Məhkəmə qərarları › İş №1(075)-72/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-72/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-72/2023 06.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulan günə kimi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D17 massivində yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nın 69.3-cü maddəsinə əsasən üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona Şəki “Asan Xidmət” Mərkəzinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə yalan və uydurma vədlər verib aldadaraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs onun verdiyi, cinayətkar qəsdindən məlumatı olmayan X3 adına olan 6030 7653 saylı hesab nömrəsinə Şəki şəhəri ərazisindən “Milliön” vasitəsilə xx.xx.2022-ci il tarixdə, saat 11:47-də göndərdiyi 500 manat, xx.xx.2022-ci il tarixdə, saat 14:45-də göndərdiyi 4000 manat, xx.xx.2022-ci il tarixdə göndərdiyi 800 manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 130 manat, xx.xx.2023cü il tarixdə göndərdiyi 1000 manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 800 manat və xx.xx.2023-cü il tarixdə göndərdiyi 30 manat olmaqla cəmi 7260 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 7260 (yeddi min iki yüz altmış) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnmiş dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsini təsdiq etməklə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Şəki şəhərinə qonaq gəlmiş, burada bir gecə qalmaq üçün otellər barədə maraqlanmışdır. Bunun üçün “F-Garden” otelinə getmiş, həmin vaxt özü tək olmuşdur. Orada onu “Ağabala” adlı şəxs qarşılamışdır. O, ona oteldə qalmaq istədiyini demiş, Ağabala isə 112 saylı otağın boş olduğunu bildirdikdən sonra birlikdə həmin otağa getmişlər. Ağabala onu otağa yerləşdirdikdən sonra otaqdan çıxıb getmişdir. Təxminən yarım saat sonra Ağabaladan otağa çay gətirməsini xahiş etmiş, o, otağa çay gətirmişdir. Həmin vaxt onunla söhbət etməyə başlamış, söhbət zamanı Ağabala ali təhsilli olduğunu, lakin təhsilinə uyğun bir iş tapa bilmədiyini ona demişdir. Həmin vaxtlar maddi sıxıntıları, bir neçə nəfər şəxsə pul borcu olduğu üçün Ağabaladan müəyyən məbləğdə pul alıb borclarını qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Ağabalanı inandırmaq üçün onu Şəki “ASAN Xidmət” mərkəzinə işə düzəldə biləcəyini demişdir. Ağabala razı olduqda ondan mobil nömrəsini almışdır. Həmin gecəni orada qalmış, səhəri gün saat 11 radələrində oteldən çıxarkən Ağabalaya işini həll edib zəng vuracağını deyib onunla sağollaşıb oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ağabalanın nömrəsinə zəng edib onun işi ilə bağlı bir neçə nəfər şəxslə danışdığını, işinin həll olunacağını, lakin bu iş üçün təxminən 7000-8000 manat pul lazım olacağını demişdir. Ağabala valideyni ilə məsləhətləşib bir söz deyəcəyini ona bildirmişdir. Səhəri gün yenidən Ağabalaya zəng edib işini həll edəcəyinə onu inandırmış və ilkin olaraq müəyyən qədər pul lazım olduğunu demişdir. Ağabala hazırda 500 manat pulunun olduğunu, qalan pulu da tapıb göndərəcəyini bildirmişdir. Onunla razılaşmış və tanışı X3 adına olan “Leobank”a məxsus plastik kartın nömrəsini telefonla Ağabalaya deyərək pulu həmin hesaba göndərməsini bildirmişdir. Əhməd Bəkirovu uzun müddətdir ki tanıyır və bir neçə il əvvəl ondan öz adına plastik kart alıb ona verməsini xahiş etmişdir. Ağabalanın Əhmədin adına olan plastik karta köçürdüyü pullar barədə Əhmədin məlumatı olmamışdır. Beləliklə Ağabala xx.xx.2022-ci il tarixdə saat 11:47-də 500 manat pulu “Leobank”a məxsus plastik kartın hesabına köçürmüş, o, həmin 500 manat pulu Bakı şəhərində hazırda xatırlamadığı bankomatların birindən çıxarmışdır. Ağabala ilə əlaqə saxlayıb 500 manat pulu götürdüyünü demiş və onu inandırmaq üçün yenə də işini həll edəcəyinə dair söz vermişdir. O isə qalan pulları da tezliklə bitirib göndərəcəyini demişdir. Həmin pul ilə borcunun bir hissəsini vermişdir. xx.xx.2022-ci il tarixdə Ağabala ilə telefon danışığı zamanı o, 4000 manat pul bitirdiyini dedikdə ona Bakı şəhərində olduğunu demiş və həmin hesab nömrəsinə pulu göndərməsini bildirmişdir. Həmin gün günorta saatlarında Ağabala yenidən həmin “Leobank”a məxsus plastik kartın hesabına 4000 manat pulu köçürmüşdür. O, 4000 manat pulu Bakı şəhərində hazırda xatırlamadığı bankomatların birindən çıxarmış və həmin pul ilə borclarını vermişdir. Ağabalaya isə işi üçün qalan pulu da bitirməsini demişdir. Bundan sonra Ağabala Asan Xidmət Mərkəzində işə düzlməsinə köməklik göstərməsi üçün 800 manat, 130 manat, 1000 manat, 800 manat, 30 manat pulları da “Leobank”a məxsus plastik kartın hesabına köçürməklə ona göndərmişdir. Həmin pulları Bakı şəhərində hazırda xatırlamadığı bankomatlardan çıxararaq özü üçün xərcləmişdir. Ağabalaya isə işi həll edəcəyinə söz vermişdir. Lakin Ağabalanı “ASAN Xidmət” mərkəzinə işə düzəltmək üçün hər hansı bir iş görməmiş, heç kimlə bu barədə danışmamış, hər hansı vəzifəli şəxslə əlaqəsi olmamışdır. Ağabaladan pulları almaq üçün onu aldadıb Şəki “ASAN Xidmət” mərkəzinə işə düzəldəcəyinə söz verərək onun 7260 manat pulunu ələ keçirmiş və həmin pullar ilə borclarını və digər şəxsi xərclərini ödəmişdir. Ağabalaya isə 2023-cü ilin fevral ayının əvvəllərində artıq işə başlayacağını demişdir. Bir neçə gün sonra Ağabala onunla əlaqə saxlayıb işlə bağlı maraqlandıqda ona yalandan tezliklə işinin həll olunacağını və işə başlayacağını dmişdir. Lakin Ağabalanın işə düzəlməsi üçün ona heç bir köməklik göstərməmiş, həmçinin ondan aldığı pulları maddi imkanı zəif olduğu üçün hazıradək qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs aldığı pulların müqabilində onun üçün heç bir iş görmədiyini, işlə bağlı heç kimlə danışmadığını, ümumiyyətlə “ASAN Xidmət” mərkəzinə işə düzəlməsi barədə hər hansı bir məlumatının olmadığını, Ağabaladan pul almaq üçün onu işə düzəldəcəyi barədə yalan vədlər verdiyini, Zərərçəkmiş şəxs Polis Şöbəsində işlədiyini demədiyini bildirmişdir. Hazırda həbsdə olduğundan zərərçəkmiş şəxsə həmin pulu ödəyə bilmir, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayından Şəki şəhərində yerləşən “F-Garden” oteldə qeydiyyatçı vəzifəsində işləyir. “F-Garden” oteldə işdə olarkən bir nəfər adını sonradan bildiyi “Nurlan” adlı şəxs otelə yaxınlaşmış, adının Nurlan olduğunu, Polis Şöbəsində əməliyyatçı vəzifəsində işlədiyini, “F-Garden” oteldə qalmaq istədiyini ona demişdir. Onu qarşılamış və həmin gecə otelin 112 nömrəli otağında qonaq kimi yerləşdirilmişdir. Təxminən yarım saat sonra Nurlan ona çay aparmasını istəmiş, o da onun otağına çay aparmışdır. Çaydanı stolun üstünə qoyub çıxmaq istədikdə Təqsirləndirilən şəxs ondan təhsili barədə soruşmuş, ona ali təhsilli olduğunu dedikdə Nurlan, nə üçün daha yüksək maaşı olan dövlət idarələrində işləmədiyini soruşmuşdur. O isə gələcəkdə bir neçə xidmət sahələrinə imtahan verəcəyini və daha sonra aidiyyəti sahələrdə işləyəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona yüksək vəzifələrdə tanışlarının olduğunu, onların vasitəsilə onu Şəki “ASAN Xidmət” mərkəzində işə düzəldə biləcəyini demişdir. O, “ASAN Xidmət” mərkəzində işləmək istədiyini bildirdikdə Nurlan onun telefon nömrəsini götürüb işlə bağlı lazımı adamlarla danışıb ona bir söz deyəcəyini bildirmişdir. O, mobil nömrəsini ona verib sağollaşıb otaqdan çıxmışdır. Səhəri gün saat 11 radələrində Nurlan ona yaxınlaşıb işini həll edib zəng vuracağını deyərək oteldən çıxmışdır. xx.xx.2022-ci il tarixdə Nurlan onun istifadəsində olan nömrəyə zəng edib onu Şəki “ASAN Xidmət” mərkəzinə işə düzəltmək üçün bir neçə nəfər şəxslə danışdığını, işinin həll olunacağını, lakin bunun üçün 7500-8000 manat pul lazım olduğunu demişdir. Ona dəqiq söz verməmiş, valideyni ilə danışıb fikrini ona deyəcəyini bildirmişdir. Səhəri gün evdə anası İradə ilə bu barədə danışarkən Nurlan yenidən ona zəng etmiş, anası ilə birlikdə Nurlanla telefonla danışdıqda Nurlan yenidən onları yüksək vəzifələrdə tanışları olduğuna və onun işini həll edəcəyinə inandırmışdır. Telefon danışığı zamanı o, bu iş üçün 8000 manat pul lazım olduğunu deyərək, ilkin olaraq 6000 manat pul göndərməsini istəmişdir. Ona 6000 manat pulunun olmadığını bildirərək vaxt verməsini xahiş etmiş və ilkin olaraq 500 manat göndərə biləcəyini demişdir. O, razı olmuş və Bakı şəhərində olduğunu bildirərək ona hesab nömrəsi verib pulu həmin hesaba köçürməsini demişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Şəki şəhərində yerləşən Akel Petrolun yanındakı mağazadakı “Milliön” vasitəsilə Nurlanın ona verdiyi hesab nömrəsinə 500 manat pul göndərmişdir. Pulu köçürən zaman həmin hesabın X4 məxsus olduğunu bilmişdir. Təxminən yarım saat sonra Nurlan ona zəng edib pulu götürdüyünü, qalan pulu da tapmasını demişdir. Ona bir neçə gün möhlət verməsini xahiş etmişdir. Həmin vaxta qədər aldığı maaşlardan 1000 manat pul bitirsə də, Nurlanın dediyi məbləği bitirə bilməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nurlan ona zəng edib işi həll etdiyi yerdən həmin iş üçün 4000 manat pul istənildiyini və həmin pulun mütləq verilməli olduğunu demiş, Bakı şəhərində olduğunu deyərək pulu həmin hesaba köçürməsini istəmişdir. O da, Şəki şəhərində Akel Petrolun yanındakı mağazada yerləşən Milliön vasitəsilə Nurlanın ona dediyi hesab nömrəsinə 4000 manat pul göndərmişdir. Təxminən 5 dəqiqə sonra Nurlana zəng edib 4000 manat pulu göndərdiyini dedikdə o, pulun ona çatdığını bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixədək olan müddətdə onu “ASAN Xidmət” mərkəzinə işə düzəltmək üçün xx.xx.2022-ci il tarixdə 800 manat, 130 manat, 1000 manat, 800 manat və 30 manat olmaqla cəmi 7260 manat pulu ondan almış, həmin pulların hamısını Nurlanın ona dediyi X4 məxsus hesab nömrəsinə Şəki şəhərində Akel Petrolun yanındakı mağazada yerləşən Milliön vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs ona 2023-cü ilin fevral ayında Şəki “ASAN Xidmət” mərkəzində işə başlayacağını dediyi üçün bir neçə gün gözləmiş, hər dəfə Nurlanla danışıb işlə bağlı soruşarkən o, düzələcəyini deyib müxtəlif bəhanələr etməyə başlamışdır. Daha sonra Nurlan onun zənglərinə cavab verməmiş, belə olduqda xx.xx.2023-cü il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs onu işə düzəldəcəyinə söz verib aldadaraq ondan 7260 manat pul aldığını, lakin vədinə əməl etmədiyini bildirmişdir.Sonda zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini və ödənilməsinə heç bir cəhd də göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2r oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynı olmaqla qohum kimi onunla yaxın münasibəti vardır. xx.xx.2022-ci il tarixdə Ağabala ona zəng edərək Şəki şəhərində Təqsirləndirilən şəxs adında əməliyyatçı olduğunu və onun köməkliyi ilə Şəki “ASAN xidmət” mərkəzinə işə düzəlmək istəyir. İşə düzəlmək üçün Təqsirləndirilən şəxs ondan 8000 manat pul istəyib. İlkin olaraq 1000 manatının olduğunu 3000 manat da olsa 4000 manat göndərmək istədiyini bildirmişdir. Bundan sonra Ağabalaya 3000 manat borc vermişdir. Bir müddət sonra Ağabalaya zəng edib işinin nə yerdə olduğunu soruşduqda Nurlan işin biraz ləngiməsini bildirmişdir. Bundan sonra Ağabalaya həmin adam kimdirsə onu aldatdığını polisə müraciət etməsini tövsiyyə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Qəbzlərdən göründüyü kimi “Leobank”a məxsus X3 adına olan 6030 7653 saylı hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə, saat 11:47-də 500 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:45-də 4000 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:36-da 130 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:31-də 1000 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:36-da 800 manat və xx.xx.2023-cü il tarixdə, saat 14:16da 30 manat pul “Millön” və “eManat” vasitəsilə köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 daxil olmuş məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 11 may 2023-cü il tarixli, 262 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. “Axtarışda olan şəxsin tutulması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilib, Şəki Şəhər Rayon Polis Şöbəsinin İB-nin xx.xx.2023-cü il tarixli ********* nömrəli qərarı əsasında istintaqdan yayındığından barəsində Şəki ŞRPŞ-si tərəfindən 24 .02.2023-cü il tarixdə 820907 nömrəli axtarış işi açılmış, xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi ərazisində yeri müəyyən olunaraq tutulub, Şəki ŞRPŞ-nə gətirilib İstintaq Bölməsinə təhvil verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4 (075)-22/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 05 aprel 2023cü il tarixli, 4 (107)-34/2023 nömrəli qərarı ilə Şəki rayon məhkəməsinin qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1 (101)-226/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü, 66.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 06 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli tutulduğu 28 mart 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 1 (103)-1310/2023 nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1 (101)-226/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirilən şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İş üzrə verilmiş əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 313109/2-8140/23 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Şəki ASAN Xidmət mərkəzinə işə düzəltməsinə köməklik göstərəcəyi barədə yalan vədlər verib aldadaraq 7260 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirərkən kənar şəxslərin iştirakının olmasını və ələ keçirdiyi pulu harada xərcələməsini keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 08 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, növbəti iclaslarda Rusiya Federasiyasında olmağını nəzərə alaraq növbəti məhkəmə iclasında iştirak edə bilməyərək, Təqsirləndirilən şəxs tərəfindən 7260 manat maddi ziyanın yarısı qaytaracağı təqdirdə ondan şikayət və tələbi olmayacağını bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. O, məhkəmədə özünü təqsirli bilməsə də məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan digər sübutlarla bu əməlin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.4, 234.1 və 234.4.3, 66.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 06 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan arayışdan görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda həmin ünvanda yaşamır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən ittiham olunan əməldə göstərilən hərəkətləri etməyə meylli olmasını, ibtidai istintaq və məhkəmə dövründə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün heç bir cəhd göstərməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməli üçün nəzərdə tutulmuş ən ciddi cəza növü – müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm cəzanın məqsədlərini təmin edə bilər, həm də sosial ədalətin bərpasına və Təqsirləndirilən şəxs islah olunmasına xidmət edər. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) və himayəsində iki azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1 (101)-226/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü, 66.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 06 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzayala qismən toplanılmalı (CM-66.5), cəza çəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə hesablandığı vaxtdan 28 mart 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun tutulduğu 3 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1 (101)-226/2023 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il, 11 (on bir) 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1 (101)-226/2023 nömrəli hökmünə əsasən tutulduğu 28 mart 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar