Məhkəmə qərarları › İş №1(075)-77/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-77/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-77/2025 05.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, iştirakı ilə, xx.xx.1999-cu ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən cinayət əməlini törətmişdir. Belə ki, o, 20 yanvar 2025-ci il tarixdə saat 10 radələrində Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 139-cu kilometrliyində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası X1 məxsus VAZ 21074 markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormuzlama, manevr və sair) yolun hərəkət hissəsi ilə təhlükəsiz və dayanıqlı təmin etməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq avtomobilin dayanıqlı hərəkətini təmin etməyərək, idarəetməni itirib avtomobili yoldan çıxararaq yolun sağ kənarında olan iri gövdəli ağaca vuraraq, ehtiyatsızlıqdan avtomobildə olan sağ ön oturacaqda oturmuş sərnişin Zərərçəkmiş şəxs sağ bazu sümüyünün orta 1/3-nin sınığı və alın nahiyyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, o, VAZ 21074 markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. 19 yanvar 2025-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ona zəng edərək Şəki rayonu Aşağı Küngüt kəndində olduğunu bildirərək səhər onu həmin yerdən götürüb Şəki şəhərinə aparmasını ondan xahiş etmiş, o da Turala heç bir etiraz etməyək səhər tezdən gəlib götürəcəyini bildirmişdir. 20 yanvar 2025-ci il tarixdə səhər saatlarında o, avtomobili ilə yaşadığı evdən çıxaraq Şəki rayonu Aşağı Küngüt kəndinə getmiş, Tural avtomobilə mindikdən sonra Şəki şəhəri istiqamətində getməyə başlamışdır. Həmin vaxt Tural sağ ön oturacaqda oturmuşdur. Kəndin içərisi ilə gəlib magistral yola çatmağa təxminən 500 metr qalmış bir yeniyetmə oğlan əl edərək Şəki şəhərinə getmək istədiyini bildirmiş, o, etiraz etmədikdə oğlan arxa oturacaqda oturmuşdur. Magistral yola çıxdıqdan sonra saat təxminən 10 radələrində o, Şəki rayonu Baş Küngüt kəndinə dönən yeri keçdikdə avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Həmin vaxtı o, qarşıdan gələn ağ rəngli markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomobilin orta xəttin üzərində gəldiyini görmüşdür. Həmin avtomobilin onun avtomobilini vuracağından ehtiyat etdiyindən sükanı sağa çəkmiş, həmin anda birinci avtomobilin sağ ön təkəri ehtiyat hissəyə çıxmış, o, sükanı sola etdiyində arxa təkər ehtiyat hissəyə düşdüyündə tormuzlama etmişdir. O, avtomobilinin yolun sağında olan ağac istiqamətində getdiyini görərək Turalın oturduğu istiqamətdən zərbə olmaması üçün sükanı yenidən sağa çəkmişdir. Bundan sonra avtomobili sürüşərək sağ tərəfdə olan ağaca çırpılmış və yerində fırlanaraq dayanmışdır. Arxada oturan oğlan avtomobilin qapısını açaraq yerə düşmüş, o, həmin şəxsdə hər hansı xəsarət olmasını görməmişdir. Onun ayağı əzilmiş avtomobildə sıxışdığından yerə düşə bilməmişdir. Həmin vaxt yoldan keçən avtomobillər onlara kömək etmək üçün dayanmış və Turalla onu avtomobildən çıxarmışlar. Onun ayağında güclü ağrılar olduğundan o, yeriyə bilməmiş, Tural da sağ qolunun ağrıdığını bildirmişdir. Ətrafa toplaşan şəxslər təcili yardım avtomobilinin gəlməsini gözləmədən Turalla onu xatırlamadığı yol keçən avtomobillərin birinə mindirərək xəstəxanaya yola salmışlar. Xəstəxanada həkimlər onlara ilkin yardım göstərdikdən sonra o, sağ ayağının, Turalın isə sağ qolunun qırıldığını bilmişdir. Həmin vaxtı arxa oturacaqda oturan oğlanın da orada olduğunu görmüşdür. Həkimlər həmin şəxsdə hər hansı xəsarət olmadığını bildirmişlər. Onlara lazımi yardımlar göstərildikdən sonra onları evə buraxılmışlar. O, zərərçəkmiş şəxslər barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 yanvar 2025-ci il tarixdə o, Şəki rayonu Aşağı Küngüt kəndinə qonaq getmiş, gecə orada qaldıqdan sonra 20 yanvar 2025-ci il tarixdə keçmiş iş yoldaşı Samirə zəng edərək kənddə olduğunu bildirmişdir. Samir də ona özünə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 21074 markalı avtomobili ilə gəlib onu götürəcəyini demişdir. Bir qədər sonra Samir kəndə gəldikdə o, Samirin avtomobilində sağ ön oturacaqda oturmuşdur. Onlar kəndin içərisi ilə getdiyi zaman adını bilmədiyi bir yeniyetmə oğlan Samirə avtomobili saxlaması barədə işarə verdikdə Samir avtomobili saxlamış, həmin oğlan Şəki şəhərinə getmək istədiyini bildirmiş, Samir heç bir etiraz etmədiyindən oğlan avtomobilə oturmuşdur. Onlar magistral yolla gedərək Baş Küngüt kəndinin girişini keçdikdən bir qədər sonra qarşıdan ağ rəngli avtomobilin üzərilərinə gəldiyini görmüşdür. Samir qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sükanı sağa çəkmişdir. Həmin vaxtı avtomobil idarəetmədən çıxaraq sağa-sola hərəkət etmişdir. Samir də avtomobili saxlamaq üçün tormuz etmişdir. Avtomobil isə dayanmayaraq sürüşə-sürüşə gedib yolun sağında olan ağaca çırpılmışdır. Zərbədən sonra avtomobilin arxası sola fırlanaraq dayanmışdır. Arxa oturacaqda oturan oğlan heç bir xəsarət almadığından avtomobildən özü düşmüş, onun isə sağ qolunda güclü ağrılar olmuşdur. O, avtomobilin qapısını açmaq istəsə də aça bilməmiş, ətrafa toplaşan şəxslərin köməkliyi ilə o, avtomobildən çıxmışdır. Samirin də ayağı avtomobildə sıxışıb qaldığından avtomobildən çıxa bilməmiş, ətrafa toplaşan şəxslərin köməkliyi ilə avtomobildən çıxmışdır. Bundan sonra ətrafa toplaşan şəxslər onları yol keçən avtomobillərlə xəstəxanaya yola salmışlar. Orada həkimlər onu müayinə edərkən onun sağ qolunun, Samirin isə sağ ayağının qırıldığı müəyyən olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 yanvar 2025-ci il tarixdə o, şəxsi işləri ilə bağlı Şəki şəhərinə getməli olmuş, evdən çıxaraq dayanacaqda Şəki şəhərinə getmək üçün avtomobil gözləməyə başlamışdır. Bu zaman qırmızı rəngli VAZ 2107 markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil gəldiyini görərək əl ilə saxla işarəsi vermişdir. Avtomobil saxladıqda o, sürücüyə Şəki şəhərinə getmək istədiyini bildirmiş, sürücü ona avtomobilə oturmasını demişdir. Sağ ön oturacaqda orta yaşlı kişi oturduğundan o, avtomobildə arxa sol tərəfdə oturmuşdur. O, avtomobilə oturduqdan sonra qulağına qulaqcıqları taxaraq telefona baxmışdır. Bu zaman avtomobil zərbə ilə harasa çırpılmış və zərbə anında o, bir anlıq huşunu itirmişdir. Özünə gələn kimi avtomobilin qapısını açaraq yerə düşmüşdür. Həmin vaxtı artıq yol keçən avtomobillər də saxlayaraq onlara köməyə gəlmişlər. Həmin vaxtı o, avtomobilin yolun sağ kənarında olan ağaca dəyməsini görmüşdür. Qabaq oturacaqda oturan şəxslər avtomobildə sıxıldıqlarından yerə düşə bilməmişlər. Ona görə də ətrafa toplaşan şəxslər sürücü ilə sərnişinə köməklik edərək onları avtomobildən düşürmüşlər. Birinci avtomobilin sürücüsünün vəziyyəti ağır olduğundan onu yol keçən avtomobillərin biri ilə xəstəxanaya yola salmışlar. Daha sonra avtomobilin sağ ön oturacağında oturan sərnişini yol keçən avtomobillərin biri ilə xəstəxanaya yola salmışlar. Yolda təcili yardım avtomobili onların getdiyi avtomobillə qarşılaşdığından onlar təcili yardım avtomobilə minərək Şəki rayon xəstəxanasına getmişlər. Orada onu müayinə etmiş, onda heç bir xəsarətin olmaması müəyyən olunmuş, onun heç bir xəsarəti olmadığından onu evə buraxmışlar. Sürücünün ayağının, sərnişinin isə qolunun qırıldığını görmüşdür. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, "xxxx" MMC-də işləmişdir. 19 yanvar 2025-ci il tarixdə Tural öz ailəsi ilə birlikdə Şəki rayonu Aşağı Küngüt kəndinə getmiş, səhəri gün isə özü gələcəyini bildirmişdir. 20 yanvar 2025-ci il tarixdə saat təxminən 11 radələrində o, evdə olduğu zaman Tural həyətdən onu çağırmış, Turalın səsinə çölə çıxdıqda Turalın qolunda sarğı olduğunu və boynundan asılı vəziyyətdə olduğunu görmüşdür. O, Turaldan nə baş verdiyini soruşduqda X6 kəndindən evə gəldiyi zaman gəldiyi avtomobilin yol-nəqliyyat hadisəsi törətdiyini və həmin hadisə nəticəsində xəsarət aldığını bildirmişir. O, sonradan bilmişdir ki, Tural tanışı taksi kimi işləyən Samirdən özünü Şəki rayonu Aşağı Küngüt kəndindən Şəki şəhərinə gətirməsini xahiş etmiş, Samir gedib Turalı gətirdiyi zaman Şəki rayonunda magistral yolda avtomobilin idarəetməsini itirərək yolun sağında olan ağaca vurmuş, baş vermiş hadisə nəticəsində Turalın qolu, Samirin isə ayağı qırılmışdır. Eyni zamanda həmin vaxtı avtomobildə bir nəfər cavan oğlanın da olduğunu, lakin həmin şəxsin heç bir xəsarət almadığını eşitmişdir. Turalın qolundakı xəsarət ciddi olduğundan sağlamlığını tam bərpa etməmişdir. Onlar Turalın qolunda olan xəsarətlərə görə Qəbələ rayonunda əməliyyat etdirmişlər, yol- nəqliyyat hadisəsini törədən Samir adlı şəxs isə bu günədək onlara dəymiş zərəri ödəməmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - 20 yanvar 2025-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolundan məlum olur ki, hadisə baş verən ərazi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 139-cu kilometrliyindədir, maksimum icazə verilən sürət həddi 90 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamar və düzdür, qurudur. Yol-nəqliyyat hadisəsi VAZ 2107 markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirərək yolun sağ ehtiyat hissəsinə çıxması və yol kənarında olan ağaca dəyməsi nəticəsində baş vermişdir. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sol kənarında eni 2.5 metr sağ kənarında isə eni 2.5 metr enində yol çiyni vardır. Yolda hərəkət hissədə sağa meyillənmiş 7 metr, yol çiynində isə avtomobil maneəyə dəyənə kimi 5 metr tormuz izi vardır. VAZ 2107 markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil Oğuz rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olmuş, VAZ 2107 markalı avtomobil yolun sağından 1.2 metr soluna doğru olan hissəsindən sağa doğru meyillənmiş və yolun sağ kənarından 3.2 metr məsafədə olan ağaca çırpılmışdır. - xx.xx.2025-ci il tarixli 077 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. - xx.xx.2025-ci il tarixli 23 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər: sağ bazu sümüyünün orta 1/3-nin sınığı və alın nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/313 nömrəli yol-nəqliyyat hadisələri ekzpertizası rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2107 markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-33220/2025 saylı məktubundan məlum olur ki, DİN-in Baş X7 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 701359 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - Şəki şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin “Ağvanlar” məhəllə nümayəndəsi tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Otaq Eşik küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayır, barəsində şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 03 fevral 2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində az ağır bədən xəsarəti almış Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olubolmamasının müəyyən edilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 85 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış VAZ 21074 markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsinəzərə alınmalıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34STRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21074 markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsnın əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar