Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-74/2023 03.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Köndələn kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 475,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq Şəki rayonu, Köndələn kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin zirzəmisində sandığın içərisində gizlədərək saxlamış, 01 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 17:11 dəqiqədən başlayaraq Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu, Köndələn kəndində yerləşən fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman həmin evin zirzəmisindəki sandığın içərisindən sellofan torbada olan təmiz çəkisi 475,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ilk dəfə narkotik vasitədən təxminən üç il bundan əvvəl yaşadığı kənddə istifadə etmişdir. 2021-ci ilin sentyabr ayında özü tək yaşadığı kənddən çıxıb kəndin yaxınlığında yerləşən “Qarbasan” adlanan əkin sahəsinə gedərkən yolun kənarında kolların arasında yabanı halda yetişmiş çətənə kollarını görmüş, hərdən nəşə istifadə etdiyi üçün həmin çətənə kollarını yığıb yaşadığı evə aparıb saxlamaq qərarına gəlmişdir. Bunun üçün ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra çətənə kollarına yaxınlaşıb uc hissəsində olan yarpaqlarını qoparıb üstündə olan sellofan torbanın içərisinə yığmışdır. Axşam saatlarında sahədən yaşadığı evə qayıtmış və bir başa evin zirzəmisinə gedib ailə üzvləri və digər şəxslər görmədən narkotik vasitəni orada gizlətmişdir. Bu barədə heç kimə heç nə deməmişdir. 01 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində və yaşadığı evdə narkotik vasitə olmasına dair məlumat olduğunu demişlər və yaşadığı evə baxış keçirilməsinin zəruriliyini izah etmişlər. O, razı olmuş və etirazının olmaması barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə evə baxış keçirilmiş və yaşadığı evin zirzəmisində sandığın içərisində gizlətdiyi narkotik vasitə olan çətənə bitkisini təqdim etmişdir. O, aradabir həmin narkotik vasitədən istifadə edir, ancaq heç zaman narkotik vasitə satmamış, digər formada kiməsə verməmiş və belə bir məqsədi də olmamış, həmin narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 01 aprel 2023-cü il tarixdə xidmətdə olan zaman həmin tarixdə “Tərlan” adlı şəxsin Şəki rayonu Köndələn kəndində özünə məxsus evdə narkotik vasitə saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumat barədə raportla işlədiyi Şəki ŞRPŞ rəisinə məruzə etmişdir. Bundan sonra əməliyyat axtarış tədbiri keçirilməsi barədə tapşırıq verilmiş, bununla əlaqədar o, dərhal həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat məlumatının yoxlanılmasına rəhbərlik ona və həmin tədbirdə iştirak etmək üçün ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Toğrul Mustafazadənin əməliyyat qrupunun üzvü olması barədə əmrlə tapşırılmışdır. Həmin gün təhqiqatçı Nicat Nərimanlı, əməliyyat müvəkkili Toğrul Mustafazadə və Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Qiyam Səfərəliyev ilə birlikdə Köndələn kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Orada təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsində şübhəli olduğunu izah etmiş və Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmiş, bir qədər sonra vəkil Müdafiəçi həmin ünvana gəlmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni harda saxlamasını göstərməklə təqdim etməsi xahiş olunmuş, o, yaşadığı evin zirzəmisində narkotik vasitə saxladığını bildirmiş və narkotik vasitəyə bənzər kütləni saxladığı yerə gedərək sandığın içərisindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş və bundan başqa heç bir yerdə narkotik vasitə olmadığını bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxdıqda narkotik vasitəyə bənzər yaşıl kütlənin olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütləni nə vaxt, haradan yaxud kimdən hansı məqsədlə əldə etməsini, yaşadığı evin zirzəmisində saxlamaqda məqsədi, başqa yerdə narkotik vasitə saxlayıb saxlamadığı barədə sual verildikdə o, həmin yaşıl kütlənin narkotik vasitə olduğunu və 2021-ci ilin yay aylarında yaşadığı evin yaxınlığındakı sahədən özü istifadə etmək üçün yığdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Bundan sonra narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2007-ci ildə ailə həyatı qurmuşlar və iki övladları vardır. Tərlan normal ailə başçısı olmaqla, övladlarının və onun qayğısına qalır. O, özünə məxsus “Zil” markalı yük maşını ilə yük daşımaqla, eyni zamanada təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Tərlan spirtli içkiyə meyilli olmamaqla, narkotik vasitə istifadə etməsini görməmişdir. 01 aprel 2023-cü il tarixdə övladları ilə birlikdə Baş Göynük kəndində olarkən polis əməkdaşları tərəfindən Köndələn kəndində yaşadıqları evə baxış keçirilərək zirzəmidən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Tərlan polis əməkdaşları tərəfindən şöbəyə aparılmışdır. Yaşadıqları evin zirzəmisindən hərdən müəyyən əşyaları götürümək üçün istifadə etdiyini və orada narkotik vasitə görməmişdir. Tərlanın evin zirzəmisində narkotik vasitə olması barədə ona heç nə demədiyini, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, eyni zamanda narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:50-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 15:25-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İnvitro MMC-nin xx.xx.2023-cü il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki. Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda ‘‘Marixuana (THC)" qəbulu faktı aşkar edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx.xx.2023cü il tarixli protokoldan və hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD diskdən görünür ki, təhqiqatçı, polis baş leytenantı X1 Tərlan Mövlan oğlunun yaşadığı Şəki rayonu Köndələn kəndində yerləşən evin zirzəmisindəki sandığın içərisindən sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/300 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “H.Tərlan Mövlan oğlunun yaşadığı evdən aşkar olunmuş n/v-yə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış 01 ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi – 475,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli, 623 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələrin mənbəyinin, narkotik vasitəni hardan və kimdənsə alması, kimlərlə birlikdə narkotik vasitə istifadə etməsi, başqa cinayətlərdə iştirakının olub-olmaması, kimlərə narkotik vasitə satması, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olubolmaması, həyat tərzi, maraq dairəsi, spirtli içkilərə meyilli olub-olmaması, yaxın münasibətdə olduğu şəxslərin əhatə dairəsininin müəyyən edilməsi mümkün olmamışdır. Bu istiqamətdə tədbirləri davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəkdir. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, onun evindən aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,474,90 qram çəkidə olan marixuana maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə və hadisə yerinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki Şəhər İcra Hakimiyyəti Başçısnın Aşağı X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Köndələn kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur və ailə üzvü dörd nəfərdən ibarət olmaqla himayəsində bir azyaşlı övladı vardır. Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 25 aprel 2023-cü il tarixli 357 nömrəli məktubdan görünür ki, Şəki rayonu Köndələn kəndində yaşayan 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki rayon MX-nın PHŞ-in həkim narkoloqu tərəfindən göndərilmiş siyahıya əsasən Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur və müraciət etməmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 12 aprel 2023-cü il tarixli 542 nömrəli məktubdan görünür ki, Şəki rayonu Köndələn kəndində yaşayan 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) və himayəsində bir azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 623 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 474,90 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34,55(otuz dörd manat əlli beş qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 474,90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-74/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-74/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver