Məhkəmə qərarları › İş №1(075)-72/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-72/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-72/2022 28.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid-Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1972-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki şəhəri X9 küçəsi ev 51 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki RayonMəhkəməsinin 8 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni, tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib özündə daşıyaraq saxlamış, 26 mart 2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri X7 prospektində, “Fillərin yanı” adlanan yerdə saat 14 radələrində saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə saat 16:00-dan etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofan bükülüdə, təmiz çəkisi 48,253 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə və CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan tiryəki və heroini Bakı şəhərində Yasamal rayonu ərazisində olan parkda gəzərkən tapmışdır. Tapdığı narkotik vasitələrini özündə saxlamış, həmin gün Şəki şəhərinə qayıtmışdır. 26 mart 2022-ci il tarixdə saat təxminən 14 radələrində küçələrinin başında, “fillərin yanı” adlanan yerdə olarkən 2 nəfər mülki paltarda olan şəxslər ona yaxınlaşmış, Şəki polisinin əməkdaşları olduqlarını demiş və narkotik vasitələri üzərində saxlamaqda və satışında şübhəli olduğunu bildirmişlər. Onlarla birgə Şəki şəhər rayon polis şöbəsinə gəlmişdir. Şəki ŞRPŞ-də ona hüquq və vəzifələri izah olunmuş, vəkillərin siyahısı təqdim edilmiş, vəkil təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və iştirakçıların iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. O, üzərində olan 01 ədəd içərisində siqaretlər olan siqaret qutusunu və şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra masanın üzərində olan şəffaf sellofan bükülünü açaraq içərisində olan tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddəni göstərib bunun narkotik vasitə olan tiryək olduğunu, üzərində şəxsi istifadəsi üçün saxladığını və satmaq fikrinin olmadığını, təxminən 10 gün bundan əvvəl Bakı şəhəri Yasamal rayonunda olarkən tapdığını bildirmişdir. Bundan sonra üzərində olan “Bakı” siqaretinin arxasında olan şəffaf sellofanın içərisində kiçik bükülüdə heroin olduğunu bildirib onu da təqdim etmişdir. Həmin kiçik bükülünü də Yasamal rayonunda eyni yerdən və vaxtda tapdığını demişdir. Narkotik vasitələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Protokol tərtib edilmiş, ucadan oxunmuşdur. O, da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Əməlindən peşman olduğunu, övladlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Şəki ŞRPŞ-nin İTB-nin profilaktiki üzrə baş inspektoru vəzifəsində xidmət aparır, polis mayorudur. 26 mart 2022-ci il tarixdə o, Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət apardığı müddətdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra Şəki ŞRPŞ-nin X2 əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Şəki şəhərində olan “Fillərin yanı” deyilən yerin yaxınlığında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Şöbədə təhqiqatçı Natiq Əzimov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, vəkillərin siyahısı təqdim olunmuş və dövlət hesabına vəkil Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin və iştirakçıların iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində saxladığı 01 ədəd içərisində siqaretlər olan “Bakı” markalı siqaret qutusunu və şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən başqa heç nə aşkar olunmamışdır. Masanın üzərində olan şəffaf sellofan bükülünü açaraq içərisində olan tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddəni göstərib bunun narkotik vasitə olan tiryək olduğunu, üzərində şəxsi istifadəsi üçün saxladığını və satmaq fikrinin olmadığını, təxminən 10 gün bundan əvvəl Bakı şəhəri Yasamal rayonunda olarkən tapdığını bildirmişdir. Üzərində olan “Bakı” siqaretinin arxasında, şəffaf sellofanın içərisində olan kiçik bükülüdə “kokos”, yəni heroin olduğunu bildirmişdir. Həmin kiçik bükülünü də Yasamal rayonunda eyni yerdən və vaxtda tapdığını demiş, həmçinin üzərindən aşkar olunan narkotik vasitələri satmadığını və satmaq fikrinin də olmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitələr qablaşdırılıb götürülmüşdür. Protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 26 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 26 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Bakı Blue” markalı siqaret qutusunun arxasında olan şəffaf sellofan içərisində olan sarı rəngli bükülüdə heroin və əynindəki gödəkçənin sol iç cibində olan şəffaf bükülüdə tünd qəhvəyi rəngli kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 27 mart 2022-ci il tarixli, 17/271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tünd qəhvəyi rəngli kütlə” sözləri və imzalar yazılmış zərfindən içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 48,253 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qəhvəyi rəngli kütlə” sözləri və imzalar yazılmış zərfindən içərisindəki 01(bir) ədəd qızılı ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,068 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi – 0,068 qr, tədqiqata sərf edildi – 0,020 qram, qalıq – 0,048 qram. Tiryəkin təmiz çəkisi – 48,253 qr, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 48,153 qram. (aparılmış tədqiqatın dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edir). 28 mart 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 28 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Şəki Rayon Mərkəzi X3 Şəxs tərəfindən verilmiş 586/1 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 339 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 17 may 2022-ci il tarixli, 661 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji dispanserdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş 07 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şəki şəhər Topqarağac nümayəndəliyi tərəfindən verilmiş 209 nömrəli arayışdan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri S.Ə.Şirvani küçəsi 51 saylı evdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 0,5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan tiryəkin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutularaq həbsdə saxlandığı müddət təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Cəza çəkmənin əvvəli hökmün çıxarıldığı 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyya alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 48.153 qram olan narkotik vasitə hesab edilən tiryək və 0.048 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra çəkisi 0,048 qram olan narkotik vasitə heroin və 48,153 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 69.10 (altmış doqquz manat on qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar