Məhkəmə qərarları › İş №1(075)-72/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-72/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-72/2024 02.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədilə xeyli miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədilə xeyli miqdarında, yəni təmiz çəkisi 1,472 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 26 aprel 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün Şəki şəhəri Nizami küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, həmin gün saat 04:04 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol iç cibindən bir ədəd sellofan bükümdə içərisində xeyli miqdarda, təmiz çəkisi 1,472 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən gecə saat 23:00 - 00:00 radələrində onun mobil telefonuna zəng gəlmiş, telefonu açdığı zaman görmüşdür ki, zəng vuran polis əməkdaşıdır. O, iti ilə birlikdə çöl qapılarından çıxan kimi polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsinə aparılmışdır. Polis əməkdaşları onu 48 saatdan sonra buraxılacağını bildirsələr də buraxmamışlar. O, 2019-cu ildən sonra narkotik vasitə almamış, istifadə etməmişdir. Onun mobil telefonuna zəng edən polis əməkdaşının onunla ədavəti vardır. Belə ki, keçmişdə qardaşını da tutdurmuşdur. Polis əməkdaşları onu saxlayan zaman 48 saatdan sonra buraxacaqlarını bildirmişlər, lakin buraxmamışlar. O, nə üçün tutulduğunun səbəbini bilmir. Bildirmişdir ki, ibtidai araşdırma zamanı vermiş olduğu ifadəni qəbul etmir. Həmin ifadəni polis əməkdaşları demiş, o da yazmışdır. O, azadlıqdan məhrumetmə cəzasını başa vurub azadlığa çıxdıqdan sonra narkotik vasitəni tamamilə tərgitmiş, ümumiyyətlə istifadə etməmişdir. Lakin ekspert rəyində onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmişdir. Bildirmişdir ki, onun mobil telefon məlumatları araşdırılmış, lakin polis əməkdaşından onun mobil telefonuna gələn sonuncu zəng göstərilməmişdir. Onun mobil telefon məlumatlarında göstərilən zənglər özünün qohumları və tanışlarıdır. Bildirmişdir ki, o, azadlığa çıxdıqdan sonra narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Vüqar adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, o və Şəki ŞRPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenanatı Şahid1 tərəfindən əməlliyyat tədbirləri keçirilmiş, həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onlar əməlliyyat tədbiri keçirərək təxminən gecə saat 03:00 - 04:00 radələrində Şəki şəhəri, Nizami küçəsi ərazisində həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsini bildirib, polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getmişdir. Şəki ŞRPŞ-də təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində həmin narkotik vasitəni itini gəzdirən zaman tapdığını bildirmişdir. Onlar əməliyyat tədbirləri keçirilən zaman iki nəfər, yəni o və Şahid1 olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunli ifadə verərək bildirmişdir ki, o, Şəki ŞRPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Vüqar adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı şöbə rəhbərliyinə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri nəticəsində həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmuşdur. O və Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyat axtarış tədbirləri keçirərək, gecə saat 03:00 - 04:00 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri Nizami küçəsində saxlayaraq özlərini təqdim etmiş, polis şöbəsinə dəvət etmişlər. Şəki ŞRPŞ-də onun üzərinə axtarış aparılan zaman narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində HK-1/694 nömrəli material əsasında fakt üzrə CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:55-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində şəxsi axtarış aparılması, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya, eləcə də narkotik vasitə aşkar edilərsə götürülməsi qərara alınmışdır. - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf rəngli bükümdə, təmiz çəkisi 1,472 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X4 xx.xx.2024-cü il tarixli, 3- 16-16-2-17/395 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 1,472 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubliksının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-34/2024 saylı qərarının surətindən görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Psixatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 422 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə 242 M “A” bəndi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.1997-ci il tarixli amnistiya qərarının 3cü maddəsinə əsasən azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinib 01 il, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(075)-15/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1072 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Onun hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 18-1-71/2-951/2024 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə “opoidlərin sui istifadəsi nəticəli, asılılıq sindromu” diaqnozu ilə “Şəki Rayon Mərkəzi Xəstəxanasının” X6 poliknika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatındadır. - Şəki şəhəri İcra Hakimiyyəti İpəkçi, Nuxa Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Mobil nömrələrə daxil olan zənglərə və SMS mətnlərinə dair daxil olmuş məlumata baxış keçirilməsi haqqında 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respubilkası CM-nin 234.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsinə 01 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin, eyni zamanda qeyd edilən mobil nömrəyə daxil olan və çıxan SMS-lərin mətninin, daxil olan və çıxan zənglərə dair mobil nömrələrin sahiblərinin anket məlmatlarının ələ keçirilməsi məqsədi ilə Şəki Rayon Məhkəməsi qarşısında vəsatət qaldırılmış, vəsatət və təqdimat təmin edilərək Şəki Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarı əldə edilərək icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC\LGL-8345/24 nömrəli məktubu ilə ***-***-**-** mobil nömrəyə dair məlumatlar 1 ədəd diskdə istintaqa təqdim edilmişdir. Həmin 01 ədəd “CD” disk “LG” markalı kompyuterə daxil edilərək baxış keçirilmiş, baxış zamanı “Mexsusluq_Tarixcesi__555269696” faylı açıldıqda həmin fayılda ***-***-**-** mobil nömrəsinin ünvan 5 ünvanında qeydiyyatda olan X3 adına olduğu, “mushteri zenglerinin detallashmasi_MSİS” faylı açıldıqda həmin faylda ***-***-**-** mobil nömrəsinin 03.042024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif nömrələrdən zəng qəbul etdiyi və zəng olunduğu, həmin müddət ərzində ***-***-**-** mobil nömrəsinin “Sheki_20 yanvar/Şəki şəhəri, Şərablar küç 72/Shaki/”, “Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/”, “PANSİONAT Hotel/Şəki şəhəri, Salman Mümtaz küçəsi, Sahil Otelin arxası Pansionat otel/Shaki/”, “Shaki BSC/Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a/Shaki/” anten dairələrini əhatə etməsi müəyyən edildi. “Zenglerin Mexsusluq Tarixceleri_MSİSD” faylı açıldıqda həmin faylda nömrə istifadəçilərinin anket məlumatlarının qeyd olunduğu, ***-***-**-** mobil nömrəsinin ünvan 6 ünvanında yaşayan Ayaz Abubəkirova, ***-***-**-** mobil nömrəsinin ünvan 7 ünvanında yaşayan Eldar Hüseynova, ***-***-**-** mobil nömrəsinin Şəki, şəhəri, M.S.ünvan 8 ünvanında yaşayan Cavanşir Rzayevə, ***-***-**-** mobil nömrəsinin ünvan 9 ünvanında yaşayan Dilarə Məsimovaya, ***-***-**-** mobil nömrəsinin ünvan 10 ünvanında yaşayan Arzu Orucovaya, ***-***-**-** mobil nömrəsinin ünvan 1 ünvanında yaşayan İlham Rəsulova, ***-***-**-** mobil nömrəsinin ünvan 12 ünvanında yaşayan Aynur Məsimovaya, ***-***-**-** mobil nömrəsinin ünvan 13 ünvanında yaşayan Elşən Kazımova, ***-***-**-** mobil nömrəsinin ünvan 14 ünvanında yaşayan Şamxal Məmmədova məxsus olduğu müəyyən edildi. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-60/2024 saylı qərarının surətindən görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla 15 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində azadlıqdan məhrum etmə cəzasını başa vurub azadlığa çıxdıqdan sonra narkotik vasitədən ümumiyyətlə istifadə etmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin onun olmadığını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilinin və digər şahidlərin iştirakı ilə onun üzərində baxış keçirildiyini, həmin vaxtı üzərindən aşkar olunan narkotik vasitəni iti ilə gəzən zaman yerdən tapdığını təsdiq etmiş, həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilməklə o, həmin hadisələrin nəticəsini dərk etməklə heç bir etirazını bildirməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünün olmasını etiraf etməsinə dair sonradan cinayət işinin istintaqı aparılan zaman da, buna heç bir etiraz etməyərək hər hansı bir müraciəti və ya şikayəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan - 26 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı, iş üzrə maddi sübut kimi tanınaraq Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, 1,422 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 71,94 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı 26 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və Şəki RMX X6 Poliknika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 1,422 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar