Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-78/2024 02.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 müdafiəçisi X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, müdafiəçiləri X1 və X5 iştirakları ilə, X11 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə X9 20 avqust 2024-cü il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X14 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, çoxsaylı kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə barəsində böhtan xarakteli məlumatları yayaraq, habelə onu nüfuzdan salan, onu ağır cinayətdə ittiham elməklə barəsində böhtan xarakteli məlumatları yayaraq onu təhqir etdiyinə görə xx.xx.1965-ci il tarixdə Şəki şəhərində anadan olmuş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi, onun keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, onların fərdi xüsusiyyətlərini, cəmiyyətdə müəyyən nüfuza malik olduğunu nəzərə alaraq X2 mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat miqdarında pulun və ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 70 (yetmiş) manat məbləğdə pul vəsaitinin onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur, 1985-ci ildən ailəlidir, 2 qız övladı var və hər iki qızı ali təhsillidir. 1987-ci il tarixdən “Azər Kooperasiya” müəssisəsini qurmuş və həmin tarixdən müəssisənin rəhbəridir. Həmin müəssisədə tütün məmulatlarının istehsalı ilə məşğul olur və həmin müəssisədə çoxlu sayda işçisi var. İşlədiyi bu illər ərzində işçiləri də daxil olmaqla rayon daxilində, habelə respublikada, o cümlədən respublikadan kənarda hörmət qazanmışdır. Bu illər ərzində ona müraciət edən şəxslərə daima öz maddi və mənəvi yardımını əsirgəməmişdir. Bu səbəbdən Şəki sakini olan Etibar adlı şəxsin vasitəsi ilə 1991-ci il tarixdən X11 ilə tanış olmuşdur. Etibar adlı şəxs yanına gələrək demişdir ki, onun qohumunu dəlixanaya salıblar, ona köməklik etsin. Belə olub onunla birlikdə xəstəxanaya getmişdir. Həmin vaxt orada Sevil Səlimova olmuş və köməkliyi ilə Sevil Səlimovanın anası Səyyarəni xəstəxanadan çıxarıb yaşadığı evə gətirmişdir. Onların maddi imkanlarının pis olması səbəbli onlara maddi köməklik etməyə başlayaraq Səyyarənin yaxşılaşması üçün daima onunla maraqlanmışdır. Bu müddətdə Sevil Səlimova ilə aralarında səmimi münasibətlər başlamışdır. Bu münasibətlər əsnasında Sevil Səlimova yerli-yersiz iş yerinə gəlməyə başlamış, telefonuna zəng edərək nə iş görməyi ilə maraqlanmağa başlamış, hətta kiminləsə haradasa oturub yemək yediyi zaman zəng edib yanında kimlərin olması ilə maraqlandıqda onun bu kimi hərəkətlərindən xoşlanmadığını bildirdikdə onu təhqir etməyə başlamışdır. Bu səbəbdən onun zənglərinə cavab verməmək qərarına gəlmişdir. Xeyli müddət sonra, yəni 2019-cu ilin yay aylarında Sevil Səlimova onun iş yerinə gələrək, əlində bıçaqla iş otağına girib “nəyə görə telefonuma cavab vermirsən, səni öldürəcəyəm” deyərək üzərinə hücum etmişdir. Həmin vaxt iş otağında ondan başqa işçiləri də olmuşdur. Bundan əlavə Sevilin əlindən bıçağı zorla alanda bıçaq barmağını kəsmiş və həmin vaxt işçiləri əlindən qan axdığının şahidi olmuşlar. Olanlardan sonra ondan uzaqlaşaraq, bir daha onu narahat etməməsini bildirmişdir. Lakin bir müddət sonra yenə də Sevil müxtəlif nömrələrdən ona zəng vurub narahat etməyə başlamışdır. Sevil bu kimi xoşagəlməz hərəkətləri ilə işlədiyi müəssisədə, rayon əhalisi arasında, habelə respublikada onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymışdır. Dəfələrlə barəsində müvafiq orqanlara yersiz, əsası olmayan şikayətlər etməklə onun iş fəaliyyətinə maneələr yaratmış, onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirmək üçün yalanlarından usanmamışdır. 2019-cu ildən etibarən onun tərəfindən barəsində edilmiş qərəzli və yalanlarla dolu şikayətləri təmin edilməməkdədir. Belə ki, Sevil Səlimova ilk dəfə 2019-cu il tarixdə ərizə ilə Şəki ŞRPŞ-nə ona hədə-qorxu gəlinməsi, şərəf və ləyaqətinin alçaldılması, barəsində rüsvayedici məlumatlar yayılması, buna görə də intihar etmək istəməsi barədə müraciət etsə də, polis şöbəsinə ərizə və izahat verərkən əsəbi olduğunu bildirərək, hazırda Tehran və digər şəxslərdən heç bir şikayətinin olmadığını, sadəcə fikrini tam izah edə bilmədiyini, intihar etməklə bağlı hər-hansı real hərəkətə yol vermədiyinə görə də məhkəmə tibb ekspertizasından keçmək istəmədiyini bilmişdir. Araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra sadəcə fikrini tam izah edə bilmədiyini, intihar etməklə bağlı hər-hansı real hərəkətə yol vermədiyinə görə də məhkəmə tibb ekspertizasından keçmək istəmədiyini bildirən X11 Azərbaycan Respublikası Prezident Adminstrasiyasından tutmuş müvafiq orqanlara barəsində əsası olmayan oxşar şikayət ərizələri ilə müraciətlər etsə də, materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra Sevil işçisi X6 evinə gedərək onu işçisinin evində təhqir edərək onun adına, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayaraq adına qara yaxmağa, habelə gözdən salmağa çalışmışdır. Bundan əlavə Sevil Səlimova əlində bıçaqla xx.xx.2021-ci il tarixdə saat təxminə 19:20 radələrində kürəkəni Elnur Nurəlizadənin yaşadığı evə gedərək Elnur ilə mübahisə edib, küçə söyüşləri ilə Elnurun və onun ünvanına küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Elnur Sevildən onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirən təhqirlərə son qoymağı, onu da təhqir etməməyi, evindən çıxmağı tələb edərək Sevili evdən zorla çıxardandan sonra qonşulardan, ətrafda olan şəxslərdən ayıbdır deyə onun sakitliklə getməsini xahiş etdikdə, Sevil Səlimova küçəyə çıxdıqdan sonra da, küçə söyüşləri ilə onun ünvanına nalayiq ifadələrlə böhtan ata-ata, habelə Elnuru da təhqir edə-edə çıxıb getmişdir. Həmin vaxt kürəkəni Elnur nalayiq ifadələr işlədən, əlində bıçaq olan Sevilin hədə-qorxularından, onun ünvanına söylənən təhqirlərdən qorxmuş evdə olan azyaşlı nəvəsi və qızı Aliyəni başqa otağa keçirsə də, səs-haraydan, hədə-qorxulardan, təhqirlərdən onlar qorxu keçirmişlər. Bundan əlavə X18 rayonuna gedərək orada onun tütün qurutma məntəqəsində işləyən işçisi Aypara ilə onun əri Ceyhun ilə mübahisə edib, onun ünvanına, adına nalayiq ifadələr işlətmiş, onları təhqir etmişdir. Belə ki, Balakən rayonuna gedən Sevil işçiləri arasında onun işgüzar nüfuzuna xələl gətirərək, həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Bu illər ərzində Sevil Səlimova tərəfindən dəfələrlə işçilərinin gözü qarşısında təhqir olunsa da, adını ləkələmək üçün müxtəlif vasitələrlə işgüzar nüfuzuna xələl gətirsə də, qadın olduğu üçün sussa da, Sevil Səlimova dayanmaq bilmir, onu söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Sevil Səlimova 2019-cu ildən bu günə kimi təhqirlərindən əl çəkmir, hər an barəsində mənfi fikir formalaşdırmağa, onu əhatə edən şəxslərə münasibətdə pislənməyinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrə səbəb olası hərəkətləri, davam etdirir. Bütün bunların səbəbi, yenidən onunla əvvəlki kimi münasibət saxlamaq istəyindən imtina etməsidir. Əvvəlki münasibətə qayıtmayana kimi əməlindən dönməyəcəyini, onun işgüzar nüfuzuna xələl gətirəsi bütün yollara əl alacağını bildirdikdə, Səlimova Sevilə bu hərəkətlərə son qoymasını dəfələrlə ona əildirsə də, heç bir nəticəsi olmamışdır. Bu illər ərzində, xüsusilə də son zamanlar Sevil Səlimova xüsusi aktivlik göstərir. Belə ki, onun şikayətləri əsasında barəsində olan daha bilmir neçənci cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul olunduqca ona qarşı daha da aqressiv olmağa başlayır. Bundan başqa Sevil Səlimova onun barəsində kürəkəninə, qızına, ya qohumlarına təhqiramiz sözlər demiş, işçilərinin yanınca təhqir etmiş, barəsində böhtanlar söyləmişdir. 2019-cu ildən etibarən onun tərəfindən barəsində edilmiş qərəzli və yalanlarla dolu şikayətləri təmin edilməmiş və cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə X16 və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli qaynar xəttinə ********** nömrəli mobil telefondan zəng edərək onun Kiş çayının yatağında meşə massivini məhv edərək istirahət mərkəzi yaratmaq istəməsini, ağacları kütləvi şəkildə kəsməsi, qırmızı kitaba daxil olan ağacları məhv etməsi, Eldar şamlarını kəsməsi, meşə massivini dəmir darvazalarla əhatə edərək hasar kəçməsi barədə məlumat vermişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikası Ekologiya və X19 cənab Muxtar Babayevə müraciət etmiş, özündən başqa həmin ərizəni onu nüfuzdan salan, ağır cinayətdə ittiham edən məlumatları kütləvi çıxış etməsi səbəbli, Sevilin barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları çoxsaylı kənar şəxslərin eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə Azərbaycan Respublikası Ekologiya və X19 cənab Muxtar Babayevə müraciətinə imza atmış şəxsiyyətləri dəqiq məlum olmayan 16 nəfər şəxslərə də imzalatmağa nail olmuşdur. Sevil Səlimova və onun ərizəsini imzalayan şəxslərin etdikləri müraciətlər əsasında Azərbaycan Respublikası Ekologiya və “Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin” əməkdaşları tərəfindən araşdırmalar aparılmış və ona münasibətdə müraciət və ərizədə qeyd olunanların həqiqət olmamağı müəyyən olunmuş və onun əməlində hərhansı hüquq pozuntusunun olması öz təsdiqini tapmamışdır. Sevil Səlimova tərəfindən onun barəsində cinayət törətməyinə dair bilə-bilə yalan ərizə və məlumatların dövlət orqanlarına göndərilməsi birinci hal deyil. Onun cinayətkar olmaması, dövlət orqanları tərəfində aparılmış araşdırmaların nəticəsində qəbul edilmiş qərarlarla öz təsdiqini tapmışdır. Buna baxmayaraq Sevil Səlimova yenədə öz pis niyyətlərindən əl çəkmir, dəfələrlə əsassız olaraq onu cinayət təqiblərinə məruz qoymaqla rahatlığını pozmuşdur. X10 ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Sevil Səlimova ona böhtanlar atmaqla şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməklə və onu cinayətkar, həmçinin cəmiyyətə yararsız biri olaraq ictimaiyyətə tanıtmaqdadır. Bu illər ərzində Sevil Səlimova tərəfindən dəfələrlə işçilərinin gözü qarşısında təhqir olunsa da, adını ləkələmək üçün müxtəlif vasitələrlə işgüzar nüfuzuna xələl gətirsə də, qadın olduğu üçün sussa da, Sevil Səlimova dayanmaq bilmir, onu söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Sevil Səlimova 2019-cu ildən bu günə kimi təhqirlərindən əl çəkmir, hər an barəsində mənfi fikir formalaşdırmağa, onu əhatə edən şəxslərə münasibətdə pislənməyinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrə səbəb olası hərəkətlərini davam etdirir. Bütün bunların səbəbi, yenidən onunla əvvəlki kimi münasibət saxlamaq istəyindən imtina etməsidir. Əvvəlki münasibətə qayıtmayana kimi əməlindən dönməyəcəyini, onun işgüzar nüfuzuna xələl gətirəsi bütün yollara əl atacağını bildirdikdə, Səlimova Sevilə bu hərəkətlərə son qoymasını dəfələrlə ona bildirsə də heç bir nəticəsi olmamışdır. Bu illər ərzində, xüsusilə də son zamanlar Sevil Səlimova xüsusi aktivlik göstərir. Belə ki, onun şikayətləri əsasında barəsində olan daha bilmir neçənci cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul olunduqca ona qarşı daha da aqressiv olmağa başlayır. Daha da aqressiv olan Sevil Səlimova onun barəsində kürəkəninə, qızına, yaxınlarına təhqiramiz sözlər demiş, işçilərinin yanınca təhqir etmiş, barəsində böhtanlar söyləmişdir. X11 onun işçiləriçin önündə, habelə işçisi X7 evinə, o cümlədən kürəkəni Elnur Nurəlizadənin yaşadığı evə gedərək işçisinin və kürəkəninin evində təhqir edərək onun adına, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayaraq adına qara yaxmağa, habelə gözdən salmağa şalışmaqla, onu nüfuzdan salan, ağır cinayətdə ittiham edən məlumatları barədə kütləvi çıxış etməsi səbəbli, habelə Sevilin barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu formada ifadə etməklə Azərbaycan Respublikası Ekologiya və X19 cənab Muxtar Babayevə müraciətini 16 nəfər şəxslərə də imzalatmağa nail olmaqla davamlı olaraq yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları barədə davam edən kütləvi çıxışları ilə onu CM-nin 2.3-cü fəslində nəzərdə tutulmuş “Mülkiyyət əleyhinə olan cinayətləri törətməkdə günahlandırmaqla ona böhtan ataraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. X11 bu kütləvi çıxışları ilə onu mənfi qiymətləndirməklə onun şərəf və ləyaqətini aşağılamış, ona böhtan ataraq və eyni zamanda ağır cinayətdə ittiham etməklə onu öz doğmalarının, dostlarının, tanışlarının, kollektivin, eləcə də kütləvi şəkildə insanların, kollektivin ümumiyyətlə hamının yanında nüfuzdan salmışdır. Bu müddət ərzində X4 yuxarıda qeyd etdiyi hərəkətləri onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Onun hər dəfə ona qarşı törədilən qanunsuz hərəkətinə haqq qazandırması şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və X4 qanunsusz əməllərinə məhkəmə tərəfindən qiymət verilmədiyi üçün məhkəməyə müraciət etməsinə, onun isə barəsində davamlı olaraq böhtan xarakterli məlumatlar yayması onun iztirab keçirməyinə və fiziki əzab çəkməyinə səbəb olmuşdur. Eyni zamanda X4 hərəkətləri, əmlak vəziyyəti, onun keçirdiyi mənəvi sarsıntıların xarakteri və ağırlığı, onların fərdi xüsusiyyətləri, cəmiyyətdə müəyyən nüfuza malik olduğunu nəzərə alaraq hesab edir ki, X2 mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat miqdarında pul onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında X9 müdafiəçisi X12 məhkəməyə ərizə təqdim edərək X4 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətdən imtina etdiklərini və ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin baxılmadan geri qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X8 xüsusi ittiham qaydasında şikayət ərizəsinin baxılmadan geri qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X13 xüsusi ittiham qaydasında şikayət ərizəsinin baxılmadan geri qaytarılmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən süsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 103.5.2-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək hüququna malikdir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Göründüyü kimi xüsusi ittihamçı X9 müdafiəçisi X12 xüsusi ittiham qaydasında şikayət ərizəsindən imtina etməsinə dair ərizəsini məhkəməyə təqdim edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X9 müdafiəçisi X3 xüsusi ittiham qaydasında şikayət ərizəsindən imtina etməsinə dair ərizəsi nəzərə alınmaqla xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41, 43, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışı keçirilməsindən imtina edilsin. Qərardan onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-78/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-78/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver