi diqqətdən qaçmamalı, sonrakı davranışları barədə fikir formalaşdırmaqla onu səciyyələndirən hallar kimi qəbul olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun cinayətkar fəaliyyətdən uzaqlaşması, həyat və yaşayış tərzini dəyişməsi, normal həyat fəailiyyətinə qayıtması, narkomaniyadan müalicə alaraq vəziyyətini düzəldib normallaşdırması üçün vaxt və imkan şərait lazım olduğunu qənaətindədir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, səmimiyyəti kimi şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməlin mahiyyətini tam dərk etməsini, səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun şübhəli şəxs qismində tutulub xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı bu gündən, 5 iyun 2025-ci ildən hesablanmalı, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və Şəki Rayon Narkoloji Kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 179,22 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin başlanğıcı bu gündən, 5 iyun 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və Şəki Rayon Narkoloji Kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 179,22 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar