Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-71/2024 26.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində “həbs” ” qətimkan tədbiri seçilməklə X3 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq bir ədəd qızılı-ağ rəngli kağız bükümdə olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,319 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 02 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «X8 Kolleci»nin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X7 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 22:28 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ ön cibinin üst hissəsində yerləşən kiçik cibindən həmin bir ədəd qızılı-ağ rəngli kağız bükümdə olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,319 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər narkotik vasitə istifadə etməklə üzərində daşımaya görə həbs olunaraq azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə narkotik vasitəni istifadə etməsinə görə tutulub azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. 02 may 2024-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «X8 Kolleci»nin yanında əməliyyatçılar tərəfindən təxminən saat 17-18 radələrində saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Lakin üzərinə baxış gecə saat 22 radələrində edilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən üzərindən aşkar olunmuş narkotik vasitə ona təqdim olunub, üzərinə götürməsə evinə baxış keçirdib küllü miqdarda narkotik vasitə aşakar olunması ilə daha ağır maddə ilə təqsirləndiriləcəyini bildirmişlər. Əvvəllər də, narkotik vasitə istifadə etməyi ilə bağlı bir neçə dəfə məhkum olunduğundan polislərin bildirdikləri kimi onu daha ağır cinayətdə təqsirləndirəcəklərindən qorxduğundan üzərinə baxış zamanı aşkar olunmuş heroinin yanğın söndürmə məntəqəsinin həyətində yerləşən tualetin yanında yerdən tapdığını bildirmişdir. Qeyd edilən cinayət əməli onun tərəfindən törədilmədiyini, polis əməkdaşları tərəfindən ona verilən narkotik vasitəni təqdim etdiyini, daha ağır cinayətdə ittiham olunacağından qorxduğundan göstərilən əməli yalandan boynuna aldığını bildirmişdir. Polis şöbəsində olarkən bildirdiyi hədə qorxudan başqa ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Şəki şəhər sakini “Elnur” adlı şəxsin barəsində narkotik vasitələri qanunsuz olaraq saxlaması, istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuş, onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1, əməliyyat müvəkkili polis kiçik leytenantı Elnur Sadıqovdan ibarət əməliyyat qrupu yaradılaraq Şəki rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, Təqsirləndirilən şəxs Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən, «X9»nin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilib və təhqiqatçının otağına aprılaraq şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələri izah edilərək müdafiə hüququ təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd Redmi markalı mobil telefonu, 20 manatlıq pul əskinazını, şalvarının sağ arxa cibindən bir ədəd cib dəsmalını və şalvarının sağ ön cibinin üst hissəsində yerləşən kiçik cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan paltarların üzəri, cibləri yoxlanılmış lakin qanunla qadağan edilmiş hər hanısı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qızılı rəngli kağız bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisindəki kütlənin heroin olmasını bildirərək həmin heroini özü istifadə etmək üçün bir qədər əvvəl köhnə yanğın söndürmə məntəqəsinin həyətindəki tualetdə yerdən tapdığını və özündə saxladığını bildirdi. Sonda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və mütəxəssisin iştirakları ilə qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 02 may 2024cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki ciblik hissədən bir ədəd qızılı rəngli bükümdə narkotik vasitə olan heroini oxşar qəhvəyi rəngli maddə aşkar edilib götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-48/2022 nömrəli, 04 may 2022-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-1421/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsini 04 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, ona təyin edilmiş 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay, 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Şəki Rayon Məhkəməsinin 4(075)-36/2024 nömrəli, 04 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 may 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “Məhkəmə-kimyəvi” ekspertizanın 03 may 2024-cü il tarixli, 3-16-16-2-17/416 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut…» sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi - 1,319 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi- 1,319qr., tədqiqata sərf edildi-0,050qr., qalıq-1,269qr. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respubilkasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxildir.(İ siyahı) Əməlliyyat tapşırığının xx.xx.2024-cü il tarixli, 3-13-109/2-10658/2024 nömrəli cavab məktubundan görünür ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini hardan əldə etməsini, narkotik vasitələrin satışı ilə məşğul olmasını, Təqsirləndirilən şəxs birlikdə narkotik vasitə istifadə etdiyi şxsləri və bu barədə kimlərinsə məluumatının olmasını,üzərindən akat olunaraq götürülmüş narkotik vasitəni haradan, kimdən, nə vaxt əldə etməsini eyni zamanda onun digər cinayətlərdə iştirakının olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-narkoloji ekspertizanın 29 iyun 2024-cü il tarixli, 1141 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui- istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının 23 may 2024-cü il tarixli, 452 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, onun üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməyib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilib üzərinə götürməsə evinə baxış keçirdib küllü miqdarda narkotik vasitə aşakar olunması ilə bağlı daha ağır maddə ilə təqsirləndiriləcəyini bildirdiklərindən üzərinə axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin onun olmaması barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə vəkilinin və digər şahidlərin iştirakı ilə baxış keçirildiyini və həmin vaxtı üzərindən aşkar olunan narkotik vasitənin onun olmasını təsdiq etdiyini və həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilməklə o, həmin hadisələrin nəticəsini dərk etməklə heç bir etirazını bildirməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünün olmasını etiraf etməsinə dair sonradan cinayət işinin istintaqı aparılan zaman da, buna heç bir etiraz etməyərək hər hansı bir müraciəti və ya şikayəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də, narkotik vasitənin onun olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs CM-nın 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM-59.2). Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 29 iyun 2024-cü il tarixli, 1141 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui- istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,269 qram olan heroin Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, qeyd olunan maddi sübut Şəki ŞRPŞ-də saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 1,269 qram olan heroin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyəri 71.94 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 1,269 qram qalmış narkotik vasitə olan heroin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 71.94 (yetmiş bir manat altmış doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-71/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-71/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver